AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 16 October 2018 12:56

Elçin Cəfərov: "Dünya çempionatında güləşçilərimizdən yüksək nəticələr gözləyirik"

  • Print
  • Email
Rate this item
(0 votes)
 
Milli komandamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatına son hazırlıq məşqləri keçir. Çempionatda iştirak edəcək qadın güləşi, sərbəst güləş və yunan-Roma güləşi üzrə yığma komandaların heyətləri bu günlərdə müəyyənləşib. Dünya çempionatında güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Pəhləvanlarımız ötən illər olduğu kimi, bu il də iştirak etdikləri beynəlxalq turnirlərdə böyük uğurlar qazanıblar.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib. O, dünya çempionatında yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriətinin (125 kq) baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə mübarizə aparacaqlarını bildirib.

Komandanın güclü potensialı var

Elçin Cəfərov bu ilin mühüm yarışlarından olan Avropa çempionatında yunan-Roma güləşi üzrə komandanın böyük uğur qazandığını qeyd edərək deyib: “Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatını yunan-Roma güləşi üzrə Azərbaycan millisi bir qızıl, iki gümüş, iki bürünc medalla başa vurub. Qızıl medala 55 kiloqram çəki dərəcəsində gənc pəhləvanımız Eldəniz Əzizli sahib olub. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş, Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) bürünc medal qazanıblar. Komandamız qitə çempionatından sonra bir neçə Qran-Pri yarışlarında və beynəlxalq turnirlərdə iştirak edib. Həmin yarışlarda ümidləri doğruldan pəhləvanlarımız Ukraynanın Kiyev şəhərində keçirilən son beynəlxalq turniri də uğurla başa vurublar. Bu turnirlər dünya çempionatına hazırlıq xarakteri baxımından böyük əhəmiyyət daşıyır”.

E.Cəfərov komandanın bəzi üzvlərinin kiçik zədələri olduğunu, onların sağalıb bərpa prosesi keçməsi ilə bağlı həkimlər korpusunun tədbirlər gördüyünü də qeyd edib.

Dünya çempionatı gənc pəhləvanlar üçün ciddi sınaqdır

Federasiyanın vitse-prezidenti dünya çempionatında ölkəmizi bir neçə çəki dərəcəsində gənclərin təmsil edəcəklərini deyib. Qeyd edib ki, bu yarış gənc pəhləvanlar üçün ciddi sınaqdır. “Gələn il keçiriləcək növbəti dünya çempionatında da onlara şans vermək fikrindəyik. Düşünürük ki, gənclərimiz yüksək nailiyyət əldə edəcəklər. Bununla da yığma komandamızı gəncləşdirmək istəyirik. Gənclər arasında Avropa çempionatının qalibi Ülvi Qənizadənin də dünya çempionatında iştirakını nəzərdə tutmuşduq. Lakin o, zədə səbəbindən turnirə qatıla bilməyəcək. Eldəniz Əzizli, Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev də artıq böyüklər arasında yarışlarda iştirak edirlər”, - deyə E.Cəfərov əlavə edib.

Güləş yarışlarında yeniyetmə idmançılarımızın nailiyyətlərini də xüsusi vurğulayan Elçin Cəfərov qeyd edib ki, onlar Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələr qazanıblar. “Buenos-Ayres-2018”də qadın güləşi üzrə Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Sərbəst güləşçi Turan Bayramov (65 kq) Olimpiya çempionu adına layiq görülüb.

Elçin Cəfərov söhbətinin sonunda vurğulayıb ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi pəhləvanlarımızın dünya çempionatına hazırlığı ilə bağlı son məşqlərin də yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradıb. “Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi bizə hər bir dəstəyi göstərir. Güləşçilərimiz də diqqət və qayğıya cavab olaraq öz üzərilərində səylə çalışırlar. 2019-cu ildə növbəti dünya çempionatı Qazaxıstanda keçiriləcək. Yarış həm də Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əhəmiyyətlidir. Orada ilk beşlikdə qərarlaşan idmançılar “Tokio-2020”yə vəsiqə qazanacaqlar. Macarıstandakı dünya çempionatı 2019-cu ildə təşkil ediləcək dünya çempionatına bir növ yoxlama xarakteri daşıyır. Ümid edirik ki, idmançılarımız öz potensiallarından maksimum istifadə edəcəklər”, - deyə vitse-prezident qeyd edib.
Read 82 times
Tweet

Related items

  • Elçin Cəfərov

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW