AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Thursday, 02 July 2015 12:42

“Prezident dedi ki, uğurunun davamını gözləyirəm” - BRİFİNQ

  • Print
  • Email
Rate this item
(1 Vote)
Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycana 21 qızıl medal qazandıran idmançılardan biri, tanınmış güləşçi Elvin Mürsəliyev “Brifinq”in qonağıdır. Çox gərgin və həyəcanlı anlardan sonra dünya çempionatı uğrunda yarışların hazırlığına başlayan gənc güləşçimiz vaxt ayırıb redaksiyamıza təşrif buyurdu. Qələbə sevincini Teleqrafçılarla bölüşən Elvin Mürsəliyev güləşin incəliklərindən söz açdı, oxuduğu kitablardan, dinlədiyi musiqilərdən danışdı. 

Bayrağımızı beynəlxalq arenalarda dalğalandıran idmançımızla yaxından tanış olaq. 

Aqil Lətifov: İlk Avropa Oyunları Azərbaycanda keçirildi. İdmançı kimi necə düşünürsünüz, bu yarışın əhəmiyyəti nədən ibarətdir? 
- Ölkəmizdə keçirilən ilk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Deyərdim ki, Olimpiya Oyunları səviyyəsində idi. Hər bir idmançı kimi mənim də arzum o idi ki, layiqincə Vətənimizi təmsil edim, himnimizi səsləndirim. Şükürlər olsun ki, buna nail oldum. Bu, qürurverici hiss idi.


“Bütün gücümüzü Avropa Oyunlarına qoymuşduq”

Nərmin Muradova: Avropa Oyunlarına hazırlıqlarınız nə vaxtdan başlamışdı? 
- 8 ay bundan qabaq hazırlıqlara start verdik. Bütün gücümüzü Avropa Oyunlarına qoymuşduq. Bu ilin fevralında dünya kuboku yarışı keçirilirdi. İlk dəfə olaraq Yunan-Roma güləşçiləri dünya kubokunun sahibi oldu. Yarışlardan sonra cənab Prezident İlham Əliyev bizi qəbul elədi, təbriklərini çatdırdı, biz də söz verdik ki, dünya kubokundakı qazandığımız uğuru “Bakı-2015”də sübut edəcəyik. Allaha şükür istəyimiz reallaşdı.


N.Muradova: Bir sözlə, özünüzə inanırdınız?
- Əlbəttə.

“Rusiyalı idmançını udandan sonra, əmin oldum ki, qızıl medal mənimdir”

N.Muradova: Bir çox idmançı yarışdan öncə iddiasını ortaya qoymaqdan çəkinir. Çünki Avropanın güclüləri Bakıya gəlmişdi. Siz əvvəlcədən qızıl medalla bağlı iddianızı ortaya qoymuşdunuz?
- Bəli, çəkdiyim zəhmət göz qabağında idi. Məşqçilər də görürdü ki, Avropa Oyunlarına necə hazırlaşıram. Dörddəbir finalda qarşılaşdığım rusiyalı rəqibimə qalib gələndən sonra, tam əmin oldum ki, qızıl medal mənimdir. 


A.Lətifov: Bəzən əvvəlki mərhələlərdə rəqibi udandan sonra idmançıda yaranan arxayınlıq onu qızıl medalın bir addımlığında büdrədir... 
- Düzdür, idmandır, sən zədə ala, görüşü yarıda saxlaya bilərsən.  Amma bizim Avropa Oyunlarına hazırlığımız çox yüksək səviyyədə idi. Hər ehtimala qarşı qabaqcadan hər bir tədbir görülmüşdü ki, komanda maksimum dərəcədə nəticə göstərsin. 


Dilqəm Əhməd: Güləş Azərbaycan üçün ənənəvi idman növü sayılır. Azərbaycandakı güləşin səviyyəsini nəzərə alanda qazanılan medalların sayı qənaətbəxşdir, yoxsa daha çox ola bilərdi?
- Əlbəttə, daha çox qazana bilərdik. Güləşdə 8 çəki dərəcəsində mübarizə gedir. 6 çəki dərəcəsində medal qazanıldı: 2 qızıl, 2 gümüş, 2 bürünc. 85 və 96 kq çəki dərəcəsində də medal qazana bilərdik. İdmançılarımızın müəyyən səhvləri oldu. Bizi qarşıda dünya çempionatı gözləyir. 2 aydan sonra keçiriləcək çempionatda yəqin ümidləri doğruldarlar. 
 

D.Əhməd: Deməli, 2 aydan sonra daha bir yarış Sizi gözləyir. Bəs, necə istirahət edirsiniz?
- Yarış bitdi, səhəri gün məşqlər yenidən başlayır (gülür).


“Məğlub olan kimi idmançını baltalayırlar”


Naibə Qurbanova: İdmançılarımız erməni idmançı ilə mübarizə aparanda çox həyəcan yaşanır. Biz adətən, qələbələr gözləyirik, çox zaman da bunun şahidi oluruq. Ancaq erməni idmançıya uduzan təmsilçilərimiz də olur. Cəmiyyətin reaksiyası da birmənalı deyil, sosial şəbəkələrdə onlar barədə xoş olmayan mövqelər sərgilənir. Belə məsələyə münasibətiniz necədir?
- Təbii ki, o cür reaksiyalar xoş hal deyil. Elə yarışlar olur 2 erməni ilə qarşılaşırsan, hər iksini udursan, Vətənə qayıdanda səni heç kəs təltif etmir, bir nəfər çıxıb demir ki, halal olsun, qalib gəldin. Amma məğlub olan kimi idmançını baltalayırlar. Bu, idmandır, idmanda hər şey ola bilər. İki nəfər yarışırsa, onlardan yalnız biri qalib olur.


N.Muradova: Həsən Əliyevə necə dəstək verdiniz?
- Şükürlər olsun, Həsən, səhvini dərk edib, söz verib ki, dünya çempionatında bu səhvlərə yol verməyəcək.

 “Erməni idmançıya  9 dəfə qalib gəlmişəm, 1 dəfə məğlub olmuşam”

 N.Muradova: Bəs, Siz erməni ilə çox qarşılaşmısınız?

- Hə, 9 dəfə qalib gəlmişəm, 1 dəfə uduzmuşam.


N.Qurbanova: Rəqibin milliyyətinin döyüşün gedişatına təsiri olurmu?
- Əlbəttə, erməni ilə qarşılaşanda təsiri olur. Çünki ehtiyat edirsən, məğlub olarsansa, Vətənə qayıtmaq anını düşünürsən. 


N.Muradova: Avropa Oyunlarında çətin rəqib kimi Gürcüstan təmsilçisinin  də adını çəkmişdiniz.
- Bəli, yarımfinalda Gürcüstan idmançısı ilə mübarizə apardım. Zurab Datunaşvili ilə əvvəllər də qarşılaşmışdım deyə onun güləşinə bələd idim. 


A.Lətifov: Azərbaycan idmançılarının əksəriyyəti üçün Rusiya təmsilçiləri ilə mübarizə daha çətin oldu. Güləşdə də belə idi?
- Yunan-Roma güləşində Avropa, Asiya, Amerika qitələrindən də yarışanlar var. Sərbəst güləşdə və digər idman növlərində daha çox ruslar güclüdür. Düzdür, Yunan- Roma güləşində də çətin rəqib sayılırlar. Bir şeyi deyim, Yunan-Roma güləşi yeganə idman növüdür ki, qadınlar onunla məşğul ola bilmir. 


N.Muradova: Səbəbi nədir?
- Çünki çox ağır idman növüdür.


N.Muradova: Gücünüzü necə tənzimləyirsiniz?
- Hər görüşdən sonra 30-40 dəqiqə istirahət edirik, o zaman gücümüz bərpa olunur. Masajçılarımız da var. 


N.Qurbanova: Qələbənin dadını yaşayan adam kimi sonrakı sevinc hisslərinizi necə izah edərdiniz?
- Qələbə Avropa Oyunları ilə yekunlaşmır. Arzum budur ki, Rio de Jeneyrodakı olimpiadada da qalib gəlib adımı daha da yüksəklərə yazdırım. Ona görə də qarşıma məqsəd qoymuşam, məşqlərimi davam etdirib arzularıma çatmaq istəyirəm.  


D.Əhməd: İlk təbrik zəngi kimdən gəldi?
- Mükafatlandırılma mərasimində cənab Prezident şəxsən özü iştirak etdi, qızıl medalı təqdim etdi. Ailə üzvlərim zəng edib təbrik elədi. Mən finaldakı rəqibimi tanıyırdım, ona vaxtından əvvəl qalib gələ bilərdim. Güləş Federasiyasının vitse-prezidenti final görüşündən qabaq yaxınlaşıb dedi ki, cənab Prezident buradadır. Özü şəxsən səni təltif etməyə gəlib, çalış yaxşı nəticə göstər. Həyəcanım artdı, qorxdum ki, birdən zədə ala bilərəm, görüşü saxlaya bilərlər. Şükürlər olsun, yenə də qalib gəldim, amma rəqibimə daha rahat qalib gələ bilərdim. 


A.Lətifov: Qızıl medalçımız Ayxan Tağızadənin atası Əvəz Tağıyev tanınmış məşqçidir, o deyir ki, bu yaşa çatmışam, heç vaxt Prezidentlə telefonda danışmamışam, amma 17 yaşlı oğluma Prezident zəng edib. Sizin medalınızı da ölkə başçısı təqdim etdi. Qısa dialoqda nələr deyir Prezident?
- Prezident təbrik elədi, dedi ki, yaxşı iştirak etdin, bu uğurun davamını Olimpiya Oyunlarında gözləyirəm. Mən də söz verdim ki, buradakı nəticəni orada da təkrarlayacağam. 


N.Qurbanova: Adətən, idmançıların təhsil səviyyəsi müzakirə mövzusu olur. Siz ali təhsillisiniz?
- 8-ci sinfədək 158 nömrəli məktəbdə oxumuşam. Sonra təhsilimi Respublika Olimpiya İdman Liseyində davam etdirmişəm. Daha sonra Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. 


N.Qurbanova: İdmançılarımızın intellektual səviyyəsi ilə bağlı iradların bir çoxu haqlıdır. Əlbəttə, gözəl danışıq qabiliyyəti şərt deyil, amma istərdik ki, xarici idmançılar kimi bizim təmsilçilərimizin də qolları kimi intellekti də güclü olsun. Siz bu barədə nə düşünürsünüz? Mütaliə üçün vaxt azlıq edir?
- İdmançılar məşqdə çox olur. Təlim-məşq toplanışlarımız ayrı-ayrı yerlərdə keçirilir, adi ünsiyyət üçün vaxt olmur. İdmançı qalib gəlir, çox adam sual verir, adam çaş-baş qalır, bilmir necə cavab versin ki, hamı başa düşsün.


D.Əhməd: Güləşlə məşğul olmağa neçə yaşınızdan başlamısınız?
- 12 yaşından güləşlə məşğulam. 


N.Qurbanova: İdmanda zədə, ağrılar çox olur deyə adətən valideynlər uşaqlarını idmandan uzaqlaşdırır. Sizdə necə oldu?
- Uşaq vaxtı çox dəcəl idim. Enerjili olduğuma görə məni idmana yazdırdılar. Əmim oğlu özü də sağlamlıq məqsədilə Yunan-Roma güləşi ilə məşğul olurdu, məni də elə o cəlb elədi. Elə həmin zamandan güləşdəyəm.


A.Lətifov: Nə əcəb sərbəst güləşi yox, Yunan-Roma güləşini seçdiniz?
- İlk dəfə adımı elə Yunan-Roma güləşinə yazdılar, ardınca getdim (gülür). Mən bu idman növü ilə məşğul olmağa başlayanda elə də populyar deyildi. 2004-cü ildə Fərid Mansurov olimpiya çempionu olandan sonra bizim idmana diqqət daha da artdı. Bu gün də bu idman növünün necə inkişaf etdiyi göz qabağındadır. İlk dəfə olaraq dünya kubokunu qazandıq. Avropa Oyunlarında maksimum dərəcədə medal əldə etdik. Dünya və Avropa çempionatında komandamız yer tutub. 


D.Əhməd: “Bakı-2015”ə qədər qazandığınız hansı uğurları yaddaqalan sayırsınız?
- 2005-ci ildə yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçı olmuşam, 2007-ci ildə gənclər arasında dünya birinciliyinin gümüş mükafatını qazanmışam. 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında gümüş medal almışam. 2014-cü ildə dünya kuboku, Avropa və dünya çempionatının bürünc mükafatçısı olmuşam. 2015-ci ildə dünya kuboku və Avropa Oyunlarının qalibi oldum.


A.Lətifov: Sonuncu Yay Olimpiya Oyunlarında iştirak etməmişdiniz?
- Yox, həmin vaxt hərbi xidmətdə idim. 


A.Lətifov: Elə idmançılar var, güclərini həyatda da sınamaq istəyirlər, Sizdə belə hallar olub?
- Professional idmançının gücünü küçədə sınadığını eşitməmişəm. Həvəskarlar, qol gücü yığan kimi idmandan ayrılanlar bəlkə küçədə gücünü sınamaq niyyətinə düşər. 


N.Qurbanova: Sizə bu məsələdə arxalanan dostlarınız çoxdur?
- Sözün düzü, belə şeylərdən qaçıram. Kiminsə kiminləsə problemi varsa, onu öz arasında həll etsə yaxşıdır. 


A.Lətifov: Avropa Oyunlarına Azərbaycan ev sahibliyi etdiyindən bu yarışları hər bir azərbaycanlı izləyir. İdmançılarımızı daha yaxından tanıyır. Sizi küçədə görəndə insanlar necə reaksiya verirlər?
- Avropa Oyunlarından sonra çıxıb küçədə çox gəzməmişəm. Hazırda bizdə təlim-məşq toplanışları başlayıb. Çox vaxt məşqlərdə oluram. Amma insanlar tanıyır, yaxınlaşır təbrik edir, bu, çox qürurverici hisslərdir. 


D.Əhməd: Rəqibi döyüşdən qabaq necə tanıyırsınız?
- Təlim-məşq toplanışında məşqçilər korpusu müəyyən edir ki, hansı ölkədən hansı təmsilçilər yarışa qatılır. Həmin idmançıların əvvəlki yarışlarının video rolikinə baxırıq, onun zəif nöqtələrini müəyyən etməyə çalışırıq. Öz səhvlərimiz üzərində işləyirik.  


N.Muradova: Məşqçi dəyişəndə adaptasiya problemi olmur ki?
- Məşqçilər korpusunun iş qrafiki eynidir. Yunan-Roma güləşi elə bir idman növüdür ki, yol bəllidir. Məşqçilərin dəyişməsinin elə bir əhəmiyyəti yoxdur. Amma yarışlarda məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışıram. 


N.Muradova: Sizin yarış başa çatandan sonra başqa idman növlərindəki təmsilçilərimizin çıxışlarını izlədiniz?
- Bəli, sərbəst güləşçilərimizi izlədim. Toğrul Əsgərov, Hacı-Yaşar Əliyev qardaşlarını, Xetaq Qazyumov, Cəbrayıl Həsənovun döyüşlərini izlədim. 

 “Toğrul Əsgərov sübut elədi ki, yenə də yaxşı güləşir”

 A.Lətifov: Hansı güləşçimizin yarışı xoşunuza gəldi?

- Toğrul Əsgərov Olimpiya Oyunlarından sonra bir il heç bir yarışda iştirak etmədi. Keçən il Avropa çempionatında zədəsi ucbatından məğlub oldu. Hamı onu yıxdı-sürüdü ki, özündən çox razıdır, başgicəllənməsi oldu. Amma Toğrul Avropa Oyunlarında sübut elədi ki, varam, yəni indi də yaxşı güləşir. İdmançı illərdir məşq edir, ağır zədələnir. Mükafatlar alandan sonra istirahətə ehtiyac duyur. İstirahətdən qayıdandan sonra özünü toplamağa uzun müddət lazımdır. 


A.Lətifov: Rəqibin titullu olmasının bir təsiri olurmu?
- Olimpiya Oyunlarının qalibi olandan sonra insanda bir az özündənrazılıq əlaməti yaranır. İdmançı düşünür ki, olimpiya çempionu oldusa, bütün yarışlarda qalib ola bilər. Bir həftə məşq etmir, amma rəqib özünü formada saxlamaq üçün hər gün məşqdədir axı, yarışda bu fərq hiss olunur. 


D.Əhməd: Avropa Oyunlarının azarkeşlərindən necə razısınız?
- Azarkeşlərə təşəkkürümü bildirirəm, sağ olsunlar. Başqa yarışlarda bu qədər azarkeş görməmişəm. Bizdə idman çox populyardır, millətimiz də, sağ olsun, gəlib bizi dəstəklədi. 


N.Muradova: Neçə yaşınadək güləşlə məşğul olmaq fikrindəsiniz?
- Allahın işidir, məşqdə elə bir zədə ala bilərəm ki, idmanı həmin dəqiqə saxlaya bilərəm. Öz karyeramı istədiyim kimi qurum, ondan sonra qismət Allahdan. 


N.Muradova: Məşqçi olmaq istəyərsiniz?
- Yox, məşqçi ola bilmərəm. Səbirsiz adamam. 

 “Hərbçi olmağa həvəsim vardı”

 N.Muradova: Nəçi olmaq istəmisiniz?

- Hərbçi olmağa həvəsim vardı, indiki sahəm də hərbçi kimidir, ölkəmizin bayrağını qaldırırıq. 


N.Muradova: Səhv etmirəmsə, Rəsul Çunayev hərbçidir.
- Yox, əsgərdir. Bir neçə günə hərbi xidməti başa çatacaq. 


A.Lətifov: Təlim-məşq toplanışları zamanı Rəsul Çunayev üçün xüsusi icazə alınır?
- Yığma komandadan hərbi hissəyə məktub göndərilir ki, yarışlarda iştirakı nəzərə alınaraq azad edilsin.


N.Muradova: Siz harada hərbi xidmətdə olmusunuz?
- Qusarda olmuşam, sonra Mərkəzi Ordu İdman Klubuna gəlmişəm.


Nərgiz Ehlamqızı: Rəsul Çunayev qalib gələndən sonra Prezidentə jest olaraq əsgər salamı verdi. Bu, mediada, sosial şəbəkələrdə geniş rezonans doğurdu. Sizi Prezident izləyəndə hansısa jest barədə düşünmüşdünüz?
- Düzü, bu barədə düşünməmişəm. Rəsul publika ilə hərəkət etməyi sevir (gülür). 


A.Lətifov: Güləşdən başqa nəyə marağınız var?
- Kitab oxumağı sevirəm. 


N.Ehlamqızı: Hansı janrda kitablara üstünlük verirsiniz?
- Dedektiv janrında oxuyuram (gülür).

“Elxan Elatlının bütün kitablarını oxumuşam”


D.Əhməd: Çingiz Abdullayevin, yoxsa Elxan Elatlının kitablarını?
- Elxan Elatlının sonuncu kitabından başqa bütün kitablarını oxumuşam, onu da tapıb oxuyacağam.


N.Muradova: Kitabı məşqdən sonra oxuyursunuz?
- Təlim-məşq toplanışından qayıdandan sonra yorğun olursan, bədənin ağrılarından yatmaq olmur, kitab oxuyursan ki, bir az da psixoloji olaraq yorulasan rahat yatasan. 


A.Lətifov: Zədəli halda evə gələndə valideynləriniz necə reaksiya göstərirlər?
- Ailə üzvlərim artıq zədəli halıma öyrəncəlidirlər. Uşaq vaxtı dəcəl olduğuma görə başıma çox işlər gəlib (gülür). Zədələnib qalib gələndə daha da qürurvericidir ki, zədələnsəm də, sonacan mübarizə aparmışam, əziyyətim yerdə qalmayıb. 


N.Qurbanova: Sizi yarış zamanı Prezident, yaxınlarınız, doğmalarınız izləyir. İzləyicilər arasında xüsusi istədiyiniz bir adam olurmu? İdmançıların həyatında sevgi macəraları çox olur, şəxsi həyat oxucuların da marağındadır.
- Yox (gülür). Avropa Oyunlarında Azərbaycanda keçirildiyi üçün diqqət çox yüksək idi. Başımız sırf məşqlərə qarışıb. Hər bir insan ona diqqət göstərilməsini istəyər. 


N.Muradova: Qadınlar xüsusilə...
- Bəli, biz isə elə bir ağır yükün altına girmişik ki, onun məsuliyyətini dərk edirik, ona görə də şəxsi həyata elə də çox vaxt ayırmaq olmur. 


N.Ehlamqızı: Peşəkar idmançı kimi hansı idman növü az zədəlidir və uşaqlar üçün məsləhətlidir?
- Gimnastika və üzgüçülük. Valideynlər uşaqları bu iki idman sahəsinə yazdırsalar, daha məsləhətlidir. 

“Samiranın mahnılarına qulaq asmağı xoşlayıram”

N.Ehlamqızı: Hansı musiqiləri dinləyirsiniz?

- Müğənni Samiranın mahnılarına qulaq asmağı xoşlayıram. Dinamik və idman üslubunda musiqiləri sevirəm.


N.Muradova: Avropa Oyunlarına çox mahnı həsr olunub. Hansı müğənninin mahnıları ürəyinizə yatdı?
- Elə Samira xanımın mahnısı (gülür).


N.Muradova: Sosial şəbəkələrlə aranız necədir?
- Facebook və İnstagram sosial şəbəkələrində hesabım var.


N.Ehlamqızı: Sosial şəbəkələr üzərində təbrik mesajları çox gəlir?
- Hə, həddindən artıq çox gəlir.


N.Muradova: Cavablaya bilirsiniz?
- Bacardığımı cavablayıram, foto paylaşmışam ki, üzrlü sayın, təşəkkür edirəm.


A.Lətifov: Xanımlar nə yazır?
- Salam, təbrik edirəm və s. (gülür). 


N.Muradova: Görüşə çağıranlar da var?
- Cavab yazsam, bəlkə də çağırarlar (gülür).


D.Əhməd: Bizdə belə ənənə yoxdur, amma Türkiyədə Hakan Şükür idmandan siyasətə gəldi. Sizin siyasətə marağınız yoxdur?
- Yox, siyasətə heç maraqlanmıram.  


N.Muradova: Sizdən başqa ailə üzvləriniz idmanla məşğuldur?
- Bacım ailəlidir, qardaşınız özü üçün həvəskarcasına məşğuldur.


N.Ehlamqızı: Ailə üzvləriniz gəlib Sizi arenadan dəstəklədi? Adətən, idmançı həyəcan olmasın deyə anasının onu yarış keçirilən zaldan izləməsini istəmir. Sizdə də belədir?
- Qardaşım, əmim oğlu, xalamın övladları, dostlarım gəlmişdi. Anama yarış vaxtı televizora baxmağa imkan vermirəm, bilirəm çox həyəcanlanır.


N.Muradova: Səhv etmirəmsə, Siz qələbənizi ananıza həsr etdiyinizi söyləmişdiniz.
- Bəli. 


N.Muradova: Güləşçilər arasında dostlarınız var?
- Rövşən Bayramov, Vitali Rəhimov, Fərid Mansurov, Fuad Alıyev, Həsən Əliyev dostlarımdır. 


N.Ehlamqızı: Bir gün ərzində bütün mərhələlərdə iştirak və yarışın başa çatması idmançı üçün çətin deyil?
- Çətin olsa da, belə daha rahatdır. Çünki insanın taleyi bir günün içində həll olunur (gülür).


A.Lətifov: Güləşdən zövq alırsınız?
- Əlbəttə, nəticə əldə edəndə işimdən zövq alıram. Amma uğurlar olmayanda heyfslənirsən ki, başqa işlə məşğul olsaydım, bəlkə də daha yaxşı olardı. 


N.Ehlamqızı: Ruh düşkünlüyü yaşadığınız anlar olub?
- Bəli, 2010-cu ildə Avropa çempionatında gümüş medal qazanandan sonra demək olar ki, 2014-cü ilin əvvəllərinədək heç bir mötəbər yarışlarda iştirak edə bilmirdim. Psixoloji sıxıntılarınm vardı, özümü toplaya bilmirdim. O zaman güləşdən ayrılmaq istəyirdim.


N.Ehlamqızı: Necə oldu bu yoldan döndünüz?
- Dostlar sağ olsun, yanımda oldular.


A.Lətifov: Kimlərdən məsləhət alırsınız?
- Fərid Mansurovdan da, Rövşən Bayramovdan da məsləhət alıram. 


A.Lətifov: Ailədə xərclər kimin üzərinə düşür?
- Ailənin böyük övladı mənəm, 4 ildir atam dünyasını dəyişib deyə bütün yük üzərimdədir. 


N.Muradova: İdmançı ilə ailə qurarsınız?
- Həyatdır, hər şey ola bilər (gülür).


N.Ehlamqızı: Soruşmadığımız nələrsə oldu?
- Redaksiyanıza idmançılara dəstək verdiyi üçün təşəkkür edirəm. Başda cənab Prezident İlham Əliyev olmaqla, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, vitse-prezident Namiq Əliyevə öz minnətdarlığımı bildirəm, hər zaman bizə dəstək olurlar. 

http://teleqraf.com/news/61011

Read 1402 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2