AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 22 July 2014 10:56

Əjdər Cəfərov: "İnkişaf olmasa, qoca kişi 40 il də güləşər” - MÜSAHİBƏ

  • Print
  • Email
Rate this item
(1 Vote)
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun sportnet.az-a müsahibəsi
- İyulun 25-dən 27-dək Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. İlk növbədə bu turnir barədə fikirlərinizi bildirərdiniz...
- Bu dəfə baş tutacaq turnir sayca 7-cidir.Hər il turnir yüksək səviyyədə təşkil olunur. Bunu həm təşkilatçılıq, həm də idmançıların ustalığı baxımından söyləmək olar. Çünki bu yarışa hər istəyən ölkə qatıla bilmir. "Qızıl Qran Pri"yədək 4 təsnifat turniri keçirilib. Bu turnirlərdə ilk 8 pilləni tutan idmançılar bura vəsiqə qazanıblar. Həmçinin, ötən il Avropa və dünya çempionu olmuş idmançıların Bakıdakı yarışda birbaşa iştirak hüquqları var. Ona görə də turnirə sayılıb-seçilən idmançılar qatılacaqlar. Təşkilatçılıq da yüksək səviyyədədir, Təşkilat Komitəsi yaradılıb. Komitənin rəhbəri Federasiyamızın I vitse-prezidenti Namiq Əliyevdir. Bu yarış federasiya prezidenti Fazil Məmmədovun birbaşa nəzarətindədir. İstər təşkilatçılıq, istərsə də öz idmançılarımızın uğurlu çıxışları baxımından heç bir problemimiz olmayacaq.İdmançılarımız üçün belə yarışlar böyük əhəmiyyət kəsb edir. Çünki yeni-yeni idmançılarımız yetişməsində, üzə çıxmasında böyük rol oynayır. 
-  Yığma komandalarımızda hər bir çəki dərəcəsində neçə idmançının çıxışı gözlənilir?
- Respublika yarışlarında və digər turnirlərdə 1, 2 və 3-cü yerləri tutan idmançılar bu turnirdə qüvvəsini sınayacaqlar. İstisna hal kimi yığma komandalarımız baş məşqlərinin təqdimatına əsasən hansısa perspektivli idmançı ola bilsin ki, bu yarışlara buraxılsın. Belə hallar bizdə əvvəlcə də olub. Əvvəl də yığmanın heyətində olmayan hansısa perspektivli idmançı yarışlara buraxılıb və yaxşı nəticə əldə edib. Bu dəfə də belə təcrübədən istifadə etməyi planlaşdırırıq.

- Mükafat fondunda dəyişiklik varmı?
- 1-ci yerə 10 min ABŞ dolları, məşqçisinə isə 2 min, ikinci yerə 5 min, 3-cü yerə isə 3 min dollar veriləcək. Çəki dərəcələrinin sayı artıb, ötən il 7 çəki dərəcəsində mübarizə var idisə, bu il 8 olacaq. Yəni, istər-istəməz mükafat fondunun məbləği də artacaq. Ümid edirəm ki, idamnçılarımız yaxşı çıxış etməklə medal və mükafatlra sahib çıxacaqlar. 

- Hər il bu yarış keçirilir. İstərdik ki, "Qızıl Qran Pri" Yay Olimpiya Oyunlarına lisensiya xarakterli olsun. Heç olmasa, gələn il Bakıda təşkil ediləcək olimpiya oyunları üçün bunu etmək olardı. Bu amil daha səviyyəli idmaçların da axınına səbəb ola bilərdi... 
- Bəli, biz bu məsələ ilə bağlı bir dəfə müraciət etmişdik. Bildiyiniz kimi bu, təkcə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA - H.S.) asılı məsələ deyil. Gərək məsələ Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşdırılsın. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına güləş də salındığından, gələn il Avropa çempionatı olmayacaq. Yəni Avropa çempionatı Avropa oyunları ilə əvəz olunacaq. 2015-ci ildə ABŞ-ın Las-Veqas şəhərində baş tutacaq dünya çempionatı olimpiya lisenziyalı olacaq. Lisenziya turnirləri isə 2016-cı ildən başlaycaq. Ümid edirəm ki, biz bu məsələ ilə bağlı gələn ildən öz namizədliyimizi irəli sürəcəyik. Bunu da zaman göstərəcək. Çünki hələ FİLA-nın özündə də müəyyən olunmayıb ki, hansı kriteriyalara uyğun turnirlər lisenziya xarakterli olacaq. Bu məsələ müəyyənləşdikdən sonra biz də öz addımlarımızı atacağıq.

- Bəs Avropa oyunlarına lisenziya necə qaydada olacaq?
- Orada lisenziya yoxdur. Avropa oyunlarında, Avropa çempionatı olmadığı üçün hər bir Avropa ölkəsi sərbəst formada və birbaşa iştirak edə biləcək. 


- Təşkilatçı ölkə kimi Azərbaycana hansı güzəştlər verilib?
- Heç bir güzəşt yoxdur. 6 çəki dərəcəsində iştirak olacaq. Olimpiya sisteminə görə olduğundan FİLA belə qərar qəbul edib. Biz də istərdik ki, daha çox çəki dərəcəsində iştirak edək. 

- "Qızıl Qran Pri"də isə lisenziya verilməyəcək...
- Bəli, olmayacaq. Olimpiya oyunlarına lisenziya məsələsi Las Veqasdakı dünya çempionatından başlayacaq. Belə söhbət var idi ki, burada çempion olanlara ilk lisenziya verilsin. O məsələ hələ də qalıb. FİLA prezidenti iyulun 25-də Bakıda olacaq.  Bəlkə bu məsələ ilə bağlı onunla görüşərik. Bu, onun Bakıya ilk səfəri olacaq. Əslində ötən ilin noyabrda gəlməli idi, amma avtoqəzaya düşdüyündən səfəri baş tutmadı. 

- Sanki turnirin keçirilmə vaxtı ilə bağlı problemlər var. Çünki komandalar bilmir Avropa çempionatına hansı heyəti göndərsin, dünya çempionatına hansını, "Qran Pri”yə hansını. Mükafat fondunun yüksək olmasına baxmayaraq, yenə də güclü heyət gətirmirlər...
- Bilirsiniz ki, FİLA rəhbərliyi hələ təzə dəyişib və orada işlər davam edir. Konqres olacaq və bir çox məsələ də orada həllini tapacaq. Yeni seçkidən sonra dəyişikliklər ola bilər. Amma bunun üçün gərək konqres səs versin. Bizim də orada federasiya olaraq öz çıxışlarımız olacaq. İşlər hələ ki, davam edir. Hər şey tam otursun, biz də öz işlərimiz görəcəyik. "Qran Pri” ilə bağlı danışacağıq, gərək yığma komandaların məşqçilərinin fikirlərini də alaq.

- FİLA rəhbərliyi dəyişdikdən sonra Azərbaycana qarşı münasibətlər necədir: Hansısa dəyişiklik olub?
- Təzə rəhbər deyəndə ki, neçə ildir ki, Nenad Laloviç FİLA-nın Büro üzvüdür.Namiq müəllim də də oranın üzvüdür və onların əməkdaşlığı əvvəlcədən olub. Biz güləş ölkəsiyik. İndi qaydalar da elə dəyişib ki, hakimlər qərəzli mövqe tuta bilmirlər. Bizim sistemimiz var və buna uyğun olaraq da işimizi görürük. Mən düşünmürəm ki, bu gün kimsə durub Azərbaycanla şəxsi qərəzlik edər. Təbii ki, nəticə olan yerlərdə həmişə gözü götürməyənlər olur. Amma mən düşünmürəm ki, indiyə qədər problemimiz olmayan FİLA rəhbərliyi ilə bundan sonra da problemimiz olar.

- Amma zaman-zaman Rusiya İdman Güləşi Federasiyası ilə anlaşılmazlıq olub...
- Belə deməzdim. Çünki hərə öz istəyini irəli sürür. Ola bilər ki, fikir ayrılığı yaranıb. Yenə də deyirəm: onlarla bizim aramızda nəsə qlobal problem görmürəm. Bizim onlardan nəsə asılılığımız yoxdur. Hərənin öz fikri var. Hərə istəyir ki, güləş qaydalarını öz mənafelərinə uyğun müəyyənləşdirsin. Ona görə nəsə ola bilər, amma bu gün bizim onlarla problemimiz yoxdur. 

- Bu yaxınlarda Mixail Mamiaşvili Azərbaycan güləşinin əsasının erməni güləşçi tərəfindən qoyulmasına dair açıqlama verib. Bu barədə fikriniz necədir?
- Mən onun cavabını vermişdim. Mamiaşvilinin deməyi ilə kimsə nəsə etmir ki. Faktlar var. Ona demək lazımdır ki, özünə bax. Rusiya millisinin özü dağıstanlı, osetiyalı güləşçilərdən ibarətdir. Onlar olmasa, Rusiyada güləşçilər hardan yetişəcək. Hər kəs çox söz danışa bilər. Amma gərək onu sübut edə biləsən. Ona görə də biz elə danışanlara heç qulaq da asmırıq, öz bayrağımızı qaldırmaq üçün çalışırıq. 

- Mamiaşvili də "Qızıl Qran Pri"yə gələcək?
- Yox, işlərinin çoxluğu ilə əlaqədar gələ bilməyəcək. Amma Rusiya yığması normal heyətlə iştirak edəcək. Onlar keçən il də bu turnirə qatılmışdılar. Ümumiyyətlə, "Qızıl Qran Pri"də 39 ölkənin iştirakı planlaşdırılıb.

- Bir az da yığmamızdan danışaq. Bizdə bir legioner güləşçi nəsli var idi. Onlardan bir neçəsi demək olar ki, artıq yoxdur...
- Bəli, Çamsulvara Çamsulvarayev artıq karyerasını yekunlaşdırıb. Amma Əli İsayev hələ də güləşir. O da bu turnirdə güləşəcək. Zəlimxan Hüseynov da karyerasını başa vurdu. Yeni idmançılar çıxır, qalib gəlirlər və özlərini göstərirlər. Ona görə də artıq onlar başa düşürlər ki, funksiyaları bitir. Belə olanda ya məşqçi işinə keçirlər, ya da ki, başqa bir işə. Onların karyerasını yekunlaşdırmağı inkişafdan irəli gəlir. İnkişaf olmasa qoca kişi qalar, 40 il də güləşər. 

- Elə bil Çamsulvaranın gedişi bir az müəmmalı oldu. Çünki yaşı da güləşməyə imkan verirdi...
- Bəli, bir az elə oldu. Nizam-intizam məsələlərində özünü bir qədər yaxşı biruzə vermədi. Dəfələrlə məşqçilər ona xəbərdarlıq etdilər və bildirdilər ki, belə olsa güləşməyəcəksən. Həm də nəticələri də korlanırdı. 74 kq çəki dərəcəsindən 84 kq-a keçmişdi. Çəki dəyişəndən sonra isə nəticə vermədi və anladı ki, bu, onluq deyil. Ona görə də karyerasını başa vurub, Dağıstana getdi.

- Şərif Şərifov da çəkisini dəyişib...
- Bəli. O, artıq yeni çəkidə Bolqarıstanda turnirin qalibi olub. "Qran Pri”də isə 2-ci oldu. Yaxşıdır, güləşir, amma təbii ki, vaxt lazımdır. O elə-belə idmançı deyil. Yaxşı təcrübəsi var. Federasiya tam şərait yaradıb ki, Şərifov yeni çəkisinə otursun.

- Bəs Xetaq Qazyumovun axırı necə oldu?
- O da güləşir. Hər ikisi eyni çəkidədir, amma nəticəni vaxt göstərəcək. Aralarında yaxşı mübarizə gedir.
 
- Bu, rəqabət üçün yaxşıdır, amma təcrübə göstərir ki, sonda ikisindən biri qalır...
- Düzdür, orası elədir. Amma yenə də nəticə lazımdır. Hansı yaxşı nəticə verəcəksə, o, beynəlxalq turnirlərdə də özünü göstərə biləcək.

- Namiq Abdullayev və Fərid Mansurov olimpiya çempionu olublar. Amma indi federasiyanızın vitse-prezidentidirlər. Məşq zalından çıxandan sonra məmur işi onlarda alınır?
- Nə bilim, vallah. Hər kəs müxtəlif iş görə bilər, amma ən əsası odur ki, sadə olasan. Mənə elə gəlir ki, bu məsələ də Namiq və Fəriddə pis alınmır. Nə lazımdırsa edirlər. Namiq Abdullayev yeniyetmələr üzrə vitse-prezident, Fərid Mansurov isə gənclər üzrə vitse-prezidentdir.Onlar xüsusən seleksiya işləri ilə məşğuldurlar. Baş məşqçilərlə birgə rayonlarla yollanıb, bu işi dayanmadan görürlər. Qıraqdan baxan çox şey deyə bilər ki, filankəs belə oturub elə edir. Amma heç də elə deyil. Biz çox sadə adamlarıq. Kimə nə lazımdırsa onu da edirik.

- Təkcə güləşçilər yox, ümumi mənada gənclər arasında radikal dinə meyl artır. Bu yaxınlarda sizdə də belə fakt olmuşdu...
- Din seçimi sərbəstdir. Bu məsələ Azərbaycan Respublikasının Konstisusiyasında da öz əksini tapıb. Amma təriqət məsələsi bir az problemə gətirib çıxarır. Amma bizim yığmada səbəstlikdir. Kim istəyir namaz qılır, kim istəyir oruc tutur. Mən özüm də namaz qılanam. Burada nəsə problem görmürəm. Amma nə vaxtsa kim bundan istifadə edib nəsə etmək istəyirsə, biz ona qarşı çıxırıq, onları sıralardan xaric edirik. Bura güləşməyə gəlmək lazımdır, hansı dini ideya qarşısında nəyisə uşaqlara çatdırmaq yeri deyil. Dövlətin dinlə bağlı öz göstərişləri var və buna əməl etmək lazımdır.
 
- Elçin Əliyevlə bağlı məsələ necə oldu?
- Mən onla özüm də danışdım. Dedim ki, saqqalını çox saxlamasın. Ona kimsə nəsə demir, sadəcə gigiyena, FİLA qaydaları baxımından bu, lazım idi. Amma o, özü gəldi ki, mən artıq başqa işlə məşğul olmaq istəyəm. Mən də dedim ki, problem yoxdur. Yəni bizdə dinlə bağlı nəsə problem yoxdur.

- Ümumi mənada Azərbaycanda idmançılar arasında sanki son zamanlar təriqətlərə meyl artır. Bu barədə siz nə deyə bilərsiniz?
- Açığı, bizdə 1-2 dəfə belə hallar baş verdi və biz bunların qarşısını aldıq. Elçindən başqa Ümid Məmmədov da var idi. O da dedi ki, mən namaz qılıram və güləşmək istəmirəm. Mən də ona bildirdim ki, bunun güləşməyə nə dəxli? Cavab verdi ki, dində "Rəqibə əziyyət vermək olmaz" yazılıb. Mən də ona "Əziyyət verib adam öldürmürsən ki..." deyə məsləhət verməyə çalışsam da, xeyri olmadı. 

- Hesab etmirdiniz ki, bu, onun öz sözləri deyildi?
- Təbii ki, təsir altına düşürlər. Kimsə kənardan nəsə deyir, bunlara da təsir edir. Psixologiya zəif olduğu üçün gedirlər. Amma mudrik adam odur ki, öz düşüncələri ilə getsin.

http://sportnet.az/az/view/1950/ejder-ceferov-inkisaf-olmasa-qoca-kisi-qalar-40-il-de-gleser/?


Read 942 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2