Noyabrın 9-da Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (1993-1995-ci il təvəllüdlü) arasında Respublika turnirinin açılış mərasimi olub.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, Federasiyanın yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev Azərbaycanda son illər idmanın, xüsusilə güləşin inkişafında əldə olunmuş nailiyyətlərdən danışıb, ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraiti, yeniyetmə və gənclərin idmana marağının artırılması üçün görülən işləri yüksək qiymətləndiriblər. Çıxış edən natiqlər turnirin keçirilməsinin əhəmiyyətini qeyd edərək qaliblərin yeniyetmələr üzrə Respublika yığma komandasının heyətinə cəlb ediləcəklərini bildiriblər.
Mərhum idmançının oğlu Faiq Məmmədbəyov isə atasının xatirəsinin yad edildiyi üçün Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirmişdir.
Turnirin ilk iki günü yunan-Roma, noyabrın 10-11-də isə sərbəst güləş üzrə yarışlar keçiriləcək.