AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.07.2014 18:58

"Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonra iştirakçı komandaların bayraqları səhnəyə gətirilib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışıb. İ.İsmayılov deyib ki, Ulu Öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib: "Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırıb. Bu prosesi bu gün ölkəmizin başçısı İlham Əliyev uğurla davam etdirir. Ölkəmizdə idman və bədən tərbiyəsi yüksək inkişaf dövrünü yaşayır. İdmançılarımız nüfuzlu yarışlarda layiqli qələbələr əldə edir, idmanımızın maddi-texniki bazası genişlənir, digər dövlətlərlə beynəlxalq əlaqələrimiz daha da möhkəmlənir. Heç də təsadüfi deyil ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına məhz Azərbaycan ev sahibliyi edəcək. Bu da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının bariz nümunəsidir". Nazir müavini deyib ki, Azərbaycanın milli idman növü olan, respublikamızda dərin köklərə malik və idmançılarımızın daim uğurları ilə müşayət olunan güləş hər zaman dövlətimizin diqqət mərkəzində olub. "Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” turniri artıq 7-ci dəfədir ki, keçirilir. İnanıram ki, bu ilki turnir də digərləri kimi Azərbaycan güləş tarixində daim xatırlanacaq yarışlardan biri olacaq" deyə, İ. İsmayılov qeyd edib.

Mərasimdə çıxış edən FİLA-nın prezidenti Nenad Laloviç yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, bu turnir Beynəlxalq Güləş Federasiyasının təqvim planının ən güclü yarışıdır. Qeyd edilib ki, güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsində 35 ölkədən 400-ə yaxın ən güclü pəhləvan mübarizə aparır.

Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 7-ci ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə FİLA rəhbərliyinə minnətdarlığını bildirib. N. Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib:

"Ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, idmanın da tərəqqisinə öz müsbət təsirini göstərir. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları gözləyir. Təşkilatçı ölkə olaraq bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün mühüm işlər görülür, yeni-yeni idman qurğuları tikilib istifadəyə verilir. Güləşçilərimiz də I Avropa Oyunlarına səylə hazırlaşırlar. Məqsədimiz 30-cu London Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətləri daha da artırmaqdır. Son illər Azərbaycan güləşçiləri bütün mötəbər beynəlxalq yarışlardan, Avropa və dünya çempionatlarından yüksək əyarlı medallarla qayıdırlar. Qazanılan bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin daha bir göstəricisidir. Əminəm ki, dünyanın 35 ölkəsindən 400-dək idmançının iştirak etdiyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sayca 7-ci “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi ədalətli idman mübarizəsi şəraitində keçəcək, güləşçilərimiz gözəl nəticələr göstərərək, bu dəfə də Ulu Öndərimizin xatirəsini uca tutacaq, qonaqlarımız isə ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar".

Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan N. Əliyev yarışı açıq elan edib.


Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə yarışların təntənəli açılış mərasimi başa çatıb.



Oxu 2919 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW