AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.07.2014 10:03

6 ildə 129 medal - 42 qızıl, 32 gümüş və 55 bürünc / TƏHLİL

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Azərbaycan - idmanın inkişaf səviyyəsinə görə sürətlə tərəqqi edən ölkələrdən biridir. İdmançılarımızın qələbə soraqları Olimpiya oyunlarından, dünya və Avropa çempionatlarından gəlir. Mötəbər yarışlarda qazanılan uğurların sayına görə respublikamız liderlər sırasındadır. Bu nailiyyətlər prezident İlham Əliyevin rəhbərliyilə idmanımıza dair düşünülmüş və məqsədyönlü siyasətin göstəricisidir!

Respublikamızın güclü iqtisadiyyatı sosial həyatımızın bütün sahələrində, o cümlədən, idmanda maddi-texniki bazanın möhkəmləndirilməsini təmin edir. Müxtəlif bölgələrimizdə yeni olimpiya kompleksləri tikilir, mövcud olan qurğular təmir edilir, müasir tələblər səviyyəsində yenidən qurulur. Belə bir iş təcrübəsi ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Bu isə öz növbəsində idman ənənələrini daha da zənginləşdirmək üçün geniş perspektivlər açır. Bu baxımdan pəhləvanlarımızın hünəri diqqəti xüsusilə cəlb edir. Onların parlaq qələbələri idmanımızın salnaməsində layiqli yerini tutub.

Hər il ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri respublikamızın güləş ölkəsi kimi şöhrətini bir qədər də artırırb. Tarixi 2008-ci ildən başlanan bu yarış elə ilk gündən FİLA-nın təqvimində ən mühüm tədbirlərdən biri kimi seçilir.

Qızıl Qran-Pri beynəlxalq turniri Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun rəhbərliyilə həm təşkilati məsələlərinə, həm də texniki göstəricilərinə görə artıq dünya miqyasında keyfiyyətcə yeni bir hadisəyə çevrilib.Mütəxəssislər onu idman yarışlarına münasibət baxımından Azərbaycan standartlarının bir nümunəsi sayırlar. Pəhləvanların ali məclisi kimi yarışda yalnız ən güclülər iştirak edə bilərlər. Onları müəyyənləşdirmək məqsədilə mövsüm ərzində ayrı-ayrı ölkələrdə seçmə yarışlar keçirilir. Paris, Budapeşt və Krasnoyarsk şəhərlərində Qran-Pri turnirlərinin qalibləri Bakıda final mərhələsində iştirak etmək hüququ qazanırlar.   
   
Turnirin həm Azərbaycan, həm də dünya güləşi üçün əhəmiyyəti çox yüksək qiymətləndirilir. Çünki hər dəfə müvafiq yarışlarda dünya güləşinin mövcud vəziyyəti, ümumi səviyyəsi, qarşıdakı vəzifələr müəyyənləşdirilir. Başqa sözlə, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turniri  bütövlükdə dünya güləşinin inkişafına təsir göstərir.

İndiyədək təşkil olunan 6 turnir pəhləvanlarımızın uğurları ilə əlamətdar olub. İlk yarışlarda həm sərbəst,həm yunan-Roma, həm də qadın güləşçilərinin mübarizəsində  üst-üstə 22 medal müntəzəm qələbələr üçün bünövrə yaratdı. Fərid Mansurov, Fuad Əliyev, Rövşən Bayramov, İlqar Abdulov, Həsən Əliyev, Vitali Rəhimov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Sona Əhmədli, Mariya Stadnik, Yuliya Ratkeviç və bir çox başqaları müxtəlif mövsümlərdə qələbələrilə Azərbaycanın güləş ənənələrini daha da zənginləşdiriblər.

Bütövlükdə  42 qızıl, 32 gümüş və 55 bürünc – ümumən 129  medal. Ölkəmizin güləş ustalarının indiyədək 6 turnirdə nəticələri belədir.  İyulun 25-dən 27-dək Bakıda 7-ci turnir olacaq. Yarışın davam etdirilməsi, onun yenidən paytaxtımıza həvalə olunması FİLA-nın Azərbaycan Güləş Federasiyasına etimadının, habelə, turnirin bu dəfə də yüksək səviyyədə təşkil olunacağına inamının ifadəsidir.

Həm federasiyanın mütəxəssisləri, həm də seçmə komandamızın üzvləri qarşıdakı sınağa  ciddi hazırlaşırlar. Turnir ulu öndərimizin adını daşıdığına görə güləşçilərimiz yarışa ikiqat məsuliyyətlə yanaşır, yeni qələbələr qazanmaq əzmilə məşq edirlər. Rəqiblər heç də asan olmayacaq. Yarışlarda dünyanın ən güclü komandaları – Türkiyə, Rusiya, İran, Gürcüstan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Almaniya və başqa ölkələrin güləşçilərinin iştirakı gözlənilir.

İndiyədək hər bir turnirdə Azərbaycan pəhləvanları komanda hesabında ilk üçlükdə olub. Son 3 yarışın hər birində isə idmançılarımızın qazandığı mükafatların sayı 20-dən çox olub.Həmin turnirlər Hacı Əliyev, Orxan Əhmədov, Kamran Məmmədov, Rafiq Hüseynov, Rəsul Çunayev, Saman Təhmasibi və digər idmançılarımızın qələbələrilə yadda qalıb. Bu nailiyyətlər Azərbaycan güləşinin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Şübhə yoxdur ki,ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 7-ci Qızıl Qran-Pri beynəlxalq turniri də pəhləvanlarımızın qələbələrilə  əlamətdar olacaq.


Oxu 2973 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW