AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.08.2016 14:00

Rioda qazandığımız qələbələri şəhidlərimizə həsr edirik / FOTO-VİDEO

Materialı qiymətləndirin
(1 Səs)
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandıran güləşçilərimiz Olimpiya oyunlarında qazanılan qələbələri şəhidlərimizin ruhuna həsr etdiklərini bildiriblər. 

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov:

"Biz həmişə Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etmişik. Ona görə komandamızdan daim yüksək nəticə gözləyirlər və məsuliyyətimiz də böyük olur. Bu da müəyyən mənada güləşçilərimizə psixoloji təsir edir. Ümumən yaxşı çıxış etdik, 6 idmançımızdan 5-i medal qazandı. Bu böyük nəticədir. Qızıl medalın niyə olmaması barədə fikirləşirik, güləşçilərimizin çıxışlarını təhlil edəcəyik. Səhvlərin aradan qaldırılması üzərində işləyəcəyik".

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov:


“Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.

Olimpiya Oyunlarının qızıl (London, 2012) və gümüş (Rio-de-Janeyro, 2016) medalçısı Toğrul Əsgərov: 

"Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. Final görüşü mənim üçün uğursuz oldu. Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu “Tokio-2020”də təkrarlayım”. 

Olimpiya Oyunlarının gümüş (Rio-de-Janeyro, 2016) və ikiqat bürünc (Pekin-2008, London-2012) medalçısı Xetaq Qazyumov: 

"Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir. Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi. İdmanda uzun yol keçən karyeram olub. Deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşib, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".

Olimpiya Oyunlarının qızıl (London, 2012) və bürünc (Rio-de-Janeyro, 2016) medalçısı Şərif Şərifov: 

"Rioya qızıl medal üçün getmişdim. Çox istəyirdim ki, yenə qızıl medal qazanım, ancaq alınmadı. Bürünc medalla kifayətləndim. Yarımfinal görüşündə ilk hissədə rəqibə 6 xal verdim, sonra görüşü toparlaya bilmədim. Çəkimi dəyişmək barədə düşünmürəm, 86 kq çəki dərəcəsində güləşmək mənim üçün daha rahatdır. Əvvəlcədən nəsə demək istəmirəm, indi bir az dincəlib sonra yenidən məşqlərə başlamaq fikrindəyəm". 

Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev: 

"Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, axırda yorğunluq özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim. Qarşıda bizim əsas məqsədimiz İslam oyunlarıdır. Layiqli çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm".

Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov:

"Rio-2016-da 3-cü yeri tutdum. Bunu yüksək qiymətləndirirəm. Çünki Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər idmançı iştirak edə bilmir, nəticə qazana bilmir. Bilirəm ki, yarımfinal görüşüm azarkeşlər tərəfindən çox müzakirə olunub. Rusiyalı güləşçi çox güclü idi, bir az da hakim haqsızlığı oldu. Qismət bu imiş. Şükür Allaha ki, Vətənə medalla dönə bildim". 





Oxu 3383 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW