AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
01.09.2014 11:48

Olimpiadada uğurla çıxış edən idmançılarımız Vətənə qayıdıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası Vətənə dönüb. Heydər Əliyev Beynəlxalq hava limanında yarışlarda uğurlu nəticələr qazanan idmançıların təntənəli qarşılanma mərasimi olub.

Qeyd edək ki, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvondo, boks, sərbəst, qadın və yunan–Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıb. Bununla da yığma komanda 204 iştirakçı ölkə və medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. Yarışda iştirak edən 21 idmançıdan 12-si Vətənə medalla qayıdıb.
Yığma komandaya medalların beşini güləşçilərimiz qazandırıblar. Yarışlarda iştirak edən 5 yeniyetmə pəhləvanımızın hamısı finala qədər irəliləyib, onlardan 3-ü qızıl, 2-si isə gümüş medal əldə edib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da media nümayəndələrinin suallarını cavablandırıb:

“Məlum olduğu kimi, Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin ikinci yay Olimpiya Oyunlarına yekun vuruldu. Xüsusilə də güləşçilərimizin yüksək nəticə göstərməsi bizi çox sevindirir. 5 güləşçimizin hamısı finala vəsiqə qazandı. Onlardan 3-ü qızıl medal əldə etdi, ikisi isə gümüş medalla kifayətləndi.
Bildiyiniz kimi, federasiyamızın prezidenti Fazil Məmmədovun xüsusi göstərişi ilə yeniyetmə və gənc idmançılara diqqət artırılıb. Çünki onlar bizim gələcəyimizdir. Əsas yığma komanda üçün ehtiyat qüvvə hazırlamalıyıq. Çox şadıq ki, işimizin öhdəsindən layiqincə gələ bilirik. Yeniyetmələrimizin uğurlu çıxışı bizim düzgün yolda olduğumuzu göstərir. Əlbəttə, güləşçilərimizin, ümumilikdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin digər sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, qarşıda hələ çox böyük uğurlarımız olacaq”.

Sərbəst güləş üzrə 100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış İqbal Hacızadə deyib: “Şükür Allaha ki, Vətənə başıuca qayıdırıq. Olimpiya Oyunlarında iştirak etdiyim və Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün çox xoşbəxtəm. Gərgin görüşlər keçirdim və sonda istəyimə nail oldum. Bu mötəbər yarışa ciddi hazırlaşmışdıq. Keçdiyimiz yüksək səviyyəli hazırlıq prosesi öz bəhrəsini verdi. Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm”.

60 kq çəki dərəcəsində Olimpiya çempionu olan Teymur Məmmədov da fikirlərini səsləndirib: “Yarışlara yaxşı hazırlaşmışdıq. Final qarşılaşmasına qədər 3 görüş keçirdim. Əvvəlcə Meksika, sonra isə Misir və Braziliya güləşçiləri ilə üz-üzə gəldim. Onların hamısına böyük üstünlüklə qalib gəldim. Həlledici görüşdə rəqibim Moldova təmsilçisi oldu. Onu da məğlub edərək, ölkəmizə qızıl medal qazandırdım. Çində respublikamızın bayrağını ucaltdığım və himnini səsləndirdiyim üçün çox xoşbəxtəm. Gələcəkdə də yalnız qələbələr üçün yarışacağıq”.

Qarşılanma mərasimindən sonra olimpiyaçılar Heydər Əliyev sarayının qarşısındakı parka gələrək Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.




Oxu 4811 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW