AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.07.2014 15:02

Əjdər Cəfərov: “Bütün idmançılar bu turnirdə qələbə qazanmağa çalışırlar” / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Turnirə səylə hazırlaşan komandamızın mətbuat üçün açıq məşqi keçirilib. Hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da izləyib. Komandanın hazırlıq prosesi ilə yaxından maraqlanan qurumun rəsmisi media nümayəndələrinin suallarını cavablandırıb.

Əjdər müəllim, təlim-məşq toplanışlarının gedişatından razısınızmı?

- Bəli. Güləşçilərimizin hazırlıq prosesi üçün hər cür şərait yaradılıb. Qadınlardan ibarət yığma Ukraynada təlim-məşq toplanışı keçir. Sərbəst güləşçilərimiz isə hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda isə Bakıda, Olimpiya Güləş Mərkəzində məşqlərini davam etdirirlər.

- Turnirlə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Yarışda 39 ölkənin iştirak edəcəyi öz təsdiqini tapıb. Bu turnir FİLA-nın təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlardan biridir. Artıq ölkəmizdə 7-ci dəfə keçirilən və ənənə halını alan bu yarışımız 2016-cı ilə qədər FİLA tərəfindən müqavilə vasitəsilə ölkəmizə həvalə edilib. Deyərdim ki, bu turnir Olimpiya Oyunları səviyyəsində yüksək dərəcədə təşkil olunur.

- Turnirdə idmançılarımızdan hansı nəticələri gözləyirsiniz?

- Ümumiyyətlə, bütün yarışlarda Azərbaycan güləşçilərinin qarşısına ən yüksək nəticələr qazanmaq tapşırığı qoyulur. Düşünürəm ki, onlar bunun öhdəsindən gəlməyi bacarırlar. Pəhləvanlarımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirində ölkəmizi layiqincə təmsil edəcəklərinə inanıram.

- Son vaxtlar digər ölkələrin güləşçiləri tez-tez Azərbaycan güləşçiləri ilə birgə təlim-məşq toplanışlarına qatılırlar. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə, ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda mötəbər turnirlər keçirmək mümkündür. Güləşə göstərilən dövlət qayğısı pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının get-gedə artmasına şərait yaradır. Eyni zamanda federasiyamızın rəhbərliyi də daim güləşçilərimizi diqqətdə saxlayır. Federasiyanın prezidenti Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyev pəhləvanlarımız üçün hər cür şərait yaradıblar. Təsadüfi deyil ki, bu gün Azərbaycan güləşi dünya reytinqində ilk üçlükdə yer alır. Digər ölkələrin idmançıları təlim-məşq toplanışlarını bizim güləşçilərlə keçirməyə, təcrübə qazanmağa can atırlar.

- Yarışda bütün titullu güləşçilərimiz iştirak edəcəklərmi?

- Nəinki bizim titullu güləşçilərimiz, həmçinin digər ölkələrin də ən yaxşı pəhləvanlarının turnirdə iştirakı gözlənilir. Olimpiya çempionu Toğrul Əsgərov diz nahiyəsindən əməliyyat olunub. Onun əməliyyatı Türkiyədə həyata keçirilib. Güləşçimiz hazırda reabilitasiya prosesi keçir. Bütün idmançılar kimi, federasiya rəhbərliyi onu da diqqət mərkəzində saxlayır. Bundan başqa, Şərif Şərifov artıq tam sağalıb, hazırda təlim-məşq toplanışındadır. O, "Qızıl Qran Pri" beynəlxalq turnirində iştirak edəcək. Yarışa yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov, Emin Əhmədov, Həsən Əliyev kimi titullu idmançılarımız qatılacaq. Onların bu yarışda çıxışı sentyabrda keçiriləcək dünya çempionatına bir növ hazırlıq prosesi olacaq. Ümid edirəm ki, onların hamısı yüksək nəticələr qazanacaqlar.

- Turnirdən gözləntiləriniz necədir?

- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirində çox güclü idmançılar yarışacaqlar. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən uğurlu nəticə qazananlara yüksək məbləğdə pul mükafatı ayırılıb. Bütün idmançılar bu turnirdə qələbə qazanmağa çalışırlar. Güləş həvəskarlarını olduqca maraqlı yarışlar gözləyir.






Oxu 4098 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW