AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.12.2014 10:22

Güləşçilərimiz il ərzindəki nailiyyətlərinə görə mükafatlandırılıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.

Dekabrın 24-də “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yola saldığımız ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Nazir qeyd edib ki, Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq turnirlərdə ümumilikdə 805, o cümlədən 275 qızıl, 255 gümüş, 275 bürünc medal qazanıblar. A.Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Gələn il Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini diqqətə çatdıran nazir bu istiqamətdə görülən işlərdən danışıb, respublikamızın mötəbərə yarışa yüksək səviyyədə ev sahibliyi etmək üçün ciddi hazırlaşdığını vurğulayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illər kimi, 2014-cü ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışların və beynəlxalq idman qurumlarının toplantılarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Sonra mükafatlandırma olub. Mükafatlandırılan idmançılar sırasında sərbəst güləş üzrə yığmamızın üzvləri Hacı Əliyev (2014-cü ilin Dünya və Avropa çempionu), Xetaq Qazyumov (2014-cü ilin Dünya və Avropa çempionatının gümüş medalçısı), qadın güləşçimiz Mariya Stadnik (2014-cü ilin Avropa çempionu, Dünya çempionatının bürünc medalçısı) və yunan-Roma güləşçimiz Rəsul Çunayev (2014-cü ilin Avropa çempionatının gümüş, Dünya çempionatının bürünc medalçısı) də yer alıb. 

Bundan başqa, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, sərbəst güləşçimiz Hacı Əliyev "İlin ən yaxşı idmançısı" nominasiyasında qalib olub. Güləşçimizə mükafatı təqdim edən Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov onu təbrik edib, gələcək karyerasında uğurlar arzulayıb. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov isə idman ictimaiyyətinin bu cür seçimindən qürur duyduğunu söyləyib. Ə.Cəfərov idman jurnalistlərinə 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından qazanılan medallar haqda xəbərləri ictimaiyyətə çatdırmağı arzulayıb.


Oxu 705 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW