AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.09.2015 21:34

DÇ-2015: Hacı qızıl, Xetaq bürünc medal, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı / FOTO-VİDEO

Materialı qiymətləndirin
(8 səs)
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. 

Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc medala yiyələnib.  

Çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla, Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıb. 

Qadın güləşçilərin yarışında son təmsilçimiz İrina Netreba (60 kq) ilk görüşdə Türkiyə güləşçisi Hafize Şahinə qalib gəlsə də, Ukrayna idmançısı Oksana Herhelə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsilə güləşçimiz təsəlliverici görüşə qatılıb və Kanada güləşçisi B.Grahamdan üstün olub. Bürünc medal uğrunda həlledici görüşdə İrina Netreba ABŞ təmsilçisi L.Jayneslə qarşılaşıb. Gərgin keçən qarşılaşma bərabərə bitsə də, sonuncu xalı rəqib aldığından güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.  

Sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb. 

Sərbəst güləş yığmamızın 86 kq çəki dərəcəsində üzvü Məhəmmədhacı Xatiyev çempionata uğurlu startı ilə yadda qalıb. Ardıcıl olaraq Makedoniyadan Halil Zuabirov, İrlandiya idmançısı Aleksandr Villiam Dolli, 1/4 finalda isə Latviya təmsilçisi Armands Zvirbulis üzərində qazandığı qələbələrlə güləşçimiz həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə güləşçisi ilə gərgin keçən qarşılaşmanın yekununda zədələnən təmsilçimiz görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Gürcüstan təmsilçisi Sandro Aminaşvili qarşısında hesabda öndə olmasına baxmayaraq zədə səbəbindən görüşü davam etdirə bilməyib və çempionatı 5-ci sırada tamamlayıb. 

97 kq çəki dərəcəsində yığmamızın kapitanı Xetaq Qazyumov Rio Olimpiadasına vəsiqə qazanan növbəti təmsilçimiz olub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Xetaq ilk olaraq Belaruslu İvan Yankovskini, ardınca Moldovadan Nikolay Çebanı mübarizədən kənarlaşdırıb. 1/4 finalda Rusiya təmsilçisi Abdusalam Qadisovla gərgin keçən görüşü uduzan Xetaq Qazyumov, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Almaniya təmsilçisi üzərində vaxtından əvvəl əldə etdiyi qələbə güləşçimizə Rio Olimpiadasına vəsiqə qazandırıb. Xetaq Qazyumov bürünc medal uğrunda gürcü Elizbar Odikadzeni də məğlub edib və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.  

60 kq 
1/8 final - İrina Netreba - Hafize Şahin (TUR) 11:6
1/4 final - Oksana Herhel (UKR) - İrina Netreba 5:4
Təsəlliverici görüş - B.Graham (CAN) - İrina Netreba 5:12
Bürünc medal görüşü - İrina Netreba - L.Jaynes (USA) 4:4*

61 kq 
1/8 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 2:11
1/4 final - Hacı Əliyev - Masakazu Kamoi (JPN) 6:2
1/2 final - Vladimir Dubov (BUL) - Hacı Əliyev 2:6
FİNAL - Hacı Əliyev - Nomin Batbold (MGL) 10:0

86 kq
1/16 final - Halil Zubairov (MKD) - Məhəmmədhacı Xatiyev 0:10
1/8 final - Məhəmmədhacı Xatiyev - Aleksandr Villiam Dolli (İRL) 10:0
1/4 final - Armands Zvirbulis (LAT) - Məhəmmədhacı Xatiyev 1:12 (Olimpiadaya lisenziya qazandı)
1/2 final - Selim Yaşar (TUR) - Məhəmmədhacı Xatiyev 5:4
Bürünc medal görüşü - Sandro Aminaşvili (GEO) - Məhəmmədhacı Xatiyev 0:1 (zədə səbəbindən güləşçimiz görüşü davam etdirə bilməyib)

97 kq
1/16 final - Xetaq Qazyumov - İvan Yankovski (BLR) 8:0
1/8 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:5
1/4 final - Xetaq Qazyumov - Abdusalam Qadisov (RUS) 0:5
Təsəlliverici görüş - Stefan Kehrer (GER) - Xetaq Qazyumov 0:10 (Olimpiadaya lisenziya qazandı)
Bürünc medal görüşü - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) 4:1

CANLI YAYIM linki: https://unitedworldwrestling.org/event/world-championship-senior-1

Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.  



Oxu 10444 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW