Çempionatdan öncə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov nümayəndəliklərin, klub və cəmiyyətlərin məşqçi-müəllimləri ilə, həmçinin yarışları idarə edən hakimlərlə seminar xarakterli görüş keçirib.
Məşqçilərlə görüşdə çıxış edən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov xüsusən bölgələrdə perspektivli gənclərin aşkar olunmasına diqqət yetirmənin vacibliyini bildirib:
"Bunun üçün regionlarda çalışan məşqçilərin üzərinə ikiqat məsuliyyət düşür. Federasiya rəhbərliyinin göstərişi ilə nümayəndəliklərin hər biri üçün yüksək şərait yaradılıb, bütün zallar güləş döşəkləri və digər avadanlıqlarla təmin olunub. Məşqçi-müəllimlər hər bir uşağa fərdi yanaşmalı, onlara xüsusi diqqət göstərməli və yüksək səviyyədə məşq keçməlidir".
Daha sonra çempionatı idarə edəcək hakimlər üçün seminar keçirilib. AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi yarışları idarə etmək üçün ölkəmizdə kifayət qədər beynəlxalq dərəcəli hakimin olduğunu qeyd edib: "Ancaq biz qərara gəldik ki, bəzi mübahisəli görüşlərin daha obyektiv və ədalətli idarə edilməsi üçün çempionata əcnəbi hakimləri də dəvət edək. Bu addımı ona görə atdıq ki, həm güləş azarkeşlərində, həm güləşçilərdə, həm də məşqçilərdə hər hansı şübhə yeri qalmasın".
Xatırladaq ki, böyüklər arasında Azərbaycan çempionatı dekabrın 13-də, səhər saat 10:00-dan etibarən "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Çempionatın rəsmi açılış mərasimi saat 17:00-da başlayacaq. İlk gün sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.