AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
fb tw vaz yt
10.07.2013 15:49

Avropa çempionatının qalibləri mükafatlandırılıb / FOTO

Materialı qiymətləndirin
(8 səs)
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü cənab Namiq Əliyevin iştirakı ilə Avropa çempionatında medal qazanmış yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən AGF-nin I vitse-prezidenti Namiq Əliyev güləşçiləri, onların məşqçilərini və valideynlərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb:

“Həm yeniyetmələr, həm də gənclər Avropa çempionatında uğurlu çıxış etdilər. Bu ilk növbədə ölkəmizdə dövlət səviyyəsində idmana, xüsusilə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin güləş idman növünə və güləşçilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə olduğu kimi idmanda da inkişaf göz qabağındadır. Ötən il Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız, əsasən də, güləşçilərimiz ölkəmizi layiqincə təmsil etdilər. Qazanılan bütün uğur və nailiyyətlər ölkədə idmana göstərilən dövlət qayğısının göstəricisidir. Əminəm ki, Avropa çempionatında uğurla çıxış edən bu yeniyetmə və gənclərimizi gələcəkdə Olimpiya mükafatçıları sırasında görə biləcəyik”.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov pəhləvanlarımızın tarixi nailiyyətindən bəhs edib.

“Güləşçilərimiz bu iki yarışda ümumilikdə 28 medal qazanıblar ki, bundan 10-u qızıldır. Bu uğurdan sonra arxayınlaşmaq olmaz. Çünki bu nailiyyəti qoruyub saxlamaq çox vacib, həm də çətin məsələdir. Qarşıda idmançılarımızı Bolqarıstan və Serbiyada keçiriləcək dünya çempionatları gözləyir. İnanıram ki, güləşçilərimiz mundial yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Sonra AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qitə birinciliklərində iştirak etmiş güləşçilər, onların məşqçiləri və valideynləri adından ünvanlanan müraciəti oxuyub.

Sonda qaliblərə AGF tərəfindən pul mükafatı təqdim edilib.

Xatırladaq ki, iyunun 18-23-də Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilərin, iyulun 2-7-də isə Makedoniyanın Skopye şəhərində gənclərin Avropa çempionatı keçirilib. Hər iki çempionatda Azərbaycan güləşçiləri tam heyətlə iştirak edib və ölkəmizi uğurla təmsil edib.

Belə ki, yeniyetmə güləşçilərimiz ümumilikdə 15 medal qazanıblar ki, bunlardan 6-sının əyarı qızıl, 2-si gümüş, 7-sinin əyarı isə bürünc olub. Bu nəticələrlə, sərbəst güləş yığmamız komanda hesabında bütün rəqiblərini qabaqlayaraq çempionatı birinci tamamlayıb, yunan-Roma komandamız isə ikinci olub.

Gənclərdən ibarət yığma komandalarımız Avropa çempionatını ümumilikdə 13 medalla tamamlayıblar. Bunlarda 4-ü qızıl, 4-ü gümüş, 5-i isə bürünc əyarlıdır. Komanda hesabında gənclərdən ibarət yığma komandalarımız da uğurlu nəticə göstərib. Belə ki, sərbəst güləş üzrə yığmamız Avropa çempionatında bütün rəqiblərini geridə qoyub və birinci sırada qərarlaşıb. Yunan-Roma güləşi yığmamız ikinci, qadın güləşçilərimiz isə komanda hesabında dördüncü pilləni tutub.


Oxu 2829 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Beynəlxalq Güləş
Federasiyaları Assosiasiyası

minkult2