ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
19.07.2016 18:50

Azərbaycan güləşi: tarix və nailiyyətlər

  • Печать
  • Эл. почта
Оцените материал
(1 Голосовать)


"Güləş Azərbaycanda həmişə idmanın ən populyar,
ən birinci növlərinin sırasındadır. Azərbaycanda
güləşin böyük tarixi, böyük ənənələri var”.


İlham Əliyev



Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən danışanda ilk növbədə yadımıza güləş düşür. Bu heç də təsadüfi deyil. Çünki Azərbaycanın bütün dövrlərdə məşhur güləşçiləri olub. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək layiqincə çıxış ediblər. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün dünyanın aparıcı güləş ölkələri sırasında çəkilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya Oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür.



Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada "Amerika güləşi” kimi tanınır. Şübhəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Ölkəmizdə güləşin qədim ənənələrə malik olduğunu insanların toy və bayram şənliklərində qurşaq tutub güləşmələri də sübut edir. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaşamış Hüseynqulu Mürsəlqulu oğlu və onun tələbəsi Məşədi Əbdül Axundov, Şomu Abdulla, Mirzə Məmmədhüseyn, Sar Pənci və başqaları Azərbaycan güləş məktəbinin əsasının qoyulmasında misilsiz xidmətlər göstəriblər.

XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun adı bütün dünyada məşhur olub. Onlar dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstəriblər. Sali Süleyman dünya pəhləvanlarının ən təhlükəli rəqibi sayılırdı. Onu "Dağıstan şiri", "Şərqin sevimlisi" adlandırırdılar. Bu pəhləvanın nə öz Vətənində, nə də xarici ölkələrdə bir dəfə belə kürəyini yerə vuran olmamışdı. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırır, dəmir çubuqdan düyün bağlaya bilirdi. Onun haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir. Rəşid Yusifov da güləşdə göstərdiyi uğurları ilə həmvətənlisindən geri qalmayıb.

Azərbaycanın idman tarixini xronoloji ardıcıllıqla izləmək, keçmiş SSRİ miqyasında qazanılan qələbələri araşdırmaq ayrıca elmi-tədqiqat mövzusudur. Qeyd etmək lazımdır ki, Azərbaycan alimləri idmanımızın bu nailiyyətləri haqqında müəyyən tədqiqatlar aparıblar. Azərbaycan idmanının inkişaf tarixindən daha əhəmiyyətli olan məsələlərini, ayrı-ayrı idman növləri üzrə əsas göstəriciləri və nailiyyətləri qısa şərhlə ümumiləşdirmək məqsədəuyğundur.

Azərbaycan güləşi daim özünün tarixi ənənəsini qoruyub saxlayıb. Ölkə pəhləvanları güləşmənin bütün növlərində ölkə, Avropa, dünya birinciliklərində, Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda çıxış edib, öz ustalıqları ilə idman həvəskarlarının rəğbətini qazanıblar. 50-ci illərdən başlayaraq Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, Rəşid Məmmədbəyov, Aydın İbrahimov, Rafiq Hacıyev, Telman Paşayev, Viktor Avdışev, Arif Niftullayev, Məhyəddin Allahverdiyev, Xəzər İsayev kimi məşhur pəhləvanlarımız Avropa, Asiya və Amerikanın bir çox ölkələrində iri beynəlxalq yarışlarda SSRİ-nin seçmə kollektivləri heyətində ölkəmizin idman şərəfini layiqincə qoruyublar.



Azərbaycanda peşəkar güləş məktəbi öz təşəkkülünü ikinci dünya müharibəsindən sonra tapıb. "Kusturud” idman klubunun yaradıcılarından olan Rza Baxşəliyev ölkə güləşinin banilərindən hesab olunur. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, güləş üzrə 20 qat ölkə çempionu idi. Dəfələrlə SSRİ çempionu Musa Babayev və İbrahimpaşa Dadaşov, SSRİ mükafatçısı Muxtar Dadaşov və Rəşid Məmmədbəyov məhz bu istedadlı və peşəkar güləşçinin yetirmələridir. Rəşid Məmmədbəyov Helsinki-1952 Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda gümüş medal qazanmışdı. Bu, Azərbaycan idmançılarının Olimpiya oyunlarında əldə etdiyi ilk medal idi.

Dünya çempionatı yarışlarında qızıl medal qazanan ilk Azərbaycan sərbəst güləşçisi isə Aydın İbrahimov olub. 1963-cü ildə Bolqarıstanda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. 1986-cı ildə Macarıstanda keçirilə Dünya çempionatında isə Xəzər İsayev qızıl medal qazanıb.

Ölkəmizdə əvvəllər klassik güləş kimi tanınan Yunan-Roma güləşi ikinci Dünya müharibəsindən sonra təşəkkül tapıb. İlk Dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən Dünya çempionatında Arif Niftullayev qazanıb. 1985-1997-cı illərdə Məhyəddin Allahverdiyev 3 qat Dünya çempionu tituluna sahib olub.

Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Natiq Eyvazov, Nazim Əlicanov, Elman Rüstəmov, Arif Abdullayev, Azad Əliyev, İlham Abbasov, Davud Məhəmmədov, Fərid Mansurov, Rövşən Bayramov, Cəbrayıl Həsənov, Elçin Əliyev müstəqillik illərində Avropa və Dünya çempionatlarında uğurla çıxış ediblər.



Namiq Abdullayev 1994, 1995 və 2003-cü illərdə, Məhəmməd İbrahimov 1995 və 1996-cı illərdə, Nazim Əlicanov 2002-ci ildə, Xetaq Qazyumov 2009, 2010 və 2011- ci illərdə, Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev və Əli İsayev 2009-cu ildə, Mahmud Məhəmmədov 2010-cu ildə, Cəbrayıl Həsənov 2010 və 2011-ci illərdə, Toğrul Əsgərov 2012-ci ildə, Hacı Əliyev və Ruslan Dibirhacıyev 2014-cü ildə sərbəst güləş üzrə yarışlarda, Natiq Eyvazov 1993-cü ildə, Vitali Rəhimov 2005-ci ildə, Rövşən Bayramov 2007 və 2008-ci illərdə, Elçin Əliyev 2010 və 2012-ci illərdə, Həsən Əliyev 2010-cu ildə, Rafiq Hüseynov 2011-ci ildə yunan-Roma güləşində Avropa çempionu adını qazanıb.

Dünya çempionatlarında sərbəst güləş üzrə Arif Abdullayev (2003), Xetaq Qazyumov (2010), Şərif Şərifov (2011), Hacı Əliyev (2014, 2015), yunan-Roma güləşi üzrə isə Fərid Mansurov (2007, 2009), Həsən Əliyev (2010), Rövşən Bayramov (2011) və Rəsul Çunayev (2015) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medal qazanıb.

Bu məqamda son illər ölkəmizdə populyarlıq qazanan qadın güləşindən də qısa söz açmaq yerinə düşər. Belə ki, 2007-ci ildə Azərbaycan Güləş Federasiyasında rəhbərlik dəyişikliyi baş verəndən sonra ölkəmizdə qadın güləşinə ayrılan diqqət sayəsində bu idman növünə də maraq artdı. Marağı artıran ən vacib amil isə təbii ki, qazanılan nailiyyətlər oldu. Qadın güləşi üzrə Avropa çempionatlarında ilk qızıl medal 2008-ci ildə Finlandiyada keçirilən Avropa çempionatında Mariya Stadnikdən gəldi. Mariya Stadnik daha sonra 2009, 2011, 2014 və 2016-cı illərdə də Avropa çempionatlarında qızıl medala sahib oldu. Sona Əhmədli 2010-cu ildə, Nadya Sementsova 2010, 2011-ci illərdə, Yuliya Ratkeviç 2011-ci ildə, Nataliya Sinişin 2016-cı ildə Avropa çempionu adına layiq görülən qadın güləşçilərimizdəndir.

Mariya Stadnik və Yuliya Ratkeviç 2009-cu ildə həm də Danimarkada keçirilən Dünya çempionatının qızıl medalına sahib olub.

Güləşçilərimiz bundan başqa dünya və Avropa çempionatlarının gümüş və bürünc medallarına, müxtəlif beynəlxalq turnirlərin baş mükafatlarına da sahib olublar.

Ötən il paytaxtımızda, özü də ilk dəfə keçirilən Avropa Oyunlarında da güləşçilərimiz uğurla çıxış edib. 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan güləşçilərimiz onlara bəslənilən ümidləri doğruldub. Qadın güləşçilərdən Mariya Stadnik və Anjela Doroqan, sərbəst güləşçilərdən Toğrul Əsgərov və Xetaq Qazyumov, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev və Elvin Mürsəliyev fəxri kürsünün  ən yüksək pilləsinə qalxıb.



Azərbaycan güləşçiləri komanda xarakterli Dünya Kuboku yarışlarında da iştirak edib. Sərbəst güləşçilərimiz 2004 və 2009-cu illərdə, yunan-Roma güləşçilərimiz isə 2015-ci ildə Dünya Kubokunun sahibi olub.

Dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunlarına Azərbaycandan ən çox medalı güləşçilər qazanıb. 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarından etibarən müstəqil dövlət kimi olimpiadalarda iştirak edən Azərbaycan daim güləşçilərimizin medallarına sevinib. Həmin il gümüş medal qazanan pəhləvanımız Namiq Abdullayev bunu 2000-ci ildə Sidneydə qızıla çevirdi. 4 il sonra Afinada Fərid Mansurovun timsalında daha bir qızıl medal qazanıldı. 2008-ci ildə Azərbaycan pəhləvanları Pekində ikisi gümüş (Rövşən Bayramov və Vitali Rəhimov), ikisi bürünc (Xetaq Qazyumov və Mariya Stadnik) olmaqla 4 medal qazandılar. 2012-ci ildə Londonda Toğrul Əsgərovla Şərif Şərifovun qızılı, Mariya Stadniklə Rövşən Bayramovun gümüşü, Yuliya Ratkeviç, Emin Əhmədov və Xetaq Qazyumovun bürüncü güləş tariximizə qızıl hərflərlə yazıldı.

Mərdan Həsənov
http://newsport.az/news/wrestling/18210





Прочитано 2349 раз
Твитнуть
Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2