ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
12.05.2016 10:25

Güləşçilərimizin olimpiya medalı şansları - LAYİHƏ

  • Печать
  • Эл. почта
Оцените материал
(0 голосов)
XXXI Yay Olimpiya Oyunlarının Açılış Mərasiminə sayılı günlər qalıb. Sportnet.az xəbər verir ki, bu günədək ölkəmiz adına əldə edilən 50-yə yaxın lisenziyanın, həmişəki kimi, böyük qismi güləşçilərin payına düşür. Pəhləvanlarımız 18 mümkün lisenziyadan 14-ünə sahib çıxıb.

Azərbaycan müstəqil ölkə olaraq iştirak etdiyi 5 olimpiadada ən yüksək nəticələri güləş növündə qazanıb. Qızılların 2/3 hissəsi, ümumi medal sayının isə yarısı pəhləvanlarımızın aktivindədi. Odur ki, növlər üzrə imkanları təhlil edərkən ilk yada düşməli olanlardan biri məhz güləşdi. 

Öncə güləşçilərimizin dörd il ərzində keçdiyi yola nəzər salaq: 

Yığmamız Avropa Oyunları da daxil olmaqla, 2012-ci il London olimpiadasından bu yana iştirak etdiyi 4 əsas qitə yarışında üst-üstə 11 qızıl, 10 gümüş, 19 bürünc medal qazanıb. Keçirilən 3 dünya çempionatında isə bu göstərici 3 qızıl, 8 gümüş və 8 bürünc medala bərabərdir. Bu nəticələrlə təmsilçilərimiz ümumkomanda hesabında ilk AÇ-nı 12, Vantaa və "Bakı 2015" mücadiləsini 2, son Riqa turnirini isə dördüncü sırada tamamlayıb. Mundiallara gəldikdə, 2013 AÇ-sı kimi, həmin ildəki Budapeşt DÇ-sı da uğursuzluqla yadda qaldı. Qızıl medal əldə olunmayan turniri millimiz 14-cü sırada bitirdi. Sonrakı il altıncı, lisenziya xarakterli Las Veqas mundialında dördüncü olduq. 

Lisenziyalardan 11-i ABŞ-da qazanıldı. Sərbəst və yunan-Roma növlərinin hər birində əldə edilən 4 lisenziyaya qadın güləşçilərimiz daha 3-nü əlavə etdi. Sonrakı üç lisenziya turnirində sərbəst üsulla güləşən pəhləvanlarımız daha 2 vəsiqə qazanmaqla Rioda tam heyətlə iştirak məsələsini həll etdi, yunan-Romaçılar isə iki mümkün lisenziyadan birini qazandılar. Hər üç təsnifat yarışı qadın güləşçilər üçün uğursuz oldu.

Sərbəst güləş

57 kq çəki dərəcəsində ötən olimpiadada təmsil olunmamışdıq. Başa çatmaqda olan tsikl ərzində də bu çəki üzrə mötəbər turnirlərdə ciddi nəticə qazanılmayıb. Lisenziya məqsədilə hətta legionerin dəvət olunduğu sözügedən çəkidə bu günlərdə həmyerlimiz Mircəlal Həsənzadə gözlənilən uğura imza atdı. Monqolustanın Ulan-Bator şəhərində təşkil olunan ilk dünya təsnifat turnirində ikinci olmaqla. Ancaq qeyd etmək lazımdır ki, onun iştirak şansı çox azdır. Çox güman ki, bu çəkidə qeyri-olimpiya çəki - 61 kq-da ikiqat dünya çempionu Hacı Əliyevə etimad göstəriləcək. Hacının da hazırkı formasına nəzərən olimpiadada medal qazanmaq şansı olduqca yüksəkdir. Gənc və yüksək texnikaya malik Əliyev istənilən güləşçi üçün arzuolunmaz rəqib hesab oluna bilər.

Tsiklin ilk iki ilini boşa verən London 2012-nin qalibi Toğrul Əsgərov 2015-ci ildə həm Avropa Oyunlarının qalibi oldu, həm də dünya çempionatında 5-ci nəticə göstərdi. İkinci nailiyyətlə çəkinin olimpiya vəsiqəsini həll etdi. Əvvəlcə Hacı Əliyevlə rəqabət gedəcəyi gözlənilsə də, ikincinin istəyi federasiya və məşqçilər korpusu tərəfindən məqbul hesab edilmədi. Hazırda heç bir ciddi maneəsi olmayan Əsgərovu, fövqəladə hal baş verməsə, Rio xalçasında görəcəyik. Son yarışlardakı formasına əsasən, demək olar ki, Toğrulu fəxri kürsünün hansısa pilləsində görə bilərik.

DÇ-nın ilk mərhələsində əzəli rəqibi olan Rusiya təmsilçisi Anuar Geduyevə uduzaraq medal və olimpiadaya vəsiqə qazana bilməyən Cəbrayıl Həsənov lisenziya məsələsini təsnifat yarışlarının birincisində həll etdi. İkinci dəfə dördilliyin əsas yarışında iştirak edəcək Həsənov Londonda son saniyələrdə əldə verdiyi "bürünc"ü daha da yaxşılaşdırmaq potensialına malikdir. Həsənovun əsas rəqibləri Rusiya, ABŞ və I Avropa Oyunları, o cümlədən son Avropa çempionatında yenildiyi Türkiyə təmsilçisi olacaq.

86 kq-da lisenziyanı dünya çempionatında Məhəmmədhacı Xatiyev aktivimizə yazdı. Sürpriz güləş nümayiş etdirən Xatiyev zədə səbəbindən medallardan məhrum oldu. Çəkidə bir xeyli nəzərə çarpan isim olsa da, təmsilçimizin sözügedən DÇ çıxışı heç olmasa minimum nəticəyə (bürünc) ümid yaradır.

97 kq-da kimin iştirak edəcəyi hələ də qaranlıqdı. Lisenziya sahibi Xetaq Qazyumov qədər olimpiya çempionu Şərif Şərifov da iddalıdır. Hərçənd, "London 2012"dən sonra bu çəkiyə keçən Şərifov geridə qalan müddət ərzində özünü göstərmək üçün fürsət tapmayıb. Belədə tsikldə iştirak etdiyi demək olar ki, bütün yarışlarda medal qazanan qocaman Qazyumov daha iddialı görünür. İstənilən halda hər iki güləşçimiz Rioda favoritlər sırasında olacaq. Əsas rəqiblər isə şübhəsiz ki, son DÇ-nın finalçıları olan Rusiya və ABŞ güləşçiləridir.

125 kq çəki dərəcəsində lisenziyanı Azərbaycan güləşi tarixində ilk dəfə dünya çempionatının finalına çıxan Cəmaləddin Məhəmmədov qazanıb. Fövqəladə hal baş verməsə, elə özü də güləşəcək. Məhəmmədov haqqında nə demək olar? Ötən olimpiada öncəsi də mundial mükafatı qazanan və bununla da iştirak hüququ əldə edən 26 yaşlı güləşçimiz püşkdə bəxtsizliklə üzləşmişdi. Üçqat dünya çempionu Bilal Maxov elə təsnifatdaca yolunu kəsmişdi. Bir xeyli artıran və təcrübə toplayan Məhəmmədov hazırda çəkinin liderlərindən hesab olunur. Rəqiblərinə gəldikdə, türkiyəli, son illər üçün dünya güləşinin əsas tapıntılarından hesab edilən Taha Akgül və Maxov xüsusi nəzərə çarpır. Las Veqasda aşkar üstünlüklə məğlub etsə də, Gürcüstan güləşçisi Geno Petriaşvili də sıradan güləşçi deyil. Son AÇ-nın qalibidir.

Yunan-Roma güləşi

Tsiklin ilk ilində yığmanın sükanı arxasına gətirilən İran millisinin baş məşqçi köməkçisi Cəmşid Xeyrabadi geridə qalan üç ilin birincisini çıxmaqla, 2014 və 2015-ci illərdə özünü sübut edə bilib. Eksperimental heyəti cəlb etdiyi son AÇ-dəki nəticə medal baxımından qənəətbəxş olmasa da, milli ümumkomanda hesabında üçüncü yeri tutdu. Təsnifatda 6 mümkün lisenziyadan 5-nin qazanılması da kifayət qədər qənaətbəxş nəticədir.

Beləliklə;

59 kq çəki dərəcəsində ölkəmizi son dünya çempionatının gümüş mükafatçısı Rövşən Bayramovun təmsil edəcəyi gözlənilir. Periodda o qədər də nəzərə çarpmayan ikiqat vitse-olimpiya çempionu Las Veqasda yüksək əzmkarlıq nümayiş etdirərək, Rio vəsiqəsini həll etdi. Üçüncü Olimpiada mücadiləsinə çıxacaq 29 yaşlı məşhur pəhləvanımızın yeganə hədəfi məhz "qızıl"dı. Gərgin rəqabət şəraitində keçəcək mübarizədə Rövşənin iki əsas rəqibi var: DÇ-nın finalında yenildiyi gənc və yüksək güləş texnikası ilə göz oxşayan kubalı Borreo və son olıimpiya və beşqat dünya çempionu, Rövşəni iki mühüm turnirin baş mükafatından məhrum edən ünlü İran güləşçisi Həmid Sorian.

66 kq-da iki dünya çempionu və iki AÇ mükafatçısı yer alsa da, vəsiqə son anda qazanıldı. Kamran Məmmədov ilk, Həsən Əliyev ikinci şansı boşa verdi. Üçüncü şans 71 kq-da son dünya çempionu Rəsul Çunayevə verildi ki, o da bundan maksimum yararlandı. Bu da Rio xalçasında elə Çunayevi görəcəyimiz anlamına gəlir. Öz çəkisində yetərli təcrübəyə malik olmasa da, tsikl ərzində yalnız Univsersiada qalibiyyəti ilə yadda qalsa da, 25 yaşlı güləşçimizin texnikası son illər üçün klassik güləş aləmində ən yaxşılar sırasındadır. Odur ki, onu son dünya çempionu Frank Stebler, rusiyalı Artyom Surkov, iranlı, 60 kq-da son olimpiya çempionu Omid Nooruzi və ermənistanlı Miqran Arutunyanla birlikdə əsas favoritlərdən biri kimi göstərmək olar. 

75 kq-ın lisenziyası da DÇ-də müəyyənləşdi. Avropa Oyunlarının qalibi Elvin Mursəliyev beşincilik qazanmaqla, bu uğurun müəllifi oldu. Rafiq Hüseynovun da vəsiqəyə iddialı olduğu bu çəkidə əsas rəqib qismində rusiyalı Roman Vlasov və ermənistanlı Arsen Julfalakyan diqqət çəkir. Eləcə də danimarkalı Mark Madsen və Qazaxıstan güləşçisi, Mürsəliyevi DÇ "bürünc"ündən məhrum edən Doşan Kartikov medallara iddialıdır.

85 kiloqramda yerli idman ictimaiyyətinin İslam Abbasov təkidinə baxmayaraq, böyük ehtimalla Rioda Xeyrəbadinin həmyerlisini - Saman Təhmasibini görəcəyik. Tsikldə keçirilən hər üç mundialı medalla başa vuran 31 yaşlı güləşçinin bu, tam haqqıdır. Hələ nəzərə alsaq ki, Abbasov nəinki böyüklər arasında, aşağı yaş qruplarında göstərilən etimadı tam doğrultmayıb, ümumiyyətlə. Təhmasibiyə karyerasının ən böyük nailiyyəti yolunda ciddi maneələr ukraynalı Jan Belenyuk və kimliyindən asılı olmayaraq Rusiya təmsilçisidir.

130 kq-a gəldikdə, burada da "yeni dünya"ya çox güman lisenziya sahibinin özü gedəcək. Daxili rəqabətdə Sabah Şəriətinin rəqibi yoxdu. İllərdir favoritlər sırasında yer alan kubalı Mijain Lopez və türkiyəli Rza Kayaalpla yanaşı, DÇ-da bürünc görüşünü uduzduğu Ukrayna və tanınmış Estoniya təmsilçisi güləşçimizin əsas maneələridir. 

Qadın güləşi

Qadın güləşində son dörd il ərzində iki məşhur sima ilə yanaşı, haqqında danışacağımız Anjela Doroqan və Nataliya Sınışin ön plana keçdi. DÇ və AÇ-lərdə qazanılan medallar bu güləşçilərin adına yazıldı. 

Nəinki güləş millisinin, ümumilikdə Azərbaycan Olimpiya yığmasının qızıl medal ümidlərindən biridir Mariya Stadnik. 2013-cü ili analıq məzuniyyəti səbəbindən buraxan Stadnik son üç əsas qitə yarışının qalibi, üç mundialdan ikisinin mükafatçısıdır. Yüksək güləş texnikası ilə yaponlarla birlikdə dünya qadın güləşinin ən yaxşılarından olan təmsilçimiz üçün Rioda yalnız bir rəqib göstərmək lazımdır ki, bu, son üç DÇ-nin qalibi Eri Tosakadır. 

53 kq-da böyük ehtimalla, Avropa Oyunlarının qalibi Anjela Doroqanı görəcəyik. Son DÇ-də beşinciliklə vəsiqə məsələsini həll edən moldovan əsilli güləşçimizi kifayət qədər ciddi rəqiblər gözləyir ki, onlar arasında xüsusi qeyd edilməli olan əfsanəvi yaponiyalı Saori Yoşidadır. Anjelanın medal qazanma şansını 50-50 nisbətində göstərmək olar. 

58 kq-da çıxış edərək, son Avropa çempionatının qızıl medalını qazanan Nataliya Sınışin də iştiraka iddialı olsa da, Yuliya Ratkeviçin lisenziyasının əlindən alınacağı inandırıcı deyil. Tsikl ərzində iştirak etdiyi iki DÇ-də medal qazanan Ratkeviç üçün bu, böyük haqsızlıq olar. Son Olimpiya Oyunlarını bürünc medalla tamamlayan Yuliya üçün Rioda əsas rəqib kimi daha bir Yaponiya əfsanəsi Kaori İçonun, finlandiyalı Petra Ollinin, o cümlədən isveçli Yohanna Mattsonun adlarını çəkmək lazımdır. 

Sahib ƏSƏDBƏYLİ

http://sportnet.az/olimp/18431-guleshchilerimizin-olimpiya-medali-shanslari-layihe.html
Прочитано 2855 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2