ФЕДЕРАЦИЯ БОРЬБЫ АЗЕРБАЙДЖАНА
insta fb tw yt
02.04.2014 00:27

Güləşimizin qızıl oğlanı” - Portret

Оцените материал
(3 голосов)
Rövşən Bayramovun möhtəşəm karyerası qibtə ediləcək nəticələrlə zəngindir

Güləş Azərbaycanda həmişə milli idman növü olub. Tarixən pəhləvanlarımızla öyünmüşük, onları başqalarına nümunə göstərmişik. Müstəqillik dövrümüzdə də bütün beynəlxalq yarışlarda – Avropa, dünya çempionatları, Olimpiadalar – gözümüz ilk olaraq güləşçiləri axtarıb, onlardan ümidimizi üzməmişik. Sağ olsunlar, onlar da bu etimadı həmişə doğruldublar. Rövşən Bayramov kimi. Güləşimizin “qızıl oğlan”ı Rövşən Bayramov.

Kimdir Rövşən?

Adətən yazılarımızda idmançının hansı uğurlar qazandığını sonradan qeyd edir, ardıcıllığı pozmuruq. Bu dəfə dəyişiklik etdik. Rövşən Bayramov haqda danışanda ağıla ilk olaraq onun nailiyyətləri gəlir. Beləliklə, o, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), Dünya çempionu (2011), gümüş (2006) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), Hərbçilərin Dünya çempionatının qalibi (2006), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında Dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısıdır (2002, 2003). Qibtə ediləsi nəticələrdir. Gördüyümüz kimi, Rövşən böyüklər arasında ilk beynəlxalq medalını 19 yaşında Moskvada qazanıb. Rusiyanın paytaxtındakı Avropa çempionatında kişilərin yarışına qatılan Rövşən, ilk cəhddən bürünc medala layiq görülür. Elə həmin il Çinin Quançjou şəhərində dünya çempionatında ikinci olan Bayramov, bir ildən sonra Avropa qızılına yiyələnir. Dayanmadan medalları boynundan asan güləşçimiz Sofiyadakı birincilikdə bütün rəqiblərini yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Növbəti Avropa çempionatında – Finlandiyanın Tampere şəhərində o, yenidən çempion olaraq rəqibsiz olduğunu sübut edir. Məhz bu il – 2008-ci ildə, Ümumdünya Güləş Federasiyası – FİLA onu planetin ən yaxşı idmançısı seçir. Daha bir ildən sonra Danimarkanın Herninq şəhərində dünya çempionatının bürüncünə sahib çıxan Rövşən, 2011-ci ildə karyerasının zirvəsinə yüksəlir. İstanbuldakı dünya çempionatında hamını məğlub edən Yunan-Roma güləşçimiz adını tarixə yazdırır. 2008-ci il Pekin və 2012-ci il London Olimpiadalarının hər ikisində finala qədər irəliləməsi və yalnız xal hesabıyla yenilməsi, onun əzmkarlığının göstəricisidir. Bir sözlə, çox az güləşçilər tapılar ki, Rövşən Bayramovun 25 yaşında etdiklərini edə bilsin. O, həqiqətən də Azərbaycan güləşinin “qızıl oğlan”ıdır.

Anasının fəxri

Bəs Rövşən bu zirvələri necə fəth edib? Həyat tarixçəsinə nəzər salanda, bunun ona elə də asan başa gəlmədiyi görünür. 1987-ci il may ayının 7-də Bakıda dünyaya gələn “qızıl oğlan” üçün həyat çətin günlərlə başlayıb. Anadan olmazdan bir müddət əvvəl atasını itirən Rövşənin, həmçinin daha bir böyük qardaşı və bacısının bütün qayğılarını anası öz üzərinə götürməli olub. Məhz bu durum onu möhkəm olmağa, anasını sevindirmək, fəxr etdiyini görmək üçün yarışlarda sona qədər mübarizə aparmağa məcbur edir. Səyləri boşa getməyib. Ailəsini maddi cəhətdən təmin edib, özünə ev, maşın alıb, sevdiyi qızla ailə qurub. Ancaq bunlar heç də asan başa gəlməyib. Çoxlarında idmançıların hər şeyə asan nail olduqları fikri yaransa da, bu, belə deyil. Nəyəsə nail olmaq üçün illərlə gərgin çalışmalar gərəkdir. Rövşən Bayramov fərd olaraq buna nümunədir.

Məcburən güləş

Rövşənin güləşə gəlişi isə məcburi alınıb. Uşaqlıqda çox dəcəl olan, bir yerdə durmayan gələcək idmançının öhdəsindən gəlmək çətin imiş. Qohumlar, ailənin böyükləri uşaqdakı enerji bolluğunu sərf etməyə yer axtarırmışlar. Bir dəfə qonaqlıqlardan birində ev yiyəsinə xeyli maddi ziyan vurması, hamının səbr kasasını daşırır. Qohumları 12 yaşında onu “Neftçi” İdman-Sağlamlıq Mərkəzinə gətirib Yunan-Roma güləşinə yazdırırlar. Ki, qoy problemləri rəqiblərinə yaşatsın.

Məktəbi idmana dəyişmək

Əslində, Rövşənin idmana o qədər də marağı olmayıb. Əmircan qəsəbəsindəki 154 saylı orta məktəbdə (2003-cü ildə oranı bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2008-ci ildə ali təhsil ocağını müvəffəqiyyətlə başa vurub) oxuyan Bayramov, təhsili idmandan daha maraqlı sayıb. Üstəlik, ilkin vaxtlarda klassik, yəni Yunan-Roma güləşini bəyənməyib. Ancaq vaxt ötdükcə, məşqlərinə ara vermədikcə, fikri dəyişib. Dövlətin də idmana qayğısını görən Rövşən zirvələri fəth etməyi, ölkəsini dünyada tanıtmağı arzulayıb. Cəmi üç ildən sonra güclü turnirlərdə nəticə qazanan Bayramov anlayıb ki, həyatını buna həsr edəcək. Artıq dərslər ikinci plana keçir və idmanla məşğul olmaq daha vacib sayılır. Hicran Şərifovun rəhbərliyi altında yarışlara qatılan güləşçimiz qısa müddətdə yeniyetmə və gənclər arasında Avropa və dünya çempionu, medalçısı olur. Sonrası haqda isə artıq məlumat vermişik.

Maraqlıdır

Uşaqlıqda idmanla yanaşı, başqa məşğuliyyətləri də az olmayıb. Bütün uşaqlar kimi şəkil çəkməyi, kibrit dənələrindən konstruksiyalar qurmağı xoşlayıb. Maraqlıdır ki, sonuncu məşğuliyyətini Rövşən hələ də davam etdirir. Vacib yarışlardan öncə, gərginlik və həyəcanını boğmaq üçün bu metoddan istifadə edir. Kibritdən nəsə düzəltmək onu sakitləşdirir, diqqətini bir yerə toplamaqda yardımçı olur.

Bütün Azərbaycanı sevindirən oğlan

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmanda əldə etdiyi nəticələri yüksək qiymətləndirilərək “Tərəqqi” medalı, 2012-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunan Rövşən Bayramovun şanlı karyerasında böyük qələbələr var. Dünya, Avropa çempionluqları, Qran-Prilər, birinciliklər... Ancaq konkret bir görüş onu Azərbaycanda milyonların sevimlisinə çevirib. Pekin Olimpiadasının yarımfinal görüşü. Rəqib erməni Roman Amoyandır. İşğalçı dövlətin nümayəndəsinə qarşı döyüş böyük əhəmiyyət daşıyır. Bu qarşılaşmada qələbə həm idman, həm də mənəvi cəhətdən böyük əhəmiyyətə malik idi. Televizorları qarşısında bütün Azərbaycan, tribunada isə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə ona dəstək verirdilər. Bu qədər etimadı doğrultmaq onun borcu idi və Rövşən işinin öhdəsindən artıqlaması ilə gəldi. Amoyanı iki hissədə 7:2 və 4:1 hesabı ilə yenən Bayramov hamını sevincə qərq etdi. Ekranlara yansıyan bir epizod isə heç vaxt unudulmayacaq: tribunada iki prezident – İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan oturub. Dövlət başçıları öz həmyerlilərini dəstəkləyirlər. Sonda Rövşən qalib gəlir və məyus Sarkisyan və dəstəsinin başı üzərində “Azərbaycan, Azərbaycan” sədaları eşidilir. Ermənilərin üzüntüsü aşkardır. Sarkisyan əl uzadaraq Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik etməli olur. Azərbaycan Prezidentinin sevinc və qürur hissi keçirməsi göz önündədir.

Portreti

Rövşən Bayramovun portretini çəkən rəssam onu bir qədər yorğun, ancaq xoşbəxt biri kimi təsvir etməlidir. Əsl döyüşçü, rəqibinə heç vaxt təslim olmayan, ailəsinin, ölkəsinin fəxrinə çevrilmiş biridir. Sevir, sevilir, xoşbəxtdir. Ancaq hələ öz əsas zirvəsini fəth etməyib. Gözlərindəki qığılcım hələ də var və o, öz mübarizəsini davam etdirir. Atalar üçdən deyib. Pekin və Londondakı gümüşdən sonra, Rio-De-Janeyrodakı Olimpiadada qızıl medal gətirmək hədəfi var qarşında. Çətin missiyadır, ancaq Rövşən Bayramov üçün mümkünsüz heç nə yoxdur.

http://kaspi.az/news.php?id=11884


Прочитано 4378 раз
Твитнуть

Добавить комментарий



Обновить

Министерство Молодежи и Спорта
Азербайджанской Республики

minkult
Национальный Олимпийский Комитет
Азербайджанской Республики

minkult1
Международная Федерация
Спортивной Борьбы

minkult2