AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.02.2016 10:05

İki olimpiya və dörd dünya çempionu arasında üç çətin seçim - TƏHLİL

Materialı qiymətləndirin
(2 səs)

London olimpiadasından sonra, daha dəqiq, 2014-cü ilin əvvəlində güləş yarışlarında edilən dəyişiklikdən sonra hər növ üzrə çəki dərəcələrinin sayı yeddidən səkkizə qaldırıldı. Beynəlxalq Güləş Federasiyasının(Dünya Güləş Birliyi) bu qərarından sonra yunan-Roma və sərbəst güləşdə olimpiya çəkilərinin sayı yeddidən altıya endirildi, qadın güləşində isə dörddən altıya qaldırıldı. Ümumi say saxlanmaqla nisbət bərabərləşdirildi. 


Bu, dünya və Avropa çempionatlarında daxili rəqabətdə heyətə düşməkdə çətinlik çəkən idmançılar üçün fürsət sayılsa da, tsiklın sonunda məşqçilər heyətini seçim qarşısında qoyan amildir. Dördilliyinin növbəti zirvə yarışına Rio Olimpiadasına da artıq sayılı aylar qalıb. İlk seçim turnirində - Las Veqas mundialında olimpiya çəkilərinin hər birində 6 lisenziya artıq sahiblərini tapıb. Azərbaycan yığma komandası yarışda gözlənilənləri doğruldaraq 18 mümkün lisenziyadan 13-nü əldə edib. Digər yığmalar kimi millimizin məşqçilər korpusu yuxarıda qeyd etdiyim kimi hazırda çətin seçim qarşısında qalıb. Xüsusən də 3 çəkidə. Saypulla Apsaidovun 65 və 97, Cəmşid Xeyrabadinin isə 66 kiloqram çəki dərəcəsində hansı qərarı verəcəkləri böyük maraq doğurur. Sərbəst güləş yarışlarında hər iki çəkidə artıq lisenziyalar qazanılsa da, yunan-Roma-çılar qarşıdakı təsnifat turnirlərinə hazırlaşırlar.

BELƏLİKLƏ;

Haqqında bəhs etdiyimiz çəki dərəcələrində müvafiq olaraq Toğrul Əsgərov - Hacı Əliyev, Xetaq Qazyumov - - Şərif Şərifov, Həsən Əliyev - Rəsul Çunayev rəqabəti mövcuddur. Onların da ikisi olimpiya, dördü dünya çempionudur. Bir maraqlı məqamı da xüsusi vurğulayaq ki, Şərifovun həm də dünya çempionu olduğunu nəzərə alsaq, onlar hazırda mübarizə aparan kişi güləşçilərimiz arasında bu titula malik olanların az qala hamısı deməkdir. 

Maraq üçün; Kənarda bir nəfər qalır ki, o da Rövşən Bayramovdur.

Göründüyü kimi, vəziyyət mürəkkəbdir. Qaya daşa yox, elə özünə rast gəlib.



İlk olaraq Toğrul - Hacı rəqabəti barədə.

Şübhəsiz ki, bu rəqabətlərdə bir addım öndə olan tərəf lisenziyanı qazanan idmançılardır. Burda da sözügedən uğura dünya çempionatında beşinci olmaqla Əsgərov imza atıb. Əliyev isə qeyri-olimpiya çəkisində rəqiblərini bir baş üstələyərək, ardıcıl ikinci dəfə çempion olub. Yəni ilkin qənaət nisbəti o qədər də böyük deyil. Faizlə götürsək, təxminən 60-40 civarında. 

Hacı müxtəlif vaxtlarda beynəlxalq turnirlərdə 65 kq-da qüvvəsini sınayıb. Ciddi uğuru olmasa da, hər halda çəki onun üçün yad deyil. Üstəlik, fiziki göstəriciləri və texnikası rəqiblərlə başabaş mübarizə aparmağa kifayət edəcək səviyyədədir. Həm də nəzərə alsaq ki, Toğrul da bu çəkiyə yeni keçib və stabil çıxış sərgiləməyib, bir çox turnirlərdə 70 kiloqramda çıxış edib, praktika baxımından aralarında o qədər də ciddi fərq yoxdur. 



Qazyumov -  Şərifov

Biri ölkənin ən məhsuldar güləşçisi, digəri olimpiya və dünya çempionu. Birinci lisenziyanı qazanıb, Şərifov ötən üç il ərzində özünü göstərmək üçün fürsət tapmayıb. Biri 33 yaşında, çox təcrübəli, digəri 28 yaşında, nisbətən gənc və daha çevik.

 İndi isə məsələnin "əmma" hissəsinə gələk; Xetaq bu çəkidə ikisi olimpiada olmaqla uzun illərdir mötəbər turnirlərdə çıxış edir və rəqiblərini kifayət qədər yaxşı tanıyır. Nəticələri də nəinki güləş, ölkə idmanı üçün ən stabildir. Zarafat deyil, o, son 8 ilin birini belə nəticəsiz başa vurmayıb. Rusiyalı Abdusalam Qadisov istisna olmaqla rəqibləri üçün hələ də qarşısıalınmazdır. Birində uğursuz püşk, digərində zədə səbəbindən olimpiya zirvəsindən kənar qaldığını xatırlasaq, yaşının karyerasının son akkordları anlamına gəldiyini nəzərə alsaq, olduqca motivasiyalıdır. Qətiyyətli xarakterə malik olduğunu da sadalananların üstünə gəlsək, üçüncü cəhddə nəticəsini daha da yaxşılaşdıracağı gözləniləndir. Və şəxsi rəqabətdə də üstün olan tərəfdir. Sonuncu dəfə Aleksandr Medvedin xatirə turnirində üz-üzə gələn pəhləvanların duelindən Qazyumov 5-1 hesablı qələbə ilə ayrılmışdı. Şərifov isə ötən ay paytaxtımızda təşkil olunan, Xetaqın çıxış etmədiyi Qızıl Qran-pri-də ikinci olmuşdu.

Bütün bunlar onu göstərir ki, ciddi səbəb olmasa, böyük ehtimalla Rio-da Xetaq Qazyumovu görəcəyik.



Əliyev - Çunayev

Bu, digər ikisi ilə müqayisədə daha çətin seçimdir.

Təfərrüat; Son dünya çempionatında Həsən Əliyev 66 kiloqramda çıxış edərək ilk görüşdə məğlub olmuş, Çunayev isə bir yuxarı dərəcədə, qeyri- olimpiya çəkisi olan 71 kq-da birinci olmuşdu. Üstəlik, birinci ötən ilin yayında Avropa Oyunlarını üçüncü pillədə tamamladığı halda, Rəsul qızıl medal qazanmışdı.

 "Əmma"; üst qeyri-olimpiya çəkisində çıxış edən güləşçilər əsasən faktiki olaraq ikinci nömrələr olur. Yəni rəqabət baxımından 66 kiloqram daha ağırdır. Elə Əliyevin son Qızıl Qran pri-də 71 kq-da güləşərək, çətinlik çəkmədən qalib olması bunu təsdiq edir. Həmçinin Həsən üçün 66 kq daha rahat çəkidir. O, London Olimpiadasından bu yana bu çəkidə çıxış edir. Rəsul sonuncu dəfə 66 kq-da 2013-cü ildə mübarizə aparıb. Yeni rəqiblərə bələd deyil. Şəxsi rəqabətə gəldikdə, burada ciddi fərq yoxdur.

Çəki lisenziyasızdır. Hər iki idmançının taleyi bilavasitə öz əlindədir. Qarşıda üç təsnifat turniri olacaq ki, birinci apreldə keçiriləcək. Rəsmi açıqlamaya görə, məşqlərdə özünü ən yaxşı tərəfdən göstərən tərəf ilk şansı qazanacaq. Hərçənd, burda kiçik istisna var. Çox güman ki, məşqçilər korpusu hər hansı birinin "axsama"sını müşahidə etməsə, yəni xüsusi seçim imkanı olmasa belə, Çunayevin üzərində dayanacaqlar. Hər halda ötən ili maksimum nəticə ilə başa vuran idmançı üçün bu, təbiidir.

Konkret olaraq olimpiadada iştirak şanslarını müqayisə etsək, nisbəti 51-49 götürmək olar. Kimin xeyrinə? Bunu belə demək çətindir. 

Sahib ƏSƏDBƏYLİ
http://www.adalet.az/w89746/%C4%B0ki_olimpiya_v%C9%99_d%C3%B6rd_d%C3%BCnya_%C3%A7empionu_aras%C4%B1nda_%C3%BC%C3%A7_%C3%A7%C9%99tin_se%C3%A7im_-_T%C6%8FHL%C4%B0L/#.VrLr9rJ97De


Oxu 2655 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW