AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.10.2015 17:14

"Azərbaycan idmanının əcnəbi ulduzları" - SƏRBƏST GÜLƏŞ

Materialı qiymətləndirin
(0 səs)
Sirr deyil ki, Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən əcnəbi idmançıların çoxu kişilərdən ibarət sərbəst güləş yığmasının üzvləridir. İdman xəzinəmizi çoxlu sayda medalla zənginləşdirən bu pəhləvanlar dünya güləşinin ən yaxşıları sırasındadır. 

Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında daim mükafatçılar sırasında qərarlaşan legioner güləşçilərimiz ölkəmizdə idmanının bu növünün inkişafına müstəsna töhfə verməkdədirlər.


Adalet.az-ın "AZƏRBAYCAN İDMANININ ƏCNƏBİ ULDUZLARI" rubrikasının növbəti buraxılışı sərbəst güləşçilərə həsr olunur.


XETAQ QAZYUMOV
Rusiya yığmasında əsas heyətə düşmək uğrunda mübarizədə əzəli rəqibi Hacımurad Qatsalova uduzan Qazyumov 2007-ci ildə Azərbaycan yığmasına üz tutur. Digər legionerlər kimi onun da ilk sınağı həmin il ölkəmizdə keçirilən dünya çempionatı idi. Yığma komandanın yalnız 1 bürünc medalla yadda qaldığı turnirdə digər altı güləşçimiz kimi Xetaq da uğursuzluğa düçar olur. Buna baxmayaraq, o, qatıldığı lisenziya turnirlərinin birində Pekin Olimpiadasına lisenziya qazanmaqla, özünü sübut etməyi bacarır. Rekord sayda - 16 güləşçi ilə Çin paytaxtına yola düşən yığma komandamız sonda yalnız 4 medal qazanır ki, mükafatlardan biri də bir il öncə hər kəsin "uğursuz" dediyi Xetaq Qazyumovun payına düşür. Yarımfinaladək itkisiz irəliləyən güləşçimiz bu mərhələdə Rusiya təmsilçisi Şirvani Muradova güləş tarixinin ən uğursuz eksperimenti kimi xarakterizə olunan görüşsonrası püşklə yenilir. Bürünc medal uğrunda Polşa təmsilçisinə heç bir şans verməyən osetiyalı yığmamızın heyətində ilk ciddi uğuruna imza atır. Bundan sonra isə Xetaqın karyerasında yeddi ildir davam edən məhsuldar dövr başlayır. Cəmi 8 ay sonra Vilnusda keçirilən Avropa çempionatında hamıdan güclü olan pəhləvan sentyabda mundialın gümüş mükafatını qazanır. Növbəti il paytaxtımızda təşkil olunan bolqızıllı qitə mücadiləsində Qazyumov da qaliblər sırasında olur. 

Moskva mundialı isə onun üçün ikiqat əhəmiyyətli, prinsipal idi. Böyük maraqla izlənilən bu dünya çempionatında Xetaq özünü həm də yerli publikaya sübut etməli idi. Keçirdiyi görüşlərdə rəqiblərindən bir baş üstün olan təcrübəli güləşçimiz finala vəsiqə qazanır. Rəqib isə məhz Qatsalov idi. Bu mübarizə XXI əsrin ən baxımlı duellərindən biri kimi də xarakterizə oluna bilər. Bir-birindən açıq-aşkar çəkinən iki ağır çəkili pəhləvanın gərgin çempionluq savaşı təmsilçimizin qələbəsi ilə yekunlaşır. Beləliklə, Qazyumov Həsən Əliyevdən sonra Azərbaycan güləş yığmasının aktivinə ikinci qızıl medalı yazdırır. Hansı ki, bu, sərbəst üsulla güləşənlərimizin 7 il sonra qazandığı ilk mundial qızılı idi. 

Növbəti il Xetaq üçüncü dəfə Avropa çempionu olsa da, lisenziya xarakterli dünya çempionatında uğursuzluqla üzləşir. Növbəti yarışlarda Londona vəsiqə qazanan güləşçimiz ikinci dəfə iştirak etdiyi dördilliyin zirvə yarışında yığmamızın əsas medal ümidlərindən hesab edilirdi. Son dünya çempionu Reza Yezdani ilə birlikdə çəkinin əsas favoriti məhz o idi. Qazyumov ilk görüşü asanlıqla keçsə də, ikinci mərhələdə səhhətində problem yaranır. Ukraynalı Valeri Andriytsevə qələbəni hədiyyə edən güləşçimizin bürünc ümidi də puç olmuşdu. Çünki üçüncülük mübarizəsinə həm sağlamlığı imkan verməyəcəkdi, həm də təcrübəsiz ukraynalının yarımfinaldakı rəqibi Yezdani idi. Ən nikbin idman azarkeşlərinin belə birincinin qələbəsini proqnozlaşdırmadığı məqamda İran güləşçisi görüşün gedişində ağır zədə alır. Finala yüksələn Andriytsev bununla da təmsilçimizə bürünc şansı verir. Xetaq isə bu xəbəri təcili yardım maşınında xəstəxanaya aparılarkən eşidir. O, həkimlərin təkidlərinə rəğmən, arenaya qayıdaraq, mübarizə aparmaq qərarına gəlir. Qazyumovun bürünc üçün yalnız bir maneəsi vardı ki, o da 19 yaşlı təcrübəsiz Türkmənistan təmsilçisi idi. Özündən 10 yaş kiçik rəqibinə seçim yeri qoymayan təcrübəli güləşçimiz olimpiadalar kolleksiyasına ikinci bürünc medalı əlavə edir.

Uğura doymayan Xetaq mülahizələrin əksinə, uğurlarını növbəti yarışlarda da davam etdirir. 2013-cü ili ikinci mundial gümüşü ilə başa vuran kapitan növbəti il "gümüş dubl"la yadda qalır. Vantaada keçirilən Avropa, beş ay sonra Daşkənddə təşkil olunan dünya çempionatının həlledici görüşündə o, çəkinin yeni rusiyalı ulduzu Abdusalam Qadisova məğlub olur. 

Başa çatmaqda olan ili də onun üçün kifayət qədər uğurlu adlandırmaq olar. Avropa Oyunlarını qızıl medalla başa vuran güləşçi dünya çempionatında üçüncü olmaqla, olimpiadaya lisenziya qazandı. Ancaq Qazyumovun Rioda iştirak edib-etməyəcəyi hələ dəqiq deyil. Belə ki, bu, növbəti qəhrəmanımızla daxili rəqabətin yekununa əsasən müəyyənləşəcək.


***

ŞƏRİF ŞƏRİFOV
Novruz Temrezovun ard-arda uğursuz çıxışından sonra Azərbaycan Güləş Federasiyası yığmanın heyətinə növbəti legioneri - Şərif Şərifovu cəlb edir. Herninqdə keçirilən dünya çempionatında bürünc medal qazanmaqla, ümidləri artıqlamasıyla doğruldan dağıstanlı növbəti il Avropa çempionatında yalnız finalda məğlub olur. O, 2011-ci ildə qitə mücadiləsini bürünc, lisenziya xarakterli İstanbul mundialını isə qızıl medalla başa vurur. Finalda eks-dünya çempionu İbrahim Aldatovu üstələyən güləşçimiz ilk dəfə iştirak etdiyi London Olimpiadasına 84 kiloqram çəki dərəcəsinin əsas favoriti kimi yollanır. Gözlənilənlər özünün doğruldur. Şərif ilk görüşdə türkiyəli İbrahim Bölükbaşı, ardınca ABŞ təmsilçisi Ceyk Herbert, yarımfinalda isə İran güləşçisi Naser Laşqarini məğlub etməklə Toğrul Əsgərovun ardından olimpiadanın finalına yüksəlir. Toğrulun mərhum rusiyalı dördqat dünya çempionu Besik Kuduxovu məğlub etməsindən sonra gözlər Şərifin puerto rikolu Xayme Espinalla görüşünə dikilmişdi. Çətin rəqiblərini sıradan çıxaran güləşçimiz üçün Puerto Riko təmsilçisi təhlükəli görünməsə də, onun finaladək rəqiblərindən bir baş üstün olması, üstəlik, yarımfinalda gürcüstanlı son Avropa çempionu Marzaqiaşvilini məğlub etməsi azərbaycanlı azarkeşləri qayğılandırırdı. Ancaq görüşün start fitindən təşəbbüsü ələ alan Şərifov növbəti sürprizə imkan vermədi. Olimpiadanın sonuna bir gün qalmış gələn ikinci qızıl medalla olimpiya yığmamız sıralamada böyük irəliləyişə nail olur.

Şərif üç ildir dünya Avropa çempionatlarında iştirak etmir. Belə ki, o, olimpiadadan sonra yeni - 97 kiloqram çəki dərəcəsinə keçdi ki, burda da Qazyumovun yer alması gərgin daxili rəqabətə səbəb oldu. İki ünlü güləşçinin mübarizəsində hələ ki, üstün olan tərəf osetiyalıdır. Buna görədir ki, 2015-ci ildə də hər iki mötəbər turnirdə - Avropa Oyunları və dünya çempionatında Xetaq iştirak hüququ qazanmışdı. Ancaq Rio Olimpiadasına hələ 10 ay var, vəziyyətin Şərifin xeyrinə dəyişməsi istisna deyil.

***

Xetaq və Şərifdən başqa Azərbaycan güləşini beynəlxalq arenada uğurla təmsil edən onlarla güləşçi var ki, onlardan Çamsulvara Çamsulvarayev, Zəlimxan Hüseynov, Mahmud Məhəmmədov, Əli İsayev, Ruslan Dibirhacıyev və Cəmaləddin Məhəmmədovun adını xüsusi vurğulamaq lazımdır.

Çamsulvarayev Sofiyada keçirilən Avropa çempionatında üçüncü olduqdan sonra yazının əvvəlində bəhs etdiyimiz 2007-ci il dünya çempionatında sərbəst güləş yığmamıza yeganə medalı qazandırmaqla, diqqət mərkəzinə düşdü. Növbəti il Tamperedə yenidən qitə çempionatının bürünc medalını boynundan asan dağıstanlı Pekin Olimpiadasında uğursuz çıxış edir. 2009-cu ildə Avropa çempionu olduqdan sonra sentyabrda mundialın finalına vəsiqə qazanır. Burada rusiyalı Denis Tsarquş təmsilçimizin qızıl dubl arzusunu gözündə qoyur. 2010-cu ildə medal kolleksiyasını üçüncü qitə bürüncü ilə zənginləşdirən Çamsulvarayev daha nəzərə çarpmadı.

Zəlimxan Hüseynov həmyerlisindən fərqli olaraq Pekin Olimpiadasında qənaətbəxş çıxış sərgilədi. İlk görüşdə məğlub olmasına baxmayaraq, rəqibinin finaladək irəliləməsi sayəsində bürünc şansı qazanan 28 yaşlı təcrübəli güləşçi yalnız həlledici qarşılaşmada məğlub olmaqla beşinci oldu. Növbəti iki ildə qatıldığı yarışlarda uğurlu çıxış edən Hüseynov ölkəmizə Avropa çempionatının qızıl, mundialın gümüş və bürünc medallarını bəxş etdi.

Mahmud Məhəmmədov Namiq Abdullayev və Namiq Sevdimovun kayerasını bitirməsindən sonra ekstra-yüngül çəkinin lideri hesab olunurdu. Ard-arda iki qitə çempionatında fəxri kürsüdə qərarlaşan( 2010-qızıl, 2011-bürünc) idmançı hazırda karyerasının qürub çağını yaşayır.

Qeyri-tabil güləşçi kimi xarakterizə olunan Əli İsayev əsasən 2009-cu ildə keçirilən Avropa çempionatının finalında erməni güləşçisini məğlub etməsi ilə xatırlanır.

66 kiloqramda heyətə düşməkdə çətinlik çəkən Ruslan Dibirhacıyev Dünya Güləş Birliyinin çəki dərəcələrində etdiyi dəyişiklikdən sonra yeni - qeyri-olimpiya çəkisi olan 70 kiloqramda möhkəmləndi. Ötən il Avropa çempionatının finalında erməni güləşçisini məğlub etməklə qızıl medal qazanan təmsilçimiz bu il Avropa Oyunlarının bürünc mükafatını qazandı. Sentyabrda Las Veqasda keçirilən dünya çempionatı isə onun üçün uğursuz alındı.

Cəmaləddin Məhəmmədov həmyerlisi Əli İsayevi heyətdən sıxışdıraraq, ən ağır çəkidə möhkəmlənməyi bacarıb. Gənclər arasında Avropa birinciliyinin qızıl, dünya birinciliyinin isə gümüş mükafatını qazanan 25 yaşlı güləşçimiz 2011-cü ildə böyüklərin mübarizəsində hər iki turnirin bürünc mükafatını boynundan asıb. London Olimpiadasının ilk görüşündə məşhur Rusiya güləşçisi Bilal Makova uduzan Məhəmmədov ilk dəfə iştirak etdiyi turniri medalsız başa vurub. O, növbəti iki ildə yalnız Avropa çempionatında qazandığı bürünc mükafatla yadda qalır. 2015-ci il isə təcrübəli pəhləvanın karyerasında silinməz iz buraxdı. Avropa Oyunlarında bürünc, dünya çempionatında gümüş mükafat qazanan Cəmaləddin ikinci nəticə ilə güləşimizdə bir ilkə imza atır. Belə ki, o, ən ağır çəkidə Azərbaycan güləş tarixində ilk olaraq dünya çempionatının finalına yüksələn güləşçi adına sahibdir.

http://www.adalet.az/w78904/%22Az%C9%99rbaycan_idman%C4%B1n%C4%B1n_%C9%99cn%C9%99bi_ulduzlar%C4%B1%22_-_S%C6%8FRB%C6%8FST_G%C3%9CL%C6%8F%C5%9E/#.Vh5J5vmqqkr
Oxu 3348 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW