AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.10.2015 14:45

"Zəng gələndə mərcə girirəm ki, hər kimdirsə, mütləq iş tapşıracaq" - Rəsul Çunayev - MÜSAHİBƏ

Materialı qiymətləndirin
(2 səs)

"Bakı 2015" I Avropa Oyunlarının qalibi, dünya çempionu Rəsul Çunayev "Ədalət" qəzetinin qonağı olub. 


Adalet.az tanınmış güləşçi ilə müsahibəni təqdim edir.

 "Allah mənə elə güc vermişdi ki, sonda heç yorğunluq da hiss etmədim"

- Rəsul, artıq 2015-ci il güləşçilər üçün bitmiş hesab olunur. Karyeranızın pik dövrü kimi xarakterizə olunan bu ilə yenidən nəzər salaq...

 - İl çox uğurlu keçdi. Həm komanda yoldaşlarım, həm də mənim üçün. Martda ilk dəfə olaraq komandalarası Dünya Kuboku turnirinin qalibi olduq. Fərdi yarışlarda paytaxtımızda təşkil olunan I Avropa Oyunlarında, keçən ay isə dünya çempionatında qızıl medal qazandım. 

Bizə hər cür şərait yaradılmışdı. Bütün bunların qarşılığında göstərdiyimiz nəticələr əslində təbii hesab olunmalıdır.

- Bu nəticələri əvvəlcədən proqnozlaşdırırdınız?

- 2013-cü ildə 66 kiloqram çəki dərəcəsində çıxış edirdim. Bundan sonra məşqçilər korpusu belə qərara gəldi ki, Həsən Əliyevlə bir-birimizin qarşısını kəsməmək üçün mən qeyri-olimpiya çəkisinə - 71-ə keçim, Las-Veqasdakı dünya çempionatından sonra seçimi öhdəmə buraxmaq şərtiylə. 71 kiloqram çəki dərəcəsindəki çıxışım çox uğurlu alındı. 2014-cü ildə Avropa çempionatında gümüş, mundialda isə bürünc medal qazandım. Özümə söz verdim ki, 2015-ci ildə bütün yarışların qalibi olub, dünya reytinqində liderliyi ələ alacam. Şükür Allaha, belə də oldu.

- Finalədək dörd görüş keçirdiniz. Rəqibləriniz arasında ən titullusu rusiyalı Adam Kurak idi. Hansı ki, keçən il Avropa çempionatının finalında hakim haqsızlığı nəticəsində Həsən Əliyevi məğlub etmişdi...

- ABŞ təmsilçisi də təcrübəli güləşçi idi. O, hələ 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında Fərid Mansurovla qarşılaşmışdı. 

Açığı, rəqiblərimə fərq qoymuram, bütün görüşlərə final kimi yanaşıram.

Adını çəkdiyiniz idmançı bundan başqa 2013-cü ildə Tiflisdə keçirilən qitə çempionatında da Həsəni məğlub edib. Güləşçi, ümumiyyətlə, idmançı hər vəziyyətə hazır olmalıdır. Bir baş üstün olmaq lazımdır ki, əlavə təsirlərə güman yeri qalmasın.

- İlk görüşünüz digərlərinə nisbətdə bir qədər çətin keçdi. Baxmayaraq ki, rəqibləriniz arasında ən təcrübəsizi elə Monako təmsilçisi idi...

- Bu, məşqçilərin qərarı idi. Onlar növbəti rəqibimin kimliyini - Adam Kurakı nəzərə alaraq, belə məsləhət görmüşdülər ki, ilk görüşü tezbazar bitirməyim, heç olmasa beş dəqiqə güləşim ki, əl-qolum açılsın, bədənimdən tər çıxsın. Elə də etdim. Beşinci dəqiqə tamam olan kimi doqquz xalımı alıb, qalib gəldim. 

Ümumiyyətlə, bu yarışda hər şeyi bütün incəliyinədək təhlil etmişdim. Hansı görüşdə harda xal almaq lazımdır, bunu əvvəlcədən müəyyənləşdirmişdim.

 Dünya çempionatında Allah mənə elə güc vermişdi ki, sonda heç yorğunluq da hiss etmədim.

- Finalda erməni əsilli Ukrayna təmsilçisi ilə qarşılaşırdınız. Yarışdan qabaq Armen Vardanyan sizin üçün təhlükəli rəqib hesab olunurdumu?

- Keçən il onu Avropa çempionatının yarımfinal görüşündə tam üstünlüklə məğlub etmişdim. Kifayət qədər təcrübəli idmançıdır, Avropa çempionu, olimpiya və dünya çempionatlarının mükafatçısıdır. Buna baxmayaraq, mən Vardanyanı məğlub edəcəyimə tam əmin idim.



- Birinci hissədə təşəbbüs tam tərəfinizdə olduğu halda, ikinci hissədə sanki bir qədər boşaldınız və rəqib bundan istifadə edərək 4 xal qazandı.

- İlk hissədə altı xal aldıqdan sonra müdafiəyə çəkildim. Çünki dünya çempionatının final görüşü olduğundan məsuliyyəti ikiqat ağır idi. Bir anlıq etdiyim cüzi səhv nəticəsində rəqib 4 xal qazandı. Buna baxmayaraq, sonrakı dəqiqələrdə özümə inamı qətiyyən itirmədim və sonadək uğurla müdafiə olundum.

Yəqin bilirsiniz ki, Vardanyan Pekin yay Olimpiya Oyunlarının ilk görüşündə olimpiya və ikiqat dünya çempionumuz Fərid Mansurovu məğlub etmişdi...

- Bəli, xatirimdədir. Keçən ildəki qələbəmi də nəzərə alsaq, onun intiqamını ikiqat almış oldum.

- O, bu barədə sizə nəsə dedi?

- Dünya çempionatından sonra Fəridlə görüşməmişik, yəqin görüşəndə fikirlərini bildirər.

"Həsən məni lap 10 dəfə məğlub etsin, bunun ümumi fikrə heç bir təsiri olmayacaq"


- İki il öncə Kazan Universiadasının finalında isə Pekin Olimpiadasında Vitali Rəhimovu məğlub edən rusiyalı İslambek Albievi açıq-aşkar fərqlə üstələmişdiniz. Sizi bir növ revanş ustası kimi də xarakterizə etmək olar...

- Revanşmen(gülür). Bəli, elədir.

- Gələn ilin martından növbəti lisenziya turnirlərinə start veriləcək. Siz isə yeni - olimpiya çəki dərəcəsi olan 66 kiloqramda çıxış etməyə başlayacaqsınız. Bu çəkidə isə qeyd etdiyiniz kimi, digər dünya çempionumuz Həsən Əliyev mübarizə aparır. Bu rəqabət barədə nə fikirləşirsiniz?

- Mən yerli idmançılarla heç vaxt rəqabət aparmamışam. Federasiya rəhbərliyi, məşqçilər korpusu hansı qərarı versə, o da olacaq. Üzərimə düşən sadəcə bir vəzifə var ki, o da məşqlərimə məsuliyyətlə yanaşıb, qatıldığım beynəlxalq turnirlərdə yüksək nəticə göstərməkdən ibarətdir. Həsən məni lap 10 dəfə məğlub etsin, bunun ümumi fikrə heç bir təsiri olmayacaq. Biz bir neçə yarışda sınaqdan keçiriləcəyik, kim güclü olsa, lisenziya turnirlərində də o iştirak edəcək.

- Oxucular üçün də maraqlı olardı: Şəxsi rəqabətdə hansınızın üstünlüyü var?

- Yenə deyirəm, şəxsi görüşlərdəki nəticələr bir o qədər də vacib deyil. 

Müsbət tərəfim odur ki, o birilər gəzəndə, telefonla oynayanda mən məşq edirəm. Çalışıram, hər an məşqçilərin diqqətində olum.

- Olimpiada üçün iki seçim vardı; Çəkinizi ya 66-ya salmalı, ya da 75-ə qaldırmalı idiniz. Nə əcəb 75-ə keçmədiniz?

- Əvvəllər bu çəkidə çıxış etmişəm, bir növ öyrəşmişəm, rəqibləri də az-çox tanıyıram. Həm də çəkim azdır, 66-ya uyğun gəlir. 75 kiloqramda mübarizə aparmaq mənə çətin olar. Adaptasiya üçün azı 1-2 il vaxt lazımdır. Bizim isə vaxtımız çox azdır. Rio Olimpiadasına cəmi 10 ay qalıb.

- Avropa Oyunlarınadək də az tanınmırdınız, amma paytaxtımızdakı qalibiyyətdən sonra sizi nəinki idmansevərlər, hər kəs səni tanımağa, sevməyə başladı. Dünya çempionatındakı birincilik isə məşhurluğunu birə beş artırdı. Nə kimi dəyişikliklər hiss edirsiniz?

- Avropa Oyunlarınadək əsasən ad olaraq tanıyırdılar, simam o qədər tanış deyildi. Məni hətta idmançıdan çox rəqqas, əsgər kimi də tanıyırdılar(gülür). Dəyişiklik çoxdur. Küçəyə çıxanda hamı tanıyır, yaxınlaşıb görüşür, şəkil çəkdirmək istəyirlər. 

Mən də uşaq olanda adlı-sanlı idmançılara azarkeşlik etmişəm, onları görəndə çox sevinərdim. 

- Yaxşı toxundunuz bu məsələyə; Kumir seçdiyiniz idmançı kim olub?

- Kumirim olmayıb. Çünki həmişə seçilmək istəmişəm. Namiq Abdullayev, Fərid Mansurov, Vitali Rəhimov və Rövşən Bayramovun olimpiya oyunlarında, dünya və Avropa çempionatlarındakı çıxışını mütəmadi izləyirdim. Onların qələbələri məni daha da ruhlandırırdı.

- Onların arasında Rövşən Bayramov hazırda sizinlə birgə yığma komandanın şərəfini qoruyur. Las Veqasda da kifayət qədər uğurlu çıxış etdi. Baxmayaraq ki, bu, o qədər də gözlənilən deyildi...

- Rövşən dünya çempionatına hərtərəfli çox yaxşı hazırlaşmışdı. Öz təcrübəsindən də maksimum istifadə etdi. Finaladək çox güclü rəqibləri yendi. Həlledici görüşdə ani səhv ucbatından çempionluğu əldən verdi. Qazandığı gümüş medalla o, sübut etdi ki, mən hələ varam, sözümü bitirməmişəm.

- Komanda yoldaşlarınızından hansı ilə dostluq edirsiniz?

- Emin Əhmədov, Eldəniz Əzizli və Rafiq Hüseynovla daha yaxın münasibətimiz var.

-Rafiq elə bu gün Hərbçilərin Dünya Oyunlarının finalında əzəli rəqibi Yevgeni Saleyevdən revanşını alaraq, qalib oldu. Yəqin xəbəriniz var...(red: 9 oktyabr)

- Elə bura gələndə, yolda eşitdim. Son dünya çempionatındakı çıxışı uğursuz oldu, bu qələbə ona ikiqat lazım idi. Amma kaş ki, Saleyevlə görüşlərdəki qələbələrin yeri dəyişik olardı(gülür).

- Çoxları belə hesab edir ki, Rəsul bu forma ilə olimpiya çempionluğuna məhkumdur...

- Arzulamaq azdır, gərək işləyəsən. Dünya çempionatı bitən kimi məşqlərə başladım. Kolleksiyamda yalnız olimpiadanın mükafatı çatmır. Hər bir idmançı kimi mənim də ən böyük arzum olimpiya çempionluğudur, buna doğru da səylə addımlayıram. 

İdmançı həyatı çox qısadır, çalışıb bundan maksimum istifadə etmək lazımdır. Arxayınlaşmaq olmaz. Qazanılan uğur ağır zəhmət, onu saxlamaq, mütəmadi davam etdirmək isə böyük məsuliyyət tələb edir. Başgicəllənmə idmançının ən böyük düşmənidir. 

2013-cü ildə Kazan Universiadasındakı qalibiyyətdən sonra dövlət başçısı məni pul mükafatı, mənzillə təltif etdi. Həmin vaxt anama söz verdim ki, bu, məni arxayınlaşdırmayacaq, daha böyük qələbələr qazanacam. İndi də hər qalibiyyətdən sonra anama söz verirəm ki, bu, axırıncı yox, axarıncıdır. 

Avropa Oyunlarından sonra jurnalistlər mənə zəng edib sual verirlər ki, pulu hara xərcləyəcəksən, neyləyəcəksən? Əvvəla, bu, mənim şəxsi işimdir, kiməsə aidiyyatı yoxdur. Heç olmamalıdır da. Uşaqlıqdan ən böyük arzum olub ki, çoxlu pulum olsun, imkansızlara, ehtiyacı olanlara kömək edim. Ehtiyacı olan birinə 5 manat verirəmsə, onun duası mənə böyük köməkdir. Baxıram, biri deyir maşını dəyişdim, biri deyir yeni ev aldım. Bunlar hamısı dünya malıdı, gəldi gedərdi, əsas odur ki, yaşadığın müddətdə layiqli ad qazanasan.

"Zənglər, smslər dayanmaq bilmir"




- Bir ara "facebook"da profilinizə rast gəldik. Çox keçmədi ki, bağlandı. Nə oldu, qızlar imkan vermədi?(gülərək)

- (Gülür). O profil əvvəllər də var idi, sadəcə dondurmuşdum. Dünya çempionatından sonra iki həftəlik təbrikləri qəbul etmək üçün açıb, sonra təzədən deaktiv etdim.

- Ümumiyyətlə, ölkədə qız fanatlarınızın sayı digər idmançılardan az deyil ki, çoxdur...

- Lap utandırdınız(gülür).

 Zənglər, smslər dayanmaq bilmir. Bilmirəm, nömrəmi hardan tapırlar. Çalışıram, belə kənar işlərdən uzaq olum. 

İbadət adamıyam, hər gün Allaha dua edir, məni yolumdan azdırmamağı diləyirəm.

- Hazırda paralel olaraq Dövlət Sərhəd Xidmətində çalışırsınız. İşinizlə bağlı xahişlər, tapşırıqlar olmur?

- (Əlini əlinə vurur). Yaralı yerimə toxundunuz. İnanırsınız, elə bura gələndə bir nəfər bununla bağlı zəng etmişdi. Hər gün belə xahişlər olur. Deyirlər, mənə, oğluma, qohumuma filan yerdən filan iş tap. Mənim üzümü heç dostlarım aylarla görmürlər, həyatım məşq, iş və evdən ibarətdir. Nə bar, nə diskoteka, nə də düz-əməlli restoran tanıyıram. Kimdən nə xahiş edim axı?! 

Hərdən dostlarımla birlikdə olanda tanımadığım nömrədən zəng gələrkən, onlarla mərcə girirəm ki, kimdirsə, mütləq iş tapşıracaq. 

Hətta siz də zəng edəndə nömrənizi tanımadığım üçün elə bildim ya iş, ya da borc istəyəcəksiniz(gülür).


http://www.adalet.az/w78647/%22Z%C9%99ng_g%C9%99l%C9%99nd%C9%99_m%C9%99rc%C9%99_girir%C9%99m_ki,_h%C9%99r_kimdirs%C9%99,_m%C3%BCtl%C9%99q_i%C5%9F_tap%C5%9F%C4%B1racaq%22_-_R%C9%99sul_%C3%87unayev_-_M%C3%9CSAH%C4%B0B%C6%8F_/#.VhuBVvmqqkp
Oxu 4410 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW