AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
03.06.2015 18:42

AND İÇMİŞİK

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
“Bakı-2015”də Azərbaycanın fəxri olacağıq

Güləşçilərimiz ən yüksək idman nəticələrini məhz I Avropa Oyunlarında göstərəcəklərini vəd edirlər

Vaxt azaldıqca Avropa Oyunlarının həyəcanı daha da artır. 291 idmançı ilə “Bakı-2015”də mübarizə aparacaq Azərbaycan yığma komandalarının bəzilərinin heyəti açıqlansa da, yunan-Roma güləşi üzrə millimiz hələ yekun qərarını verməyib. 
Hazırda məşqlərini davam etdirən güləşçilərimiz yekun siyahıya düşmək üçün bütün potensiallarını ortaya qoyurlar. Bunu Olimpiya Güləş Mərkəzində məşq prosesini izləyərkən də hiss etmək mümkün idi. 
Öncə qeyd edək ki, fevral ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna sahib çıxan komandamızın üzvlərini Prezident İlham Əliyev qəbul etmiş, bu nailiyyətə görə idmançılarımıza təşəkkür edib onlara yeni uğurlar arzulamışdır: “Azərbaycan yunan-Roma güləşi üzrə Dünya Kubokunun sahibidir. Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, Dünya Kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir. Azərbaycan güləşi bu gün ən yüksək zirvədədir”. 
Dövlət başçısı vurğulamışdır ki, bu qələbə bir daha Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünü göstərir. Onu göstərir ki, Azərbaycan gənci nə qədər istedadlıdır, güclüdür, vətənə sədaqətlidir. Çünki qələbəni əldə etmək üçün sadəcə olaraq peşəkar güləşçi olmaq kifayət deyildir. Gərək qələbə əzmi olsun, gərək vətən sevgisi olsun, vətənpərvərlik ruhu yüksək səviyyədə olsun. Bütün bunlar var. Azərbaycan gəncləri bu gün milli ruhda tərbiyə olunurlar. Azərbaycan gənci öz dövlətinə, xalqına sadiqdir. 
İndi güləşçilərimizin qarşısında başqa məqsəd var - I Avropa Oyunları. Bu səbəbdən də güləşçilərimiz “Bakı-2015”ə daha ciddi, daha məsuliyyətli hazırlaşırlar. Onlar Avropanın idman tarixində ilk dəfə keçiriləcək bu mötəbər turnirdə Azərbaycan bayrağını ən yüksəklərdə dalğalandırıb medallara sahib çıxmaq barədə düşünürlər. Ancaq onu da bilirlər ki, üzərlərində böyük məsuliyyət var. Çünki idmana marağı olan bütün uşaqların, yeniyetmələrin diqqəti məhz onların üzərinə yönələcək. Qazanılacaq hər bir medal isə onlara əlavə stimul verəcək. İdmanımızın daha da inkişafı üçün bir töhfə olacaq. 
Yunan-Roma güləşi üzrə yığma komandamızın təlimlərinə ümumilikdə 30-a yaxın idmançı dəvət olunub. Məşq zamanı güləşçilərimizin pozitiv əhvali-ruhiyyədə olduqları açıq-aşkar görünürdü. 
Yığma komandanın hər bir üzvü əsas heyətə düşmək üçün məşqçilərin tapşırıqlarını, ikili mübarizədə təyin olunan saniyə müddətində hər hansısa fəndi yerinə yetirməyə çalışırdılar. Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi isə hər bir idmançıya xüsusi diqqət ayırır, onlara xüsusi tapşırıqlar verir, zədələnməmələri üçün ehtiyatlı olmağı məsləhət görür. 
Məşq prosesindən sonra suallarımızı cavablandıran baş məşqçı Dünya Kuboku yarışlarında qazanılan tarixi nailiyyəti xüsusilə vurğulayaraq, güləşçilərimizin Avropa Oyunlarına böyük məsuliyyətlə hazırlaşdıqlarını bildirdi: “Bütün komanda heyəti Avropa Oyunlarına köklənib. 18 məşq toplanışını arxada qoymuşuq. Ancaq dayanmaq yoxdur. Yarışlar başlayanadək məşqlər davam edəcək. Həm güləşçilər, həm də məşqçilər and içib ki, I Avropa Oyunlarında Azərbaycanın fəxri olacaqlar və möhtəşəm Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar. Heç bir güləşçimiz dincəlməyəcək və var gücü ilə son nəfəsinə qədər mübarizə aparacaq. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Yarışlara yaxşı hazırlaşmaq üçün hər cür şərait var. Buna görə də federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”. 
C.Xeyrabadi vurğuladı ki, qarşılarında bir məqsəd var: I Avropa Oyunlarında Azərbaycanın uğurlu idman siyasətini dünyaya nümayiş etdirmək və idman ölkəsi olduğunu bir daha təsdiqləmək. Onun fikrincə, həm məşqçi heyəti, həm də idmançılar “Bakı-2015”in Azərbaycan üçün nə dərəcədə önəmli və əhəmiyyətli olduğunu bilirlər. Ona görə də tam ciddi formada hazırlıqlar gedir. Ən önəmlisi isə odur ki, güləşçilər özlərini bu müddət ərzində həm də qorumalıdırlar. Çünki vaxt az qalıb. Hər hansısa bir zədə ən güclü idmançını yarışlardan kənarda qoya bilər. Peşəkar məşqçi olaraq bütün idmançılarımızın medal qazanacağına ümid edən yığmamızın baş məşqçisinin sözlərinə görə, bu, rekordsuz idman növüdür və buna görə də neçə medalın qazanılacağı barədə fikir söyləmək çətindir. Ancaq uğur qazanacaq idmançılarımız çoxdur: “Azərbaycan güləşi elə bir həddə çatıb ki, hər çəkidə yüksək səviyyədə güləşçilər var. I Avropa Oyunlarında əsas rəqiblərimiz Gürcüstan, Türkiyə, Rusiya, Macarıstandır. Ümumiyyətlə, yunan-Roma güləş növü məhz Avropada daha çox məşhur olduğu üçün bu idman növündə mübarizə gərgin keçəcək. Ancaq ümid edirəm ki, Azərbaycan komandası hamıdan yaxşı olacaq”. 
Komanda daxilində rəqabətə gəlincə isə, baş məşqçi bildirdi ki, idmançılarımızın özləri arasında rəqabət çox yüksəkdir. Ona görə də hələ əsas heyət dəqiqləşməyib: “Düzdür, əksər çəkilərdə Avropa Oyunlarında kimin iştirak edəcəyini məşqçilər korpusu bilir. Amma yekun qərar hələ verilməyib. İstənilən halda, əmin ola bilərsiniz ki, yarışlarda döşək üzərinə çıxacaq hər bir idmançımız yalnız qızıl medal uğrunda mübarizə aparacaq”. 
Sonra baş məşqçi “Bakı-2015”də mübarizə aparacaq idmançıların adlarını açıqladı. Beləliklə, 59 kq çəki dərəcəsində Elman Muxtarov, Rovşən Bayramov, 66 kq çəki dərəcəsində Həsən Əliyev, Kamran Məmmədov, 71 kq - Rəsul Cunayev, Rüstəm Əliyev, 75 kq - Elvin Mürsəliyev, Niyaməddin İbrahimov, 80 kq - Rafiq Hüseynov, Emin Əhmədov, 85 kq - Səman Təhmasibi, İslam Abbasov, 98 kq - Orxan Nuriyev, 130 kq - Sabah Şəriəti. 
Heç bir idmançıda zədə problemi yoxdur və çox güman ki, yekun siyahı hazırlanarkən hər çəki dərəcəsində adları çəkilən idmançılar arasında da seçim ediləcək. 
Yığmanın baş məşqçisi adlarını çəkdiyi hər bir idmançıdan medal gözləyir: “Hamıya ümid bəsləyirəm, ancaq bu, idmandır, döyüş zamanı kiçik bir zədə idmançıya pis təsir edə bilər. Amma bizim güləşçilərimiz sonadək mübarizə aparacaqlar. Ürəyimdən keçən bir sözü də deyim ki, həm Avropa Oyunlarında, həm də Braziliyada keçiriləcək olimpiya oyunlarında güləşçimiz Həsən Əliyevdən xüsusi olaraq qızıl medal gözləyirəm”.
Məşq prosesi yekunlaşdığı üçün idmançılarımızdan Avropa Oyunlarına hazırlıq və son durumları barədə bilgilər aldıq. İlk olaraq isə baş məşqçinin ən çox güvəndiyi Həsən Əliyevə müraciət etdik.
Avropa və dünya çempionu Həsən ƏLİYEV: 
- Avropa Oyunlarına çox az vaxt qalıb. Böyük həvəslə bu turnirə hazırlaşırıq. Məşqçilərimiz bizdən ancaq qızıl medal gözləyir. Bunun səbəbi də keçirdiyimiz güclü məşqlərdir. Bir güləşçi olaraq hesab edirəm ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına vətənim Azərbaycan ev sahibliyi edəcək. Biz gedib başqa dövlətlərin ərazisində dünya və Avropa çempionu oluruq. Öz vətənimizdə, böyük dəstəyimiz olan yerdə niyə də çempion adını qazanmayaq? 
Artıq məşqlərimiz azalıb. Ancaq dayanmırıq. Əsas çalışırıq ki, zədə almayaq. Bu arada zədə alsaq, yarışlaradək sağalmayacaq. Çünki vaxt az qalıb. Həkimlərimiz də bizə ciddi nəzarət edir. Psixoloji cəhətdən də hazırlaşırıq. Həm özümüz gedirik, həm də psixoloqlar məşqlər zamanı gəlib bizimlə söhbətlər edirlər. Çalışırıq ki, hərtərəfli şəkildə Avropa Oyunlarına hazır olaq. Təbii ki, həyəcan da var. Amma doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğrultmaq üçün var gücümü ortaya qoyacağam. Əsas 7-8 güclü rəqibim var. Onlarla görüşmüşəm və qalib də gəlmişəm. Uğurlarımın sırasını daha da genişləndirib Avropa Oyunları çempionu adını da qazanmaq istəyirəm. 
Avropa çempionu Rafiq HÜSEYNOV: 
- Hər bir idmançının vəzifəsi yaxşı hazırlaşmaq və dünya miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etməkdir. İranda keçirilən Dünya Kubokunda biz qalib olduq. Bütün yarışlarda rəqiblərimə qalib gəldim. Həmin vaxt mənim necə mübarizə apardığımın şahidi oldunuzsa, Avropa Oyunlarında da həmin ab-havanı seyr edəcəksiniz. Çünki Avropa Oyunları bizim üçün əlavə məsuliyyətdir. Bütün xalqımızın diqqəti bizdə olacaq. Biz də qələbələrlə xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Əsas odur ki, zədədən qorunaq. 
Tam yekun siyahı hazır olmasa da, məşqçilər korpusu və idmançılar əsas heyətdə təmsil olunacaq güləşçilərin adlarını bilirlər. Əsas odur ki, seçilən idmançılar Azərbaycan bayrağını ən yüksəklərə qaldırıb qızıl, gümüş medallara sahib çıxsınlar. 
“Bakı-2015”in idman elçisi, dünya və Avropa çempionu, Pekin və London olimpiadalarının gümüş mükafatçısı Rövşən BAYRAMOV: 
- Ölkəmizdə idmana göstərilən qayğı göz önündədir. Əgər belə olmasaydı, hər dəfə uğurlu nəticələr göstərə bilməzdik. Dövlətimizin, xüsusən də Prezident İlham Əliyevin idmançılara dəstəyi və inamı böyükdür və biz də bu inamı doğrultmaq üçün əlimizdən gələni edirik. Hər bir idmançı iştirak etdiyim yarışlarda uğurlu nəticə əldə etmək, medal qazanmaq istəyir. Bu, məni də çox sevindirir. Pekin və London olimpiadalarında qazandığım gümüş medallar ən böyük nailiyyətimdir. Ancaq məqsədim qızıl medallar qazanıb ölkəmizin adını daim yüksəklərdə tutmaq, bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaqdır. 
Avropa Oyunlarına çox güclü hazırlıq gedir. Məşqlərimizdən də hiss olunur ki, rəqabət güclüdür. Əsas heyətə düşəcək hər bir idmançı Azərbaycan uğrunda, vətən naminə var gücünü ortaya qoyub medal qazanmalıdır. Bütün yunan-Roma güləşi millimizin idmançılarına güvənə bilərsiniz. 
Qeyd edək ki, “Bakı-2015”də Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13-18 iyun tarixlərində keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
London Olimpiadasının bürünc medalçısı Emin ƏHMƏDOV: 
- İlk Avropa Oyunlarını keçirmək yalnız XXI əsrdə qismət oldu. Bu mötəbər tədbirin təşkili isə Avropanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Odlar yurdu Azərbaycana etibar edildi. Belə bir şansın doğma paytaxtımıza verilməsi biz idmançılara gözəl hislər bəxş etdi. Yığma komandamız çox yüksək səviyyədə hazırlıq keçib. Güləşçilərimiz, demək olar ki, Avropa Oyunlarına tam hazırdırlar. Hələ yekun qərar verilməsə də, təlim-məşq toplanışına cəlb edilən güləşçilər var gücləri ilə çalışırlar. Kimin əsas heyətə düşüb-düşməməsinin fərqi yoxdur, əsas odur ki, seçilən idmançılar ümidləri doğrultsunlar və Azərbaycan bayrağı yüksəklərdə dalğalansın. Dünya Azərbaycanın idman ölkəsi olduğunu seyr etsin və ölkəmiz həm idmanı, həm qonaqpərvərliyi, həm də tolerantlığı ilə qitənin nümunəsi olduğunu nümayiş etdirsin. Gənc müstəqil ölkəmizdə idmana qayğı nəticəsində bu gün Azərbaycanın səsi hər bir dünya və Avropa çempionatında, olimpiya oyunlarında eşidilir, demək olar ki, beynəlxalq yarışlar keçirilən bütün məkanlarda Azərbaycan bayrağı dalğalanır, himnimiz səslənir. Bu da dövlətin idmana verdiyi qiymət, göstərdiyi qayğıdan irəli gəlir.
İnanırıq ki, yunan-Roma güləşi üzrə yığma komandamız “Bakı-2015”də öz sözünü deyəcək və tarixə qızıl hərflərlə yazılacaq qələbələrlə xalqımızı sevindirəcək.

Rəşad BAXŞƏLİYEV,
A.MƏMMƏDOV (foto), 
“Azərbaycan”

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=71220
Oxu 2755 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW