AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.05.2015 17:56

Əjdər Cəfərov: “7 gün ərzində yemək yemədim...” – TAYM-AUT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Diqqətinizə çatdıraq ki, Əjdər Cəfərov hakim kimi gənc yaşda bir çox uğurlara sahib olub. Onun uğurları dövlət tərəfindən də yüksək qiymətləndirilib. Amma bu dəfə biz Əjdər müəllimi bir az idmandan kənar tanıtmağa çalışacağıq.

Bu məqsədlə Publika.az-ın “Taym-aut” layihəsinin budəfəki qonağı Azərbaycan Güləş Federasiyasının baş katibi, əməkdar məşqçi, “Tərəqqi” medalının mükafatçısı Əjdər Cəfərovdur. Düzdür, onunla postundan və idmandan kənar söhbət bizim üçün heç də asan alınmadı.

- Əslində müsahibəmizin məqsədi idmandan kənar söhbətdir. Ancaq illərdir peşəkar idmanın içində olmuş biri ilə idmandan kənar bir az çətin olacağını bilirik.

- (gülür) Çalışarıq edək.

- Başlayaq baş katibliyə gəlişinizdən...

- Təbii ki, mənim bu posta gəlməyim asan olmayıb. Bir yerə gəlmək üçün zəhmət çəkirsənsə, deməli, onun bəhrəsini də görəcəksən. Təbii ki, ölkə başçımızın idmana olan diqqəti də məni bu sahədə işləməyə həvəsləndirib. Baş katibliyə gəlişimin doğrudan da çox maraqlı tarixçəsi var. 2007-ci ildə cənab Fazil Məmmədov federasiyaya prezident seçildiyi vaxt mən də burada işə başlamışam. Sərbəst güləş üzrə yığma komandada sadəcə adi katib vəzifəsini icra edirdim. Daha sonra federasiya tərəfindən aparıcı mütəxəssis təyin olundum. 2 il bu vəzifədə çalışdım. Həmçinin ingilis dili və komputer sahəsini yaxşı bilirdim. Bununla yanaşı, hakimliyə də həvəs saldım, “beynəlxalq dərəcəli hakim” statusunu aldım. Hakimlik karyeramı daha da inkişaf etdirməyə çalışdım. Bir müddət sonra Hakimlər Kollegiyasının sədri təyin olundum (2009-2011). Deyərdim ki, ən gənc hakim idim. Hakimlik vəzifəsi çox şərəfli peşədir. Təyin olunduğum kollegiyada da mənim yaşım qədər hakimlik etmiş hakimlərimiz var idi. Amma mənə olan ümidi doğrultmaq üçün əlimdən gələni edirdim. Təbii ki, bu uğurlarımızın səbəb və səbəbkarları var. Bizə həm dövlət, həm də federasiya rəhbərliyi tərəfindən diqqət və qayğı göstərilirdi.

2008-2011-ci illər mənim üçün dönüş nöqtəsi oldu. 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarının hakimi oldum. 2012-ci ildə London yay oyunlarını hakim olaraq idarə etdim, həmin ildə mənim 27 yaşım vardı və dünyanın ən gənc hakimi idim.

2008-ci ildə idman ustası adını aldım, 2012-ci ildə əməkdar məşqçi fəxri adına layiq görüldüm. 2011-ci ildə rəhbərliyin göstərişi ilə baş katib vəzifəsinə təyin olundum. Hələ də bu vəzifəni sevə-sevə, böyük həvəslə davam etdirirəm. Bu günə kimi heç vaxt hakimlikdə tərəfkeşlik etməmişəm. Ona görə də bu vəzifədəyəm. Hakim olarkən döşəkdə hər iki idmançıya bərabər baxmışam. Mənim üçün göy və qırmızı rənglərdə idmançılar olub.

Onu da vurğulayım ki, güləşdə olmağım heç də təsadüfü deyil. İdmançı ailəsində böyümüşəm. Yəni mən birdən-birə güləşə gəlməmişəm, güləşçi ailəsində böyümüşəm. Atam Xosrov Cəfərov yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb. Deyərdim ki, atam ömrünün 40 ilini güləşə sərf edib. Buna görə də ölkə başçısı tərəfindən mükafatlandırılıb.

Bu vəzifəyə təyin olunmağınızda Xosrov müəllimin rolu olub? Yoxsa sırf öz gücünüzə çatmısız bu zirvəyə?

- Atam 2007-ci ilin yanvar ayında rəhmətə gedib. Həmin ilin fevral ayında cənab Fazil Məmmədov Güləş Federasiyasına prezident təyin olunub. Bundan sonra gəlmişəm mən. Amma təbii ki, atamın adı həmişə üzərimdədir, təsiri də var. Atamın necə güləş fədaisi, təmiz insan olduğunu hamı bilir. Bu günə qədər atamla bağlı heç kimdən mənfi bir fikir eşitməmişəm. Mən də həmişə çalışmışam ki, atamın, eyni zamanda dövlətimizin adını daim yüksəklərdə tutum.

- İdmançı ailəsində böyümək necə bir duyğudur?

Gözümü açandan güləş haqda eşitmişəm, məktəbə başlayanda da həmişə yanında məşqlərə aparırdı. 7-8 yaşdan güləşə gedirdim. Peşəkar səviyyədə olmasa da, özüm üçün məşq edirdim. Artıq 22 ildir güləşin içindəyəm. Doğrudan da, sağlam bədəndə sağlam ruh olur.

- Ailəlisiniz...

Bəli, iki qızım var – 3 və 6 yaşlarında.

- Qızlarınız idmana maraq göstərir?

Böyük qızım gimnastika ilə məşğuldur, kiçiyin yaşı hələ azdır. Kiçik qızım martın 5-də - idman günündə anadan olub. Yəqin bu onun da idmançı olacağına bir işarədir (gülür).

Peşəkar güləşçi olmasına icazə verərsiz?

- Guman ki, yox. Çünki güləş çox ağır idman növüdür. Xüsusilə də xanımlar üçün. Çox əziyyətlidir. Buna görə də razı olmaram (gülür). Amma hər şey həvəsdən asılıdır. İndi belə deyirəm, bəlkə gələcəkdə onların həvəsi oldu. Mən qızlarıma qadağa qoya bilmərəm ki, olmaz, məşğul olma. Amma bir ata kimi ürəyim istəməz ki, peşəkar güləşçi olsunlar. İstənilən halda dövlətinə, vətəninə, millətinə xeyirli insanlar olsunlar.

Bildiyim qədər yaxşı rəqs bacarırsız?

Bəli, bəli (gülür). Rəqsə də gedirdim, milli rəqslər üzrə... Oynamağı xoşlayıram.

Yəqin ki, millimizin güləşçiləri ilə də toylarda oynamısız. Maraqlıdır, güləşçilərimiz Əjdər müəllimlə rəqs yarışına çıxıblarmı?

- Təbii ki, oynamışıq. Elə bizim dünya çempionu Hacı Əliyevin toyunda da oynamışıq. İdmançılarımız rəqsi çox yaxşı bacarır.

Bu günə qədər neçə ölkədə olmusuz? Və o ölkələrdən bəyəndiyiniz hansı olub?

- Bu günə qədər 50-dən çox ölkədə olmuşam. Amma bu ölkələrdə 1 həftədən çox qalanda vətənim üçün darıxıram. Bu yaxınlarda öz xəritəmdə yeni ölkələrə səfər etdim. Amerika, Brazilya və Çili ölkələrinin şəhərlərində olmamışdım. Amma hara gedirsən get, Azərbaycanın yerini heç bir ölkə vermir. İşimizlə bağlı getmək məcburiyyətindəyik. Bəyəndiyim ölkələrdən Sinqapurun adını çəkə bilərəm. Yeniyetmələrin Olimpiya Oyunları üçün getmişdik. Amerikanın Mayami şəhəri də gözəldir. Ən bəyənmədiyim ölkə Hindistandır. 2009-cu ildə Bombey şəhərində oldum, hakimlik kateqoriyamı artırmaq üçün kursa getmişdim. Orada gözləmədiyim mənzərə ilə qarşılaşdım. Deyiləsi bir şey deyil, nə edək bu da onların ölkəsidir (gülür). Orada qaldığım 7 gün ərzində demək olar ki, yemək yemədim. Ancaq su çörəklə başımı qatdım. Çox dəhşətli idi.

- Bəyəndiyiniz ölkələrin nəyi sizi cəlb etdi?

- Mayaminin dənizi çox xoşuma gəldi. Qeyri adi bir dənizi var idi. Dəniz kənarı qumu da bir qəribə idi. Biz o mənzərəni kinolarda görürdük. Hollivud filmlərini izlədiyimiz ölkəni gəzmək maraqlı idi. Sanki filmlərin canlı şahidi olduq. Sinqapurun da müasirliyi xoşuma gəldi.

- Xosrov müəllimi tanıyanlar tanıyır. Tanımayanlara oğlu olaraq onun haqda nə deyərdiniz?

Çox düzgün adam idi. Düzə düz, səhvə səhv deyərdi. Ailəmizin xeyrinə olsaydı belə, heç vaxt yalan deməzdi. Düzlüyünə görə bu gün də onun adını hörmətlə çəkirlər. Atam 59 yaşında rəhmətə getdi. Onun heç vaxt maşını olmayıb. Sadə həyat yaşamağı sevərdi. Metro və avtobusla məşqlərə gedib-gəlirdi. Beynəlxalq turnirlərə güləşçi seçərkən də güclü olanı aparırdı. Heç kimin haqqını yeməzdi.

Daha cavan yaşda olarkən atanız ən çox nəyin üstündə danlayıb sizi?

Həmişə deyirdi ki, “mənimlə idmana gedək”. Məsələn 1-3-5-ci günlər bizdə döşək məşqləri olurdu, 2-4-cü günlər futbol olurdu. Mən də futbol oynamağa getmək istəyirdim. O da deyirdi ki, döşək məşqlərində gəl. Bax onda danlayırdı (gülür). Amma mən o vaxtdan oxumağa, təhsilə daha çox önəm verdim. Məşqlə dərsi bir yerdə çatdıra bilmirdim. O, istəyirdi güləşim. Bir ara yaxşı güləşməyə də başlamışdım. Bakı çempionatında qalib oldum. İndi idmandan uzaq sayılmıram, idarəçilikdə çalışıram.

Xosrov müəllim daha çox hansı ifadəni işlədib ki, hələ də xatırlayırsız?

- Həmişə deyərdi ki, “nə iş görürsən gör, düz ol”.

Müsahibələrinizin birində demisiz ki, “maşın sürməyi sevirəm, ən çox da gecələr”...

Ona görə ki, o vaxt yollar boş olur, rahat olursan. Bakının gecələri qeyri-adi gözəl olur. Həm də işimlə bağlıdır, günortalar da çox çıxa bilmirəm. Hər kəsin bir şeyə marağı var, mənim marağım da bunadır, zövq alıram. Sürəti xoşlayıram, amma sürətli sürən deyiləm. Qaydalara riayət edirəm. 18 yaşından sürücülük vəsiqəm var. Bu günə kimi sadəcə bir dəfə sürət həddini aşmışam. 60 olan yerdə 72 ilə keçmişəm. Xaricdə olanda da kirayə götürürük. Orada da qayda-qanunla maşını idarə edirik. Kim olursan ol, tutduğun vəzifədən, gördüyün işdən asılı olmayaraq, hamı qaydalara riayət etməlidir. Qanun qarşısında hamı bərabərdir.

Ailə ilə istirahətə üstünlük verirsiniz, yoxsa dostlarla?

- Ailə ilə istirahət bir az problemdir. Çünki işlərlə bağlı bir az çətin olur. Amma təbii ki, ailəmlə də istirahətə gedirəm. Dostlarla da getmək xoşdur. Çox vaxt sakitlik axtarıram. Tək harasa gedib özüm üçün istirahət edirəm.


- İllərdir idmanın içindəsiz. Din idmana mane olurmu?

Xeyr, nəinki idmanda, başqa sahədə də heç bir maneə ola bilməz. Özüm də dindaram, namaz qılıram. Həcc ziyarətində, Ümrə ziyarətində olmuşam. Namazın namaz vaxtı var, idmanın idman. Namazı insan özü və Allah üçün qılır. Kiməsə göstərmək lazım deyil ki, mən namaz qılıram. Bu cür hallara çox pis baxıram. Namaz borcdur. Namaz qılan idmançılarımıza bu barədə heç nə deyə bilmərik, mane ola bilmərik. Federasiyamız da, biz də namaz qılan insanlara hörmətlə yanaşırıq. Dövlətimiz nəyi dəstəkləyirsə, onun tərəfindəyik. Bəzi təriqətlər var ki, dini bölməyə çalışırlar. Elə şeylər bizdən çox uzaqdır.

İdmançılarımıza da bunu deyirik.

Əjdər Cəfərovun özündə bəyənmədiyi xüsusiyyəti nədir?

- Tərəzi bürcüyəm. Bir qərar vermək üçün çox fikirləşirəm. Məsələn, “bu yerə gedim, ya getməyim”, seçim qarşısında qalanam. Amma çətinliklə də olsa, qərar verirəm.

Son olaraq belə bir sual verim. Burda stolun üstündəki qabın içində qəpiklər var. Olmaya bunu uğur əlaməti olaraq saxlamısız?

- (gülür) Yox adi bir şeydir. Sadəcə nəsə alanda qalıq qalır, qoyuram bura. Uğur simvolu deyil. Elə şeylərə inanmıram. Dini baxımdan da düz deyil. Sənin uğurun Allaha dua etməklə olur. Kinli insanlar var ki, onların başına həmişə bir iş gəlir. Ona görə də çalışırıq həmişə düz olaq, insanlara qarşı yaxşı olaq. Düzdür, kömək və yaxşılıq tam olaraq mümkün olmur. Çünki elə insanlar var, bundan sui-istifadə edir. Onlara da gərək öz yerlərini göstərəsən. Layiqli insanlara həmişə kömək edirik, həmişə onların yanındayıq.

http://publika.az/p/94353

Oxu 4167 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW