AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.04.2015 10:45

Firdovsi Umudov: İdmançıda Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhu yüksəkdirsə, o, mütləq qələbə qazanacaq

Materialı qiymətləndirin
(1 Səs)

...Onunla vədləşdiyimiz kimi, yığma komandanın bazasında görüşdük. Yenicə Los-Anceles şəhərində keçirilən Dünya Kuboku yarışlarından yüksək nəticə ilə (3-cü yerin sahibi kimi-S.L) qayıtmalarına baxmayaraq, zalda idmançıların qızğın məşq prosesini izləyir, tez-tez müdaxilələr edib, güləşçilərə öz tövsiyələrini verirdi. Yaxınlaşdığımızı görüb, qısa fasilə elan etsə də, söhbət zamanı hiss edirdim ki, elə hey gözləri idmançılardadır. Sanki uzaqdan olsa belə, onlara öz məsləhətlərini verməkdə, güləşçilərimizi növbəti qələbələrə hazırlamaqda davam edirdi. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi, “Şöhrət” ordenli, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülən Firdovsi Umudovla söhbətimizə də elə burdan başladıq.

- Firdovsi müəllim, yenicə Dünya Kuboku kimi mötəbər yarışdan uğurlu nəticə ilə qayıtmısınız, amma görünən odur ki, idmançılarımıza heç istirahət vermək niyyətində deyilsiniz?

- Bilirsiniz, digər peşələrdən fərqli olaraq, bizim sahənin öz spesifik xüsusiyyəti var. İdmançı daim formada olmalıdır. Onun üçün ötən hər yeni yarış artıq tarixə çevrilir. Sabah isə, qarşıdakı yarışlar haqda fikirləşməlisən. Doğru qeyd etdiniz, ABŞ-da keçirilən Dünya Kuboku yarışları yığmamız üçün uğurlu oldu. Bildiyiniz kimi, Dünya Kuboku yarışlarında heç də zəif komandalar iştirak etmirlər. Buraya ötənilki Dünya çempionatında ilk 8 yeri tutan milli komandalar dəvət olunurlar. Sərbəst güləş üzrə Azərbaycan yığma komandası isə Daşkənddə keçirilmiş ötənilki çempionatda 3-cü yerin sahibi olmuşdu. ABŞ-a 8 çəki dərəcəsində 11 idmançı ilə yollanmışdıq. Yarımqrup yarışlarında Türkiyə və Belarus millisinə böyük fərqlə (7:1, 6:2) qalib gələn yığmamız son turda İran komandasına məğlub olaraq, üçüncü yer uğrunda mübarizə aparmalı oldu. Burada isə rəqiblərimiz güclü Rusiya komandası idi. Həlledici görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olduq və bürünc mükafat qazandıq. Xatırladım ki, bu, yığmamızın heç də ilk qələbəsi deyil. Bundan əvvəl Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun qalibi olub, həmçinin, 2012-ci ildə ikinci, 2010 və 2011-ci illərdə isə üçüncü yerə sahib olublar. Çox sevindirici haldır ki, bu ilin fevral ayında güləşin yunan-Roma növü üzrə İranda keçirilən Dünya Kuboku yarışında Azərbaycan idmançıları bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə qalxmış, qızıl medallara sahib olmuşdular. Bir sözlə, Azərbaycan güləş ənənəsi olan bir ölkədir. Bu gün dünyada Azərbaycan güləşçiləri ilə hesablaşırlar, bizi özlərinə ciddi rəqib hesab edirlər. Əminəm ki, bu ənənə hələ uzun müddət davam edəcək. Çünki Azərbaycanda idmana, idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində yoxdur. Biz idmançılar da dövlətin göstərdiyi bu diqqət və qayğıya öz qələbələrimizlə cavab veririk. O ki qaldı sualınızın cavabına, təbii ki, istirahət etmək haqda düşünməyə vaxt yoxdur. Çünki qarşıda bizi mühüm yarışlar gözləyir. Təqribən ay yarımdan sonra Bakı tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək və yığma komandamız bu yarışlarda maksimum nəticə göstərməyə çalışacaq.

- Az öncə Azərbaycanda idmançılara göstərilən dövlət qayğısından danışdınız. Yəqin ki, bunu öz gənclik illərinizlə müqayisə edirsiniz?

- Əlbəttə, bu belədir. Bu gün milli komandada çıxış edən güləşçilərimizin əksəriyyəti 1991-cı ildən sonra anadan olan idmançılardır, onlar Azərbaycanın çətin günlərini görməyiblər. Bizim vaxtımızda isə idmançıların heç vaxt belə şəraiti olmayıb. Mən özüm Qazax rayonundanam. Heç vaxt yadımdan çıxmaz ki, elektrik enerjisi verilməməsi səbəbindən biz yarışlara necə soyuq və qaranlıq zallarda, qalın paltarlarla məşqlər edərək hazırlaşmışıq. İndi isə şükürlər olsun ki, idmançılarımız üçün hər bir şərait yaradılıb. Bütün bunlara Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gəlişindən sonra nail olundu. İdmana, idmançılara dövlət qayğısı göstərilməyə başlanıldı. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsilə ölkədə Olimpiya hərəkatı geniş vüsət aldı. Təkcə Bakıda deyil, regionlarımızda da Olimpiya-İdman Kompleksləri inşa olunmağa başlandı. Bölgələrimizdən idmanın müxtəlif növü üzrə neçə-neçə idmançı yetişərək, milli komandanın heyətinə cəlb edildi. Azərbaycan idmançıları dünya miqyaslı yarışlardan Vətənə müxtəlif əyarlı medallarla döndülər. Əsası Ulu öndərimiz tərəfindən qoyulan həmin siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir vaxtlar biz idmançılar xəyallarımızda nə vaxtsa Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsini canlandırardıq. Bu gün isə bu, artıq reallığa çevrilib. Azərbaycan hazırda beynəlxalq yarışlara uğurla ev sahibliyi edən bir ölkə kimi dünyada tanınır. Hər il ölkəmizdə müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları keçirilir. Çox yaxın zamanda Azərbaycan daha mühüm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2017-ci ildə isə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. İnşallah bu sıraya tezliklə Yay Olimpiya Oyunları da daxil edilər. Bütün bunlar isə sözsüz ki, Azərbaycanda idmana, idmançılara göstərilən dövlət dəstəyinin nəticəsidir. Burada, yeri gəlmişkən, bir haşiyəyə çıxım. Hər zaman dövlət başçısı İlham Əliyev, Onun xanımı Mehriban Əliyeva, ailə üzvləri ilə birlikdə, iştirak etdikləri beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında idmançılarımızın yanına gəlir, onlarla görüşüb-söhbət edir, qayğıları, ehtiyacları ilə maraqlanırlar. Bilirsiniz, bu, idmançıya əlavə stimul verir, onu yarışlara daha da ruhlandırır. Eləcə də, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov, I vitse-prezident Namiq Əliyev, gənclər və idman naziri Azad Rəhimov mütəmadi olaraq güləşçilərimizlə görüşürlər. Biz beynəlxalq turnirlər çərçivəsində digər ölkələrdən olan həmkarlarımızla görüşlərdə oradakı vəziyyətlə də maraqlanırıq. Bir daha deyim ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər idmançılara dövlət qayğısı göstərilmir. Sözsüz ki, biz idmançılar da dövlətin bizə göstərmiş olduğu bu qayğı və diqqətə öz qələbələrimizlə cavab veririk. 

- Firdovsi müəllim, bəzən belə fikirlər də səsləndirilir ki, üzdə olan güləşçilərimizin əksəriyyəti paytaxt təmsilçiləridirlər. Guya bölgələrdə bu idman növü heç də populyar deyil...

- Bilirsiniz, bu fikirləri, adətən, Prezident İlham Əliyevin uğurlarına, Onun ölkəmizin inkişafı, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərə qısqanclıqla yanaşan, bədxah insanlar səsləndirirlər. Bu gün regionlarımızdakı Olimpiya-İdman komplekslərində kifayət qədər gənclərimiz idmanın müxtəlif növü, o cümlədən, güləşlə məşğul olurlar. Elə son London Yay Olimpiadasının qalibi olan Toğrul Əsgərov Gəncə şəhərindəndir. Bundan əlavə, Avropa və Dünya çempionu Hacı Əliyev, onun qardaşı Avropa çempionatının mükafatçısı Yaşar Əliyev - Naxçıvan, Avropa çempionu Cəbrayıl Həsənov isə Astara idman məktəbinin yetirmələridir. Yeri gəlmişkən, bu günlərdə Federasiya Kuboku yarışına yekun vuruldu. 4 gün davam edən turnirdə yığma komandalarımız 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazandı. Onların da əksəriyyəti məhz bölgələrimizi təmsil edirdi. Sərbəst güləş üzrə gənclər arasında fərqlənən Mahir Əmiraslanov-Qazax, Murad Süleymanov-Gəncə idman məktəbinin yetirmələridirlər. Yeniyetmələrin turnirində isə qaliblər arasında Gəncə, Şamaxı, Cəlilabad, Qazax və digər rayonlardan olan idmançılar yer alırdılar.Əminliklə söyləmək olar ki, bölgələrimizdə güləş idmanı ənənəvi olaraq, hələ də gənclər arasında populyar idman növü kimi qalmaqdadır. Sözsüz ki, bizim də vəzifəmiz regionlardan olan həmin idmançıları seçərək, milli komandanın heyətinə cəlb etməkdir. Hesab edirəm ki, qarşıdakı illərdə bölgələrdən olan həmin perspektivli idmançılarımızı artıq müxtəlif beynəlxalq yarışların, o cümlədən, növbəti Yay Olimpiya Oyunlarının qalibləri sırasında görə biləcəyik.

- Bizi ilk Avropa Oyunlarından təqribən 50 gün ayırır. Yəqin ki, artıq milli komandanın heyətini formalaşdıra bilmisiniz. Azərbaycan güləşçiləri fiziki və psixoloji cəhətdən bu yarışlara hazırdırlarmı? Ümumiyyətlə, güləşçilərimizdən hansı nəticəni gözləyirik? 

- Əslində, Avropa Oyunlarının keçirilməsi hüququ ölkəmizə verilən andan biz bu yarışlara hazırlaşırıq. Çünki idmanda bəzən doğma divarlar amilinin də rolu olur. Amma onu da deyim ki, Olimpiya Oyunları səviyyəsində olacaq belə yarışlarda adətən, zəif rəqib olmur. Bu turnirlərdə yaxşıların ən yaxşısı, öz ölkələrində seçilmiş idmançılar - Dünya və Avropa, Olimpiya çempionları iştirak edirlər. Odur ki, Azərbaycan güləşçiləri də Avropa Oyunlarına ciddi hazırlaşırlar. Bu gün izlədiyiniz bu proses də elə həmin hazırlığın tərkib hissəsidir. Onu söyləyə bilərəm ki, biz Oyunlara tam heyətdə - 8 çəki dərəcəsində idmançılarla qatılacağıq. Təəssüflər olsun ki, bir çox idman növündən fərqli olaraq, Avropa Oyunları güləşçilərə 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya verməyəcək. Odur ki, bizim idmançılar payızda ABŞ-da keçiriləcək təsnifat xarakterli Dünya çempionatına da qatılmalı olacaqlar. Amma bununla belə, iddiamız və hədəflərimiz böyükdür. İlk Avropa Oyunlarında bütün çəki dərəcələrində qızıl medallar uğrunda mübarizə aparmaq niyyətindəyik. O ki qaldı milli komandanın heyətinə, bunu indidən söyləmək tezdir. Oyunlara qalan bu müddət ərzində təlim-məşq toplanışlarımızı Bakıda davam etdirəcəyik. İdmançıların dözümlülük, xüsusi fiziki, eləcə də psixoloji hazırlıqlarına üstünlük verəcəyik. Ola bilsin ki, milli komandanın heyətini tam dəqiqləşdirmək üçün, bəzi çəki dərəcələrində idmançılarımızı bir neçə beynəlxalq turnirdə də yoxlamadan keçirək. Hələlik hər çəki dərəcəsində milli komandanın heyətinə iki idmançı daxil edilib. Təlim-məşq toplantıları bitdikdən sonra, artıq yekun qərar veriləcək. Milli komandanın heyətində, sözsüz ki, Olimpiya, Dünya və Avropa çempionlarımız da yer alacaqlar. 

Nəticəyə gəlincə isə, qeyd etdiyim kimi, bu gün bütün çəki dərəcələrində Avropa və Dünya çempionatlarında mükafatı olan idmançılarımız var. Digər tərəfdən isə öz rəqiblərimizi də yaxşı tanıyırıq. Məsələn, dünya üzrə güclü rəqiblərimizdən olan İran və ABŞ milli komandası, başqa qitələri təmsil etdikləri üçün - Avropa Oyunlarına qatılmayacaqlar. Odur ki,bütün çəki dərəcələrində qızıl medallar uğrunda mübarizə aparmaq şansımız yüksəkdir. Və inanıram ki, güləşçilərimiz də bu fürsəti qaçırmayacaqlar. Bilirsiniz, əgər o idmançıda Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhu yüksəkdirsə, o, mütləq yarışlarda qələbə qazanacaq. Bu gün milli komandamızın heyətində yer alan idmançılarımızın hamısında bütün bu keyfiyyətlər cəmlənib. İdmançılarımız, bir əsgər kimi hər zaman dövlətimizin onlara göstərdiyi diqqət və qayğıya öz qələbələri ilə cavab verməyə hazırdırlar. 

Əminliklə söyləmək olar ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsi ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək. Azərbaycan paytaxtı Avropa Olimpiya Oyunları hərəkatı üçün bir standart müəyyənləşdirəcək. Növbəti illərdə keçiriləcək Avropa Oyunları artıq Bakının ev sahibliyi ilə keçirilən Oyunları özünə bir etalon kimi istifadə edəcək. Bir sözlə, Azərbaycan bir daha özünü dünyaya mühüm bir idman ölkəsi, mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, milli adət-ənənələrini qoruyan, qonaqpərvər, dadlı mətbəx nümunələri ilə seçilən bir ölkə kimi tanıtmış olacaq. Ölkəmizin bu uğuruna dostlarımız sevinəcək, düşmənlərimiz isə növbəti dəfə kədərlənmiş olacaqlar.

Səlim LOĞMANOĞLU

http://www.yeniazerbaycan.com/Musahibe_e21526_az.html



Oxu 2864 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW