AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.02.2015 21:50

Sərbəst güləşçilərimiz dünya kuboku yarışları və birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar

Materialı qiymətləndirin
(3 səs)
Sərbəst güləş üzrə Azərbaycan millisi dünya kuboku yarışları və Avropa Oyunları öncəsi təlim-məşq toplanışını davam etdirir.

AzərTAc xəbər verir ki, 50-dək güləşçinin yer aldığı hazırlıq prosesində idmançılar məşqçilərin tapşırıqlarını layiqincə yerinə yetirirlər.

Sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı çalışdırıcısı seçilmiş, “Şöhrət” ordenli Əməkdar Məşqçi Firdovsi Umudov idmanın bu növü üzrə hazırlığın yüksək səviyyədə getdiyini bildirib. O vurğulayıb ki, qarşıda bizi bir neçə beynəlxalq yarış gözləyir və bunların nəticəsində dünya kuboku və Avropa Oyunları üçün heyəti müəyyənləşdirəcəyik. İlin əvvəlində Kislovodskda komandamızın təlim-məşq toplanışı təşkil olunub. Parisdə Qran-pri turnirində isə güləşçilərimiz uğurla çıxış ediblər. Martın əvvəlində pəhləvanlarımızı Minskdə növbəti sınaq gözləyir. Daha sonra isə millimiz ABŞ-da təşkil olunacaq dünya kuboku yarışlarına qatılacaq.

Firdovsi Umudov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenalarda qazandıqları nailiyyətlər barədə məlumat verib. Məşqçi qeyd edib ki, hazırda idmançılar üçün ölkəmizdə hər cür şərait yaradılıb. 1990-cı illərin əvvəllərində idmançılarımız beynəlxalq turnirlərdə iştirak edə bilmirdilər. Ölkəmizdə baş verən sürətli inkişaf digər sahələrdə olduğu kimi, idmanda da özünü göstərdi. Bu uğurun nəticəsidir ki, Azərbaycan ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu mötəbər yarışda əsas hədəfimiz ölkəmizi ləyaqətlə təmsil edib, üçrəngli bayrağımızı dalğalandırmaq və xalqımızı sevindirməkdir.

Avropa Oyunlarında güləşçilərin 8 çəki dərəcəsi üzrə mübarizə aparacaqlarını diqqətə çatdıran Firdovsi Umudov iştirakçı ölkələrin hər çəki dərəcəsi üzrə bir idmançı ilə təmsil olunacağını qeyd edib. Vurğulayıb ki, millimizin Avropa Oyunları üçün heyəti hələ açıqlanmayıb. Çünki qarşıda güləşçilərimizi bir neçə sınaq yarışları gözləyir. Biz heyəti bu yarışların nəticələrinə əsasən müəyyənləşdirəcəyik. Məşqçilərin tapşırığını tam və həvəslə yerinə yetirən, sınaq yarışlarında özünü yaxşı göstərən idmançılar Avropa Oyunlarına iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, sərbəst güləş üzrə Azərbaycan millisi aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində dünya kuboku yarışlarına qatılacaq. Yanvarın 14-də İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində təşkil olunan püşkatmaya görə, güləşçilərimiz İran, Belarus və Türkiyə komandaları ilə qarşılaşacaqlar.

Bu vacib yarışa hazırlaşan güləşçilərimizin məşqlərinin intensiv davam etdiyini bildirən 2012-ci il London Olimpiya Oyunlarının qalibi, Avropa çempionu Toğrul Əsgərov əsas hədəfin dünya kuboku və Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etmək olduğunu qeyd edib. Olimpiya çempionu vurğulayıb ki, hər birimiz bu iki yarışa ciddi hazırlaşırıq. Ümid edirəm ki, öz üzərimizdə çalışıb doğma Vətənimizdə keçiriləcək Avropa Oyunlarında adımızı tarixə yazdırmağı bacaracağıq.

Milli komandamızda hər çəki dərəcəsində bir neçə perspektivli güləşçinin olduğunu bildirən T.Əsgərov dünya kuboku yarışlarının gərgin idman mübarizəsi şəraitində keçəcəyini deyib. Güləşçi qeyd edib ki, ilk hədəfimiz dünya kubokuna sahib olmaqdır. İnanıram ki, gərgin hazırlıqlar və məşqçilərimizin tapşırıqları nəticəsində istəyimizə nail olacağıq.

Avropa və dünya çempionu Hacı Əliyev də hazırlığın yüksək səviyyədə getdiyini və mötəbər turnirlərə ilk sınaq yarışının Belarusda təşkil olunacağını diqqətə çatdırıb. Dünya çempionu qeyd edib ki, kubok yarışlarında hədəfimiz uğurlu çıxış olsa da, əsas diqqətimiz Avropa Oyunlarına yönəlib. Komanda yoldaşlarının hər biri kimi, birinci Avropa Oyunlarında ölkəmizə qızıl medal qazandırmaq arzusunda olduğunu vurğulayan Hacı Əliyev deyib: “Avropa Oyunlarında Rusiya, Gürcüstan, Türkiyə və Ukrayna güləşçilərini özümə əsas rəqib görürəm. Düzdür, belə mötəbər yarışda zəif rəqibin çıxış edəcəyinə inanmadığım üçün əsas rusiyalı Bekxan Qoyqereyevin adını çəkə bilərəm. Amma ötən il Finlandiyanın Vantaa şəhərində təşkil olunan Avropa çempionatının finalında məhz Bekxana qalib gələrək qızıl medal qazandım. Dünya kuboku yarışlarında millimizin əsas rəqibi iranlı güləşçilər olacaqlar. Belarus və Türkiyə idmançılarını da zəif rəqib hesab etmək olmaz”.

İkiqat Avropa çempionu Cəbrayıl Həsənov deyib ki, turnirlər üçün millimizin heyəti hələ açıqlanmayıb. Heyətdə yer alacaq idmançılar sınaq yarışlarından sonra bilinəcək. Hər birimiz səylə çalışıb bu siyahıya düşmək istəyirik. Əsas məqsədimiz Avropa Oyunlarında uğurla çıxış edərək güləş həvəskarlarını sevindirməkdir.

Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunlarında güləş üzrə yarışlar iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq. Yarışlarda 24 çəki dərəcəsi üzrə 480 kişi və qadın güləşçi mübarizə aparacaq.

http://azertag.az/xeber/833462
Oxu 2644 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW