AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.01.2015 15:46

Hacı Əliyev: "Olimpiya çempionu olmaq ən böyük arzumdur”

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Vəzifəsindən, mövqeyindən və peşəsindən asılı olmayaraq, hər bir insan həyatda müəyyən uğurlar qazanmağa, arzusunda olduğu zirvəyə çatmağa can atır. Bunun üçün gecə-gündüz çalışır, zəhmət çəkir. Ayların, illərin gərgin sınağından sonra zəhmətinin bəhrəsini görməkdən gözəl nə ola bilər? İdmanda da belədir. Məşğul olduğun idman növündən asılı olmayaraq, gərgin məşqlərdən sonra qalibiyyətin sevincini dadmaq çox gözəldir.
Yola saldığımız 2014-cü il bəzi idmançıların həyatında əlamətdar hadisələrlə zəngin və yaddaqalan olub. Belə atletlərimizdən biri də böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü, 3 dəfə ölkə çempionu, dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyevdir. İlin yekunlarına görə Azərbaycan Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Güləş Federasiyasının nominasiyası üzrə İlin idmançısı seçilən güləşçimiz, Azərbaycan Milli Olimpiya Komitəsinin ilin yekunlarına görə keçirilən iclasında ölkə başçısı tərəfindən mənzillə mükafatlandırılıb.

Hacı Əliyev idmana gəlişi, əldə etdiyi nailiyyətlər və arzuları ilə bağlı fikirlərini olimpnews.az saytı ilə bölüşdü.


- 2014-cü il sənin yaddaşında hansı nailiyyətlərlə qalacaq?

- Ötən il mənim yaddaşımda xoş xatirələrlə dolu və yaddaqalan il kimi qalacaq. Qeyd edim ki, 2014-cü il mənim üçün uğurlu başladı. Belə ki, ilin əvvəlində üçüncü dəfə Azərbaycan çempionu titulunu qazandım. Onun ardınca Bolqarıstanda keçirilən ənənəvi beynəlxalq Dan Kolov-Nikola Petrov turnirində 1-ci yeri tutdum. Sonra Finlandiyanın Vantaa şəhərində Avropa çempionu tituluna layiq görüldüm. Almaniyada təşkil edilən Qran-pri yarışları da mənim üçün uğurlu oldu. Həmin yarışın finalında erməni idmançısına qalib gəldim. Bu il taleyimdə dünya çempionluğunun sevincini də duymaq var imiş. Daşkənddə keçirilən yarışda dünyanın ən güclüsü oldum. Dövlət himnimiz səslənəndə, bayrağımız qaldırılanda sevincim yerə-göyə sığmırdı. Buyaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənzillə mükafatlandırıldım. Bir sözlə, 2014-cü il həyatıma qızıl hərflərlə yazıldı.


"Ölkə rəhbərinin etimadını doğrultmaq böyük şərəfdir”


-2013-cü ildə də müəyyən uğurlarım olub. Belə ki, Kazanda keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasından vətənə bürünc medalla qayıtdım. Azərbaycan Prezidenti universiadanın qaliblərini, mükafatçılarını, məşqçiləri qəbul etdi və mükafatlandırdı. Digər idmançılar kimi, mən də bu görüşdən qürur duyurdum. Çünki ölkə rəhbərinin etimadını doğrultmaq böyük şərəfdir.

- Ötən il həm də şəxsi həyatında yenilik oldu...

- Müqəddəs dinimizdə buyurulduğu kimi, insan nə qədər tez ailə qursa, bir o qədər yaxşı olar. Gənclərin, qız və ya oğlan olsun, fərqi yoxdur, tez və əlbəttə ki, öz istəkləri ilə ailə qurmaları gözəl haldır. Ailə qurmaq, ev-eşik sahibi olmaq insanda məsuliyyət və cavabdehlik hissini daha da artırır. Bu ilin oktyabrında ailə həyatı qurmuşam.

- Eşitdiyimizə görə, toyunda qurşaq da tutmusan...

- Toyumda iştirak edənlərin əksəriyyəti güləşçilər idi. "Cəngi”nin sədaları altında güləşçi dostlarımla qurşaq tutdum. Şad günümdə Olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli, Fərid Mansurov, Toğrul Əsgərov, rusiyalı idmançı, 3 qat Olimpiya çempionu Bivaysar Saytiyev, dünya çempionları Arif Abdullayev, Elxan Məmmədov və başqaları iştirak edirdilər.


- Hacı, istərdik ki, özün haqda qısa məlumat verəsən və idmana necə gəldiyindən danışasan.

- 1991-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olmuşam. Uşaqlıqda çox dəcəl idim, bir yerdə durmazdım. Güləşlə 8 yaşımdan məşğul oluram. Bu idman növünə marağı məndə atam oyadıb. O bir müddət Naxçıvanda idman müəllimi işləyib. Atam qardaşım Yaşarı da, məni də körpəlikdən güləşə yönəldib. Valideynlərimə çox minnətdaram. Atamın da, anamın da bizim tərbiyəmizdə, əsl vətəndaş kimi yetişməyimizdə böyük əməyi vardır. 17 yaşımda yeniyetmələr arasında Avropa çempionatının ikincisi olmuşam. Amma sevincim çox çəkməyib. Çünki bir müddət iştirak etdiyim yarışlarda medalçılar sırasına düşə bilməmişəm. Nəhayət, 2011-ci ilin iyununda gənclər arasında Avropa çempionatının gümüş medalına layiq görüldüm və bundan sonra karyeramda, demək olar ki, yüksəliş dövrü başladı.


- Evdə iki güləşçinin olması problem yaratmır ki?

- Biz uşaqlıqdan gözümüzü açıb evdə ancaq güləş və güləşçilər haqqında söhbətə qulaq asmışıq. Atam körpəlikdən qardaşımla məni evdə biri-birimizlə güləşdirib və bizə güləşin sadə fəndlərini öyrədib. Həmişə atamla evdə televizorun qarşısında oturub güləş yarışlarına tamaşa edirdik. Anam evdar qadındır. Ali məktəbi qurtarsa da, atam işləməyinə razı olmayıb. Anamın ən böyük vəzifəsi Yaşarı və məni böyüdüb tərbiyə etmək olub. Düzdür, qardaşımla mən yarışlarda iştirak edəndə anam çox narahat olur, özünə yer tapmır. Amma bilir ki, bu iş bizim ürəyimizcədir. Məndən iki yaş böyük olan qardaşım Yaşar 57 kq çəkidə çıxış edir. Keçən il Avropa çempionatına gedəndə hamı məndən qələbə gözləyirdi. Amma elə oldu ki, Yaşar bu yarışda bürünc medal qazandı, mən isə medalsız qaldım. Yaşar 2014-cü ildə keçirilən Azərbaycan çempionatının qalibidir.


"Namiq Abdullayev mənim idealımdır”


- Hacı, kimi özünə ideal seçmisən?

- Bizim yaşımızda olan uşaqlar cizgi filmlərinə baxanda Yaşarla mən güləş yarışlarını, Azərbaycan güləş ustalarının çıxışlarını izləyirdik. Atlanta-1996 Olimpiadasının gümüş, Sidney-2000 Olimpiadasının isə qızıl mükafatçısı Namiq Abdyullayev bizim idealımız idi. Onun iştirak etdiyi yarışları video ilə izləyir, Olimpiya çempionumuza bənzəməyə çalışırdıq. Namiq Abdullayevin bir idmançı kimi məşq rejimi məni həmişə özünə çəkib. Həmişə Olimpiya çempionumuzu özümə örnək, nümunə götürmüşəm. O, müstəqil Azərbaycanın ilk Olimpiya çempionlarındandır.


- Orta məktəbdə necə oxumusan?


- İdmanla bərabər dərsləri çatdırmaq və bunların hər ikisinə vaxt ayırmaq mənim üçün çətin idi. Buna görə də, dərslərimi yaxşı oxumamışam. Amma güləşlə məşğul olduğuma görə sinif yoldaşlarım arasında seçilirdim.

- İlk məşqçilərin kim olub?

- Mən 4-5-ci sinifdə oxuyanda ailəmiz Naxçıvandan Bakıya köçdü. Paytaxta köçdükdən sonra Yaşar da, mən də Xırdalan güləş məktəbinə yazıldıq. Mənim ilk məşqçilərim Elman Əzimzadə və Qırxlar Bədəlovdur. Peşəkar idmanda qazandığım nailiyyətlərə görə, mən bu insanlara minnətdaram. Güləşdə uğur qazanmağımda məşqçilərimizin çox böyük rolu var. Yaşar da, mən də 12 ildən çoxdur ki, bu insanların yanında məşq edirik.


- Daşkənddə keçirilən dünya çempionatı sənin üçün çətin olmadı ki?

- Yarışın əvvəlində ukraynalı Vasili Şuptara, sonra polyak Kriştof Byenkovskiyə, daha sonra moldovalı Andrey Perpelitaniyaya vaxtından əvvəl və böyük xal fərqi ilə qalib gələrək yarımfinala çıxdım. Yarımfinalda Kuba idmançısı Bonne Rodrigesə qalib gəldim. Finalda iranlı Məsud Esmailpurjubari ilə qarşılaşdım. İran idmançısı ilə görüşü çoxdan gözləyirdim. Çünki 2013-cü ildə keçirilən dünya çempionatında bu idmançıya uduzmuşdum və bunu özümə bağışlaya bilmirdim. Bakıdan Daşkəndə gedəndə evdə də, məşqçilərimə də söz vermişdim ki, bu idmançıya mütləq qalib gələcəyəm.


"Bu sözlər mənə çox ağır gəldi”


- Yarışlarda erməni güləşçi ilə qarşılaşmısan?

- İndiyə qədər iki dəfə döşək üzərində erməni ilə üz-üzə gəlmişəm. Bu görüşlərin ikisi də ötən il olub: Bolqarıstanda keçirilən Avropa çempionatın yarımfinalı və Almaniyada təşkil edilən Qran-pri yarışlarının finalı. Onların hər ikisinə qalib gəlmişəm. İkinci görüş daha çox yadımda qalıb. Belə ki, yarışda çəkimdən artıq çıxış edirdim. Erməni rəqibim Avropa və dünya birincisi idi. Məşqçilərim yarışdan əvvəl çəkimi aşağı salmağa icazə vermədilər və mənə dedilər ki, uduzsan da, eybi yoxdur, onunla mübarizə apar. Düzü, bu sözlər mənə çox ağır gəldi. Güləş xalçası üzərinə çıxıb erməni rəqibimin əlini sıxanda əmin oldum ki, onu mütləq məğlub edəcəyəm. Belə də oldu. Ona 7:2 hesabı ilə qalib gəldiyim an gözlərimin önünə düşmən tapdağı aldında qalan torpaqlarımız, evindən, elindən-obasından didərgin düşən soydaşlarımız gəldi.

- Yeri gəlmişkən, haqsızlığa qarşı necə mübarizə aparırsan?

- Müqəddəs dinimizdə də buyurulur ki, səbr edin ki, Allah səbr edənlərlədir. Çalışıram ki, əksər hallarda hisslərimi cilovlayım və mənə edilən haqsızlığa qarşı əlverişli imkanı gözləyim. Deyirlər, uca Tanrı heç kəsin haqqını heç kəsdə qoymur. Bəziləri haqsızlıq görəndə həyatdan küsürlər, amma bəziləri daha da mətin və mübariz olurlar. Düşünürəm ki, mən ikincilərdənəm. İnsanın iradəsi, xarakteri burada mühüm rol oynayır.


- Yəqin ki, sənin də ən böyük arzun Olimpiya çempionu olmaqdır...

- Olimpiya çempionu olmaq idmançıdan işgüzarlıq, peşəkarlıq, prinsipiallıq tələb edir. Bu zirvəyə çaytmaq üçün iradə mühüm şərtdir. Böyük uğurlar qazanmaq, yaddaqalan nailiyyətlər əldə etmək üçün çox çalışmaq lazımdır.

"İstəyirəm ki, Avropa Oyunlarında birinci yeri tutum”

14 ildən artıqdır ki, güləşlə məşğul oluram. Bu illər ərzində çətin günlərim, yuxusuz gecələrim çox olub. Qarşıdan Avropa Oyunları gəlir. Bu yarış ölkəmizdə keçirildiyindən bizdən böyük məsuliyyət tələb edir. İstəyirəm ki, Avropa Oyunlarında birinci yeri tutum. 2016-cı ildə isə bizi Braziliyada təşkil ediləcək XXXI Yay Olimpiya Oyunları gözləyir. Olimpiya çempionu olmaq ən böyük arzumdur. Böyük uğurlar və nailiyyətlər əldə etmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi idmanda da böyük irəliləyiş var. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi öz köməyini bizdən əsirgəmir, məşq etməyimiz və yarışlarda yaxşı nailiyyətlər qazanmağımız üçün əllərindən gələni edirlər. İdman bazası var, məşqçi var, hər bir şərait yaradılıb. İdmançıya bundan artıq daha nə lazımdır?

Azərbaycanda idmana, Olimpiya Hərəkatına xüsusi diqqət göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan idmanının şöhrəti indi hər yerə yayılıb. İdmançılarımız Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğurlu nəticələr qazanırlar.


- Hacı, karyerana son qoymaq barədə düşünmürsən ki?

- Olimpiya çempionu olduqdan sonra bu barədə düşünmək olar. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra mənim hardasa 25 yaşım olacaq. Görsəm ki, gənc güləşçilər arasında istedadlı, perspektivli idmançılar yetişir, onlara güzəştə getməyə hazıram. Belə gənclərin qarşısından çəkilməyə dəyər. Görsəm ki, mənə ehtiyac var, o zaman növbəti olimpiadaya hazırlaşacağam.

- Məşq rejimi necə qurulub: hər gün məşq edirsiniz?

- Demək olar ki, hər gün məşq edirik. Yığmada məşq zamanı səhər saat 8-də gəzintimiz olur. 11.30-da məşq başlayır, sonra saat 6-da olur. Gün ərzində iki dəfə məşq edirik.


"Hazırda əsas hazırlığımız Avropa Oyunlarına yönəldilib”


- Avropa Oyunlarına hazırlıqla bağlı nə deyə bilərsən?


- Ölkəmiz 2015-ci ildə tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. Paytaxtımızda təşkil olunacaq bu yarışa yüksək səviyyədə hazırlıq gedir. Dövlət başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin bu yarışa uğurla ev sahibliyi etməsi, respublikamıza göstərilən etimadı doğrultması üçün mühüm işlər görülür. Biz idmançılardan da böyük məsuliyyət tələb olunur. Biri var ki, başqa ölkədə öz idman imkanlarını nümayiş etdirəsən, biri də var ki, öz evində, öz ölkəndə sözünü deyəsən. Ölkə başçısı tərəfindən yaradılan şərait idmanımızın inkişafına yönəldilib.
Hazırda əsas hazırlığımız Avropa Oyunlarına yönəldilib. Bu yarışda Avropadan olan idmançılar iştirak etdiyi üçün bütün rəqiblərimi tanıyıram. Düşünürəm ki, bu Oyunlarda güclü rəqibim Rusiya idmançısı olacaq. O, 61 kq çəki dərəcəsində güclü 2-3 idmançıdan biridir.
Avropa Oyunlarına hazırlıqla bağlı Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışlarına yola düşürük. Düşünürəm ki, bu mötəbər yarışda öz sözümüzü deyə biləcəyik.


- Legionerlərə münasibətini bilmək maraqlı olardı.

- Komandaya başqa ölkələrdən idmançıların dəvət olunması təcrübəsi bütün dünyada mövcuddur. Öz ölkəsində zəif, nəticəsi olmayan idmançılar kənarda qalaraq, başqa ölkələrə üz tuturlar. Düşünürəm ki, heç bir ölkə güclü idmançısını başqasına verməz.


- Hansı yeməklərə üstünlük verirsən?

- Həmişə formada qalmaq üçün yağlı, duzlu yeməklərdən çəkinirəm. Amma ürəyim istədiyi yeməkləri yeyirəm. Ən çox xoşladığım yarpaq və kələm dolması, bir də səbzi-plovdur. İdmançı üçün çəkini qoruyub saxlamaq çox mühüm şərtdir.


- Həcc ziyarətinə getmək istərdinmi?

- İslam dininə, onun şərtlərinə böyük hörmətim var. Artıq 4-5 ildir namaz qılıram, ibadət edirəm. Həccə getmək hər bir müsəlmanın arzusudur. Arzularımdan biri də müqəddəs torpağı ziyarət etməkdir. Düşünürəm ki, insan bu dünyada nail olduqlarına, qazandığı qələbələrə görə şükür etməlidir. Namaz qılmaq insanı pis vərdişlərdən çəkindirir.


- Güləşdən başqa, hansı idman növlərinə maraq göstərirsən?

- Futbolu çox sevirəm. Güləşçi olmasaydım, çox güman ki, futbolu seçərdim. Boş vaxtımız olanda uşaqlarla həvəslə futbol oynayırıq. Yeri gəlmişkən deyim ki, məhz Kriştano Ronaldoya görə "Real Madrid”ə azarkeşlik edirəm.


- Hansı insanların əhatəsində özünü sərbəst hiss edirsən?

- Hər bir insanın özünə görə çevrəsi, dostları, həmkarları olur. Yığmanın üzvlərindən Cəbrayıl Həsənov, Emin Əzizov, Əşrəf Əliyev, Ağahüseyn Mustafayev, İbrahim Yusifov kimi idmançılarla bir komandada olduğuma görə özümü xoşbəxt hiss edirəm.


- İnsanlarda ən çox bəyəndiyin keyfiyyətlər hansıdır?

- Sadə, səmimi insanları xoşlayıram. Məncə, düzlük, etibar, inam insana xas olan gözəl keyfiyyətlərdir. Mən belə insanlarla ünsiyyətdə özümü rahat hiss edirəm. Etibarsız, sözü ilə əməli düz olmayanlardan həmişə uzaq olmağa çalışıram.

- Kimlərlə dostluq edirsən?

- Dostluq insana məxsus olan gözəl keyfiyyətlərdən biridir. Deyirlər, dostlar dar gündə sınanar. Mənim də inandığım, etibar etdiyim həqiqi dostlarım var.


- Hansı Azərbaycan filmlərinə baxmısan?

- Komediya filmlərini xoşlayıram. "Bəyin oğurlanması”, "Yol əhvəlatı” filmlərinə sevə-sevə baxıram. "Onu bağışlamaq olarmı” filmini orada səsləndirilən "Bahar” və Tərlanın ifa etdiyi mahnıya görə seyr edirəm. Tofiq Quliyevin bəstələdiyi bu mahnılar insanı başqa aləmə aparır.


"Xalq mahnılarını daha çox bəyənirəm və yeri gələndə ifa da edirəm”


- Eşitdiyimizə görə, sənin gözəl müsiqi duyumun var...


- İnsan həyatı musiqiyə bənzəyir. Bəzən asta, həzin, bəzən ritmik, şən notlara köklənirik. Musiqini sevməyən insan tanımıram. Uşaqlıqdan musiqini çox sevirəm. Xalq mahnılarını daha çox bəyənirəm və yeri gələndə ifa da edirəm. "Yaralıyam”, "Ala göz”, "Sarı gəlin”, "Küçələrə su səpmişəm” mahnıları ürəyimcədir.


- 2015-ci ildə xalqımıza nə arzulayırsan?

- Yeni ildə ölkə Prezidenti başda olmaqla, bütün Azərbaycan xalqına, eləcə də, ölkənin idman ictimaiyyətinə cansağlığı və gələcək işlərində uğurlar arzulayıram. Qoy, 2015-ci il hamımız üçün uğurlu başlasın və ölkəmizin idman həyatında yaddaqalan illərdən olsun.


http://olimpnews.az/5426/get+Hac%C4%B1+%C6%8Fliyev%3A+%26%2334%3BOlimpiya+%C3%A7empionu+olmaq+%C9%99n+b%C3%B6y%C3%BCk+arzumdur%E2%80%9D#.VK0auiuUdxX




Oxu 4524 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW