AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.12.2014 18:51

Namiq Abdullayev nümunəsi – Gənclərə örnək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
O, həm tatami üzərindəki çıxışları, həm də həyatdakı davranışları ilə gənclərimizə yol göstərir

Azərbaycanlılar həmişə fərdi idman növlərində başqalarından fərqləniblər. İstən SSRİ dövründə, istər də müstəqillik illərində dünya və Avropa çempionatlarında, olimpiadalarda əsas uğurlarımızı fərdi idman növlərində qazanmışıq. Bu, artıq ənənə halını alıb. Əsas medal ümidlərimiz də məhz fərdi idman növlərində yarışan idmançılarımız olub. 
Fərdi idman növlərində isə güləş azərbaycanlı idmançıların özlərini suda balıq kimi hiss etdiyi növlərdəndir. Ta qədimdən Azərbaycan güləşçiləri həmişə öz adlarından söz etdirməyi bacarıblar. İstər sərbəst, istərsə də Yunan-Roman güləşçiləri arasında bütün dünyada adından söz etdirməyi bacarmışıq. Azərbaycan güləşçiləri arasında öz adından söz etdirməyi bacaranlardan biri də Namiq Abdullayevdir. Ötən əsrin 90-cı illərində adı dillər əzbəri olan bu oğlan öz həyat yolu, karyerası ilə həyatını idmana bağlamaq istəyən istənilən gənc üçün örnək ola bilər. 

Futboldan güləşə

Müstəqil Azərbaycanın olimpiya hərəkatının bayraqdarlarından olan Namiq 4 yanvar 1971-ci ildə Bakıda anadan olub. Əslən Xızıdadır. Çoxuşaqlı ailədə böyüyüb. Dörd bacı, beş qardaş olublar. 1978-ci ildə Bakının Nəsimi rayonunda yerləşən 19 nömrəli orta məktəbin I sinfinə gedib.
1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakultəsinin qiyabi şöbəsini bitirib.
Uşaqlıq illərini xatırlayan Namiq deyir ki, bütün uşaqlar, xüsusən də oğlanlar kimi çox dəcəl olub. Uşaq yaşlarından idmana maraq göstərib. Amma balaca vaxtı əsasən futbola, bir də qaçmağa çox həvəs göstərib. «İdman sahəsində ilk seçimim də futbol olmuşdu. Hələ üçüncü sinifdə oxuyanda bir müddət futbol məşqlərinə getmişəm. Məktəbimiz üçüncü mikrorayonun ərazisindəydi. Geniş stadionumuz vardı. Orada bacarıqlı məşqçilər biz məktəblilərlə məşğul olurdu. İndi səbəbini özüm də bilmirəm, amma o vaxt valideynlərim futbolla məşğul olmağıma nədənsə qəti etiraz etmişdilər. Məktəbdə futbol, evə qayıdandan sonra həyətdə futbol... dərs kitablarını oxumağa lap az vaxt qalırdı. Yəqin ki, valideynlərimi də narazı salan məhz elə bu amil idi. İndinin özündə də futbola marağım qalır» - deyir Namiq.
Amma sonradan seçimi güləş olub. Bu da təsadüfi deyil. Əminliklə demək olar ki, güləş bacarıqları ona irsən keçib. Dayısı eldə-obada tanınan pəhləvanlardan olub. Əmisi oğlu Elxan Abdullayev də güləşlə məşğul olub. Qardaşı Arif Abdullayevin də seçimi güləş olub. Namiqin idmanla məşğul olan qohumları da yarışlara qatılıb, Azərbaycan çempionu olub, beynəlxalq turnirlərdə iştirak ediblər. Onlardan məşqçi olanları da olub. Həm Namiqə, həm də qardaşı Arifə güləşlə məşğul olmağı əmisi oğlu Elxan təklif edib. Onun məsləhəti ilə hər ikisi Əməkdar məşqçi Vahid Məmmədovun rəhbərliyi altında güləşin fəndlərini, texnikasını öyrənməyə başlayıblar. 

Saymaqla bitməyən titullar

Keçmiş SSRİ və beynəlxalq idman ustası, Azərbaycan əməkdar idman ustası, polis polkovnik-leytenantıdır. İlk uğurunu 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirində qazanan Namiq daha sonra bir çox uğurlarla yanaşı, Avropa və Olimpiya çempionu adını qazanıb.
Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarından hesab olunur. Uzun illər olimpiya yığmamızın kapitanı olan güləşçi daim öz qələbələri ilə idmansevərlərə sevinc bəxş edib. Abdullayev güclü məktəb keçdiyini, yığmamızın lideri olduğunu Avropa və dünya çempionatlarında bir daha sübut edib. 2000-ci ildə Sidneyə kapitan kimi yollanan Namiq Olimpiya oyunlarının açılışında apardığı bayrağa layiq yarışıb. Olimpiya çempionu və digər məsul yarışların qalibi kimi Azərbaycanın idman tarixinə düşən Namiqin xidmətləri yüksək qiymətləndirilib O, Azərbaycanın "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif olunub.
Namiq Abdullayevin karyerası nailiyyətlərlə zəngindir. Onun müxtəlif idman yarışlarında əldə etdiyi medallar böyük bir muzeyin eksponatı ola bilərlər.

Bəstəboy güləşçimiz

Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının qızıl, Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunları olimpiadasının gümüş mükafatçısıdır. Üçqat Avropa çempionu, Dünya birinciliyinin gümüş mükafatçısıdır.
Karyerasının ilk illərindən onun qabında nəyinsə olduğu məşqçilərin diqqətini cəlb etmişdi. Məşqlərdə həvəslə çalışan, bütün tapşırıqlarını can-başla icra edən Namiq elə qatıldığı ilk turnirlərdəcə nəticə verməyə başladı. Onun ilk titulu 1988-ci ildə Olimpiya Ümidi Beynəlxalq turnirinə təsadüf etdi. Bir il sonra - 1989-cu ildə Namiq SSRİ birinciliyində II yeri tutdu. O vaxtlar SSRİ birinciliyində rəqabət çox güclü idi. Bu baxımdan SSRİ çempionatının mükafatçısı olmaq artıq Dünya və Avropa çempionatlarında uğurun qapısının açılması idi. Belə də oldu. Namiq 1990-cı il Kanadada SSRİ yığma komandasının tərkibində Dünya Kuboku yarışında 1-ci yeri qazanaraq ilk beynəlxalq titulunu qazanmış oldu. 1991-ci ildə SSRİ birinciliyindəki nəticəsini daha da yaxşılaşdıraraq 1-ci yerə çıxdı. Xoşbəxtlikdən Namiqin əsas uğurları müstəqil Azərbaycan bayrağı altında çıxış etdiyi illərə təsadüf etdi. O, 1994 və 1995-ci illərdə İtaliya və İsveçrədə keçirilən Avropa çempionatlarında birinci oldu. 1994-cü ildə Dünya çempionatında yalnız final görüşündə uduzaraq gümüş medal aldı. 1996-1997-ci illərdə Budapeşt və Varşavada keçirilən Avropa çempionatlarında da adından söz etdirərək mükafatçılar sırasına düşdü (2-ci və 3-cü yer). 
Namiq Abdullayevin karyerasında olimpiadaların xüsusi yeri oldu. O, 1996-cı ildə ABŞ-da keçirilən Atlanta Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandırdı. 4 il sonra - 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında isə inamlı qələbə qazanaraq birinci yeri tutdu və ölkəmizə olimpiya qızılı bəxş etdi. Belə ki, o, Sidneyə kapitan kimi yollanıb bu adı doğrultmağı bacarmışdı. Bundan sonrakı illərdə də Namiq Azərbaycan güləşinin inkişafı üçün əlindən gələni etdi. Aldığı zədələrə, yaşının artmasına baxmayaraq təcrübəsi ilə uğur qazanmağa çalışdı. 2002-ci ildə Dünya çempionatının gümüş medalçısı, 2003-cü ildə Avropa çempionu, 2004-cü ildə Dünya Kubokunun qalibi, 2006-cı ildə Dünya çempionatının bürünc medalçısı, 2006-cı ildə Avropa çempionatının gümüş medalçısı oldu. 2008-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" beynəlxalq turnirinin gümüş medalçısı olan Namiq karyerasını yalnız 2009-cu ildə bitirdi. O, həmin ilin 18 iyulda Bakı İdman Sarayında təşkil olunan Qızıl Qran-Pri turnirinin final mərhələsində alqışlarla yola salındı.

Gənc idmançılara tövsiyələri

Namiq təkcə idmandakı uğurları ilə deyil, həm də davranışı, həyat tərzi ilə başqalarına nümunə olub. Özü xatırlayır ki, heç vaxt rastlaşdığı problemləri qolunun gücü ilə həll etməyə çalışmayıb. O deyir ki, idmançının hər zaman qollarında gücü var. Bu gücü isə təyinatı olmayan yerdə sərf etmək suçdur. Ona görə də bütün idmançılar çalışıb hər kəsdən daha çox səbirli olmalıdırlar. Onun gənc idmançılara verdiyi məsləhətlər də faydalıdır: «İdmançı oldunsa, hamı kimi həyatını, asudə vaxtlarını öz istədiyin kimi keçirə bilməzsən. İdmanın öz tələbləri, öz məhdudiyyətləri var. Üstəgəl əzilmələr, sınmalar, çatlar, zədələr hər zaman mümkündür və biz idmançılar buna da hər zaman hazır olmalıyıq. Əgər dünya, olimpiya, Avropa çempionu olmaq barədə fikirləşirsənsə, digər yaşıdlarından fərqli olaraq günlərini, saatlarını məşqlər üçün səmərəli surətdə bölməlisən. Ən azı, gündə iki dəfə məşq minimumdur. Fikrin - zikrin öz üzərində işləmək olmalıdır».

Həyat prinsipi: heç vaxt məğlubiyyətlə barışma

Namiq heç vaxt məğlubiyyətlə barışan idmançı olmayıb. Özünün də dediyi kimi həmişə uduzduqdan sonra etdiyi səhvləri, texniki yanlışlıqları düzəltmək, yeni yarışlara daha əzmlə qatılmaq barədə düşünüb: «Fikirləşmişəm ki, əgər bu yolu seçmişəmsə, yalnız qələbəyə doğru irəliləməliyəm. Qalib gəlmək bir vəzifədir, biz idmançıların boyuna biçilib».
Namiq Abdullayev bu gün də aktiv fəaliyyətdədir. İndi o, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Daxili Qoşunların İdman Komandasının rəisi vəzifəsində çalışır. Paralel olaraq həm də Milli Olimpiya Komitəsində İcraiyyə Komitəsinin, Gənclər və İdman Nazirliyində fəxri adlarla bağlı komissiyanın üzvüdür. Həmçinin Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. Öz təcrübəsini gənclərə və yeniyetmələrə öyrətməkdən yorulmur.

http://kaspi.az/news.php?id=17874

Oxu 3317 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW