AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
23.09.2014 18:03

Firdovsi Umudov: Dövlətimiz tərəfindən idmançılarımıza yüksək qayğı var

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız bütün mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edir, medal və mükafatlarla Vətənə dönürlər. Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətinin nəticəsidir. Sonuncu belə uğurumuz Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında keçirilən güləş üzrə dünya çempionatında qeydə alınıb. Məhz elə bu dünya çempionatını dəyərləndirmək, gələcək plan və perspektivləri öyrənmək üçün Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən 2012-ci ilin ən yaxşı məşqçisi elan edilən, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudovla həmsöhbət olduq.
- Firdovsi müəllim, bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında keçirilən güləş üzrə dünya çempionatında idmançılarımızın əldə etdikləri nəticələri necə qiymətləndirirsiniz?
- Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya çempionatı komandamızın uğurlu çıxışı ilə yaddaşlara həkk olunub. Çempionatda rəqabət həddindən artıq güclü idi. Əgər bir neçə çəkidə idmançılarımız zədə problemi ilə üzləşməsəydilər, medalların sayı daha çox ola bilərdi. Sərbəst güləş üzrə yarışlarda Cəbrayıl Həsənov (74 kq) və Cəmaləddin Maqomedov (125 kq) zədə üzündən yarışa qatıla bilmədilər. Çempionata 3 gün qalmış Cəbrayılın çiynindən ciddi zədə alması bizi çox məyus etdi. Qeyd etmək lazımdır ki, həmin idmançımız medala ən iddialılardan idi və dünya çempionatının finalınadək əminliklə irəliləyə bilərdi. Bildiyiniz kimi, Azərbaycan komandası 104 ölkə arasında 4-cü pillədə qərarlaşdı. Daha bir medalımız olsa idi, ilk üçlükdə də yer ala bilərdik. Komandamız üçüncü pillədə qərarlaşan Türkiyə millisindən 5-6 xal fərqi ilə geri qaldı. Xatırladım ki, keçən il komandamız ilk onluğa daxil ola bilməmişdi.
Budəfəki dünya çempionatında Hacı Əliyev yüksək səviyyəli güləş nümayiş etdirərək qızıl medal qazandı. O, keçən il məğlub olduğu iranlı rəqibinə bu il qalib gələrək ondan güclü olduğunu sübuta yetirdi. İdmançımız bütün görüşlərini böyük əzmkarlıq və özünəinam hissi ilə başa vurdu. Hacının yarımfinalda qarşılaşdığı Kuba güləşçisi güclü rəqiblərdən idi. Finalda üz-üzə gəldiyi İran təmsilçisi isə Asiya çempionu, dünya çempionatının mükafatçısı idi. Xatırladım ki, Hacı ilk üç görüşdə rəqiblərini tam üstünlüklə məğlub etdi. Final görüşündə də o, bunu edə bilərdi. Amma həlledici qarşılaşma olduğundan güləşçimiz ehtiyatı əldən vermədi. Görüş gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, idmançımız yekunda 12:6 hesabı ilə rəqibi üzərində inamlı qələbə qazandı.
Dünya çempionatının gümüş medalını qazanan Xetaq Qazyumov finalda yalnız hücum taktikasına üstünlük verdi. Bu görüşdə qələbə hakimin qərarı ilə müəyyənləşdi. Mən deyərdim ki, burada bəxt amili də rol oynadı. Xetaq əvvəlcədən taktiki gedişləri fərqli şəkildə qursa idi, üstünlük onun tərəfində olardı.
- Bu gün Azərbaycanda idmana diqqət və qayğı hansı səviyyədədir?
- Hər şeydən öncə onu qeyd etməliyəm ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün öz bəhrəsini verməkdədir. Hamımızın yadındadır ki, dövlət müstəqilliyimizin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən xaos və anarxiya ucbatından idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq biz idmançılar tədricən möhtəşəm qələbələrə imza atdıq. Hər dəfə Ulu öndər Heydər Əliyev bizi qəbul edir, bizə Öz tövsiyələrini verirdi. Bu isə bizə xüsusi stimul verirdi. Dövlətimizin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin həmin ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı.
Bu tarixi seçim Ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi. Ulu öndərin layiqli davamçısı olan cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətləndi. Bu gün hər bir idmançı dövlətinin, dövlətçiliyinin, Prezidentinin yanındadır. Biz qazandığımız hər bir uğura görə Ona, Onun bizə göstərdiyi diqqətə və qayğıya borcluyuq.
- Firdovsi müəllim, yüksək nəticələr əldə etmək üçün əsas şərtlərdən biri güclü maddi-texniki bazanın olmasıdır. Bu sahədə ölkəmizdə vəziyyəti necə qiymətləndirmək olar?
- Bildiyiniz kimi, ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Həmin davamlı addımların məntiqi nəticəsi kimi bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Bu gün ölkəmizdə inşa olunan, ən müasir standartlara cavab verən müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Onu da qeyd edim ki, güləş idman növü üzrə də yüksək standartlara cavab verən bazalarımız var. Azərbaycan Güləş Federasiyasına 2007-ci ildə yeni rəhbərlik seçildikdən sonra bu istiqamətdə böyük işlər görülüb. Federasiyanın prezidenti Fazil Məmmədovun rəhbərliyi ilə nəinki Bakı şəhərində, bölgələrdə də infrastrukturun inkişafı yönündə ciddi addımlar atılır. Təkcə Bakı şəhərində bizim yığma komandamızın istifadə etdiyi zalın dünyada analoqu yoxdur. Əlbəttə ki, şərait olmayan yerdə biz heç vaxt nəticə qazana bilmərik. Sevindirici haldır ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi hər zaman bizimlə bir yerdədir və Avropa çempionatında da, başqa yarışlarda da federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev nümayəndə heyətinə rəhbərlik edir. Bizim üçün olduqca qürurverici bir haldır ki, onlar hər zaman idmançılarla maraqlanırlar, hətta məşq prosesində bizimlə bir yerdə olurlar. Yarışlarda onların dəstəkləri idmançılarımızda olduqca böyük ruh yüksəkliyi yaradır, yeni-yeni qələbələrə səsləyir.
Dövlətimiz tərəfindən idmançılarımıza yüksək qayğı var, etimad göstərilir, idmançılarımız da bu etimadı doğruldaraq yaxşı nəticə göstərməlidirlər və göstərirlər də.
- Firdovsi müəllim, komandamızı qarşıda hansı yarışlar gözləyr?
- Qazandığımız heç bir uğur bizi əsla arxayın salmır. Qarşıda bizi bir çox gərgin yarışlar gözləyir. Hazırda biz oktyabr ayında keçiriləcək beynəlxalq turnirə hazırlaşırıq. Noyabrda isə Avropa Millətlərarası Kuboku yarışı olacaq. Böyüklərdən ibarət heyətə, həmçinin, gənclər arasında mötəbər yarışlarda fərqlənən perspektivli idmançıları cəlb etmişik. Onları da qarşıdakı beynəlxalq turnirlərdə yoxlamadan keçirəcəyik. Gənclər arasında istedadlı idmançılarımızın olması onu göstərir ki, güləşdə ehtiyat qüvvə kifayət qədərdir. Böyüklərdən ibarət yığma üzvləri ilə gənclərin birgə təlim-məşqlərdə iştirakı onların püxtələşməsinə şərait yaradır. Olimpiya çempionumuz Toğrul Əsgərov, Avropa və dünya çempionumuz Hacı Əliyev ən güclü idmançılarla məşq edərək yetişiblər. Son dövrlərdə ağır çəkilərdə də inkişaf var. Nankində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında İqbal Hacızadənin ağır çəkidə çempion adını qazanması bunu bir daha təsdiqləyir.
Bundan başqa, gələn il ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunlarında və 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyik. Hacı Əliyev, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, Şərif Şərifov Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edə biləcək idmançılarımızdandır. Olimpiya Oyunlarına lisenziya verən ilk turnir gələn ilin sentyabrında ABŞ-da keçiriləcək dünya çempionatı olacaq. Məşqçilər heyəti ilə birgə hər çəkidə 2-3 namizəd idmançı hazırlamağı nəzərdə tuturuq. Bu ilin dekabr ayında güləş üzrə ölkə çempionatı keçiriləcək. Bu yarışda yığmanın heyəti yenidən müəyyənləşəcək. Avropa Oyunları və dünya çempionatına çox az vaxt qalıb. Bu yarışlara qədər idmançılarımız təlim-məşqlərdə, müxtəlif beynəlxalq turnirlərdə və ABŞ-da keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar. Hazırda zədəli idmançılarımız bərpa prosesini keçir və zədələrini sağaltdıqdan sonra onlar ciddi məşqlərə cəlb olunacaqlar. Ölkə çempionatından sonra Azərbaycan Güləş Federasiyası tərəfindən təlim-məşq prosesinin, eləcə də, güləşçilərimizin iştirak edəcəkləri yarışların proqramı tam müəyyənləşəcək. Çalışacağıq ki, yenə bayrağımız ən yüksək pillələrdə dalğalansın, ali kürsüdən himnimiz səslənsin. Güləşçilərimiz də bunun üçün mübarizə aparırlar.

http://yeniazerbaycan.com/Idman_e17950_az.html
Oxu 2852 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW