AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
19.09.2014 15:11

“... Öldürmək haqqında düşünmək lazımdır”

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudovun “Qafqazinfo”ya müsahibəsi

- Əvvəlcə, Özbəkistanda keçirilən dünya çempionatı ilə bağlı danışaq. Milli komandamız istənilən yarışda favorit qismində göstərilsə də, bu dünya çempionatında 1 qızıl və 1 gümüş qazandı. Bu nəticəni nə dərəcədə qənaətbəxş hesab etmək olar?

-Baxmayaraq ki, medallarımızın say çox ola bilərdi lakin bu medal sayını da qənaətbəxş hesab edirik. Ancaq bizim 3 güləşçimiz ¼ finalda məğlub oldular. Çünki Əşrəf Əliyevdən başqa yerdə qalanların ilk dünya çempionatı idi. Həm də 74 kq çəki dərəcəsində Cəbrayıl Həsənovun çıxışı nəzədə tutulmuşdu. Lakin yarışa üç gün qalmış Cəbrayıl çiynindən zədə aldı. Əsas favoritlərdən, medala namizəd güləşçilərdən biri məhz elə Cəbrayıl idi, ancaq zədəsi ucbatında dünya çempionatında iştirak edə bilmədi. Biz  medal sayını minimum 3, maksimum 4 nəzərdə tutmuşduq. Lakin zədə və bəzi idmançılarımızın təcrübəsizliyi öz sözünü dedi. Bu da güləşdi və güləşdə də zədə hər zaman gözlənilir. 70 kq-da çıxış edən Ruslan Dibirhacıyev baxmayaraq ki, bu yarışa qədər Avropa çempionu olub, lakin Özbəkistanda özünü yaxşı tərəfdən göstərə bilmədi. Təbii ki, səhvlər var və biz bu səhvlər üzərində işləyəcəyik. Dünya çempionatının atmosferi də bir başqa olduğundan idmançılar fərqli çıxış edə bilərlər. Məhəmməd Müslümov da ¼ də məğlub oldu, lakin ilk üç yerdən birinə əsas namizədlərdən biri idi. Ümumilikdə isə komandamızın çıxışını qənaətbəxş hesab etmək olar. Hər yarışdan qabaq da istər məşqçilər korpusu, istərsə də xüsusi psixoloqlar idmançılarımızla söhbətləşir və psixoloji dəstək verilir. İlk növbədə güləşçi özü-özünün həkimi və psixoloqu olmalıdır. Öz gücünə inanmaq və yalnız rəqibi məğlub etmək barədə fikirləşmək lazımdır. Döyüşə gedəndə ölmək haqqında yox, öldürmək haqqında düşünmək lazımdır. Güləş də bir müharibədir, bir döyüş meydanıdır. 

- Demək olar ki, son iki böyük yarışdır ki, Olimpiya çempionlarımızı Toğrul Əsgərov və Şərif Şərifovu görə bilmirik və ya olduqca uğursuz çıxışlarnın şahidi oluruq. Bax bu yoxluq və qeyri-stabilliyi nə ilə əlaqələndirirsiz?

- Olimpiya çempionumuz Şərif Şərifov yeni çəki dərəcəsində çıxış edir. London Olimpiya oyunlarında o, 84 kq-da çıxış etdi və çempion oldu. Hazırda isə çəkisini artırıb 97 kq-da çıxış edir. Olimpiya oyunlarından sonra da Şərif bir çox beynəlxalq turnirlərdə çıxış etdi və yeni çəkidə özünü doğrultdu. Şərif indi Xetaq Qazyumovla bir çəki dərəcəsində mübarizə aparır. Artıq Şərif yeni çəkisinə belə demək mümkünsə, tam oturub. Daha da ciddi uğurlar üçün ona mütaməadi məşq, fiziki hazırlıq lazımdır. İdmançımız təlim-məşq toplanışında da hər zaman iştirak edir, məşqlərini davam etdirir. İndi dekabr ayında bizi ölkə çempionatı gözləyir. Döşək üzərində kim qalib gəlirsə, həmin idmançı da dünya çempionatında iştirak edir. Axırıncı yarışda Şərif Şərifov Xetaq Qazyumovla yarışdı və Xetaqa məğlub oldu. Buna görə də Özbəkistandakı dünya çempionatına Şərif yox, Xetaq getdi.Toğrul Əsgərova gəldikdə isə bəli, Toğrul Olimpiya oyunlarından sonra məşq proseslərinə ara verdi. Bu da səhhəti və şəxsi problemləri ilə bağlı olan məsələlərə görə idi. Bir müddət mədəsindən müalicə aldı.Bundan sonra Toğrul yeni çəki dərəcəsinə keçdi və Avropa çempionatında iştirak etdi. Lakin çox insan bilmir bəzi şeyləri və buna görə idmançıları mühakimə edirlər. Toğrulun ata əvəzi, onu böyüdən insan həmin ərəfədə vəfat etdi. Bax, bütün bunları nəzərə alsaq, Toğrulun Olimpiyadadan sonra bir qədər axsadığını başa düşmək olar. Çünki bunlar hamısı psixoloji amillərdir ki, bir başa idmançıya təsir edir. Buna görə də Avropa çempionatında uğursuz çıxış etdi. Daha sonra Bolqarıstanda keçirilən təlim-məşq toplanışında ayağından ciddi zədə aldı və dizindəki bağ qırıldı. Dərhal federasiyaya bu barədə məlumat verildi və əməliyyat olunmasına qərar verildi. Toğrul artıq əməliyyatdan sonra bərpa prosesi keçir. Hər bir idmançının idman taleyi öz əlindədir. İdmançı əziyət çəksə, qarşısına məqsəd qoysa. O insan kimliyindən, titulundan asılı olmayaraq, hər zaman yığma komandada yer alacaq. Əvəzolunmaz güləşçi yoxdur. Baxın 60 kq çəki dərəcəsində Toğrul Olimpiya çempionu oldu, lakin bu gün artıq 61 kq çəki dərəcəsində Hacı Əliyev dünya çempionudur. Dövlətimiz tərəfindən idmanımıza, güləşə böyük diqqət ayrılır və bu diqqətin qarşılığını vermək idmançıların öz əlindədir.

- Bəs necə olur ki, biz artıq neçənci beynəlxalq yarışdır ki, bir neçə güləşçinin stabil çıxışının şahidi oluruq. Məsələn, Xetaq Qazyumov, Mariya Stadnik və bir neçə başqa güləşçi ardıcıl olaraq beynəlxalq yarışlarda iştirak edirlər və medalçılar sırasına düşürlər. Yuxarıda sadaladığınız problemləri, çəki dəyişmək və psixoloji amilləri bu idmançılar da yaşayır axı...

- Xetaq Qazyumov artıq öz çəkisinə öyrəşib. Bir neçə ildir ki, eyni çəki dərəcəsində çıxış edir. Əgər Xetaq çəkisini dəyişib 125 kq-da çıxış etmək istəsə, onda da problemlər yaşanacaq. Biz Toğrul Əsgərovla da bu barədə çox söhbət etmişik ki, sən bax əvvəlki dünya, Oimpiya çempionlarına, yaxşı idmançılardan örnək götür. Çünki sən artıq yeniyetmələrimizə, gənclərimizə nümunə olmalısan.Yenə deyirəm bütün bunlar hamısı idmançının özündən asılıdır. Biz heç bir güləlşçini məcbur edə bilmərik. Əgər onun istəyi, güləşmək arzusu yoxdursa, biz bu anda gücsüz qalırıq. Yox əgər idmançı millətini, vətənini, bayrağını sevirsə, uğurlarının davamlı olması üçün can yandıracaq. Uğur qazanmaq istəmirsənsə demək sənin əqidən zəifdir. Bizim qapılarımız hər kəsin üzərinə açıqdır. Güləşmək, uğur qazanmaq istəyən, nizam-intizam qaydalarına riayət edən idmançı hər zaman millinin heyətində olacaq. Digər ölkələrdə iki qat, üç qat Olimpiya çempionları var. Biz də istəyirik ki, bizim də idmançılarımız bu cür uğurlar əldə etsinlər. Bəhanələr gətirmək lazım deyil. Əgər milli komandaya dəvət alımısansa, məsuliyyətli şəkildə məşqlərdə iştirak etməlisən. Mən xəstəyəm, mənim problemlərim var, bunlar hamısı bəhanələrdir.

 - Belə bəhanələrin gətirilməsinə yüksək nəticələr əldə olunandan sonra verilən pul mükafatları, bahalı maşınlar səbəb olmur ki?

- Mən belə deməzdim. Baxın, Namiq Abdullayev Olimpiya çempionu oldu, sonra Avropa çempionuluğunu qazandı. Fərid Mansurov Olimpiya çempionu oldu daha sora iki dəfə dünya çempionluğunu əldə etdi. Həmin idmançılara da eyni şərait yaradılmışdı, indiki idmançılara da eyni şərait yaradılıb. Bəs, necə oldu, həmin idmançıların başgicəllənməsi olmadı, bunlarda oldu. Niyə Xetaq Qazyumovda geriləmə olmur. Deməli, bunların hamısı idmançıların özündən asılıdır. Baş gicəllənməsi oldusa, ulduz xəstəliyinə tutuldunsa, sənin ətrafın, dostların çoxalacaq. Ona görə biz başa salırıq ki, düzgün həyat tərzi sür. Vaxtında yat. Onsuz bizim çox yerdə gözümüz, qulağımız var. Bizə çatdırırlar. Biz də həmin idmançını çağırıb tənbeh edirik və deyirik ki, sən fikirləşmə ki, səndən yoxdur, sən əvəz olunarsan. Ancaq sən talantsan istifadə et bundan.

- Son zamanlarda, ələlxüsus da ki, Özbəkistanda keçirilən dünya çempionatında millinin heyətində çoxlu sayda legioner güləşçi var idi. Öz güləşçilərimiz azlıq təşkil edir deyə, siz bu legionerlər milliyə dəvət edirsiz?

- Mən onlara legioner deməzdim. Artıq həmin güləşçilər 2007-ci ildən etibarən Azərbaycan yığmasının şərəfini qoruyurlar. 7-8 ildir ki, Azərbaycan bayrağı altında çıxış edirlər. Legionerlərin də olması bizim güləşin inkişafından xəbər verir. Xarici güləşçi baxır ki, Azərbaycanda idmana belə diqqət var, inkişaf var, o da gəlir Azərbaycanda güləşmək istəyir. Dünyanın bütün milli komandaların heyətində legioner güləşçilərə rast gəlmək olar. Bizim də qapılarımız bütün idmançıların üzünə açıqdır. Ölkə çempionatında qalib gələn idmançı beynəlxalq yarışlara aparılır. Seçim bizdə çoxdur. Yarışlarda baxırıq kim uğurlu çıxış edirsə, ona şans veririk. Bu il də bizim iki turnirimiz və Avropa kuboku var. Hazırda ona hazırlaşırıq və yenə də medalların sayını artırmağa çalışacağıq.

http://qafqazinfo.az/xeber-olmk-yox-oldurmk-haqqnda-duunmk-lazmdr-t95841.html


Oxu 1471 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW