AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.07.2014 17:46

Gənc, güclü və gülərüz - Portret

  • Çap
  • Email
Materialı qiymətləndirin
(20 səs)
Rəsul Çunayev Yunan-Roma güləşini dünyaya yenidən sevdirir

Azərbaycan güləş məktəbinin çox sayda çempion nümayəndələri var. Onların yaşadıqları zəfərlər xalqımızın sevincinə səbəb olub, bizi dünyaya tanıdıb. Vaxt ötdükcə təcrübəli idmançıları arxadan gələn gənc nəsil əvəzləyir. Sevindirici haldır ki, güləşimizin gələcəyi parlaqdır. Ən nüfuzlu beynəlxalq turnirlərdə qazanılan qələbələrdə yaşı az olan idmançılarımızın imzasının olması bunu deməyə əsas verir. Yunan-Roma güləş məktəbimizin ən perspektivli nümayəndələrindən biri isə Rəsul Çunayevdir. Bu dəfə onun haqda danışacaq, qısa müddətdə dünyanın diqqətini özünə cəlb etməyə bacarmış bu gənci yaxından tanıyacağıq.

Hamını döyən uşaq

1991-ci il yanvar ayının 7-də Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Yenişərif kəndində anadan olan Rəsul, ən kiçik yaşlarından çox dəcəl biri olub. Kənddəki Üzeyir Hacıbəyov adına orta məktəbdə qabağına çıxan hər kəslə dalaşıb, müəllimlərinə başağrısı olub. Yaşıdlarından bir neçə nəfəri birdən döydüyü hallar belə olub. Nə qədər xəbərdarlıq edilsə, cəzalandırılsa da sakit durmayıb. Bu durumun bir çıxış yolu var idi. Onsuz da dərslərini yaxşı oxumayan Çunayev idmanla məşğul olmalı idi. İlk məşqçisi İsmayıl Çöpçiyev Rəsulun gücündən xəbərdar idi və ona güləşə gəlməyi tövsiyə etmişdi. Bir-iki məşqi kənardan izləyəndən sonra 9 yaşlı pəhləvan qərarını verdi: güləşçi olacam!

Tez götürən tələbə

Məktəbdə nə qədər dəcəl olsa da, məşqlərdə bir o qədər bacarıqlı, tez öyrənən biri olub. Yalnız məşqçinin dedikləri ilə kifayətlənməyən, həmkarlarının görüşlərini də izləyib onların zəif və güclü nöqtələrini yadda saxlayan Rəsul, qısa zamanda rayonunun ən güclülərindən birinə çevrildi. 15 yaşında çıxdığı Azərbaycan çempionatında ilk cəhddəcə bürünc medal qazanması artıq çox şeydən xəbər verirdi. Ölkə səviyyəsində gücünü sübut edən Çunayev tezliklə yığma komandanın heyətinə cəlb olunaraq karyerasına start verdi.

Uğurlar yetərincədir

Rəsulun qələbələri ilə öyünməyə tam haqqı var. Qatıldığı az qala hər yarışda çempionluq yaşayan pəhləvanımız, ilk beynəlxalq yarışındaca fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 16 yaşında yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Rəsul uğurlarını dayanmadan davam etdirdi. 2009-u ilin yanvarında Fransadakı beynəlxalq yarışda bürünc medala layiq görülən idmançımız, cəmi 20 gün sonra böyüklər arasında Dünya Kubokunda eyni nəticəni təkrarladı. 18 yaşlı gəncin özündən böyüklər arasında bu nailiyyəti əldə etməsi fəxr ediləsi məqam idi. Böyük perspektivə malik Çunayev, 2010-cu ildə gənclər arasında Avropa çempionu, bir qədər sonra isə dünya çempionatının bürünc medalçısı oldu. Ardınca Tələbələr arasında dünya çempionatının qızılını boynundan asdı. Bir il sonra gənclərdə Avropa və dünya bürüncünü qazanan Rəsul, Bakıdakı Qızıl Qran-Pridə də üçüncü, “Moskou Layts”da ikinci yeri tutdu. 2013-cü il onun üçün daha uğurlu alındı. Əvvəlcə, Türkiyədəki beynəlxalq “Vehbi Emre” turnirinin qalibi oldu, ardınca da Dünya Kubokunda bürünc medal qazandı. Kazan Universiadasında rəqiblərinə sözün əsl mənasında aman verməyən Çunayevin həmin çıxışları yarışlardan hələ uzun müddət sonra müzakirə olundu. Bu qızıl medal ona təkan oldu və o, Bakıdakı Qızıl-Prini də birinci pillədə başa vurdu. Bu il yenidən “Vehbi Emre”nin qalibi olan Rəsul, apreldə Finalndiyadakı Avropa çempionatında gümüş medalla vətənə döndü. Cəmi bir ay əvvəl İranda keçirilən Dünya Kubokunda bürünc medal qazanması da onun sabitlik və güc nümunəsi olmasından xəbər verir.

Böyük əzmkar

Cəmi altı il ərzində bir neçə dünya və Avropa çempionluqları yaşayan Rəsul Çunayevin döyüşləri haqda çox danışmaq olar. Ancaq onlardan biri xüsusilə qeyd edilməlidir. Ötən il Kazandakı Universiadanın final görüşündə rus rəqibini cəmi yarım dəqiqədə məğlub etməsi adi qarşılana bilər. Ancaq bu görüşün tarixçəsi Rəsulun necə böyük əzmkarlıq nümayiş etdirməsi, həmçinin çox bacarıqlı taktik olduğunu göz önünə qoyur. Öz dilindən dinləyək: “Finala qədər keçirdiyim görüşlərdə rəqiblərimə cəmi 1 xal verdim. Bu da yarımfinal qarşılaşmasında İran idmançısı ilə mübarizədə oldu. Bu zaman qabırğamdan çox ciddi zədə aldım. Hətta nəfəs ala bilmirdim. Həkimlər final görüşümü buraxacağımı bildirdilər. Düzü, bu, məni çox narahat etdi. Çünki Kazana böyük ümidlərlə gəlmişdim. Finala qədər də bütün rəqiblərimi tam üstünlüklə məğlub etmişdim. Qızıl medalın bir addımlığında dayanmışdım. Həkimlərin müdaxiləsindən sonra final görüşünə çıxdım. Zədələndiyim üçün finalda uğurlu çıxış edəcəyimə inam çox az idi. Hətta özüm də ümidsiz idim. Bununla belə, düşünürdüm ki, döşək üzərinə çıxdıqdan sonra ilk dəqiqələrdən rəqibimin müqavimətini qırmağa cəhd etməliyəm. Əks təqdirdə, vaxt uzandıqca güləşmək mənim üçün çox çətin olacaqdı. Ağrılar özünü göstərəcəkdi. Bildiyiniz kimi, finalda rusiyalı Olimpiya çempionu ilə qarşılaşdım. Vaxtın uzanması mənim xeyrimə olmayacaqdı. Buna görə də, görüşü tez bir zamanda başa çatdırmaq lazım idi. Düşündüklərimi həyata keçirə bildim. Həlledici mərhələdə rəqibimi 32 saniyə ərzində 6:0 hesabı ilə məğlub edərək çempion adına layiq görüldüm”.

Çempionluq rəqsi
Milliyyətcə avar olması onun ruhunda musiqinin varlığına dəlalət edir. Universiadanın finalındakı böyük qələbədən sonra elə tatamidəcə etdiyi rəqs bütün dünyanın diqqətini cəlb etmişdi. Sevincini sözlərlə ifadə etməkdə çətinlik çəkən Rəsul, zəfərini çox maraqlı şəkildə qeyd etdi. Rəqs etməyinin digər səbəbi isə anası və əmisi oğlu idi. Yarışa hazırlıq dövründə kənddə ailəsi anasının ad gününü qeyd edir, üstəlik, həmin ərəfədə əmisi oğlunun toyu da keçirilirdi. Çunayev özü bunu belə xatırlayır: “Özümə söz vermişdim ki, yarışda çempion olsam, rəqs edərək həm anamı, həm də əmim oğlunu təbrik edəcəyəm. Şükürlər olsun ki, arzuma çatdım”.

Ən yüksək səviyyə

Rəsulun güləş tərzi haqda ayrıca danışmaq gərəkdir. Çunayevin istedadı ilə yanaşı zəhmətkeşliyi də ona böyük qələbələr qazanmaq imkanı verir. Yunan-Roma güləşçiləri adətən çox güclü olurlar və əksər hallarda zəfərlər dözümlülüklə, xal hesabı ilə qazanılır. Ancaq Rəsulun döyüşlərini izləyənlərin fərqli düşünmək haqqı var. O, yarışa həmişə yüksək motivasiya ilə çıxır və qısa zamanda qələbə qazanmağa çalışır. Bu isə güclə yanaşı, yüksək texniki hazırlıq tələb edir. Çunayev dünyadakı həmyaşıdları arasında ən sürətlilərdəndir desək, yanılmarıq. Fəndləri bir göz qırpımında edən güləşçimiz rəqiblərinə düşünmək və əks addım atmaq şansı vermir. Ardıcıl xallarla qarşısındakına həm də psixoloji təzyiq göstərən pəhləvanımıza qalib gəlmək çox çətindir. Ən sevimli fəndini isə rəqiblərini aldatmaqla yerinə yetirir. Bir anlıq geri əyilərək boşaldığını göstərən Çunayev, bundan yararlanmağa çalışan opponentinin açıq qolundan yapışaraq sağ qolu ilə çox sürətli hərəkət edib onu boynundan yerə yıxır. Bu fənd nəinki xal gətirir, həmçinin təmiz qələbə üçün ən qısa yoldur. Təsadüfi deyil ki, Rəsul keçirdiyi döyüşlərin yarıdan çoxunu ilk 2-3 dəqiqədə başa çatdırır. Ötən il Kazanda keçirilən Universiadada rəqiblərinə 5 görüşdə cəmi bir xal verən Çunayev, 4 görüşü vaxtından əvvəl, hətta bəzisini bir dəqiqə tamam olmamış bitirib. Onun sinə üzərindən aşırma fəndləri isə... Bu fəndi yerinə yetirmə amplitudası o qədər yüksəkdir ki, rəqib döşəyə dəyərkən özünü üçüncü mərtəbədən yerə dəymiş kimi hiss edir. Yarışların birində onun erməni Gevorkyanla görüşünü şərh edən rus aparıcı bu amplitudaya heyran qalmış, bunu “əsl Yunan-Roma güləşi nümunəsi” kimi qələmə vermişdi.

Portreti

Gənc, güclü və çempion ruhlu. Biz böyük qələbələri hələ qarşıda olan Rəsul Çunayevi belə tanıyırıq. O, sevimli idman növüylə məşğul olur, onu hamıya sevdirir, rəğbət qazanır. Azərbaycan güləşi onun timsalında daha bir ulduz əldə edib. Ona olan ümidləri doğruldacağına heç bir şübhə yoxdur. Güdəlik çalışmalar, ağır məşqlər, böyük əzmkarlıqla qısa zamanda çoxsaylı çempionluqlar yaşayan pəhləvanımız onu həmyaşıdlarına nümunə göstərmək imkanı verir. Portretini çəkmək də çətin deyil: gənc, güclü və gülərüz.

Kənan Məstəliyev

http://kaspi.az/news.php?id=14711




Oxu 3915 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW