AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.04.2014 16:01

Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət göstərir

Materialı qiymətləndirin
(2 səs)
Firdovsi Umudov: Azərbaycan bütün sahələrdə Ermənistandan üstündür və bu üstünlük idmanda da özünü göstərir

Müsahibimiz sərbəst güləş üzrə Azərbaycan milli yığma komandasının böyük məşqçisi, Əməkdar məşqçi Firdovsi Umudovdur:

- Firdovsi müəllim, bugünlərdə Azərbaycan idmançıları Avropa Çempionatından qayıdıb. İdmançılarımızın əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bugünlərdə Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa Çempionatı keçirildi. Bu çempionatda 40-a yaxın ölkənin idmançıları təmsil olunurdu. Qeyd edim ki, biz bu çempionata xeyli vaxt idi hazırlaşırdıq və buna qədər Türkiyə və Bolqarıstanda keçirilən beynəlxalq yarışlarda da iştirak etmişdik. Belə ki, bizim güləşçilər Bolqarıstanda 5 qızıl, Türkiyədə isə 1 qızıl medal qazanaraq böyük uğura imza atmışdılar. Ümumilikdə, Avropa Çempionatı ərəfəsində milli komandamızın əhval-ruhiyyəsi də yaxşı idi, çempionatda uğur qazanacağımıza inanırdıq.
Bu çempionatda Azərbaycan Güləş Federasiyasını təmsil edən idmançılar ümumilikdə 10 medal qazandı. Sərbəst güləş üzrə yığma komandamızın nəticələri isə 2 qızıl, 2 gümüş medal oldu. Bu da ümumi komanda hesabında komandamızın ilk üçlükdə yer almasını təmin etdi. Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq) və Ruslan Dibirhacıyev (70 kq) qazandırıb. Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) isə gümüş medala sahib olub. Ümumilikdə, 47 xal toplayan sərbəst güləş üzrə yığmamız komanda hesabında Avropa Çempionatını ikinci sırada tamamlayıb. İlk sırada 68 xalla Rusiya, üçüncü sırada isə 40 xalla Türkiyə yığmaları qərarlaşıb. Mən bu münasibətlə xalqımızı, o cümlədən, bütün idman ictimaiyyətini təbrik edirəm.
Onu da nəzərinizə çatdırım ki, biz bu qələbələrdən arxayınlaşmırıq, əksinə bütün bunlar bizi yeni-yeni uğurlara ruhlandırır. Nəzərə alsaq ki, gələn il Bakıda ilk Avropa Olimpiya Oyunları, 2016-cı ildə isə Braziliyada Yay Olimpiya Oyunları keçiriləcək, bu, bizim məsuliyyətimizi daha da artırır.

- Güləşçimizin finalda erməni rəqibi üzərində inamlı qələbəsi bütün vətəndaşlarımızı çox sevindirdi...

- Çempionatda 70 kq çəki dərəcəsində çıxış edən Ruslan finala qədər inamla getdi. Qeyd edim ki, Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabı ilə, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabı ilə məğlub etdi. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör oldu. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatdı. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçi Qriqor Qriqoryan oldu. Rəqibinə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionu oldu.
Digər ölkələrin komandaları da bu görüşü maraqla gözləyirdi. Çünki bizim üçün çox prinsipial idi. Biz bu görüş öncəsi Ruslanla söhbətləşdik, onun psixoloji cəhətdən də bu qələbəni qazanmağa hazır olmasına çalışırdıq. Azərbaycan bütün sahələrdə Ermənistandan üstündür və bu üstünlük idmanda da özünü göstərir. Ruslan mübarizə zamanı özünü inamlı apardı və parlaq qələbə qazandı. Erməni nümayəndə heyəti isə bundan çox məyus olaraq yarış meydanını tərk etdilər. Mən bu münasibətlə xalqımızı bir daha təbrik edirəm və biz İnşallah Azərbaycanın işğal edilmiş torpaqlarını azad edərək, Qarabağda da üçrəngli bayrağımızı yüksəldəcəyik.

- Ümumiyyətlə, dövlətimiz idmanın inkişafına yüksək diqqət göstərir. Bu diqqəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanın da inkişafı, yenidən dirçəlişi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz idmançılarımızın sosial problemlərinin həllinə daim qayğı ilə yanaşırdı, onların əməyini yüksək qiymətləndirirdi. Sevindirici haldır ki, Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev də idman sahəsinin inkişafına böyük həssaslıqla yanaşır, bu istiqamətdə çox böyük işlər görülür. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafında yeni mərhələ başladı.
Mən neçə illər güləşçi kimi həm də yığma komandanın tərkibində beynəlxalq yarışlarda iştirak etmişəm. İnanın ki, 1990-cı illərin əvvəlində Azərbaycanı dünyada tanımırdılar. Xəyallarımızda təsəvvür edirdik ki, nə vaxtsa Azərbaycanda beynəlxalq yarışlar, Avropa, dünya çempionatları keçiriləcək, böyük idman sarayları olacaq və s. Yadımdadır ki, həmin dövrlərdə respublika səviyyəli yarışlar mədəniyyət saraylarında keçirilirdi. Mən bütün bunların şahidi olmuşam. Bu gün isə ölkəmizdə möhtəşəm idman bazaları yaradılır.
Ümummilli liderimiz Heydər Əliyev mütəmadi olaraq idmançılarla görüşürdü, onlara öz tövsiyələrini verirdi, idmançıları yeni-yeni qələbələrə ruhlandırırdı. Eyni zamanda, nüfuzlu beynəlxalq yarışlarda qələbə qazanan idmançılar mükafatlandırılırdı. Bu ənənə hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Artıq hər il ərzində ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Bu da Prezidentimizin apardığı düzgün siyasətin nəticəsidir ki, bu gün dünyada beynəlxalq yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Hesab edirəm ki, Azərbaycan idman sahəsində dünya üzrə ən inkişaf edən dövlətlərdəndir. Nəzərinizə çatdırım ki, Finlandiyada keçirilən çempionatın hazırlığının aşağı səviyyədə olması barədə də fikirlər səslənirdi. Hətta ayrı-ayrı ölkələrin məşqçiləri FİLA-nın nümayəndələrinə bu tipli yarışların Azərbaycanda keçirilməsini təklif edirdilər. Eyni zamanda, beynəlxalq mütəxəssislər ölkəmizdə keçirilən idman yarışlarını nümunə kimi göstərirdilər. Bütün bunlar onu göstərir ki, artıq Azərbaycanı dünyada nüfuzlu idman ölkəsi kimi tanıyırlar. 2015-ci ildə Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi də bütün bunların nəticəsidir.

- Qarşıdakı dövrlərdə ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi üçün idman infrastrukturlarının səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Onu da qeyd edim ki, güləş idman növü üzrə də yüksək standartlara cavab verən bazalarımız var. Azərbaycan Güləş Federasiyasına (AGF) 2007-ci ildə yeni rəhbərlik seçildikdən sonra bu istiqamətdə böyük işlər görülür. Federasiyanın prezidenti Fazil Məmmədovun rəhbərliyi ilə nəinki Bakı şəhərində, bölgələrdə də infrastrukturun inkişafı yönündə ciddi addımlar atılır. Təkcə Bakı şəhərində bizim yığma komandamızın istifadə etdiyi zalın dünyada analoqu yoxdur. Əlbəttə ki, şərait olmayan yerdə biz heç vaxt nəticə qazana bilmərik. Sevindirici haldır ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi hər zaman bizimlə bir yerdədir və Avropa çempionatında da, başqa yarışlarda da federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev nümayəndə heyətinə rəhbərlik edir. Onlar hər zaman idmançılarla maraqlanırlar, hətta məşq prosesində bizimlə bir yerdə olurlar. Bu da idmançılarda ruh yüksəkliyi yaradır. Dövlətin əsas məqsədi odur ki, insanlarımız sağlam olsun, sağlam gənc nəsil yetişsin. Görülən işlər bu məqsədə xidmət edir.
AGF rəhbərliyinin göstərişi ilə yığma komandanın üzvləri ilboyu federasiyanın bazasında qalırlar. Onların maddi məsələləri də yüksək səviyyədə həll olunur. Amma əvvəllər nə kimi çətinliklərin yaşandığının mən şahidi olmuşam. Yığma komandamızın indiki üzvləri 1990-cı illərin əvvəlində dünyaya gəliblər, həmin çətinlikləri yaşamayıblar. Biz çətinliklərin müqabilində nəticə göstərirdik. İndi bu şərait dövlət tərəfindən yaradılıb, yüksək qayğı var, idmançılarımız da yaxşı nəticə göstərməlidirlər və göstərirlər də.

- Qeyd etdiyiniz kimi, ölkəmizdə idmana qayğı yüksək səviyyədədir və idmançılarımızı da dövlətimiz hər zaman lazımi səviyyədə dəyərləndirir. Bu dəyərləndirmələr idmançıların gələcək fəaliyyətlərinə necə təsir göstərir?

- Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Yaradılan şəraitlə paralel ölkəmizdə idmanın kütləviliyinə göstərilən diqqət böyükdür. Bu gün idman komplekslərimizin işi yüksək səviyyədə qurulub, uşaqlar, yeniyetmələr idman bölmələrində məşq edirlər, gənc nəslin bu sahəyə marağının artırılmasına xüsusi diqqət yetirilir.
Təbii ki, dövlətimiz nüfuzlu beynəlxalq idman yarışlarında uğur qazanan, bayrağımızı zirvələrə yüksəldən idmançılarımızı qiymətləndirir, onlara yüksək mükafatlar da verilir. Amma təəssüflər olsun ki, bəzi müxalifət partiyaları, onların himayəsində olan mətbuat orqanları idmana və idmançılara göstərilən diqqəti qıcıqla qarşılayırlar. Onlar beynəlxalq yarışlarda idmançılarımızın uğursuzluqlarına sevinirlər. Mən belə müxalifət nümayəndələrini azərbaycanlı hesab etmirəm. Xatirinizdədirsə, 2012-ci ildə keçirilmiş London Yay Olimpiya Oyunlarının ilk günlərində idmançılarımız yaxşı nəticə göstərə bilməyəndə bu düşərgə çox sevinirdi, qələbələrimizdən isə məyus oldular. Amma onlar da hamı kimi bizim qələbəmizə sevinməli, məğlubiyyətimizə isə kədərlənməlidirlər. Çünki Azərbaycanın bir bayrağı, bir himni, bir Prezidenti var. Bütün qələbələr xalqımıza, dövlətimizə məxsusdur. Buna sevinməyənləri azərbaycanlı hesab etmək olmaz, belələri düşmən dəyirmanına su tökənlərdir.
İdmançılarımızın yüksək səviyyədə mükafatlandırılmasına da qısqanclıqla yanaşmaq lazım deyil. Dövlətimiz idmanın inkişafına böyük diqqət göstərir və idmançılarımız da bu diqqətdən Azərbaycanın bu sahədə uğurlar qazanması üçün istifadə edir, çalışırlar və nəticə göstərirlər. Təbii ki, dövlətimiz də onların zəhmətini qiymətləndirir. Yenə də deyirəm ki, bu idmançılar üçrəngli bayrağımızı dünyanın mötəbər idman yarışlarında zirvələrə yüksəldir, himnimizi səsləndirirlər. Bütün xalqımız da bundan qürur duyur.
Doğrudur, bəzən belə fikirlər səslənir ki, yüksək mükafatlar alan bəzi idmançılar bundan sui-istifadə etməyə çalışırlar. Amma belə olmamalıdır. Hər bir idmançı hansı nəticələr göstərməsindən asılı olmayaraq, öz işini davam etdirməli, məşqlərə gəlməli, növbəti qələbələrə hazırlaşmalıdır. Yəni bu məsələdə nizam-intizama ciddi fikir verilməlidir. Nizam-intizam olmasa heç vaxt nəticə qazanmaq mümkün deyil. Mən özüm şəxsən hər zaman bu amilə çoç ciddi yanaşıram. Hazırda yığmada böyük məşqçi olmaqla yanaşı, Sərhədçi Olimpiya İdman Mərkəzinin qərargah rəisiyəm. Ölkə Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşam. 2012-ci ildə isə FİLA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilmişəm. Yəni bunları deməkdə məqsədim odur ki, bütün bunlar mənim məsuliyyətimi daha da artırır və bundan sonra da dövlətimizin adını zirvələrə yüksəltmək üçün əzmlə çalışmağa sövq edir. Ona görə də, hesab edirəm ki, idmançılar şan-şöhrət ardınca qaçmamalı, onlara göstərilən etimadı layiqincə doğrultmalıdırlar.

http://yeniazerbaycan.com/Musahibe_e15625_az.html
Oxu 3473 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW