AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.04.2014 15:04

Nəticələr, perspektivlər, arzular

Materialı qiymətləndirin
(2 səs)
Aprelin 1-i Finlandiyanın Vantaa şəhərində start götürən güləş üzrə Avropa çempionatı, dünən sona çatdı. 21 idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazandı. Nəzərə alsaq ki, keçən ilki analoji turnirdə 1 gümüş və 5 bürünc medalla yadda qalmışdıq, bu nəticə olduqca qənaətbəxş hesab olunmalıdır.

Sərbəst güləş turnirində Rusiyadan sonra ikinci, qadın güləşçilərin yarışında altıncı, Yunan-Roma güləşi üzrə isə Rusiya və Türkiyədən sonra üçüncü olmağı bacaran yığmamız, ümumilikdə, komanda hesabında Rusiyadan sonra ikinci olmağı bacardı.

İndi isə idmançılarımızın ayrı-ayrılıqda AÇ-dakı çıxışlarını xarakterizə edək;

İlk olaraq döşək üzərinə çəkisi 66 və 97 kiloqram olan sərbəst güləşçilər və 48, 58 kq-da mübarizə aparan qadın güləşçilər çıxdı. 66 kq-da mübarizə aparan olimpiya və avropa çempionu Toğrul Əsgərov elə ilk görüşündəcə belaruslu rəqibinə məğlub olaraq, mübarizəni erkən dayandırdı. 19 aylıq fasilədən sonra döşək üzərinə çıxaraq, yeni çəkidə mübarizə aparan Toğrulun ünvanına söylənən tənqidlərin doğru olması öz təsdiqini tapmış oldu.

97 kiloqram çəki dərəcəsində isə ölkəmizi Dünya və üçqat Avropa çempionu, Pekin və London yay olimpiya oyunlarının bürünc, 2009 və 2013-cü il Dünya çempionatının gümüş mükafatçısı, dünya şöhrətli Xetaq Qazyumov təmsil edirdi. Finaladək gələn osetin əsilli güləşçimiz burada Rusiya pəhləvanı Abdulsalam Qadisovla bacara bilmədi. Gərgin keçən görüşdə məğlub olan Xetaq, dördüncü dəfə analoji turnirin qalibi olmaq şansını əldən verdi.

Qadın güləşi yarışlarında ölkəmizi 48 kq-da təmsil edən Mariya Stadnik bu turnirin onun üçün sadəcə məşq xarakterli olduğunu öz inamlı çıxışı il təsdiq etdi. Bütün görüşlərdə rəqiblərindən açıq-aşkar üstün olan 26 yaşlı Stadnik dördüncü dəfə qitə çempionu adına yiyələndi.

58 kq çəki dərəcəsində mübarizə aparan İrina Netreba bu yarışda gözlənilənlərin əksinə, uğurlu çıxışla yadda qaldı. Finaladək itkisiz irəliləyən Netreba burada rus güləşçisi Valeriya Jolobovaya məğlub oldu.

Yarışların ikinci günündə isə döşək üzərinə çəkisi 57 və 61 kq olan sərbəst, 53 və 60 kq-da mübarizə aparan qadın güləşçilər çıxdı. Ən yüngül çəkidə təmsil oldunduğumuz, gənc Qalib Əliyev ilk görüşdə moldovan əsilli Monako güləşçisinə məğlub olsa da, sonradan rəqibinin finaladək irəliləməsi sayəsində təsəlliverici görüşlərə qatılmaq şansı əldə etdi. Burada erməni güləşçiylə bacarmayan Qalib yarışı əliboş başa vurdu.

61 kq çəkidə mübarizəyə qoşulan Hacı Əliyev isə turnirin əsas sensassiyalarından birinə imza atdı. Bütün rəqiblərinə qalib gələn Hacı finalda rusiyalı dünya çempionu Berkxan Qoygereyevi böyük üstünlüklə məğlub edərək avropa çempionu adlna yiyələndi.

Qadınların yarışında 53 kq-da təmsilçimiz Patimat Baqomedova bürünc medal uğrunda güləşmək şansı əldə etsə də rumıniyalı Anna Pavala məğlub olan Patimat avropa çempionatlarındakı uğursuzluq seriyasını qıra bilmədi.

60 kioqram çəkidə mübarizə aparan Dünya çempionu, London yay olimpiya oyunlarının bürünc mükafatçısı Yuliya Ratkeviç ilk görüşdə qalib gəlsə də, sonradan bolqar rəqibi ilə bacarmadı və yarışı əliboş başa vurdu. Keçən il dünya çempionatında fəxri kürsünün ikinci pilləsində qərarlaşan Yuliyanın bu nəticəsi gözlənilməz oldu.

Aprelin 3-də isə mübarizəyə çəkisi 74 və 125 kiloqram olan sərbəst və 69 kq-da mübarizə aparan qadın güləşçilərimiz qoşuldu.

74 kq-da yarışan ikiqat avropa çempionu Cəbrayıl Həsənov finaladək bütün rəqiblərini vaxtından əvvəl məğlub etsə də, həlledici görüşdə Rusiya pəhləvanı Anuar Geduyevlə bacarmadı. Görüşün sonlarında qələbəni əldən verən astaralı pəhləvan üçüncü dəfə qitənin ən güclüsü olmaq şansını əldən verdi.

125 kq-da təmsil olunduğumuz dünya və avropa çempionatlarının bürünc mükafatçısı Cəmaləddin Məhəmmədov ilk görüşdə tam üstünlüklə qalib gəlsə də, sonradan London olimpiadasının gümüş mükafatçısı, gürcüstanlı David Modzmanaşviliyə məğlub oldu. Rəqibi sonrakı mərhələdə uduzduğundan, dağıstanlı güləşçimiz yarışı əliboş başa vurdu.

Qadınların yarışındakı təmsilçimiz, avropa çempionu Nadya Sementsova zədə səbəbindən ümumiyyətlə yarışlara qatıla bilmədi.

Yarışların dördüncü günündə mübarizəyə çəkisi 70 və 86 kq olan sərbəst güləşçilərimiz qoşuldu.

70 kq-da mübarizə aparan dağıstanlı təmsilçimiz Ruslan Dibirhacıyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazandı. Burada isə onu erməni Qriqor Qriqoryan gözləyirdi. Rəqibinə heç bir şans verməyən Ruslan 1 dəqiqə 43 saniyə ərzində Qriqoryana yerini göstərdi.

86 kq-da təmsil olunduğumuz Həmzət Osmanov ilk iki görüşdə rəqiblərini məğlub etsə də 1/4 finalda macar güləşçi ilə bacarmadı. Rəqibi sonrakı mərhələdə məğlub olduğundan Həmzət ilk dəfə qatıldığı turniri medalsız başa vurdu.

Yarışların beşinci günündə isə mübarizəyə Yunan-roma güləşi üzrə qüvvəsini sınayan pəhləvanlar qoşuldu.

59,66,98 və 130 kq çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən ən yaxşı nəticəni yüngül çəkilərdə yarışan güləçilərimiz göstərdi. Belə ki, 98 və ən ağır çəkidəki təmsilçilərimiz ilk görüşlərdə məğlub olaraq mübarizəni erkən dayandırdı. Sabah Şəriəti üçün bu yarış ilk ciddi sınaq olduğu üçün, nəticə göstərmədiyinə təcrübəsizliyindən dolayı, müəyyən qədər haqq qazandırmaq olar. Titullu Şalvanın isə Belarus rəqibinə məğlubiyyəti təəssüfverici olduğu qədər də, gözlənilməz oldu.

59 kiloqramda mübarizəyə qoşulan Kamran Məmmədov ilk görüşdə çex güləşçisini məğlub etsə də, sonradan moldovalı rəqibinə görüşün sonlarında məğlub olaraq, rəqibinin finala çıxmasını gözləməli oldu. Çiabanu finala vəsiqə qazandığından, Kamran təsəlliverici görüşlərə qatılmaq şansı əldə etdi ki, burada rəqibini məğlub edən Kamran həlledici görüşdə türk Rəhman Biliciylə bərabər səviyyədə keçən mübarizə sonrası, turniri bürünc medalla başa vurdu.

66 kq çəki dərəcəsində mübarizə aparan dünya və avropa çempionu Həsən Əliyev finaladək bütün rəqiblərini böyük üstünlüklə məğlub etsə də, burada türk hakimin gözlənilməz qərəzli mövqeyi ilə üzləşdi. Haqlı olduğu qələbəni rus Kuraka bağışlamalı oldu. Onun bu çıxışı "Qafqaz pələngi"nin dönüşü kimi yadda qaldı.

Yarışların son günündə isə arena, çəkisi 71,75,80 və 85 kq olan yunan-roma güləşçilərinin ixtiyarına verildi.

85 kiloqramdakı təmsilçimiz Saman Təhmasibi qeyri-stabil güləşçi olduğunu bir daha təsdiq etdi. Keçən il Budapeştdə dünya ikincisi olan iranlı güləşçi ilk mərhələdəcə litvalı rəqibinə məğlub oldu.

80 kiloqram çəkili avropa çempionu Rafiq Hüseynov da analoji aqibətlə üzləşdi.

75 kiloqramda mübarizəyə qoşulan Elvin Mürsəliyev ilk görüşdə qalib gəlsə də, sonradan rusiyalı Aleksandr Çekirkinə məğlub olub. Rus güləşçi finaladək gəldiyindən təsəlliverici görüşlərə qatılmaq şansı qazandı ki ilk rəqibini üstələyən 2010-cu ilin vitse avropa çempionu həlledici görüşdə macar Laszlo Szabonu məğıub edərək, medal kolleksiyasına bürünc əlavə etdi.

Sonuncu gün ən yaxşı çıxış Rəsul Çunayevdən gəldi. 2013-cü ildə Rusiyada keçirilən Universiadanın qalibi 23 yaşlı pəhləvanımız finaladək bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək həlledici görüşə vəsiqə qazandı. Burada isə onu, tanış sima, hələ 66 kiloqram çəki dərəcəsində Pekin yay olimpiya oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Vitali Rəhimovla dəfələrlə qarşılaşan təcrübəli macar güləşçi Tamaş Lorinç gözləyirdi. Bu görüşdə təcrübə öz sözünü dedi. İlk hissədə "duşe"ylə məğlub olan Çunayev yarışı ikinci pillədə başa vurdu. Bu da gənc güləşçimiz üçün olduqca yüksək nailiyyət hesab olunmalıdır. Rəsulun hazırkı forması onun Rio olimpiadasında da sözünü deyəcəyinə böyük inam yaradır.

Göründüyü kimi, yarış bir sıra təzadlı məqamları ilə yadda qaldı. Gənc pəhləvanlarımızın uğurlu çıxışı, Azərbaycan güləş məktəbinin uğurlu yolda olduğunu təsdiq etdi. Qazanılan nəticələr sentyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya çempionatında da, güləşçilərimizin uğurlu çıxışını gözlənilən edir.

P.S Təmsilçilərimizin əsasən legionerlərdən ibarat olması yenə diqqətdən qaçmadı. Əldə edilən 3 qızıl medaldan ikisi də məhz legionerlərin payına düşdü. Ancaq toplam on medaldan altısının həmyerlilərimiz tərəfindən qazanılması, nə vaxtsa, güləş idman növünün timsalında keçirdiyimiz fəxarət hissinin ÜRƏKDOLUSU olmasına müəyyən qədər inam yaratdı.

http://modern.az/articles/54832/1/
Oxu 2939 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW