AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.04.2014 12:49

Azərbaycan güləşinin Skandinaviyada tarixi anları

Materialı qiymətləndirin
(1 Səs)
«Suomi» uğuru sabaha yenə ümidlə baxmağa əsas verir

Ötən həftə Finlandiyanın Vantaa şəhərində güləşçilər arasında Avropa çempionatı keçirilib. Bu mötəbər yarışda hər 3 növ üzrə milli komandalarımız iştirak ediblər. Qaydaya görə, ilk günlərdə sərbəst və qadın güləşçilər mübarizə aparıblar. Nəticələr çox ürəkaçan olub. Təmsilçilərimiz 6 yarış günunun hamısında medala sahib çıxıblar ki, bu da güləş, ümumiyyətlə, olimpiya idman tariximizdə görünməmiş hal sayılıb. Cəmdə qazanılmış 10 mükafat, öz növbəsində, 2010-cu ildə Bakıda keçirilmiş eyni yarışda qeydə alınmış uğurun təkrarlanması olub. Burada fərq yalnız əyarlarda nəzərə çarpıb. O vaxt paytaxtda bahadırlarımız 7 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnmişdilər. Bu dəfə Azərbaycan himni 3 dəfə səsləndi. 5 finalda uduzanımız oldu, 2 pəhləvanımız 3-cü yer tutdu.

Debütantdan alqış dolu qələbə

Sərbəst güləş millimiz bu məsul sınağa güclü heyətlə yollanmışdı. Liderlər yenə öz sözlərini dedilər. Onlara debütantlar da dəstək verdilər. Təəssüf ki, olimpiya çempionu Toğrul Əsgərov London olimpiadasından sonra çıxış etdiyi ilk yarışda ümidləri doğrultmadı. Gənc pəhləvan mətbuata açıqlamasında, gələcək turnirlərdə azarkeşlərini helə çox sevindirəcəyini deyir.
61 kq-da çıxış edən Hacı Əliyev inamlı təsir bağışlayıb. O, 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda Beka Lomtadzeni (Gürcüstan) 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da öz xeyrinə - 9:7 başa vuran gənc bahadır, finalda Rusiya pəhləvanı Bəyxan Göygərəyevi də üstələyərək (12:5), Avropa çempionu adını qazanıb.
Debütant Ruslan Dibirhacıyev (70 kq) öncə belaruslu Anton Afanasyevi 10:2, sonra macarıstanlı İstvan Qulyası 6:2 hesabları ilə məğlub edib. Onun yarımfinalda rəqibi türkiyəli Yaqub Gör olub. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 hesablı üstünlüyü ilə başa çatıb. Finalda güləşçimiz erməni həmkarı Qriqor Qriqoryanla üz-üzə gəlib. Soyuqqanlı mübarizə aparan Ruslan, rəqibinə göz açmağa imkan verməyərək, görüşü vaxtından əvvəl, tam qələbə ilə bitirib.
97 kq çəkidə çıxış edən Hetaq Qazyumov 1/8 finalda Belarusdan olan İvan Yankovskiyə qalib gəlib - 7:0. Növbəti qarşılaşmada o, Kamil Skazikeviçi (Polşa) üstələyib (6:2). Yarımfinalda Ukrayna təmsilçisi Pavel Oleynik də güləşçimizə uduzub (0:4). Həlledici qarşılaşmada pəhləvanımız rusiyalı rəqibi Abdusalam Qadisova məğlub olaraq, gümüş medalla kifayətlənib.
Digər bir təcrübəli idmançımız - Cəbrayıl Həsənov (74 kq) da eyni nəticəni göstərib. O, 1/8 finalda Alberto Martinesi (İspaniya) 84 saniyəyə udub. 1/4 finalda İsveçrə güləşçisi üzərində də vaxtından əvvəl qələbə qazanan 2-qat Avropa çempionu, yarımfinalda türkiyəli Sonər Dəmirdaşla görüşdə geridə olmasına (0:2) rəğmən, «boxça» fəndi ilə rəqibinin kürəyini yerə vuraraq, finala adlayıb. Ənvər Qeduyevlə (Rusiya) qızıl medal uğrunda mübarizə daha gərgin keçib və rəqib 5:3 hesabı ilə qalib gəlib.
London olimpiadasının qalibi Toğrul Əsgərov (65 kq) ilk görüşdə bolqar Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabı ilə uduzub. Rəqib yarımfinalda mübarizəni dayandırdığından, Toğrulun təsəlliverici görüşlərə qatılması mümkün olmayıb.
57 kq-da Qalib Əliyev 1/4 finalda Gennadi Tulbea (Monako) ilə qarşılaşıb. Güləşçimiz 6:5 hesabıyla öndə olsa da, rəqibin əksfəndi ilə məğlub olub.
Həmzət Osmanov (86 kq) mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. 1/8 finalda türkiyəli Fırad Birincini asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.
125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov 1/8 finalda Dmitri Mixaylovu (Latviya) mübarizədən kənarlaşdırsa da (10:0), növbəti mərhələdə gürcü David Modzmanaşviliyə uduzaraq, çıxışını erkən dayandırıb.
Sərbəst güləş millimiz ümumən, 2 qızıl və 2 gümüş medalla komanda hesabında 2-ci yer tutub; 2002-ci ildən başlanmış yeni uğur zolağını davam etdirib. Bakıda təşkil olunmuş sərbəst güləşçilər arasında Avropa çempionatında (bu tədbir, müstəqillik dövrümüzdə Azərbaycanda keçirilmiş ilk mötəbər yarış kimi də tarixə düşüb) bir dəst medal qazanmışdıq. O vaxtdan bəri qitə çempionatlarında daim uğur qazanırıq.

«Erməni güləşçi Ruslana rəqib deyildi»

Sərbəst güləş yarışlarında 70 kq çəkidə Azərbaycan güləşçisinin finalda Ermənistan təmsilçisi ilə qarşılaşmasına da toxunan AGF-in 1-ci vitse-prezidenti Namiq Əliyev, erməni güləşçinin Ruslan üçün rəqib olmadığını bildirib:
- Biz Ruslan Dibirhacıyevin çempion olacağını hədəfləmişdik və buna da inanırdıq. Ruslanın yarımqrupu çox ağır idi, orada kifayət qədər güclü idmançılar var idi. Ermənistan güləşçisi isə tam təsadüf nəticəsində finala qədər gəlib çıxmışdı. O, Ruslana rəqib deyildi. Final görüşündən öncə də Ruslanla söhbət etdik və o, rəqibi, ən azı, 10:0 hesabı ilə məğlub edəcəyini bildirdi. Qarşılaşma zamanı görüşün 10:0 hesabı ilə bitməsi də real idi, ancaq hakimlər rəqibə anlaşılmaz 1 xal verdilər. Buna baxmayaraq, güləşçimiz vaxtından əvvəl qələbə qazandı və rəqibindən çox güclü olduğunu sübut etdi.

Mariya Stadnikin benefisi

Qadın güləş millimizin şəksiz lideri Mariya Stadnik (48 kq) mövsümə əla başlayıb. London olimpiadasından sonra analıq məzuniyyətinə çıxmış titullu idmançı, mübarizəyə xeyli müddət ara vermişdi. Bu il iştirak etdiyi 2 beynəlxalq yarışda heç kəsə aman verməyən Maşa, Azərbaycan güləşçiləri arasında Avropa çempionatlarında rekorda sahib çıxıb - 4-cü qızıl medalına yiyələnib (2008, 2009, 2011 və 2014). Maraqlısı odur ki, o, həmin uğurları elə 4 cəhdində qazanıb. Qadın pəhləvanlarımız arasında ən çox medal da elə onun payına duşur.
Son qələbə yolunda təcrübəli idmançı 1/8 finalda rusiyalı Nadejda Fyodorovanı 14:2 hesabı ilə üstələyib. 1/4 finalda Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə (10:0) məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gəlib. Həlledici görüşdə o, həmvətəni, ukraynalı Natalya Pulkovskanı 11:0 məğlub edən Mariya Stadnik, baş mükafatı qazanıb.
58 kq-da mübarizə aparan İrina Netreba, rəqabətə birbaşa 1/4 finaldan başlayıb. Bolqarıstanlı Viktoriya Bobevanı üstələyən (8:4) təmsilçimiz, yarımfinalda belaruslu Anastasiya Huçoku da məğlub edib (6:1). Finalda onu Valeriya Jolobova (Rusiya) üstələyib.
Patimat Baqomedova (53 kq) da medal qazanmağa yaxın olub. 3-cü yer üçün görüşdə, o, rumıniyalı Anna Pavala ilə bərabər hesabda güləşib (2:2), mübarizə vaxtı aldığı xəbərdarlıq üzündən isə uduzub.
60 kq-da Yuliya Ratkeviç 1/8 finalda macarıstanlı Ramano Qalamboşu üstələsə də (6:2), növbəti göürşdə Mustafa Yuseyə (Bolqarıstan) məğlub olaraq, mübarizəni dayandırıb (4:8).
Başqa bir titullu güləşçimiz - Nadejda Sementsova (69 kq) Vantaada məşqlərdə zədələndiyindən, Moldovalı rəqibi ilə görüşə çıxmayıb.
Xanım idmançılarımız 1 qızıl və 1 gümüş medalla komanda hesabında 6-cı yer tutublar. Qadın güləş millimiz, öz növbəsində, 2008-ci ildən bu yana bütün Avropa çempionatlarında uğur qazanır.

Çempion özünə qayıtmışdı, amma…

Yunan-Roma güləşçilərimiz mübarizəyə lap sonda başlayıblar. Komanda Skandinaviyaya sanballı heyətdə yollanmışdı. Belə ki, seçmədə 8 çəkidən 7-si titullu bahadırlar idi. Son nəticələri nəzərə alsaq, bu kollektivdə aşkar lider Rəsul Çunayev (71 kq) görünürdü. O, çətinlik çəkmədən finala qədər irəliləməsi, bunu sonda sübuta yetirib. Gənc pəhləvan ard-arda
Latviyalı Sergey Mironovu (8:0), türkiyəli Yunus Özəli (9:1) və ukraynalı Armen Vardanyanı (9:0) böyük hesabla üstələyib. Finalda da qalib ola bilərdi. Amma təcrübəsizlik qələbəni macar Tamas Lorinczə yetirib.
Rəsul Çunayevdən fərqli, Həsən Əliyevin qızıl medalını hakim rusiyalı Adam Kuraka verib. Dünya və Avropa çempionu 66 kq-da startda Marius Tommeseni (Norveç) 8:0, sonra almaniyalı Frank Steableri 9:0, 1/4 finalda yunan Vladimiros Matiası 8:1, yarımfinalda polşalı David Kareçinskini 6:0 hesabı ilə məğlub edib. Həlledici qarşılaşmada idmançımız bərabər mübarizədə gözəl fənd işlədib. Ancaq hakim bunu 1 xalla qiymətləndirib. Bu zaman Həsən 2:1 öndə olsa da, görüşün sonunda guya Əliyev passiv güləşdiyinə görə, 3-cü xəbərdarlıqla cəzalandırılıb. Son xalı rəqib qazandığından, qalib elan olunub.
Bir məqama diqqət yetirək: bu bahadırımız yunan-Roma güləş tariximizdə rekorda sahib çıxıb. O, Finlandiyada 4-cü mükafatına yetişməklə, qitə çempionatlarınında ən çox fərqlənmiş güləşçi olub (2010 – I, 2011 – III, 2013 – III, 2014 - II).
59 kq-da Kamran Məmmədov 1/8 finalda Mixail Novakı (Çex Respublikası) 5:0 üstələsə də, 1/4 finalda moldovalı Viktor Ciobanu ilə gərgin qarşılaşmanı 2:3 hesabı ilə uduzub. Təsəlliverici görüşdə Almaniya təmsilçisi Denis Menekseni məğlub edən gənc güləşçi, bürünc mükafat uğrunda qarşılaşmada türkiyəli Rəhman Bilicini minimal xalla üstələyib - 9:8 və Kamran Məmmədov bürünc medala sahib olub.
Elvin Mürsəliyev (75 kq) 1/8 finalda rüsiyalı Aleksandr Çekirkinə uduzsa da, ümidverici görüşlərdə inamlı təsir bağışlayıb. 3-cü yer üçün mübarizədə macar Laszlo Szabona 8:0 qalib gələn idmançımız, yekunda bürünc medala sahib olub.
Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) Avropa çempionatı ilə erkən vidalaşıblar.
Yunan-Roma güləş komandamız 2 gümüş və 2 bürünc medalla yarışı komanda hesabında 3-cü sırada tamamlayıb. Beləliklə, «klassiklər»imiz də 2005-ci ildən başlanılan zəfər yürüşünü inamla davam etdirirlər.

http://idman.com.az/news.php?id=14884
Oxu 4261 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW