AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.02.2014 13:22

Çaba Xegedyuş: “Bizim aramızda sədd yoxdur"

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Macarıstanın populyar “Magyar Naranc” həftəlik jurnalı builki yanvar nömrəsində Macarıstan Güləş Federasiyasının sədri, ikiqat dünya çempionu, Avropa çempionu və yunan-Roma güləşi üzrə 1972-ci il Münxen Olimpiya Oyunlarının qızıl mükafatçısı Çaba Xegedyuş ilə müsahibə dərc etmişdir. Jurnalın “Bizim aramızda sədd yoxdur” adlandırdığı bu müsahibədə idman sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığından, Prezident İlham Əliyevin ölkənin idman həyatına çox böyük kömək göstərməsindən, Azərbaycanın möhtəşəm nailiyyətlərindən beynəlxalq nüfuzundan, Azərbaycan və macar xalqlarının tarixi köklərinin və həyati maraqlarının ümumiliyindən bəhs edilir.

Çaba Xegedyuş belə hesab edir ki, “ölkələrimizi birləşdirən tarixi keçmişimizdir, Atilla və hunlar Azərbaycan ictimaiyyətinin şüurunda kök salmış anlayışlardır. Azərbaycanlı dostlarımla belə qənaətə gəlmişik ki, bizim aramızda heç bir sədd yoxdur. Qərbi Avropadan olan bir insanla danışmağa başladığım vaxt meydana çıxan səddən söhbət gedir. Azərbaycan mətbəxini, onların adət-ənənələrini çox sevirəm”.

Çaba Xegedyuş Azərbaycan güləşçiləri ilə münasibətlərindən danışarkən qeyd etmişdir ki, “Azərbaycanda güləş idmanın aparıcı sahəsi sayılır və mən çox sevinirəm ki, Azərbaycanda güləşçilər və bu idman növünün pərəstişkarları onların vətənində güləşin dəstəklənməsinə və inkişafına kömək göstərdiyimi bilirlər”.

O demişdir: “Azərbaycanın ilkin məqsədi beynəlxalq arenada daha sanballı rol qazanmaq olmuşdur. Bu məsələdə mən idman diplomatiyası xətti ilə, başlıca olaraq Azərbaycana beynəlxalq yarışlar keçirmək hüququnun verilməsi yolu ilə azərbaycanlı həmkarlarıma maksimum kömək göstərməyə çalışmışam. İstədiyimizə nail də olmuşuq. Son 5-6 ildə Bakıda gənclər və yeniyetmələr üçün Dünya çempionatı, Dünya kuboku və “Golden Grand Prix” yarışlarının finalı keçirilmişdir. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə gözəl münasibətlərimiz vardır. Bu təkcə professional münasibətlər deyil, həm də dostluq münasibətləridir. Biz daim Bakıda qonaq oluruq. Həm professional baxımdan, həm də idman diplomatiyası baxımından uğurlu əməkdaşlıq edirik. Birgə toplantılar təşkil edirik, bizi artıq bir qayda olaraq Bakıya “Golden Grand Prix” yarışlarına dəvət edirlər”.

O, Azərbaycanda idmanla sıx bağlı olan şirkətlərdən bəhs edərkən Azərbaycan iqtisadiyyatının ən böyük iştirakçılarından birinin – bu il 10 yaşı tamam olan “AtaHolding”in adını çəkmişdir. Ç.Xegedyuş demişdir ki, şirkət ən müxtəlif fəaliyyət növləri ilə məşğuldur: bank və sığorta işi, kənd təsərrüfatı istehsalı və informasiya texnologiyaları. Bununla yanaşı holdinq idmanla, konkret olaraq güləşlə sıx bağlıdır. Bakının “Ata Sport” klubu ölkədə ən mühüm klublardan biridir.

O, öz təəssüratlarını bölüşərək demişdir: “Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FILA) Marketinq və sponsorluq işləri komitəsinin sədri olarkən mən Azərbaycan Güləş Federasiyasının sədri ilə “AtaHolding” şirkətinin FILA-ya sponsorluğunun mümkünlüyü məsələsini dəfələrlə müzakirə etmişəm. Sponsorluq vəsaitinin məbləği bəyan edilməməlidir, amma bu, faktdır ki, həmin məbləğ FILA-nın tarixində ən böyük məbləğdir. FILA-nın Azərbaycana Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Golden Grand Prix” yarışlarının finalını keçirmək hüququnun verməsi, habelə FILA-nın əsas çempionatlarında “AtaHolding”in baş sponsor olması beş il müddətinə bağlanmış bu sazişin tərkib hissəsini təşkil edən şərt olmuşdur.

Çaba Xegedyuş Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsi görüşlərindən bəhs edərkən bildirmişdir ki, onunla iyirmi il bundan əvvəl iki dəfə Lozannada görüşmüşdür. Birinci dəfə bir yerdə nahar etmişlər: “Həmin vaxt o, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri idi. O, dərin rəğbət hissi doğuran bir insandır. Mən tezliklə əmin oldum ki, o, idman diplomatiyasında geniş təfəkkürə malik bir şəxsiyyətdir və artıq o zaman onun görkəmli siyasətçi olacağı aydın idi”.

Çaba Xegedyuş demişdir: “Mən İlham Əliyevi geniş təfəkkürə malik, Azərbaycanın beynəlxalq maraqlarının həyata keçirilməsi üçün hər şey edən təcrübəli siyasətçi hesab edirəm. Atası, Sovet İttifaqı dağıldıqdan sonra yeni, müstəqil Azərbaycana atalıq etmiş Heydər Əliyev kimi, o da böyük hörmətə və populyarlığa malikdir. İlham Əliyev atasının işini davam etdirir, o, Azərbaycanın müstəqillik qazanması günlərini atası ilə birlikdə yaşamışdır. O, öz əhatəsindən son dərəcə yüksək keyfiyyətli iş və intizam tələb edir. Səmərəli intizam”.

Çaba Xegedyuş ikitərəfli əməkdaşlıq və mövcud potensial mövzusuna toxunaraq bildirmişdir ki, işgüzar tərəfdaşlar kimi azərbaycanlılar özlərinə və ətrafdakılara qarşı çox tələbkardırlar, sözlərinə həmişə əməl edirlər və ağlasığmaz imkanlara malikdirlər. Azərbaycan iqtisadiyyatının əsas iştirakçıları iqtisadi əlaqələrin inkişafında mühüm rol oynaya bilərlər. Dövlət sektoru güclüdür, neft-qaz sahəsi (SOCAR, “Azəriqaz”) dövlətin nəzarəti altındadır. Azərbaycan şirkətləri xaricə investisiya yatırırlar, bu, onların iqtisadi potensialının göstəricisidir. İqtisadi siyasəti formalaşdıran hökumət qurumları icra hakimiyyəti kimi prezidentin tabeliyindədir. Buna görə də cəsarətlə deyə bilərik ki, Azərbaycanın siyasətini əsasən məhz İlham Əliyev müəyyən edir.

Çaba Xeqedyuş müsahibəsinin sonunda demişdir: “Mən yüksək vəzifələr tutan insanlarla görüşürəm, təbii ki, söhbət həm də Macarıstandan düşür. Mən onların investor kimi bizə də gəlməsini tamamilə real hesab edirəm. Təki gəlsinlər!”.

http://azertag.com/node/1189497

БорецБорец
 



Oxu 4482 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW