AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.10.2013 13:18

Əjdər Cəfərov: “Güləşdə yeni nəsil inkişaf edir”

Materialı qiymətləndirin
(0 səs)
Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən güləş üzrə dünya çempionatında komandamız 4 (2 gümüş, 2 bürünc) medal əldə edib. Ölkəmizə gümüş medalları sərbəst güləşçilərdən Xetaq Qazyumov (96 kq) və yunan-Roma güləşçilərindən Saman Təhmasibi (84 kq) qazandırıblar. 96 kq çəkidə yarışan digər yunan-Roma güləşçimiz Şalva Qadabadze fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qadınların mübarizəsində isə Yuliya Ratkeviç bürünc medala sahib çıxıb. Komandamızın dünya çempionatındakı iştirakı və digər məsələlərlə bağlı ətraflı məlumat almaq üçün Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərovla görüşdük. Əjdər müəllim bizi maraqlandıran sualları cavablandırdı.

- Əjdər müəllim, güləşin Olimpiya oyunlarının proqramından çıxarılması ilə bağlı təhlükə yaranmışdı. Bu qərar Güləş Federasiyasına və idmançılara necə təsir etdi?

- Fevralın 12-də güləşin Olimpiya oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul edildi. Bu qərar bütün idman ictimaiyyətində söz-söhbətə səbəb olmuş, idmançılarımıza da pis təsir etmişdi. Hər birimiz bunun üçün çox narahat idik. Çünki güləş tarixi idman növüdür. Bu idman növü Olimpiya oyunları yaranan vaxtdan yarışların proqramına daxil edilib. Bunun üçün də ölkəmizdə xüsusi işlər görüldü. Federasiyanın prezidenti Fazil Məmmədovun göstərişi ilə bu istiqamətdə bir sıra dəyişikliklər oldu. Yeniyetmə və kiçik yaşlı güləşçilər arasında respublikadaxili turnirlər keçirildi. Bu yarışların nəticələri Beynəlxalq Olimpiya Komitəsinə göndərildi. "Olimpiya ümidlərimiz” devizi altında yarışların keçirilməsi və həmin idmançıların güləşə olan həvəsi güləşin Olimpiya oyunlarının proqramına daxil edilməsinə təkan verdi. Sentyabrın 5-də isə Sahil bağında "Olimpiya oyunlarında güləşin saxlanılmasına dəstək olaq” devizi altında aksiya keçirildi. Həmin aksiyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti və onun üzüvlərinə Olimpiya çempionlarımız tərəfindən müraciət ünvanlandı. Bu aksiya təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Yaponiya və ABŞ-da da keçirildi. Bütün bu işlər sonda öz bəhrəsini verdi. Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növü ilə bağlı tarixi qərar qəbul olundu.
Güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul edən BOK fikrindən daşındı.
Qeyd edim ki, 4 illiyin zirvə yarışında təmsil olunmaq üçün güləşlə yanaşı, beysbol və skvoş idman növləri də mübarizə aparırdı. Amma BOK üzvlərinin səsverməsi nəticəsində güləş 49 səs çoxluğu ilə beysbol və skvoşu geridə qoydu.

- Dünya çempionatından əvvəl FİLA-nın İcraiyə Komitəsinin iclası keçirildi. Həmin iclasda hansı məsələlər müzakirə olundu?

- Bəli, sentyabr ayında FİLA-nın növbəti iclası keçirildi. Həmin iclasda bir sıra məsələlər müzakirə olundu. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FİLA-nın İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də həmin iclasda iştirak edirdi. İclasda, ilk növbədə, hər növdə çıxış edən güləşçilərin çəki dərəcələrində dəyişiklik olunması məsələsi müzakirə edildi və hər növdə 6 çəki dərəcəsinin olması qəbul olundu. Bu çəki dərəcələrinin qəbul edilməsində qadın və kişi güləşinin bərabərliyi əsas götürülür. Lakin FİLA-nın İcraiyyə Komitəsinin üzvlərinin ortaq bir qərara gələ bilməməsi bu çəki dərəcələrinin müəyyənləşməməsinə səbəb oldu. Həmin iclasda iştirakçılar son qərara gələ bilmədikləri üçün çəki dərəcələri FİLA-nın noyabr ayında təşkil olunacaq növbəti iclasında dəqiqləşəcək. Həmin iclasda artıq hansı çəki dərəcələrinin olmasına aydınlıq gələcək. Növbəti ildən etibarən isə yarışlar yeni çəki dərəcələri üzrə keçiriləcək.

- Dünya çempionatından əvvəl hakimlərin təlimatlandırılması ilə bağlı iclas da keçirildi.

- Həmin seminarda biz də iştirak edirdik. Beynəlxalq dərəcəli hakim kimi mən və Hicran Şərifov iclasda təmsil olunurduq. Bildiyiniz kimi, güləş qaydalarına dəyişiklik olunub. 3 saata yaxın davam edən seminarda ədalət təmsilçiləri qəbul olunmuş yeni qaydalarla təlimatlandırıldılar. Burada isə güləş fəndlərində xal verilməsi ilə bağlı yeniliklər qəbul olundu. Həmin seminarda da müəyyən fikir ayrılıqları yarandı. Hakimlər arasında bir sıra suallar meydana çıxdı. Lakin həmin suallara təşkilatıçılar tərəfindən aydınlıq gətirildi.

- Güləş üzrə böyüklərdən ibarət yığma komandamız Macarıstanda keçirilən dünya çempionatında 4 medal qazandı. Bu isə son 7 il ərzində ən zəif nəticə hesab olunur. Sizcə, bu uğursuzluğun səbəbi nə idi?

- Macarıstanda təşkil olunan yarışda, əsasən, gənclərə şans vermişdik. Artıq əvvəlcədən bizə məlum idi ki, yarışda hansı nəticələr olacaq. Bu turnirdə komandamız 2 gümüş, 2 bürünc medal qazandı. Ümumilikdə yarışları təhlil edərkən komandamızın turnirdə eksperimental heyətlə iştirak etdiyini də nəzərə almaq lazımdı. Çempionatda ölkəmizi təmsil edən sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov və Aleksandr Qostiyev çəki dərəcələrini dəyişdikləri üçün mükafatçılar sırasına düşə bilmədilər. Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində isə müəyyən problemlər var. Bu çəkidə çıxış edən Yaşar Əliyev dünya səviyyəsindəki idmançılardan geri qalır. Bu səbəbdən də 55 kq çəkidə medal qazanmaq mümkün olmadı. 66 kq çəki dərəcəsində çıxış edən Toğrul Əsgərova federasiya rəhbərliyi tərəfindən istirahət verilmişdi. Onun əvəzinə komandamızı Ağahüseyn Mustafayev təmsil edirdi. Lakin o da mükafatçılar sırasına düşə bilmədi. 60 kq və 66 kq çəki dərəcələrində yarışan Hacı Əliyev də potensialından çox aşağı səviyyədə çıxış etdi. Onu da deyim ki, bu idmançılar ilk dəfə idi ki, dünya çempionatında iştirak edirdilər. Fikrimcə, bu idmançıların uğur qazana bilməməsinə, əsas səbəb kimi, təcrübələrinin azlığını göstərmək olar. 84 kq çəkidə isə London Olimpiya Oyunlarının qalibi Şərif Şərifovun əvəzində Aleksandr Qostiyev iştirak edirdi. Lakin Aleksandr da ona bəslənən ümidləri doğrultmadı. Yunan-Roma güləşçilərinin çıxışına gəldikdə isə, Rövşən Bayramov (55 kq) və Emin Əhmədov (74 kq) iştirak etmirdilər. Buna baxmayaraq, Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq) komandamıza, müvafiq olaraq, gümüş və bürünc medal qazandırdılar. Onu da qeyd edim ki, bu iki çəki dərəcəsində güləşçilərimiz dünya çempionatı tarixində hələ medal qazana bilməmişdilər. Yəni bu medallar Azərbaycan Güləş Federasiyası tarixində bir ilk idi. Yunan-Roma güləşçilərimizdən Həsən Əliyevdən də medal gözləsək də, sonda o, beşinci yeri tutdu. O, ümidləri doğrultmadı. Təbii ki, Həsənin yer aldığı qrup çox güclü idi. 66 kq çəkidə dünyanın ən adlı-sanlı idmançıları iştirak edirdilər. Bu mübarizədə Həsən Əliyevin mükafatçılar sırasına düşməsi isə bir qədər çətin idi. O, 1/8 finalda Olimpiya oyunlarının gümüş mükafatçısı, dünya üçüncüsü və Avropa çempionu Tomas Lorinçzi məğlub etdi. Bu qələbə heç də asan başa gəlmədi. Lakin o, sonrakı görüşdə uğurlu çıxışını davam etdirə bilmədi. 55 kq çəkidə yarışan Orxan Əhmədov xüsusi əzimkarlıq göstərsə də, sonda ədalət təmsilçilərinin qeyri-obyektivliyi onun mübarizədən kənarda qalmasına səbəb oldu. Fikrimcə, yunan-Roma güləşçiləri sərbəst güləşçilərlə müqayisədə böyük əzimkarılıq nümayiş etdirdilər. Qadın güləşçilərinin çıxışında isə komandamız 4 idmançı ilə təmsil olunurdu. Burada da əsas heyətin üzvlərindən Mariya Stadnik, Nadya Sementsova, Anna Belayeva, Patimat Baqamedova kimi güclü idmançılar müəyyən səbəblərdən yarışda iştirak etmirdilər. Buna görə ölkəmizi Anjela Doroqan (48 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (67 kq) təmsil edirdilər. 59 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç bürünc medala layiq görüldü. O, Kazanda keçirilən universiadadakı uğurlu nəticəsindən sonra dünya çempionatında da medal qazandı.

- Qazanılan bu nəticə sizi qane edirmi?

- Daha əvvəl də qeyd etdiyim kimi biz bu yarışa eksperment xarakterli heyət yollamışdıq. Komandanın əsas üzvlərinə istirahət vermişdik. Bu idmançılar neçə illərdir ki, böyüklər arasında güləşir, lakin bu cür turnirlərdən kənarda qalırdılar. Bunun üçün də onlara şans verməyi nəzərə aldıq. Lakin onlar özlərini bu yarışda yaxşı tərəfdən göstərə bilmədilər. İmkanlarından çox aşağı çıxış etdilər. Yəni bu idmançıların çıxışları federasiya rəhbərliyini qane etmədi. Yaxın zamanlarda böyük dəyişikliklər olacaq. Artıq bizim bu idmançıları əvəzləyəcək çox güclü heyətimiz var. İnanıram ki, gələn il Finlandiyada təşkil olunacaq Avropa çempionatında təmsilçilərimiz uğurlu nəticələr qazanacaqlar. Bunun üçün də artıq müəyyən işlər görülür. Əgər idmançılarda zədə problemləri olmasa, komandamız Avropa çempionatından yüksək nəticələrlə qayıdacaq.

- Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində ölkəmizdə yetərincə güclü idmançı var. Maraqlıdır, bu çəki dərəcəsində son vaxtlar formada olan Rəsul Çunayevin çıxış etməməsinin səbəbi nədir?

- Buyaxınlarda İspaniyada beynəlxalq turnir keçirildi. Həmin turnirdə Həsən Əliyev və Vitali Rəhimov iştirak edirdilər. Həsən Əliyev bütün rəqiblərinə qalib gəldi. Bunun üçün də dünya çempionatında onun çıxış etməsinə şərait yaratdıq. Bunu həm də məşqçilər müəyyənləşdirdilər. Yəni kimin çıxış etməsini ən yaxşı məşçilər deyə bilərlər. Düzdür, Rəsul Çunayev Kazan universiadasının qalibi oldu. Fikrimcə, Rəsul indiki formasını qoruyub saxlaya bilsə, gələcək yarışlarda iştirak etmək hüququ qazanacaq.

- Çernoqoriya, Sofiya və Zrenyanində keçirilən Avropa və dünya çempionatlarında yeniyetmə və gənc güləşçilərimiz yüksək səviyyədə çıxış etdilər. Bu nəticələr onu deməyə əsas verirmi ki, gənc pəhləvanlarımız bir neçə ildən sonra böyüklərdən ibarət yığma komandada hazırkı heyəti kölgədə qoyacaqlar?

- Bəli. Artıq gənc idmançılarımızdan bəziləri böyüklərlə birgə məşq edirlər. Yeniyetmə və gənc pəhləvanların bu uğurları bizi sevindirməyə bilməz. İnanıram ki, onlar gələcəkdə böyüklərdən ibarət yığma komandaya da cəlb olunacaqlar. Xüsusilə də yunan-Roma güləşçilərini qeyd etmək olar. Macarıstana yollanmazdan əvvəl də biz məşqlərdə bunun şahidi olduq. Lakin həmin idmançıları bu yarışa aparmağa ehtiyat etdik. Çünki onlar bu yarışa qədər artıq bir neçə turnirdə iştirak etmişdilər bütün bunları nəzərə alaraq yarışa eksperiment heyəti yolladıq. Həmin idmançıların möhkəmlənməsi üçün müəyyən vaxta ehtiyacları var. Yəqin ki, gələn ilə bu idmançılar tam hazır səviyyədə olacaqlar.
Güləşdə yeni nəsil inkişaf edir. Bu da gələcəkdə müəyyən dəyişikliklərin olacağını göstərir.

- London Olimpiya Oyunlarının mükafatçıları yaxın zamanda hansı turnirlərdə iştirak edəcəklər?

- Bildiyiniz kimi, noyabr ayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri” turniri təşkil olunacaq. Həmin turnirdə də, yəqin ki, bu idmançılar iştirak edəcəklər. Bundan əlavə, bu güləşçilərin ölkə çempionatında və beynəlxalq yarışlarda çıxışı da gözlənilir.

- Son vaxtlar mətbuatda yayılan xəbərlərə görə, qadınlardan ibarət yığma komandaya digər bir Stadnik də transfer olunur. Bu məsələ nə dərəcədə doğrudur?

- Xeyr. Belə bir şey yoxdur. Həmin idmançıya Azərbaycan Güləş Federasiyası tərəfindən heç təklif də göndərilməyib. Transfer qaydalarına görə də bu uyğun deyil. FİLA-nın qaydalarına görə, Alina Stadnik komandamızda çıxış etməsi üçün iki il gözləməlidir. İki il isə çox böyük fasilədi. Yəni bu heç bir həqiqətə uyğun gəlmir.

http://www.olimpnews.az/2247/get+%C6%8Fjd%C9%99r+C%C9%99f%C9%99rov%3A+%E2%80%9CG%C3%BCl%C9%99%C5%9Fd%C9%99+yeni+n%C9%99sil+inki%C5%9Faf+edir%E2%80%9D#.UmTkQ1OaEoF
Oxu 3487 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW