AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.04.2013 17:07

“Hakimlər “başımızı kəsdilər” - MÜSAHİBƏ

Materialı qiymətləndirin
(0 səs)
Yunan-roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadinin apasport.az saytına müsahibəsi
Yunan-roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadinin apasport.az saytına müsahibəsi

- Komandamız Tiflisdə keçirilən Avropa çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurdu. Baş məşqçi kimi, ilk rəsmi yarışda yetirmələrinizin çıxışını necə qiymətləndirirsiz?
- Avropa çempionatında 33 ölkə iştirak etdi. Bu yığmaların əksəriyyəti Tiflisə əsas heyətlə gəlsə də, biz aparıcı güləşçilərimizin bəzilərini - Olimpiya mükafatçılarımızı Bakıda saxlamışdıq. Çünki Rövşən Bayramovla Emin Əhmədovun zədə problemləri vardı. Biz isə təqribən 3,5 aydır Bakıya gəlmişik. Bu vaxtı işlə götürəndə 2 ay edir. Yeni gəldiyimiz zaman komanda üzvlərinin hərəsi bir yerdə idi. Yəni, bəziləri Olimpiadadan qayıtdıqdan sonra istirahət edir, digərləri zədələrini sağaldırdılar. İlk olaraq çalışdıq ki, komandanı bir yerə yığaq. Həm də hələ güləşçilər bizi tanımırdılar, məşq sistemimizə uyğunlaşma gedirdi. Onlar hazırlıq prosesimizi bilmirdilər. Hətta bu, onlara bir az çətin gəlirdi. Əvvəllər bəzən bunu qəbul etmirdilər. Sonra yavaş-yavaş hər şey qaydasına düşdü və bildilər ki, onların xeyrinədir. Məşq prosesimizə uyğunlaşana və bizi tam tanımağa vaxt lazımdır. Bunu qarşıda Olimpiadada, dünya çempionatında onlar öz güclərini ortaya qoyduqda hamı görəcək. Avropa çempionatında yetirmələrimdən, komandamdan razı qaldım. Amma bir çəkidən narazıyam. Belə çıxışı gözləmirdim.

- Yəqin ki, ilk görüşün ardınca təsəlliverici qarşılaşmada da uduzan serbiyalı legioner Rodomir Petkoviçi (120 kq) nəzərdə tutursuz...
- Yox, Petkoviçin gücü, bacardığı elə odur. Onu əvvəlcə gətirməmək istəyirdik. Amma sonra məsləhət etdik ki, sınayaq.

- Onda ümidlər bəslənilən, lakin medal qazana bilməyən Rafiq Hüseynov (74 kq) deyirsiz?
- Bəli, Radomirə hansısa ümid bağlamırdıq. Rafiq isə ondan fərqli, öz güləşini, gücünü göstərə bilmədi. Əgər bunu edə bilsəydi, hətta 5-ci yeri tutsaydı, yığmamız Avropa çempionatını ikinci yerdə başa vuracaqdı. Bunu isə əldən verdik, 4-cü yeri tutduq.

- Bu iradlar təxminən 6 ay sonra Budapeştdə start götürəcək dünya çempionatında ciddi dəyişikliyə siqnaldırmı?
- Dəyişikliklər olacaq. Məsələn, Hüseynov yaxşı güləşmədi, biz narahat olduq. Bunların hamısını danışacağıq, analiz edəcəyik, səbəblərini tapacağıq. Çempionatda 5 dəfə məğlub olduq. Burada da xəbərdarlıqlarla rəqibə verilən xallar əsas rol oynadı. Hətta Elçin Əliyev qızıl medal almağa layiq idi. Amma onun çempionluğunu hakimlər əlindən alıb, gümüş medal verdilər. Kamran Məmmədovun da medalını dəyişdilər. Hakimlər ona qarşı çox haqsızlıq etdilər. Həsən Əliyev də eyni aqibətlə üzləşdi. Hətta son anda görüşün hakimlərini belə dəyişmişdilər. Yaxud Şalva Qadabadzeyə əgər xəbərdarlıq verməsəydilər, medal onun əlindən çıxmazdı. Bir sözlə, hakimlər yığmamıza qarşı çox gözlənilməz və lazım olmayan qərarlar verdilər.

- Mundialda azarkeşlər komandamızdan çempionluq gözləyə bilərmi?
- Aprelin 8-dən dünya çempionatı ilə bağlı təlim-məşq toplanışına başlayacağıq. Hazırlıq planımız hazırdır. Burada bazar günləri belə istirahət olmayacaq. Ardınca isə Azərbaycanın gücünü dünya görəcək. Mundialda Olimpiya mükafatçılarımızı da heyətə daxil edəcəyik. Sizə söz verirəm, dünya çempionatından əyarına görə bundan da yaxşı medallar gətirəcəyik. Biz işimizi bilir və bacaracağıq. Bunun üçün bir qədər vaxt lazımdır. Zamanında komandanı hamı görəcək. Hətta məşqləri də artıracağıq. Sonda bir daha bildirim ki, idmanda həmişə gərgin mübarizə olur. Lakin Avropa çempionatında hakimlər “başımızı kəsdilər”. Burada qaydalar da fərqli və yeni idi. Bu da qismətdəndir. Beynəlxalq Olimpiya Komitəsinin məlum qərarından sonra FİLA Avropa çempionatında yeni qaydalar tətbiq etmişdi. Bu qaydalar isə bizim məşqlərimizə uyğun deyildi. Buraya gəldikdən sonra bu barədə bildik. Lakin buna uyğunlaşmaq bizim üçün problem olmayacaq. Hər bir işimizdən Azərbaycan Güləş Federasiyası bizə dəstək olur, kömək edir. Biz də inşallah, Azərbaycan xalqının, onların etimadını doğruldarıq və hamı da uğurumuzla fəxr edər.

http://www.apasport.az/xeber_%E2%80%9CHakiml%C9%99r_%E2%80%9Cba%C5%9F%C4%B1m%C4%B1z%C4%B1_k%C9%99sdil%C9%99r%E2%80%9D_-_M%C3%9CSAH%C4%B0B%C6%8F_73059.html
Oxu 3070 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW