AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.02.2013 09:52

Azərbaycanın idman ictimaiyyəti güləşin Olimpiya Oyunlarının proqramından çıxarılması təklifi ilə bağlı narahatlığını bildirmişdir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünün 2020-ci ildən Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasını təklif etmişdir.
Bakı, 13 fevral (AzərTAc). Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünün 2020-ci ildən Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasını təklif etmişdir.
 

Bu barədə xarici informasiya agentlikləri məlumat yaymışdır. Lakin güləşin konkret hansı növünün (yunan-Roma və ya sərbəst) Olimpiadadan çıxarılması barədə xəbər verilməmişdir. Bu məsələ ilə bağlı yekun qərar BOK İcraiyyə Komitəsinin 2013-cü ilin mayında keçiriləcək iclasında qəbul ediləcəkdir.
Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurmuşlar. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər və idmançıların çılpaq bədənlərinə qum yapışır, onların bədənləri nisbətən az sürüşkən olurdu. Bu zaman idmançılar biri-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, biri-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər.
Azərbaycanda da bu idman növü geniş yayılmışdır. Ölkəmizdə güləş İkinci Dünya müharibəsindən sonra təşəkkül tapmışdır. Əməkdar idman ustası Rza Baxşəliyev Azərbaycanda güləşin banilərindən sayılır. R.Baxşəliyev SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin və Bədən Tərbiyəsi İnstitutunun məzunu, güləş üzrə 20 qat Azərbaycan çempionu olmuşdur.
Azərbaycanda ilk dünya çempionu titulunu 1978-ci ildə Meksikada keçirilən mundialda Arif Niftullayev qazanmışdır.
1980-1990-cı illərdə Məhəddin Allahverdiyev üçqat dünya çempionu tituluna sahib olmuşdur.
Müasir dövrdə də güləşçilərimiz uğurla yarışır, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Ötən il Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qazanılan 10 medalın məhz 7-si güləşçilərimizin payına düşür.
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi güləş idman növünün 2020-ci ildən yay Olimpiya Oyunlarının proqramından çıxarılması təklifi isə Azərbaycanın idman ictimaiyyəti tərəfindən narazılıqlı qarşılanmışdır.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov AzərTAc-a müsahibəsində bu təklifin düzgün olmadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, güləş Azərbaycanın milli idman növüdür. Ölkəmizin tarixinə, adət-ənənəsinə nəzər saldıqda idmanın bu növünün azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyini anlayırıq. Hazırda güləş ölkəmizdə bir nömrəli idman növüdür və gənc nəslin maraq dairəsindədir.
1896-cı ildə ilk dəfə təşkil olunan Olimpiya Oyunlarının proqramında yunan-Roma güləşinin yer aldığını diqqətə çatdıran C.Qurbanov azərbaycanlı pəhləvanların 1952-ci il Helsinki Olimpiadasındakı çıxışına toxunmuşdur. C.Qurbanov demişdir: “Helsinki Olimpiadasında Azərbaycanın 4 pəhləvanı SSRİ yığmasının tərkibində mübarizə aparmışdı. Rəşid Məmmədbəyov mükafatçılar sırasına düşərək gümüş medal qazanmışdı. Digər pəhləvanlarımız medal qazana bilməsələr də uğurla çıxış etmişdilər”.
Vitse-prezident bildirmişdir ki, güləş təkcə paytaxtda deyil, bölgələrdə də inkişaf etdirilir. Hətta qızlar da milli komandanın heyətinə cəlb olunurlar. İdmanın bu növünün inkişaf etdirilməsi üçün ölkəmizdə münbit şərait vardır. Ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğı göz qarşısındadır. Bütün bu uğurları və nailiyyətləri nəzərə alaraq güləşin Olimpiya Oyunlarının proqramından çıxarılmasını düzgün hesab etmirəm. Müasir dövrdə bir çox idman növləri güləş və onun elementlərindən bəhrələnir. Əlbəyaxa döyüş növləri əsasını məhz güləşdən götürür. Bu təkliflə bağlı narahatlığını artıq Azərbaycan ilə yanaşı, Rusiya, ABŞ, Gürcüstan, Türkiyə və digər ölkələr də bildirmişlər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzərTAc-ın əməkdaşı ilə müsahibəsində bu təklifin hələ tam qəbul olunmadığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, biz istəməzdik güləş Olimpiya Oyunlarının proqramından çıxarılsın. Bu qərar böyük müzakirələrdən sonra verilə bilər. Azərbaycan güləşçilərinin qazandıqları nailiyyətlər isə göz qabağındadır. Ölkədə idmanın, o cümlədən güləşin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Qazanılan nailiyyətlər də bu diqqətin bəhrəsidir.
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov təkliflə xarici mətbuatdan tanış olduğunu söyləmişdir. Bildirmişdir ki, bu təklifin real olduğuna inanmıram. Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi yarışların keçirilmə vaxtı, Olimpiadada yeniliklərin tətbiq olunması və s. mövzularda təkliflərlə çıxış edir. Artıq Beynəlxalq Güləş Federasiyası (FİLA) ilə əlaqə saxlamışıq və bu istiqamətdə mühüm addımların atılacağı barədə məlumat almışıq. Belə ki, fevralın 16-17-də Tailandda FİLA-nın büro iclası keçiriləcək və bu tədbirdə Azərbaycanı Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev təmsil edəcəkdir. Fövqəladə iclasda bu təklif müzakirə olunacaq və yekun qərar qəbul ediləcəkdir.
Ə.Cəfərov qeyd etmişdir ki, cari ilin mayında Sankt-Peterburqda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçiriləcək və Olimpiadanın proqramından çıxarılmış 7 idman növünü təmsil edən beynəlxalq qurumların prezidentləri məruzə ilə çıxış edəcək və təqdimatlar olunacaqdır. Seçiləcək 1 idman növü isə Beynəlxalq Olimpiya Komitəsinin sentyabrda keçiriləcək qurultayına yenidən olimpiadanın proqramına daxil edilmək üçün təqdim olunacaqdır. İnanıram ki, güləş öz mövqeyini qoruyacaq və pəhləvanlarımız Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər.

http://azertag.com/node/1055722
Oxu 2663 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW