AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.08.2012 10:19

Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi yarışlarına baxmışdır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)
 London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlamışdır.

Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxmışdır.

Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov qoşulmuşdur. Rövşən Bayramovun ilk rəqibi rusiyalı Minqiyan Semyonov olmuşdur. 1/16 final mərhələsinin görüşü dünya çempionumuz üçün uğurlu alınmışdır. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala yüksəlmişdir. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo Spenser olmuşdur.

Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatmışdır.

Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşamış və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanmışdır. Nəticədə güləşçimiz daha bir mərhələyə adlamışdır.

Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə gəlmişdir. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə də təkrarlamışdır. O, birinci hissədə rəqibindən üç, ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxmışdır. Finala gedən yolda Rövşən Koreya Respublikasının təmsilçisi Qyunjin Çoi ilə güləşmişdir. R.Bayramov ilk hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına imkan verməmiş və nəticədə bir xal qazanmışdır. İkinci hissədə isə Qyunjin Çoi parter vəziyyətinə düşmüşdür. Burada aşırma fəndini ustalıqla yerinə yetirən güləşçimiz finala yüksəlmişdir. Finalda onun rəqibi iranlı Məhəmməd Soryan olmuşdur. Həlledici qarşılaşmada pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla kifayətlənmişdir. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurmuşdur.

Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanmışdır. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır. Püşkün nəticəsinə görə, dördilliyin ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşmışdır.

Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi vermişdir. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final mərhələsinə adlamışdır. Növbəti mərhələdə isə E.Əhmədovun rəqibi daha güclü idmançı olmuşdur. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab Datunaşvilini də mübarizədən kənarlaşdırmışdır. O, ilk hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə qazanmış və yarımfinala çıxmışdır. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməmişdir. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurmuşdur. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyov ilə görüşmüşdür. Gərgin keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa da, Emin növbəti hissələrdə ona heç bir şans verməmişdir. Nəticədə ardıcıl iki hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnmişdir. Bu, Azərbaycan yığmasının Londonda qazandığı üçüncü medal olmuşdur.

Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşmüşdür.

Dövlət başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş etmişdir.

http://www.president.az/articles/5520
Oxu 6848 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar « Məhəmməd Əliömərov: Biz heç kimdən çəkinmirik – MÜSAHİBƏ "Rövşənin rəqibi beş qat dünya çempionudu" »

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW