AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt

Azərbaycan Güləş Federasiyanın yaranma tarixi

SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş Federasiyası  təsis olunmuş, sədr vəzifəsinin icraçısı Axundov Qəmbər  Əsgər oğlu olmuş,  sonradan isə bu vəzifəni Hüseynov Fətulla demək olar ki, müstəqillik qazandığımız dövrə kimi icra etmişdir.

Müstəqil Azərbaycan Respublikası Dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur. 1993-1997 illər ərzində Azərbaycan Güləş Federasiyasının prezidenti Etibar Sərdar oğlu Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu Məlikəliyev olmuşdur.

AGF-nin konfransı dörd ildən bir keçirilir. 1997-ci ildə keçirilən növbəti konfransda AGF-nin prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse – prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev seçilmişlər. Federasiyada vəzifə öhdəlikləri üzrə vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət göstərmişlər.

2001-ci ildə Federasiyanın III konfransı keçirilib. Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi fəailiyyət göstərən Mətləb İbadulla oğlu Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib olmuşdur.

25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin plenumunda millət vəkili Aydın Abbas oğlu Abbasov Federasiyyanın Vitse-prezidenti seçilmişdir.

2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan Güləş Federasiyasının növbədənkənar plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-prezident və Cavid Yunus oğlu Qurbanov Baş Katib seçilmişlər. Abbas Aydın oğlu Abbasov Federasiyanın fəxri prezidenti seçilmişdir. Azərbaycan Güləş Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək, qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir.

2008-ci il 18 noyabr tarixində Federasiyanın V konfransı keçirilmişdir. Konfransda Güləş Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və təsdiqi, Güləş Federasiyasının Regional nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın Vitse-prezidentlərinin fəaliyyət istiqaməti müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident vəzifələri müəyyənləşdirilmiş və seçkilər keçirilmişdir.

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW