AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Wednesday, 07 October 2015 16:16

"Azərbaycan idmanının əcnəbi ulduzları" - QADIN GÜLƏŞİ

  • Print
  • Email
Rate this item
(1 Vote)
Legionerlərin xidmətindən istifadə olunması birmənalı qarşılanmasa da, bu praktikanın tətbiqi bir çox ölkələrdə mövcuddur. Bunu şərtləndirən bir sıra səbəblər var ki, istənilən halda məqsəd ölkə idmanının inkişafına töhfə verməkdir. Əcnəbilərin uğurlu çıxışı həm yığma komanda daxilində güclü rəqabət yaradır, həm də yeni - yerli nəsilin idmana marağının artmasına, onların formalaşmasına təkan verir.

Əsrin birinci onilliyindən etibarən ayrı-ayrı növlər üzrə bir xeyli əcnəbi idmançı yığma komandalarımıza cəlb olundu. Futboldan başqa, güləş, boks, taekvondo, gimnastika, ağır atletika, avarçəkmə kimi nailiyyət qazandığımız idman növlərində onlarla əcnəbi olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə ölkəmizin bayrağını dalğalandırıb, himnini səsləndirib.

Adalet.az-ın "AZƏRBAYCAN İDMANININ ƏCNƏBİ ULDUZLARI" adlı rubrikasında ölkə idmanına böyük töhfələr vermiş - öz növündə dünyanın ən yaxşıları sırasında olan bu idmançılardan söhbət açılacaq, ayrı-ayrılıqda onların karyeralarına nəzər salınacaq.

Qadın güləşindən başlayaq.

Güləşə əcnəbilərin kütləvi cəlb olunması 2007-ci ildə başladı. Həmin il paytaxtımızda keçirilən dünya çempionatında bir neçə legioner debüt etdi.

Ölkəmizdə qadınların, xüsusən də güləş kimi ağır idman növünə axını zəif olduğundan mundialda uğurlu iştirak üçün o vaxt alternativ vasitələrdən istifadə olunması zəruri idi. Mariya Stadnik və Yuliya Ratkeviç kimi məşhur güləşçilərimiz də məhz həmin il ilk ciddi sınağına çıxdı.

***

MARİYA STADNİK


Ukrayna yığmasında əsas heyətə düşmək uğrunda mübarizədə daha təcrübəli, olimpiya və üçqat dünya çempionu İrina Merleniyə məğlub olan 19 yaşlı Stadnik Azərbaycan yığma komandasını seçir. Özünü sübut etmək istəyi ilə alışıb-yanan vunderkind elə startdaca özünü doğruldur. O, medal qazanmasa da, ilk səkkizliyə düşməklə, Pekin yay Olimpiya Oyunlarına lisenziyanı təmin edir. Növbəti il Avropa çempionatında hamıdan güclü olan güləşçimiz olimpiadada ilk görüşdə məğlub olmasına baxmayaraq, kanadalı rəqibinin finaladək irəliləməsi sayəsində təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edir. Üçüncülük uğrunda mübarizədə heç bir rəqibinə şans verməyən Mariya olimpiadanın bürünc medalını qazanır.
Bir maraqlı məqamı qeyd edək ki, fəxri kürsünün üçüncü pilləsində onunla birlikdə məhz Merleni dayanmışdı.

2009-cu il isə Mariya üçün qızıl dublla yadda qaldı. Litva paytaxtında ikinci dəfə qitənin ən güclüsü olan təmsilçimiz sentyabrda Danimarkanın Herninq şəhərində keçirilən mundialın qalibi olmaqla, adını qadın güləşi tarixinə ilk dünya çempionu kimi yazdırdı.
Analıq məzuniyyətinə çıxdığından, o, 2010-cu ildə heç bir yarışda iştirak etmir.
İki illik fasilədən sonra Dortmundda keçirilən Avropa çempionatında güləşçimiz qitə çempionatları kolleksiyasını növbəti qızılla zənginləşdirir. İstanbulda keçirilən dünya çempionatında isə qızılın bir addımlığında dayanır. Bərabər səviyyədə keçən görüşdə Yaponiya təmsilçisi cüzi fərqlə Mariyadan üstələyir.
Qazanılan gümüş medalla London Olimpiadasına vəsiqə də təmin edilir.
İkinci dəfə iştirak etdiyi dördilliyin zirvə yarışında o, nəinki çəkisinin aşkar favoritlərindən biri, olimpiya yığmamızın da əsas qızıl medal medal ümidlərindən idi. Finaladək rəqiblərinə göz açmağa imkan verməyən Stadnik bir il öncəki kimi Obarayla qarşılaşırdı. Bunadək doqquz dəfə dünya çempionu olan 31 yaşlı məşhur Yaponiya güləşçisi ilk olimpiya çempionluğunu Mariya üzərində minimal hesablı qələbə ilə bayram etdi.
2013-cü ildə yuxarıda qeyd etdiyim səbəbdən növbəti dəfə məcburi istirahətə yollanan Stadnik növbəti ilin startını dördüncü Avropa çempionluğu ilə qeyd edir. Daşkənddə keçirilən dünya çempionatı isə onun üçün ilk və hələlik yeganə mundial bürüncü ilə yadda qaldı.
Yekun vurduğu 2015-ci ildə o, möhtəşəm çıxışla həm Avropa Oyunlarının qalibi oldu, həm də Las Veqasda keçirilən dünya çempionatının gümüş mükafatını qazandı. İkinci nəticə ilə üçüncü dəfə olimpiadada iştirak hüququ əldə edən zərif pəhləvanımız hazırda əsas diqqətini Rioya yönəldib. Onun güləşçi arsenalı, mübarizə əzmi, təcrübəsi Latın Amerikasında nəhayət ki, çempion olacağına böyük əminlik yaradır.
Digər maraqlı məqamı da nəzərinizə çatdıraq ki, Mariya Stadnik ukraynalı güləş üzrə vitse-olimpiya və Avropa çempionu Andrey Stadnikin həyat yoldaşıdır. O, həm də Mariyanın şəxsi məşqçisidir.

***

YULİYA RATKEVİÇ

Ratkeviç ilk vaxtlar heç də uğurlu deyildi. Belarus millisinin heyətində Avropa çempionatının bürünc mükafatçısı olmuş 22 yaşlı gənc güləşçi ilk sınağında - paytaxtımızda keçirilən dünya çempionatında uğursuzluqla üzləşir. Pekin Olimpiadasından kənar qalan Yuliyanın karyerasının yüksəliş dövrü 2009-cu ildən başladı. O, Herninqdə Mariyanın ardından dünya çempionu olaraq, qadın güləşçilərimizin komanda hesabında ilk və yeganə dünya birinciliyinə töhfə verir.
Rusiya paytaxtında keçirilən analoji turnirdə isə Mariyanın yoxluğunda yığma komandanın lideri funksiyasını məhz Yuliya yerinə yetirirdi. Yeni çəkidəki debüt uğurlu alınır. Təmsilçimiz yalnız finalda dünya güləşinin canlı əfsanəsi Saori Yoşidaya məğlub olmaqla, mundial kolleksiyasına ikinci medalı əlavə edir.
Güləş tariximizin ən uğurlu qitə çempionatlarından olan Dortmund-2011-də qızıl medal qazanan idmançılarımızdan biri də Ratkeviç idi. O, bu nəticə ilə Mariyadan sonra ikinci, hələlik sonuncu dünya və Avropa çempionumuz olur.
Bir il sonra Budapeştdə, ardından Daşkənddə keçirilən dünya çempionatlarında müvafiq olaraq, bürünc və gümüş medal qazanan "ağ rusiyalı" uğurlu seriyanın ardını Las Veqasda da gətirdi. Üçüncü olan 30 yaşlı idmançı həm mundial kolleksiyasına beşinci medalı əlavə etməklə qadın güləşi tarixində bir rekord müəyyənləşdirdi, həm də Rio Olimpiadasına vəsiqə qazandı. Bu, Avropa Oyunları da daxil olmaqla, il ərzində keçirilən bütün turnirlərdə heç nə ilə yadda qalmayan güləşçimiz üçün olimpiada öncəsi yüksək stimul hesab oluna bilər.

***
Onlardan başqa, ayrı-ayrı vaxtlarda Nadya Sementsova, Patimat Baqomedova, İrina Netreba, Nataliya Sınışin və Anjela Doroqan kimi mötəbər turnirlərdə uğurlu nəticə göstərən legionerləri də qeyd etmək yerinə düşərdi.
Birinci ikiqat Avropa çempionu, Baqomedova Yeniyetmələrin I Olimpiya Oyunlarının qalibi, böyüklər arasında dünya və Avropa çempionatlarının bürünc, Netreba Avropa çempionatının və Universiadanın gümüş, Sınişin Avropa Oyunlarının bürünc mükafatçısıdır. Əslən moldovan olan Doroqan isə bu il göstərdiyi çıxışla ən yaxşı sözlərə layiqdir. O, 23 yaşadək güləşçilər arasında Avropa çempionatının və "Bakı 2015" I Avropa Oyunlarının qalibi oldu. Ötən ay isə dünya çempionatında beşinci olmaqla, olimpiadaya lisenziya qazanan gənc güləşçi üçün ili kifayət qədər uğurlu hesab etmək olar.

***

Yuxarıda bəhs etdiyimiz kimi, əcnəbilərin uğurları ölkədə yeniyetmələrin idmana marağının yaranmasına, onların inkişafına təkan verir. Bunun bariz nümunəsidir ki, Səbirə Əliyeva, Türkan Nəsirova, Leyla Qurbanova və Raqnetta Qurbanzadə və digər adını çəkmədiyimiz yeniyetmə və gənc qızlarımız son illər dünya və Avropa birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hansı ki, onlar Azərbaycan güləşinin parlaq gələcəyi hesab olunur.
Etiraf edək ki, bu gənclərin formalaşmasında Mariya Stadnik və Yuliya Ratkeviç başda olmaqla, əcnəbi güləşçilərin qazandığı nəticələrin rolu danılmazdır.

http://www.adalet.az/w78293/%22Az%C9%99rbaycan_idman%C4%B1n%C4%B1n_%C9%99cn%C9%99bi_ulduzlar%C4%B1%22_-_QADIN_G%C3%9CL%C6%8F%C5%9E%C4%B0_/#.VhUAhvmqqkp
Read 1908 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2