AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Monday, 21 September 2015 09:02

Firdovsi Umudov: Riodan vətənə mütləq Olimpiya medalları ilə dönəcəyik

  • Print
  • Email
Rate this item
(0 votes)
Azərbaycan güləşçiləri Braziliyada Olimpin zirvəsini fəth edəcəklər

... Onu yenə də iş başında-yığma komandanın bazasında yaxalayırıq. Yetirmələri ilə qızğın məşq prosesindədir. Yenə idmançıların səsləri salonu bürüyüb. Onlar müxtəlif fəndləri icra edirlər. Kənardan elə təəssürat yaranırdı ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən son Dünya Çempionatı sanki bir neçə gün bundan əvvəl deyil, aylar öncə başa çatıb. Uzaqdan zala daxil olduğumuzu görüb tər-qan içində olan yetirmələrinin məşqinə bir qədər ara verməli olur. Biz də fürsəti qaçırmayıb, sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi, «Şöhrət» ordenli, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi adına layiq görülən Firdovsi Umudovdan Dünya Çempionatının (DÇ) nəticələri, eləcə də, gələn ilin 5-21 avqust tarixlərində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq barədə soruşuruq. 

- Firdovsi müəllim, ABŞ-ın Las-Veqas şəhərində keçirilən Dünya Çempionatına artıq yekun vuruldu. Turnir milli komandamız üçün çox uğurlu oldu və güləşçilərimiz gələn il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 11 lisenziya qazandılar. Bunlardan 4-ü isə məhz sizin yetirmələrin payına düşdü. DÇ nəticələrini necə dəyərləndirirsiz, qarşıya qoyulan məqsədə nail olundumu?

- Öncə qeyd edim ki, ötən illə müqayisədə builki Dünya Çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Digər tərəfdən isə Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından həm iştirakçıların sayı, həm də gücü baxımından çempionatda rəqabət çox böyük idi. Təsəvvür edin ki, hər çəki dərəcəsində təqribən 50 idmançı mübarizə aparırdı. Yəni, idmançı artıq 4 görüşdə qalib gəlib növbəti mərhələyə adlamalı idi ki, o Braziliyaya lisenziya qazansın. Bütün bunlar isə sözsüz ki, idmançılarda həm fiziki hazırlıq səviyyəsinin, həm də dözümlülük, psixoloji durumun yüksək olmasını tələb edirdi. Elə bu səbəbdən də komandamız DÇ-yə çox ciddi hazırlaşmışdı. Demək olar ki, Bakıda keçirilən ilk Avropa Oyunlarında idmançılarımızın parlaq qələbələrindən dərhal sonra təlim-məşq toplanışlarında iştirak etdik, yığma komandanın tərkibini müəyyən etdik. Bildiyiniz kimi, ABŞ-la bizim həm saat , həm də iqlim şəraiti çox fərqlidir. Odur ki, Güləş Federasiyasının rəhbərliyi istəyimizi nəzərə alaraq, yerli mühitə uyğunlaşmaq məqsədilə bir neçə gün öncədən ABŞ-a səfər etməyimizə şərait yaratdı. Bu,əslində idmançılarımızın yarışlara hazırlığına da çox müsbət təsir etdi. Yığma komandamızın üzvləri DÇ-də 8 medal: 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar. Bunlardan 3-ü sərbəst güləşçilərimizin payına düşdü. Belə ki, Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) isə bürünc medala sahib oldu. Bundan əlavə, Toğrul Əsgərov (65 kq) və Məhəmmədhacı Xatiyev (86 kq) də ilk beşliyə düşdükləri üçün Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə etdilər. Ümumilikdə isə güləşçilərimiz bu çempionatda Olimpiya Oyunlarına 11 lisenziya qazanmış oldular. 
Düzü, medallarımızın sayı daha da artıq ola bilərdi.Biz bir neçə gənc idmançılarımıza böyük ümid bəsləyərək, onları da heyətə daxil etmişdik. Lakin bu kimi beynəlxalq yarışlarda təcrübəsizliyi öz sözünü dedi və onlar ümidlərimizi tam doğrultmadılar. 
Yeri gəlmişkən, burada , Hacı Əliyevi xüsusi olaraq qeyd etmək istərdim. O Azərbaycanın güləş tarixində yeni bir səhifə açdı-indiyədək ölkəmizdə ikiqat dünya çempionu adına layiq görülmüş güləşçimiz olmayıb. O, bu rekorda imza atmış oldu. Digər güləşçimiz Toğrul Əsgərov isə hakimlərin qeyri-obyektibliyi ucbatından medallar uğrunda mübarizəni dayandırmalı oldu. Komandanın digər üzvlərindən Ruslan Dibirhaçıyev (70 kq) və Cəbrayıl Həsənov(74 kq) da öz potensial imkanlarından aşağı səviyyədə çıxış etdilər. Ümumilikdə götürdükdə isə, komandanın DÇ-da göstərdiyi nəticəni qənaətbəxş hesab etmək olar. Belə ki, bu çempionatda Braziliyaya qazanılan lisenziyaların sayına görə Azərbaycan yığması Rusiyadan sonra ikinci oldu. Bu da ölkəmiz üçün böyük nailiyyətdir. 

-Amma, gəlin razılaşaq ki, güləşçilərimiz ABŞ-a ilk Avropa Oyunlarında göstərdikləri möhtəşəm qələbədən sonra yollanmışdılar.Və yəqin ki, medallarımızın sayı da, ən azından, elə Bakıdakı kimi olmalı idi..

-Bilirsiz, Bakıda Avropa Oyunları keçirildi,- bunun adı elə üstündədir,-burada Avropa ölkələrini təmsil edən idmançılar iştirak edirdilər. Amma, dünyada güləş idman növünün populyar olduğu ölkələrin heç də hamısı Avropada deyil. Asiya və Amerika qitəsində də güləşin dominant idman növü olduğu ölkələr çoxdur. Kuba, ABŞ, İran, Yaponiya, Koreya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan güləşdə aparıcı ölkələrdəndir. Təsəvvür edin ki, Kuba kimi güclü guləş ənənəsi olan bir ölkənin idmançıları Las-Veqasda nə bir medal, nə də ki, Olimpiya Oyunlarına lisenziya əldə edə bildilər. Eləcə də , digər ölkələr -İran və Yaponiya sərbəst güləşçiləri bu dəfə qızıl medallara sahib ola bilmədilər. Bu ölkələrlə müqayisədə ABŞ-da Azərbaycan bayrağının yüksəlməsi, dövlət himnimizin səsləndirilməsi həm idmançılarımızın, həm də dövlətimizin uğurudur. Təqribən 200-dək ölkədən idmançılarının iştirak etdiyi çempionatda Azərbaycan sərbəst güləşçilərinin qızıl medala sahib olması, gələn il Braziliyada keçiriləcək Olimpiya Oyunlarına 4 lisenziya qazanması, millimizin komanda hesabında ilk beşlikdə yer alması, sözsüz ki, böyük nailiyyətdir. Bu , Azərbaycanda güləş idman növünün nə qədər populyar olduğunu, dövlət tərəfindən idmana və idmançılarımıza göstərilən diqqət və qayğını bir daha dünyaya sübut etdi. Əgər ststistikaya nəzər salsaq, ötən əsrin 90-cı illərində Azərbaycan güləşçiləri dünya ölkələri arasında ən aşağı yerləri tuturdular. Bu gün yığma komandanın ilk beşlikdə yer alması, sözsüz ki, böyük uğurdur. Ölkəmizdə idamanın inkişafının bariz nümunəsidəir. Bildiyiniz kimi, DÇ-də ilk 8-likdə yer alan ölkələr Dünya Kuboku yarışlarına vəsiqə əldə edirlər. Biz artıq neçə illərdir ki, bu mötəbər yarışlara dəvət alırıq. Hesab edirəm ki, idmançılarımız gələn ilin yazında keçiriləcək Dünya Kuboku yarışlarında da öz sözlərini deyəcəklər. 

- Toğrul Əsgərov Londonda Olimpiya çempionu olduqdan sonra ölkəmizdə çox populyarlaşdı. Hansı yarışa qatılırsa, idmansevərlər ondan yalnız qızıl medal gözləyirlər. Bakıda keçirilən ilk Avropa Oyunlarında da belə oldu. Bu dəfə isə o hakim ədalətsizliyi ilə üzləşdi, medallardan kənarda qaldı. Məşqçilərin, eləcə də federasiya rəhbərliyinin bu ədalətsizliyə reaksiyası bir nəticə verdimi?

- Yəqin yarışları izləyənlərin yadındadır, biz məşqçilər, eləcə də Güləş Federasiyanın I vitse-prezidenti, Dünya Güləş Birliyinin üzvü Namiq Əliyev buna öz kəskin etirazlarımızı bildirdik.Rəsmi şikayətimizdən sonra yarışın video yazısına təkrar baxıldı. Əgər idmançının kürəyi təqribən 5 saniyə ərzində xalçadan ayrılmırsa, bu artıq məğlubiyyət deməkdir.Lakin əfsuslar olsun ki, Toğrul italiyalı güləşçinin kürəyini təqribən 30 saniyəyədək xalçada saxlasa da, hakim bunu hesaba almadı. Təbii, araşdırmalardan sonra hakimə qarşı cəza tədbiri görüdldü.O, gələcək Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıldı. Lakin bu, bizim üçün bir təsəlli olmadı- nəticə dəyişdirilmədi. Bilirsiz, etiraf etməliyik ki, bu gün dünya idmanında da lobbiçilik məsələsi var. Heç də istisna deyil ki, hansısa qüvvələr planlaşdırmışdılar ki, Toğrul bu yarışda məğlub olsun, medallar uğrunda mübarizədən kənarda qalsın. Çünki onun yarışdığı qrup çox güclü idi. Təsəvvür edin ki, Toğrul ilk görüşlərdə dünya və Avropa çempionu olan güclü erməni idmançısı David Safaryanı böyük hesabla məğlub etmişdi,elə həmin italiyalı idmançıya iyun ayında Bakıda qalib gəlmişdi. Odur ki, ölkəmizə qarşı qərəzli olan qüvvələr , Toğrulu medallar uğrunda mübarizədən kənarda saxlamaq üçün belə riyakarlığa əl atmaqla - digər idmançıların növbəti mərhələyə yüksəlməsi üçün şərait yaratdılar. Amma, buna baxmayaraq, Toğrulun iradəsini sındıra bilmədilər- o, Olimpiya Oyunlarına vəsiqəni özünə təmin edə bildi. İnşallah , inanıram ki, gələn il Braziyiyada Toğrul yenidən öz sözünü deyəsəkdir. 

-Firdovsi müəllim, yarışlara tamaşa edərkən, adamda elə təsəvvür yaranır ki, sanki həmin 6 dəqiqə ərzində idmançı döşəkdə, siz isə kənarda yarışırsınız. Üzünüzdəki o həyacan, emossiya, çılğınlığınız əcnəbi rejissorların gözündən də yayınmır. Bu, sizin səhhətinizə mənfi təsir etmir ki?..

- Düzünü desəm, mən o zaman nə etdiiyimi belə xatırlamıram.Bircə onu xatırlayıram ki, yarışlardan əvvəl boğazımdan heç su belə keçmir, bütün fikrim elə idmançıların yanında olur. Təbii ki, məşqçi öz yetirmələrini düzgün istiqamətləndirməlidir ki, istədiyi nəticəni onlardan ala bilsin. Və əgər idmançının bir qulağı məşqçisindədirsə, daim onun səsini eşidirsə, göstərişlərini tam yerinə yetirirsə, mütləq nəticə uğurlu olmalıdır. Bu illərlə sınanmış metoddur, təcrübədən irəli gələn bir üsuldur. O ki qaldı səhhətimə, biz idmançılar vətənimizin əsgərləriyik-döyüşçülərik. Hər zaman vətənimizin şərəfini qorumağa, onun bayrağını yüksəltməyə, ən mötəbər arenalarda dövlətimizin himnini səsləndirməyə hazır olmalıyıq və hazırıq da. Yeri gəlmişkən xatırladım ki, mən həqiqətən də, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının zabitiyəm və rütbəm də polkovnik-leytenantdır. Odur ki, belə mötəbər yarışlarla heç səhhət məsələsi yada da düşmür-yalnız vətənin şərəfini uca tutmaq , bayrağını yüksəltmək haqda düşünürsən. Yeqin o emossianallıq da elə buradan gəlir(gülür).

-Və qalib idmançını başı üzərinə qaldırmaq- məncə digər ölkələrin məşqçilərində belə bir ənənə yoxdur.

-Bu , bizim artıq ənənəyə çevrilmiş ifamızdır(gülür). Bütün idmançılara demişəm, çəkisindən asılı olmayaraq, istənilən beynəlxalq yarışda qalib gələn idmançını çiynimə alıb, meydanı dövrə vuracağam. Çox sağ olsunlar, onlar da mənim arzumu gözümdə qoymurlar. 

-Firdovsi müəllim, kifayət qədər titullu yetirmələriniz var. Beynəlxalq arenada artıq tanınırsınız. Dünya Güləş Birliyi tərəfindən «İlin ən yaxşı məşqçisi» fəxri adına layiq görülmüsünüz. Yəqin ki, xarici ölkələrdən təkliflər də alırsınız. Bəs nə yaxşı , digərləri kimi, xarici ölkələrdə məşqçilik fəaliyyəti ilə məşğul olmursunuz?

-Bilirsiz, mən bu vətənin, bu torpağın çörəyi ilə böyümüşəm, suyunu içmiyəm, havası ilə nəfəs almışam. Məni məşhurlaşdıran , tanıdan Azərbaycan dövlətim olub. Əməyim dövlətim tərəfindən layiqincə qiymətləndirilib. Burada mənim məşqçi kimi fəaliyyətim üçün bütün lazımi şərait yaradılıb.Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən fəxri adlara layiq görülmüşəm. Federasiya rəhbərliyi tərəfindən daim hörmət olunur. Təsəvvür edin ki, elə gün olmur ki, AGF-nin prezidenti Fazil Məmmədov idmançılarımızın səhhəti, hazırlıqları ilə maraqlanmasın.Elə cə də Gənclər və İdman Nazirliyi tərəfindən daim diqqət görürük. İdmançılarımızın, məşqçilərin, tibbi personalın vəziyyəti ilə daim maraqlanırlar. Bütün bunların üstündən xətt çəkmək nankorluq olardı. Mən Azərbaycan dövlətinin üçrəncli bayrağını heç nəyə dəyişmərəm. Az öncə qalib idmançını çiynimə qaldırmağı soruşdunuz.Diqqət etmisinizsə, mən tək idmançını deyil, həm də o müqəddəs üçrəngli bayrağımızı çiynimə alıb səhnədə dövrə vururam. Bütün bunlar mənə qürur verir. İndi özünüz deyin, mən necə digər dövlətin bayrağı altında çalışa bilərəm, onu çiynimdə daşıya bilərəm? Doğrudur, indiyədək menə belə təkliflər olub. Amma, mənim üçün yalnız bir amal var- Vətənimin sadiq əsgəri olmaq! Elə yetirmələrimə də bunu aşılayıram. Əgər o idmançıda vətənə məhəbbət, dövlətçiliyə sədaqət hissi yoxdursa, o , çox da böyük nəticələrə nail ola bilməz. Öz dövlətinin bayrağı altında yarışmaq, qəlbləri riqqətə gətirən himnimizi sevinc göz yaşları ilə səsləndirmək-bu, dünyada mənim üçün ən əziz, ən ülvi hisslərdir. Və inşallah, biz bu hissləri gələn il Olimpiya Oyunlarında hələ birlikdə çox yaşayacağıq.

-Elə növbəti sualım da bu haqda olacaq. Gələn ilin yayında Braziliyada keçiriləcək Olimpiya Oyunlarına hazırlıq hansı mərhələdədir? Və təbii olaraq, hədəflərimiz hansılardır?

-Olimpiya Oyunlarına hazırlıq işlərinə demək olar ki, hazırlıq artıq başlanılıb. İlin sonunadək hələ bir neçə yarışlarda iştirak edəcəyik ki, idmançılarımız öz formalarını saxlamış olsunlar. Bunların sırasında Bakıda noyabr ayında təşkil olunacaq Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan Qran-Pri yarışı da var. Bundan əlavə, gələn il lisenziya xatakterli daha iki turnirdə iştirak edəcəyik ki, boş qalan çəki dərəcələrində də lisenziya qazana bilək. Burada, yeri gəlmişkən, bir haşiyə çıxmaq istərdim. Az öncə qeyd etdiyim kimi, sərbəst güləşçimiz Hacı Əliyevin ölkəmizin idman tarixində yeni bir səhifə açdı- ikinci dəfə dünya çempionu oldu. Amma, məsələ burasındadır ki, Dünya Güləş Birliyi 8 çəki dərəcəsindən yalnız 6-nı Olimpiya Oyunlarının proqramına daxil edib. Təəssüflər olsun ki, Hacının çıxış etdiyi çəki dərəcəsi bu siyahıda yoxdur. Doğrudur, hazırda beynəlxalq idman dairələrində bu müzakirə olunur, ola bilsin ki, gələcəkdə bütün çəki dərəcələri Olimpiya Oyunlarının proqramına daxil edilsin,amma bu, yəqin ki, «Rio-2016»dan sonra baş verəcək. Odur ki, məşqçilər korpusu da Hacı Əliyevin Olimpiya Oyunlarında iştirak məsələsi üzərində düşünəcək. Yəqin ki, Hacının öz çəkisini dəyişməsi məsələsi müsbət həllini tapacaq. Hesab edrəm ki, Olimpiya Oyunlarınadək olan müddət ərzində biz bu işin də öhdəsindən uğurla gələ biləcəyik. Çalışacağıq ki, qarşıdakı lisenziya xarakterli turnirlərdən də maksimum nəticə göstərərək, «Rio-2016»da bütün çəki dərəcələrində idmançılarla təmsil olunaq və sözsüz ki, Olimpiya medalları uğrunda mübarizə aparaq.
Xatırladım ki, Olimpiya Oyunlarına lisenziya konkret idmançıya deyil, ölkəyə verilir. Odur ki, məşqçilər korpusu da hər çəki dərəcəsi üzrə 3-4 idmançını hazırlaşdırır, sınaqdan keçirir.Qarşıdakı təqribən 7-8 ay ərzində hansı idmançı həm taktiki, həm psixoloji baxımdan hazırlıqlı olacaqsa, o da yığma komandanın heyətinə daxil ediləcək. Sözsüz ki, yığmanın əsas tərkibi titullu idmançılardan ibarət olacaq. Amma, unutmayaq ki, Dünya və Avropa çempionatlarında yüksək nailiyyətlər qazanmış xeyli gənclərimiz də vardır. Onların da milli komandanın tərkibində yer alacağı istisna edilmir. Hesab edirəm ki, Azərbaycan güləşçiləri əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, gələn il də Braziliyada uğurla çıxış edəcək, qazandıqları medallarla həm idman azarkeşlərini sevindirəcək, həm də Vətənimizin şərəfini uca tutacaq, onun adını Olimpin zirvəsinə yüksəldəsəklər.Bir sözlə, güləşçilərimizin «Rio2016»dan vətənə mütləq Olimpiya medalları ilə qayıdacağına tam əminəm. 

Səlim Loğmanoğlu

http://yeniazerbaycan.com/Musahibe_e24381_az.html


Read 4107 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW