AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 31 March 2015 15:24

Mariya Stadnik: Bütün dünya məni Azərbaycanın sayəsində tanıdı - MÜSAHİBƏ

  • Print
  • Email
Rate this item
(1 Vote)
Azərbaycanda qadın güləşi Mariya Stadniklə populyarlaşdı desək, yanılmarıq. Çünki 2007-ci ildə Ukraynanın xidmətində maraqlı olmadığı 19 yaşlı perspektivli idmançı Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra komandamıza ardıcıl uğurlar qazandırmağa başladı. Üçrəngli bayrağımız altında 4 dəfə Avropa çempionu olan, dünya çempionatında 1 dəst medal və Pekin-2008-də üçüncü, London-2012-də ikinci yeri tutan Maşa 74 gündən sonra start götürəcək Avropa Oyunlarında əsas favoritlərimizdəndi.

Apasport.az saytının Bakı-2015-lə bağlı start verdiyi “Ümidlərimiz” rubrikasına onu seçməyimiz də əbəs deyil. Çünki əvvəldən də basketbolun 3X3 növü üzrə yığmamızın baş məşqçisi Elxan Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun ardınca məhz millimizin liderlərindən birinə tribuna verməyi planlaşdırmışdıq. Əsas məqam çalışdırıcı, federasiya rəsmisi ilə yanaşı, idmançıların da Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlığı, planları və istəklərini oxucularımızla bölüşməkdi.

158 sm boya, 48 kq çəkiyə malik Stadnik azarkeşlərinə ana olduqdan sonra bərpa etdiyi forması, yarışlarda qələbələrinin sirri, həmçinin şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Əvvəlcədən proqnoz verməyi xoşlamayan güləşçimiz xoşbəxtliyinin tamamlanmasında yeganə Olimpiya çempionluğunun çatmadığını da deyib.

- İkinci dəfə ana olduqdan sonra karyeranızda müəyyən fasilə yarandı. Lakin yenidən dönüşünüzdə qələbələri sıralamağa başladız. Artıq tam formada olduğunuzu demək mümkündümü?
- İkinci dəfə ana olmağımdan artıq 2 il ötür. Bu müddətdə nəinki əvvəlki formama qayıtmışam, hətta ustalıq səviyyəmi daha da yüksəltmişəm. Yaş ötdükcə təkcə fiziki bacarıqdan deyil, həm də təcrübə və qazanılan biliklərdən də istifadə edə bilirsən. Bunların hamısı da qazanılan qələbə və alınan məğlubiyyətlər hesabına toplanıb.

- I Avropa Oyunlarına qısa bir müddət qalır. Siz güləşdə Azərbaycanın idman elçisi seçildiyinizdən üzərinizə idman növünüzü və ölkəmizi təmsil etmək tapşırığı qoyulub. Həmçinin, qarşıdan gələn oyunlarla bağlı marketinq kampaniyalarında, tədbirin Azərbaycanda təbliğ edilməsində iştirak edəcəksiz. Bununla bağlı hansı addımları atmısız və daha nələri planlaşdırırsız?
- Avropa Oyunlarının Parisdəki təqdimatında iştirak etmişəm. Orada müsahibə verib, reklam üçün fotosessiyada çəkilmişəm. Bakı-2015-lə bağlı əsas planım isə bu yarışın qalibi olmaqdı.

- Avropa, dünya və beynəlxalq turnirlərdə rəqib tanımırsız. Amma Olimpiya Oyunlarında hələ lazım olan “qızıl”a yiyələnməmisiz. Avropa Oyunlarında necə, öz çəkinizdə ilk çempion titulunu qazanmaq çətin olmayacaq ki?
- Rəqiblərimin olmadığını söyləmək olmaz. Onlar həmişə var. Qələbələrim haqda əvvəlcədən nəsə deməyi xoşlamıram. Çünki nə olacağını yalnız Allah bilir.

- Təbii ki, adınız tək “köhnə qitə”də deyil, bütün dünyada liderlər sırasındadı və kifayət qədər güləşçi sizi özünə kumir hesab edir. Gücünüzün, daima mübariz əhval-ruhiyyədə olmağınızın sirrini aça bilərsizmi?
- Uğurlarımın sirri öz üzərimdə işləməyimdi. Həmçinin, həmişə daha yaxşı olmaq istəyimin böyüklüyü bunun səbəblərindəndi.

- Tək Mariya deyil, Stadniklər ailəsi də güləş dünyasında tanınıb. Bunu nə ilə izah edərdiz?
- Qayınatam məşqçi olub. Buna görə də onun bütün uşaqları güləşlə məşğul olub. Mən isə sadəcə olaraq, onların həmsoyadıyam. Bizim ailəmizdə peşəkar idmanla heç kim məşğul olmayıb.

- Stadniklər ailəsinin üzvləri 3 müxtəlif ölkə - Ukrayna, Azərbaycan və Böyük Britaniya yığmasında çıxış edir. Heç olurmu, bir araya gəldikdə idman barədə mübahisə edirsiz?
- Buna bir cümlə ilə cavab verərdim. Evimizdə söhbətlərin və müzakirələrin əbədi müzakirəsi güləşdi.

- Bəs maraqlıdı, nədənsə mərc edib ailə üzvlərinizlə “mini-turnir” təşkil edib, güləşirsizmi? Əgər güləşirsizsə, daha çox kim qalib gəlir və siz kimin kürəyini yerə vurmaq istərdiz?
- Öz aramızda yarışmağa ehtiyac yoxdu. Çünki biz bir komandayıq. Üstəlik, baldızımla müxtəlif yarışlarda tez-tez üz-üzə gəlirik.

- Eltiniz Alina-Maxinya Stadnikin Azərbaycan millisinə keçidi gündəmdə olsa da, o son anda bundan imtina etdi. Bununla bağlı onunla heç söhbətiniz oldumu?
- O, bizim ailə üçün yaddı və bu haqda heç nə bilmirəm.

- 2 uşaq anası olan Mariya ev işlərinə necə, vaxt ayıra bilirmi? Stadniklər ailəsinin xörəyini kim hazırlayır və ya mətbəxlə aranız necədi?
- Evdə yeməkləri qayınanam hazırlayır. Çünki mənim buna vaxtım olmur. Amma mən bu işin öhdəsindən də gələ bilirəm.

- Azərbaycan yeməklərindən xoşladığınız varmı? Yaxud hansı milli yeməklərimizi bəyənərək, onu tez-tez bişirirsiz?
- Azərbaycan yeməklərindən plovla dolmanı çox sevirəm. Amma təəssüf ki, hələlik bu yeməkləri hazırlaya bilmirəm.

- Boş vaxtlarınızı kimlə və necə keçirməyi xoşlayırsız?
- Boş vaxtlarımı uşaqlarımla birgə keçirməyi xoşlayıram. Çünki bunun üçün vaxtım az olur.

- Övladlarınızın tərbiyəsi ilə kim məşğul olur? Onları Bakıda hazırlıq vaxtı buraya gətirirsiz, yoxsa Ukraynada qalırlar?
- Biz hazırlıqda olduğumuz vaxtı uşaqlar Ukraynada nənələri ilə qalırlar. Onların tez-tez səfərlər etməsi yaxşı hal deyil. Bu üzdən onların elə nənələrinin yanında qalması daha məsləhətlidi. O, atamla birgə 5 uşaq böyüdüb. O, dünyada ən yaxşı adamdı və biz onu çox sevirik. Belə köməyə görə isə minnətdarıq.

- Onların ata və anası kimi güləşçi olmaq şanslarını necə qiymətləndirirsiz? Razı olarsızmı, sizin yolla getsinlər?
- Düşünürəm ki, uşaqlar istənilən halda idmanla məşğul olacaqlar. Yəni, onların qanında bu var. Hələlik uşaqlarım balacadı. Bunun üçün ağıllarında yalnız oynamaq və şənlənməkdi.

- Müəyyən vaxt ailədən kənar düşür, bəzən evə zədəli qayıdır, hansısa planlaşdırılan işi vaxtında görə bilmirsiz. İdman və şəxsi həyatınızı birləşdirmək çox çətinlik yaradırmı?
- Allaha şükürlər olsun ki, əla ailəmiz var. Biz bir komanda kimi bir-birimizə köməklik edirik. Bu üzdən də idman və şəxsi həyatı bir araya gətirə bilirik. Hansısa problemlər üzləşmirik.

- İndiyədək istədiyiniz, lakin hələ həyata keçməyən şəxsi və idman həyatınızdakı arzunuz qalıbmı?
- Demək olar ki, bütün arzularıma çatmışam. Ailəm, 2 övladım var. Böyük bir ev tikmişik, bütün bunlar qadın arzularıdı. Üstəlik, yaxşı idmançıyam və idmanda məndə çox şey alınıb. Tam xoşbəxtlik üçün isə Olimpiya Oyunlarının balaca bir qızıl medalı çatışmır.

- Müəyyən milliləşən legionerlər Azərbaycan dilini öyrənməyə başlayıblar. Siz bu barədə heç fikirləşmisizmi? Yoxsa, məşqlərinizin rusca keçilməsi bu zərurəti arxa plana keçirir?
- Azərbaycan dilini öyrənməyə çalışıram. Mənim üçün ətrafdakı insanların nə danışdığı çox maraqlıdı. Amma hələ məndə çox yaxşı alınmır. Ola bilər ki, idmançı karyeramı bitirdikdən sonra Azərbaycan dilini öyrənmək üçün daha çox vaxtım olsun və onda da bunu edim.

- Ukrayna və Azərbaycan barədə fikirləriniz maraqlıdı. Biri doğulub, boya-başa çatdığınız, digəri karyeranızın pik nöqtəsinə qalxdınız ölkə. Bunları necə müqayisə edərdiz?
- Ukrayna və Azərbaycan... Hər ikisi mənim üçün doğma ölkədi. Ukraynada anadan olub, böyümüşəm, oxumuşam. Evim və doğmalarım da bu ölkədədi. Azərbaycan isə mənə öz istedadımı nümayiş etdirib, işimi görmək imkanı yaradıb. Bütün dünya Mariya Stadnik kimi idmançını Azərbaycanın sayəsində tanıdı. Buna görə də məni bu ölkəyə gətirən taleyimə minnətdaram.

http://apasport.az/news/102794


Read 5744 times
Tweet

Related items

More in this category: « "FƏXRİ KÜRSÜ"də Həsən Əliyev : "Olimpiya çempionu olmasam, həyatımda natamamlıq kompleksi yaranar" İslam Abbasov: Asan rəqib yoxdur – MÜSAHİBƏ + FOTOSESSİYA »

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW