AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 10 February 2015 14:22

Fəxri kürsü: "2002-ci ildə dünya çempionu olsaydım, olimpiadanı qazana bilməzdim"

  • Print
  • Email
Rate this item
(1 Vote)
Azərbaycan idmanının ən parlaq səhifələrindən birini şübhəsiz ki, Fərid Mansurov təşkil edir. 2004-cü ildə Afina Olimpiya Oyunlarının qalibi olan əfsanəvi güləşçi həmçinin 2007 və 2009-cu illərdə keçirilən dünya çempionatlarının qızıl medallarını qazanıb. Fərid Mansurov 2004-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. O, hazırda Azərbaycan Güləş Federasiyasının Gənclər üzrə vitse-prezidentidir.

Adalet.az-ın "Fəxri kürsü" rubrikasının növbəti qonağı Fərid Mansurovdur.

"Formada olanda psixoloji amilləri də üstələmək olur"

-Fərid bəy, qarşıdan I Avropa yay Olimpiya Oyunları gəlir...

-Çox xoş haldır ki, bu yarış ilk olaraq Azərbaycanda keçiriləcək. Bu böyük idman bayramıdır. İdmançılarımız öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmalı, maksimum sayda medal qazanmalı, bayrağımızı yüksəltməlidirlər.

- Güləş yığmalarında heyət müəyyənləşib?

- Hələ müəyyənləşməyib. Heyəti indidən açıqlamaq düzgün olmazdı.

-London yay Olimpiya Oyunlarından sonra yunan-Roma yığmasının baş məşqçisi Salih Bora istefaya göndərildi. Bir müddət onun köməkçisi Şaban Donat komandaya rəhbərlik etdi. Daha sonra isə yığmanın baş məşqçisi postuna Cəmşid Xeyrəbadinin rəhbərlik etdiyi iranlı məşqçilər korpusu gətirildi. Bundan sonra yığma komandada nə dəyişdi?

-Bu federasiya rəhbərliyinin qərarı ilə baş verən dəyişiklikdir. Türkiyəli məşqçilər korpusu komandamızla öz təcrübəsini bölüşdü. Cəmşid Xeyrəbadi də kifayət qədər tanınmış, güclü mütəxəssisdir.

Son iki dünya çempionatında ən yüksək nəticəni Saman Təhmasibi göstərdi ki, o, ard-arda 2 gümüş mükafat qazandı. Azərbaycan yunan-Roma güləşi yığması 2010, 2011 ci illərdə keçirilən dünya çempionatlarında Həsən Əliyev və Rövşən Bayramovla qızıl medal qazanmışdı. 2012-ci il olimpiya ili olduğundan dünya çempionatı keçirilmədi. 2013 və 2014-cü illərdəki mundiallarda isə qızıl olmayıb. Hər halda baş mükafat əldə olunmalıdır.

-2004-cü il Afina yay Olimpiya Oyunlarında sizin çıxışınız yarışların son günlərinə təsadüf edirdi. Sizə qədər 3 bürünc qazanılmışdı, ancaq qızıl medal yox idi. Bu da Azərbaycan idman ictimaiyyətini çox qayğılandırırdı. Avqustun 25-də - olimpiadanın sonuna 4 gün qalmış mübarizəyə qoşulanda hansı hissləri keçirirdiniz?

-Artıq çempionluğumdan 11 ilə yaxın vaxt keçib. Ancaq o gün indiki kimi yadımdadı. 3 bürünc qazanılmışdı, yığma komandamıza mütləq qızıl medal lazım idi. Finala çıxarkən fikirləşirdim ki, mütləq qələbə qazanmalıyam. Məsuliyyyət çox böyük idi. Bir tərəfdən olimpiya yığmamıza qızıl medal lazım idi, digər tərəfdən də özüm çempion olmağı çox istəyirdim. Şükürlər olsun ki, final görüşündən alnıaçıq çıxdım, qızıl medal qazandım.

-Sizin rəqibiniz də kifayət qədər güclü idmançı idi. Həmin görüşədək üç dəfə onunla qarşılaşıb, məğlub olmuşdunuz...

-Bəli, bunadək Şərəf Əroğluya 3 dəfə uduzmuşdum. Ümumiyyətlə, Afina Olimpiadası mənim üçün revanş görüşləri ilə xeyli əlamətdar oldu. Yarımfinalda 2002-ci il Dünya çempionatının finalında məğlub olduğum İsveç idmançısını məğlub etdim. Rəqiblərim arasında qardaşımın 1996-cı il dünya çempionatında məğlub olduğu bir İran təmsilçisi də vardı. Onunla görüşdə qazandığım qələbəylə də bir növ qardaşımın revanşını almış oldum.

-Final görüşündə üzərinizdə belə bir psixoloji təzyiq vardı; "Yenə bacarmayacam"?

-Formada olanda psixoloji amilləri də üstələmək olur. Mən final görüşünə tam hazır idim, məğlubiyyət haqda fikirləşmirdim. Özümə təlqin etmişdim ki, mütləq qalib gələcəm.

"Biri var "dünya çempionatının gümüş mükafatçısı, biri də var "dünya çempionu"

-2007 və 2009-cü illərdə dünya çempinatının qalibi adına yiyələndiniz. Hər iki çempionatın final görüşü çox çətin alındı. Hər iki qələbəni çox çətinliklə, cüzi fərqlə qazandınız. Bu qələbələrdə sizin hansı üstünlüyünüz son anda öz sözünü dedi?

-Final mərhələsi elədir ki, idmançı hər cəhətdən hazır olmalıdır. Mənim dünya çempionatlarındakı nəticələrimə nəzər salsaq, ya ilk görüşlərdən uduzmuşam ya da çempion olmuşam. Yalnız bir dəfə - 2002-ci ildə ikinci olmuşam. O vaxt 20 yaşım vardı, finala çıxanda sevincimin həddi-hüdudu yox idi. Ona qədər də 8 il idi ki, yunan-Roma güləşçiləri dünya çempionatında medal qazana bilmirdi. Azarkeşlər, məşqçilər, dostlar üstümə atılır, qucaqlayır, təbrik edirdilər. Bu da məni bir növ ikinci yerlə kifayətləndirdi. Finala çıxan, məğlub olan idmançılara da həmişə özümdən misal gətirirəm ki, qızıl uğrunda mübarizə aparan idmançı gərək elə fikirləşsin ki, mən məhz bu görüşdə qələbə qazanmaqla medal qazanacam. Əgər fikirləşirsə, bu görüşü uduzsam belə, artıq gümüş medalım var, o, mütləq məğlub olacaq.
2002-ci ildəki məğlubiyyətim mənə böyük dərs oldu. Bəlkə də mən həmin il dünya çempionu olsaydım, olimpiadanı qazana bilməzdim. 2002-ci ildə ikinci olanda fikirləşdim ki, mən nəyi itirmişəm... İkinci yer elədir ki, get həkimdən bir arayış al, heç finalda mübarizə aparma, yenə də var. Həm də biri var "dünya çempionatının gümüş mükafatçısı", biri də var "dünya çempionu". Həm qısa, həm də gözəl səslənir.
2007-ci ilin dünya çempionatında finala çıxarkən üzərimdə böyük məsuliyyət vardı. Çünki görüşü cənab Prezidentimiz də öz ailə üzvləri ilə birlikdə izləyirdi. Mən həmin dünya çempionatında bütün rəqiblərimlə iki hissə güləşdim, heç biri ilə əlavə 2 dəqiqəyə qalmadım. Final görüşündə çox ehtiyatla güləşirdim, artıq hərəkətlər etməməyə çalışırdım. Təmkinlə güləşib, hər iki hissədə rəqibi məğlub edərək dünya çempionu oldum. Sonradan onunla Polşada keçirilən Qran-prin turnirində yenidən qarşılaşdım. Bu turnir əsasən hazırlıq xarakteri daşıdığından bütün potensialımı ortaya qoyaraq açıq güləş nümayiş etdirdim və təmiz qələbə ilə fransalı Cenotu məğlub etdim.
2009-cu ilin finalında qarşılaşdığım gürcü Sxadaya məni həmin ilin Avropa çempionatının üçüncü yer uğrunda qarşılaşmasında məğlub etmişdi. Bir növ final görüşü mənim üçün həm də revanş xarakteri daşıyırdı. Manuçar döşəkdə artıq hərəkətlərdən idtifadə edir, sanki rəqs edirdi. O, parter vəziyyətində mənim fənd işlətməyimə ayaqları ilə mane olurdu. Hakim bir dəfə şifahi xəbardarlıq etsə də, o, yenidən bunu təkrar etdi və beləliklə mənə avtomatik 1 xal verildi. Manuçar hay-həşir salsa da sonradan özü də görüşün nəticəsi ilə razılaşdı.

-Stiv Cenot 2008-ci il Pekin Olimpiadasının qızıl, Manuçar Sxadaya isə 2012-ci il London yay Olimpiya Oyunlarının gümüş medalını qazandı...

- 2008-ci il Pekin Olimpiadası ərəfəsi 3-4 gün xəstə yatdım, antibiotiklər qəbul edirdim. Pekinə yola düşəndə hələ də qızdırmalı idim. Görüşə çıxarkən psixoloji olaraq özümə təlqin etmişdim ki, mütləq qələbə qazanacam, çox əminiydim. Uduzduğum Ukrayna təmsilçisini də olimpiadadan ay yarım öncə beynəlxalq turnirdə qarşılaşıb, təmiz qələbə ilə məğlub etmişdim.
Xəstə, zədəli olmayıb, məğlub olduğum hallar da çox olub. Mən məğlubiyyətə normal yanaşıram, amma təkrarlanmamaq şərtiylə. Hər məğlubiyyət nəticə çıxarmaq üçün bir vasitədir.

-Olimpiadadakı məğlubiyyətiniz bütün ölkə ictimaiyyətini xeyli üzmüşdü, amma 2009-cu ildə dünya çempionatında qazandığınız qələbə ilə bunu layiqincə sığortalaya bildiniz...

-Mənim karyeram həmişə enişli-yoxuşlu olub, standart olmayıb. 2001-ci ildə gənclər arasında dünya çempionatının qalibi olarkən neçə il idi ki, nəticə göstərə bilmirdim. 1997-ci ildə yeniyetmələr arasında dünya çempionatında ikinci olmuşdum. 1998-ci ildə analoji turnirdə əlim qırıldı, mübarizəm yarımçıq qaldı. Növbəti 2 ildə də nəticə qazana bilmədim.
2003-cü ildə hər iki mötəbər turnirdən -Avropa və dünya çempionatlarından əliboş qayıtdım, amma 2004-cü ildə olimpiya çempionu oldum. Bundan sonra belim zədələndi. Bu səbəbdən 2005 və 2006-cı illərdə heç bir yarışda iştirak edə bilmədim. 2007-ci ilin Avropa çempionatını da buraxdım. Bu illər mənim həm yaşımın gözəl vaxtı, həm də karyeramın pik dövrü idi.


-Sizin medal kolleksiyanızda yeganə çatışmayan Avropa çempionatının mükafatıdır. 2010-cu ildə qitə çempionatı Bakıda keçirilirdi, bu turnirdə bütün idman ictimaiyyəti sizdən nəinki meda,l çempionluq gözləyirdi. Bakıdakı turnirdə qalib olacağınız təqdirdə adınızı Azərbaycan idman tarixinə ilk və yeganə olimpiya, dünya və Avropa çempionu kimi yazdıra bilərdiniz...

-Turnirin ilk görüşündə iki yerdən çənəm qırıldı. İkinci görüşə o vəziyyətdə çıxdım, zədəm daha da pisləşdi, amma yenə də qələbə qazandım. Üçüncü - 1/4 final görüşündə artıq məndən soruşmadılar ki, güləşmək istəyirsən ya yox, təcili yardım maşını ilə birbaşa əməliyyata aparıldım.

"Karyeramı 2012 London Olimpiadasından sonra yekunlaşdırmaq istəyirdim"

-Bildiyim qədər bu titulu qazanmaq sizin ən böyük arzularınızdan biri olub. Karyeranızı bitirməyib, bunu növbəti illərdə reallaşdıra bilməzdiniz?

-Karyeramı 2012 London Olimpiadasından sonra yekunlaşdırmaq istəyirdim. Ancaq çənəm qırıldıqdan sonra fikrimi dəyişməli oldum. Çünki zədəm çox ciddiydi, bərpası üçün azı 6-7 ay vaxt lazım idi. Həm də anam xeyli təkid etdi, dedi ki, bəsdir daha proffessional idmandan uzaqlaşmalısan. Onun sözünü də yerə sala bilməzdim.

-Karyeranızı bitirdikdən sonra yunan-Roma yığmasına baş məşqçi təyin olundunuz. Sizin rəhbərliyiniz altında komanda kifayət qədər yüksək nəticələr göstərdi, ard-arda iki dünya çempionatında qızıl medal qazanıldı. Məşqçilik fəaliyyətinizi niyə davam etdirmədiniz?

-Mən istefa qərarımı 2011-ci ildə İstanbulda keçirilən dünya çempionatından sonra verdim. Lisenziya xarakterli bu dünya çempionatına komanda yaxşı hazırlaşmışdı, ancaq turnirdə bunun əksi müşahidə olundu. Rövşən Bayramov çempion, Saman Təhmasibi isə beşinci oldu. Beləliklə də cəmi iki lisenziya qazanıldı. Bu nəticə də təbii ki, məni qane etmədi. Həm də açığı, bu iş məni çox yorurdu, ailəyə heç cür vaxt ayıra bilmirdim.




-Sizin gedişinizdən sonra Vitali Rəhimov çəkisini dəyişərək 66 kiloqramda çıxış etməyə başladı. O da müəyyən nəticələr göstərdikdən sonra karyerasını bitirdi. Hazırda həmin çəkidə Həsən Əlyev çıxış edir. Onun çıxışı nə dərəcədə uğurludur?


-Hər halda Həsən Əliyev dünya və Avropa çempionudur.

-60 kiloqramda

-60 kiloqramda(gülür). O, 66 kiloqramda son Avropa çempionatında ikinci oldu. Həsən Əliyev öz üzərində daha çox çalışmalı, səhvlər üzərində işləməlidir. İnanıram ki, o, yüksək nəticələr göstərə bilər. Mən Həsəni 66 kiloqramda dünya güləşinin ən yaxşılarından hesab edirəm.

-Son dünya çempionatında onun bəxti heç gətirmədi. Yarımfinala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub etsə də, gözlənilmədən Serbiya güləşçisinə məğlub oldu...

-Həsənin boynunda zədə var, bununla bağlı mundialda problem yaşadı. Görüşdə boynu yerə çox pis dəydi, bu da onun lazımınca güləşməsinə əngəl yaratdı.

-Serbiya güləşçisi finalda da gözlənilmədən İran güləşçisini məğlub edərək dünya çempionu oldu. Onun bu nəticəsi dünya güləş ictimaiyyətini xeyli təəccübləndirdi...

-Stefanek mənim vaxtımdan çıxış edir, dünya güləş ictimaiyyətinə də tanış simadır. O, 60 kiloqramda dünya və Avropa çempionatlarında mükafatlar qazanıb.

"Toğrul olimpiya çempionluğunu təkrarlamaq üçün nə etmək lazım olduğunu çox gözəl bilir"

- Azərbaycan idman ictimaiyyətinin ikiqat olimpiya çempionu kimi gördüyü bir namizəd var; Toğrul Əsgərov. Sizin fikrinizcə, o, hazırda Rio Olimpiadasını qazanacaq gücdədirmi?

-Toğrulda bu potensial var. O, öz üzərində daha çox işləsə çempionluğa nail ola bilər. Toğrul olimpiya çempionluğunun nə olduğunu və bunu təkrarlamaq üçün nə etmək lazım olduğunu çox gözəl bilir.


-Bir vaxtlar uğurları üçün idman arenalarında tər tökdüyünüz qurumun rəsmisi olmaq necə hissdir?

-Bu postda məhz biz olmalıyıq. Çünki idmanın incəliklərini, idmançıya nə lazım olduğunu biz bilirik. Bunu idmançı karyerasının bütün mərhələlərini keçənlər anlayar, sıravi insan bunu bilməz. Bizim olimpiya və dünya çempionlarımız idmanın bütün çətinliklərini, qələbəyə gedən yolda nəyin gərəkdiyini öz üzərlərində müşahidə ediblər. Mən hazırda federasiyanın Gənclər üzrə vitse-prezidentiyəm, Namiq Abdullayev isə yeniyetmələr üzrə analoji vəzifəni tutur. Biz mütəmadi olaraq, təlim məşq toplanışlarında iştirak edir, məşqçilərlə, güləşçilərlə söhbət edirik. Onlara nəyi aşılamaq lazım olduğunu bilirik.

http://www.adalet.az/w58285/_%22F%C9%99xri_k%C3%BCrs%C3%BC%22d%C9%99_F%C9%99rid_Mansurov/#.VNncI_mUffI



Read 3153 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2