AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Tuesday, 16 December 2014 15:37

Rövşən Bayramov: “2 “qızıl”ı əlimdən alıb, əvəz çıxmağı çox istəyirəm”

Rate this item
(3 votes)
Görəsən, ölkədə elə idmançı varmı ki ona bütün idmansevərlərin münasibəti illər boyu dəyişməsin, daim ictimaiyyətdən rəğbət alsın? Çox fikirləşməyin, belələri barmaqla sayılacaq qədərdi. Aydındı ki, digər idman növlərində olimpiya medalçıları daha çox diqqət mərkəzində olur. Bizimkilər çox vaxt ən böyük idman yarışında fərqləndikdən sonra dəyişdiyindən onlara münasibət də eyni qalmır. Amma bir idmançı var ki, heç kim onun dəyişdiyini söyləyə bilməz. Söhbət iki dəfə Olimpiadanın “gümüş”ünü boynundan asmış Rövşən Bayramovdan gedir. Onu bir çoxlarından fərqli, efirdə, şou-proqramlarda qonaq qismində görmək mümkün deyil. Heç mətbuata müsahibə verməyi də sevən deyil. Səbəbini şənbə günü – güləş üzrə ölkə çempionatının ilk yarış günündə öyrəndik. Amma buna qədər müsahibə verməsi üçün 27 yaşlı yunan-Roma güləşçisini inadından döndərməyə çalışdıq. Güləş Federasiyasının mətbuat katibi Mais Musayevin xahişindən sonra bir neçə sualı cavablandırmağa razılaşdı. Amma söhbətimiz təxminən 20 dəqiqə çəkdi.

- Güləşdə çəkilərdə müəyyən dəyişikliklər edildikdən sonra 59 kq-da çıxış etməyə başladın. Bu kateqoriyada yarışmaq çətindi?

– Hər çəkinin özünəməxsus çətinliyi var. 55 kq-a güləşəndə çəkisalma problemi yaşayırdım. Yarışöncəsi 8-9 kq çəki salırdım. 59 kq-da isə daha çox fiziki güc tələb olunur. Gərək dözümlülüyü artırasan. Çəkini dəyişməyin çətinliyi çoxdu. Amma hər şey vərdişdən asılıdı. Buna da öyrəşmək olar. Fikrimcə, idmançı ilk növbədə psixoloji cəhətdən yarışa hazır olmalıdı. Qalan problemləri yoluna qoymaq olar.

- Bu çəkidə daha ucaboy güləşçilərlə qarşılaşmalı olursan…

– Təbii, uca boyun üstünlüyü var. Amma elə də böyük rol oynamır. 55 kq-da güləşəndə də məndən hündür güləşçilərlə qarşılaşırdım. İranlı, macar və rus rəqiblərimi misal göstərə bilərəm.

- Hələ ki 59 kq-da nəticələrin ürəkaçan deyil. Deyə bilərikmi Rövşən Bayramov hələ bu çəkiyə uyğunlaşmayıb?

– Deməzdim ki, uyğunlaşma problemi var. Əvvəllər 60 kq-da güləşmişəm. Sadəcə, zədələr özümü yenidən göstərməyə imkan vermir. Daşkənddə keçirilən dünya çempionatından öncə Türkiyədə əzələm dartıldığından 1 aya yaxın məşq etmədim. Bakıda bərpa olduqdan sonra qasıq nahiyyəmdə dartılma baş verdi. Daha 20 gün intensiv məşqlərdən kənarda qaldım. Son olaraq, Fransada keçirilən yoldaşlıq görüşündə rəqibimə 4:0 qalib gələrkən qabırğamdan zədə aldım və qarşılaşmanı davam etdirə bilmədim. Güləşdə zədələr qaçılmazdı. Belədə bütün gücünlə hazırlıq keçə bilmirsən. Özünü qoruya-qoruya məşq edirsən. Bu üzdən yarışda uğurlu çıxış etmək mümkün olmur. Həm də bu çəkidə güclü rəqiblər daha da artıb. Çünki ləğv olunan 55 və 60 kq-da güləşənlər indi 59 kq-da çıxış edir.

- İranlı baş məşqçi Cəmşid Xeyrabadinin məşqləri əvvəlki mütəxəssislərin hazırlıq prosesindən xeyli fərqlənir. İndi daha ağır məşqlər keçirsiz. Bəlkə bu yükləmələrdi səni tez-tez zədələndirən?

– Zədələr daha çox bədən yüklənməyə hazır olmayanda baş verir. Ola bilər, ağır məşqlərə girişdiyimdən tez-tez zədələnirəm.

- Ümumiyyətlə, Xeyrabadini əvvəlki məşqçilərdən fərqləndirən cəhətlər nədi?

– Hər məşqçinin məşq planı fərqli olur. Əvvəllər həftənin ilk 2 günü ağır məşqlər keçir, çərşənbə günü yüngül hazırlıqla kifayətlənirdik. Növbəti 2 gündə yüklənməni yenidən artırırdıq. Ancaq indi 10 gün məşq edib, 3 gün istirahət edirik.

- Zədən nə vaxt sağalacaq?

– Adi insan olsam, tez sağalar. Amma bizdə boş dayanmaq olmaz. Məşq etməsən formadan düşərsən. Bacardığım qədər edə biləcəyim hazırlığı keçirəm. Bu üzdən sağalma prosesi bir qədər ləng edir. Hazırda qasığımda və qabırğamda müəyyən ağrılar qalmaqdadı.

- London Olimpiadasından sonra karyeranı bitirməyinlə bağlı xəbər yayıldı. Bu, sənin istəyin idi, yoxsa sadəcə, şayiə idi?

– 2009-da Danimarkada keçirilən dünya çempionatında 3-cü yeri tutduqdan sonra belimdəki zədəyə görə 1 il güləşdən uzaqlaşdım. 2010-da yığmaya Fərid Mansurov baş məşqçi təyin olundu. O mənə dedi ki, “gəl, ara bir özün üçün məşq elə”. Yavaş-yavaş məni aldatdı və millinin heyətinə daxil etdi (gülür). 2011-də isə dünya çempionu oldum. Bakıda keçirilən “Qran-pri” turnirində qalib gəldim. Olimpiadada isə türk məşqçilərin rəhbərliyi altında 2-ci oldum. Bundan sonra yaranan karyeramı bitirməyimlə bağlı xəbər şayiə idi. Belə olsaydı, bütün Azərbaycan xalqı bilərdi.

- Bəs “həvəsdi, bəsdi” deyib, nə vaxt idmandan getməyi düşünürsən?

– Uzağı Rio de Janeyro Olimpiadasından sonra karyeramı 100 faiz başa vuracam. Sabah nə baş verəcəyini bilmək olmur. Amma yenə əminliklə danışmayım. Çünki hər Olimpiadadan sonra “bəsdi” deyirəm, amma güləşirəm.

- Ölkədə əksəriyyətin olimpiya çempionu görmək istədiyi şəxssən. Bəlkə buna nail olanadək yoluna davam edəsən? 2016-da arzun reallaşmasa belə.

– Çalışacam ki, Braziliyada olimpiya çempionu olum. Ola bilməsəm də ki… qismətdi.

- Olimpiadanın finalında iranlı Həmid Soryana uduzdun. Bu rəqiblə güləşinin alınmamasında psixoloji amil vardı?

– Onunla 5 dəfə qarşılaşmışam. 2 dəfə mən qalib gəlmişəm. Ancaq ən vacib yarışlarda o üstün olub. Nəsə onunla güləşim alınmır. Son Olimpiadada çəkisalmayla bağlı problem yaşamışdım. Çəkini saldıqdan sonra gücün bərpası çətin olmuşdu. Üstəlik, rəqibim 3, mən 4 görüş keçirib, finala yüksəlmişdim. Bu da nəticəyə təsirini göstərdi. 2006-dakı DÇ-nin finalında da ona uduzmuşdum. 2 “qızıl”ı əlimdən alıb, əvəz çıxmağı çox istəyirəm. İnşallah, bu məqsədlə məşqlərimizi davam etdiririk. Səhvlərin üzərində işləyirik ki, növbəti yarışlarda bunları təkrarlamayaq.

- Güləş qaydaları son illər tez-tez dəyişdirilir. Sənin üçün hansı daha münasib idi?

– 2005-dək hər çəkidə yarış 2 gün keçirilirdi. İndi bir gündə qalib müəyyənləşir. Çətinlik bir qədər bununla bağlıdı. Amma belə baxanda hər şey öyrəşməkdən asılıdı. Öyrəşdinsə, sonrası raha olur.

- Yığmada əsas rəqiblərin kimlərdi?

– Çoxdu. Taleh Əhmədov, Orxan Paşayev, Orxan Əhmədovu fərqləndirə bilərəm. Həmçinin, perspektivli gənclər var. Eldəniz Əzizli isə 3-4 aydı ki, sərbəst güləşə keçib. Onun çəkisi azdı. Bu üzdən sərbəst güləşdə, 57 kq-da güləşməyi qərara aldı.

- Mətbuatda müsahibələrinlə rastlaşmırıq. Sən jurnalistlərdən qaçırsan, yoxsa səni itirib-axtaran yoxdu?

– Yox, mən qaçıram (gülür). Çox vaxt müsahibələr, çəkilişlər məşq vaxtlarına düşdüyündən baş tutmur. Bəzən də istirahət günü mənimlə danışmaq istəyirlər. Yorğunluqdan qurtulmaq üçün yaxşı istirahət etməlisən. Çəkiliş filan olanda həmin gün boşa gedir deyə buna maraq göstərmirəm.

- Hobbin var?

– Bilmirəm bunu hobbi kimi qəbul etmək olar, ya yox. Bıçaq toplamağı xoşlayıram. Medallarımın yanında bıçaqlar üçün də guşə ayırmışam. Müxtəlif ölkələrdən maraqlı bıçaqları alıram.

- Boş vaxtlarını necə keçirirsən?

– Vaxt tapanda bağa, dənizkənarına gedirəm. Ailəmlə istirahət edirəm.

- Övladının da güləşçi olmağını istərdin?

– Mənim istəməyimlə deyil ki. Əsas odu ki, özünün həvəsi olsun. Mən onu məcbur edə bilmərəm. Gərək özü güləşə can atsın.

- Adətən, idmançılar övladlarının yolunu davam etdirməsini istəmir. Çünki uzun illər ağır məşqlər, zədələr böyük səbr və iradə tələb edir.

– Əlbəttə. Zədələnəndə məndən çox yaxınlarım, anam, həyat yoldaşım, qardaşım, bacım narahatlıq keçirir. Mən də oğluma görə bu hissləri keçirə bilərəm. Bu üzdən seçimi onun öhdəsinə buraxmışam.

SƏRXAN, “Futbol+” qəzeti

http://sportpress.az/?p=7740


Read 1201 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
Fédération Internationale
des Luttes Associées

minkult2