AZERBAIJAN WRESTLING FEDERATION
insta fb tw yt
Error
  • JUser: :_load: Unable to load user with ID: 106
Friday, 26 July 2013 10:25

Emin Əhmədov: “Gücümü mənə inanan insanlardan alıram”

Rate this item
(1 Vote)
Bu gün Azərbaycan dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlər bunu deməyə əsas verir ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında qələbələrin əksəriyyəti məhz güləş növündə qazanılıb. Azərbaycan idmançılarının qatıldıqları Olimpiya oyunlarının tarixinə nəzər yetirsək, bunu aydın görə bilərik. 

Pəhləvanlarımız Olimpiya oyunlarında uğurla çıxış edərək, yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan Güləş Federasiyası qədim tarixi və zəngin ənənələri olan güləşin inkişafını, kütləviliyini təmin etmək üçün paytaxtda və bölgələrdə hər cür şərait yaradıb. Ötən il Londanda keçirilən  Olimpiya oyunlarında  bürünc medal qazanan idmançımız Emin Əhmədov da etimadı doğruldan idmançılardandır. Bugünlərdə Olimpiya mükafatçımızla görüşüb səmimi söhbət etdik. 


- Emin, sən artıq  idman içtimaiyyətimizdə, cəmiyyət arasında   tanınan idmançısan. Londonda keçirilən Olimpiya oyunlarında bürünc  medal qazanmaqla   idmanın tarixinə  düşdün. Bu, sənin həyatında nəyi dəyişdi?
- Olimpiya oyunlarında mükafatalayiq yer qazanmaq hər idmançı kimi, mənim də böyük arzum idi. Şükürlər olsun ki, bu istəyimə çatdım. Həyatımda isə bəzi dəyişikliklər baş verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mənzillə təmin olunmuşam, ictimaiyyət tərəfindən diqqət və qayğı görürəm. Bundan başqa, mənə əməkdar idman ustası adı verilib və "Tərəqqi” medali ilə təltif edilmişəm. 


- Bu, həyatının müsbət tərəfləridir. Bəs, çatışmayan cəhətləri?
- Çatışmayan cəhət  yalnız  vaxtla əlaqədardır.  Dincəlməyə, qohumlarıma və dostlarıma ayırmağa vaxt tapa bilmirəm. Buna səbəb gündəlik məşq etməyimizdir. Elə olur ki, gün ərzində iki dəfə məşq edirik. Bu da məni çox yorur. Elə yorğun oluram ki, günün qalan hissəsini ancaq yatıb dincəlmək istəyirəm (gülür). 


- Emin, yəqin ki, hələlik  ailə qurmağı da düşünmürsən....
- Hələlik bu barədə düşünmürəm. Çünki, ailəyə zaman ayırmaq, diqqət göstərmək lazımdır. Hələ ki, ailəyə ayırmağa vaxtım yoxdur.


- Bəs, bəyəndiyin qız  varmı?
- Düzü, hələ ki, axtarışdayam.  Bir müddət əvvəl bəyəndiyim bir qızdan qısqanclıq üzündən ayrılmışdım. Mənim də qismətimə həmişə beləsi çıxır.... (gülür). Onlar elə bilirlər ki, mən həmişə idmanda qalacaq və  həmişə belə gərgin məşq edəcəyəm.


- Deyirlər, qısqanclıq  sevgi əlamətidir. Bu fikirlə razısan?
- Sevginin o qədər gözəl əlamətləri var ki... Qısqanclığı tam sevgi əlaməti  hesab etmirəm. Sevən insanda etibar, inam  olmalıdır axı. Əslində, 2016- cı ilə qədər ailə qurmaq planım yoxdur.  Çünki Braziliyada keçiriləcək  Olimpiya oyunlarında iştirak etmək, ən əsası, qızıl medal qazanmaq arzusundayam.  İnşallah bu istəyimə nail olaram. Bundan sonra ailə qurmaq  barədə düşünəcəyəm.


- Yəqin ki, vaxt ayıra bilmədiyin üçün səndən küsənlər də olur.
 - Düzü, küsənlər çox olur. Hamı mənə  deyir: - Emin, niyə görünmürsən. Son zamanlar ən çox eşitdiyim söz budur: - bizə niyə gəlmirsən? (gülür). Ən çox da bu sözü  yaxın qohumlarımdan eşidirəm. 


- Ətrafdakıların sənin üçün darıxması normal haldır. Yəqin ki, qohumlarının  səni çox istəməsi xoşxasiyyətli olmağınla əlaqəlidir.
- Məncə, deyib-gülən olduğuma görə məni çox istəyirlər. Kənardan  ciddi görünsəm də, evdə çox zarafatcılam. Getdiyim  yerlərdə  hər zaman  xoş aura, yaxşı əhval-ruhiyyə yaradıram. 


- Yəqin, heç istirahət etməyə də  vaxt tapmırsan?
- İnanın, dincəlməyi çox sevsəm də, indi buna da vaxtım yoxdur. Bir neçə beynəlxalq yarışa hazırlaşırıq, qarşıda məni  yenə sınaq gözləyir.  Avropa çempionatına,  Bakıda keçiriləcək I Avropa Oyunları və Braziliyada olacaq Olimpiya oyunlarına hazırlaşırıq. Bütün bunlara ciddi hazırlıq gedir. Mənim taleyim idmandan, qazanacağım uğurlardan asılıdır. Çox vaxt mənə deyirlər ki, Olimpiya mükafatçısısan, bundan sonra qələbə qazanmasan da olar. Mən bu fikirlərlə razı deyiləm. İdmanda daim irəli getmək lazımdır. Olimpiya oyunlarında yenidən qələbə qazanmaq arzusundayam.


- Emin, uşaq vaxtından idmanla məşğul olmusan.  Bəs, heç idmandan bezdiyin vaxtlar olubmu?
- İdman mənim həyatımın mənasıdır.  Güləşçi olmaq isə, deməli, taleyimə yazılıbmış. Hər kəs öz taleyini yaşayır. Bu taleyi mənə yazan Allaha hər zaman şükür edirəm. Bu günümüzə, bu həyatımıza görə Allaha  minnətdaram. 


- Ümumiyyətlə, şükr edən insansan?
- Məncə, şükr edən insanam. Bəzi insanlara elə gəlir ki, heç vaxt ölməyəcəklər.  Belələri günah işlətməkdən, qəlb qırmaqdan qorxmurlar. Əsas odur ki, heç kimə pislik etməyəsən, ürəyin geniş olsun. İdmançıların yaxşı xüsusiyyətlərindən biri də odur ki, onlar  pis əməllərdən uzaqdırlar. İdmana maraq isə  getdikcə artmaqdadır.  Əsasən də, güləşə. Ölkəmizdə pəhləvan olmağa boyük həvəs var. Bu da, yəqin ki, güləşin qədim idman növlərimizdən biri olması ilə bağlıdır. Güləşmək, gücünü sınamaq kişilərin sevdiyi işdir. Mən də digər idmançılar kimi gücümü sınamaq, qalib gəlmək arzusu ilə yaşamışam. Ətrafımdakı insanları da idmana cəlb  etməyə çalışmışam. 


- Ailənizdə səndən başqa, idmanla məşğul olan varmı?
 - Qardaşım  Elnur idmanla məşğul olur. Lakin peşəklar idmançı deyil.  Biz ailədə 3 övladıq. Məndən başqa, bir bacım və qardaşım var.  İndi çox ailələr övladlarının idmançı olmasını istəyirlər.  Düzünü deyim ki, ailə üzvlərim güləşlə məşğul olmağımı istəmirdilər. Ən çox da anam etiraz edirdi. Ona elə gəlirdi ki, həmişə evə zədələnmiş vəziyyətdə gələcəyəm. Lakin vaxt keçdikcə ondakı  bu qorxular azalmağa başladı. İndi ən böyük dəstəyi mənə ailə üzvlərim verirlər. Təlim-məşqlərdə olanda mənim üçün ən çox anam darıxır.


-  Deyirlər oğlan uşaqları anaya daha çox bağlı olurlar.  Yəqin ki,  sən də beləsən?
 - Düzünü deyim ki, mən anamla nəfəs alıram.  Bütün uşaqlar valideynlərini çox sevirlər, amma  evdə kimsə ona bir az daha yaxın olur. Mənim anamla münasibətim  çox fərqlidir. Onu çox sevirəm.  Xarici ölkələrə gedərkən anam üçün darıxıram. Biz bir-birimizə çox  bağlıyıq.  


-Emin, bəs ailənin digər üzvləri ilə  münasibətlərin necədir?  
- Atamla  oğul- övlad kimi münasibətlərimiz  yaxşıdır. Amma aramızda, əlbəttə ki, böyük hörmət  var. Qardaşım Elnurla  həm qardaş, həm də dostuq.  Bacımın yeri isə başqadır. Onu da anam kimi çox istəyirəm. O, mənim ürəyimdir.  Buyaxınlarda bacım ailə həyatı qurub. Evdə yeri görünür. Bir sözlə, çox mehriban  ailəmiz var. Bütün ailə üzvlərimi çox istəyirəm. 


- Bəs, hansısa  çətinliyin, sirrin olanda kiminlə bölüşürsən?
- Düzünü deyim ki, heç kimlə dərdləşmirəm. Çalışıram  hansısa  çətinliyim olanda özüm həll edim. Heç kimi yükləmək, kiminsə qanını qaraltmaq istəmirəm.  Sirri isə heç kimlə bölüşmürəm. Çünki sirr  bölüşmək üçün deyil. Sirr varsa onu ancaq öz içində saxlamalısan. Məncə idman insanın xasiyyətinə  də müsbət təsir edir.  İdmançıların əksəriyyəti  həm də yüksək keyfiyyətlərə malık insanlar olurlar.




- Dedin ki, gərgin məşqlər edirsən. Bəs, hazırkı formanı necə qiymətləndirirsən ?
- Hazırkı formam normaldır. Lakin  bir  neçə ay əvvəl  məşq zamanı belimdə problem əmələ gəlib.  Son vaxtlar belimin müalicəsi ilə məşğulam.  Bu, məni çox narahat edir. Bəzən  gecələr ağrı ilə oyanıram. Həkimlər fəqərəarası yırtıq diaqnozu qoyublar. Bu, tamamilə  keçib gedən xəstəlik deyil. Odur ki, bunu nəzərə alaraq hərəkət edirəm. Məşq vaxtı ağrılar çoxalır. Ağrı həm də adamın əsəb sisteminə pis təsir edir. Lakin dözməkdən başqa, çarəm yoxdur. Qarşıda məni  çətin yarışlar,  sınaqlar gözləyir. Bu sınaqlardan üzüağ çıxmaq üçün çalışmalıyam. Buyaxınlarda Qəbələdə təlim-məşqlərdə olmuşam. Orada məşq etmək yığma komandamızın  bütün  üzvlərinə yaxşı təsir etdi.  Qəbələnin təmiz havası var. Bu da, əlbəttə ki, idmançıların səhhətinə müsbət təsir göstərir. 




- Bəs psixoloji hazırlığın idmançıya təsiri nə qədərdir?
- Psixoloji hazırlıq  insanın ən çox  özündən asılıdır. Mənim bu günə kimi ciddi bir psixoloji problemim olmayıb. Məşqçilər də bu baxımdan bizə böyük dəstək olurlar. İdmançı hər zaman müsbət aurada olmalıdır, çünki bu, onun çıxışında böyük rol oynayır. Bunu bacarmaq üçün həkimlər bizə əsəblərimizi qorumağı tövsiyə edirlər. Əsəb sağlam ruhun qənimidir. 


- Ən böyük mənəvi dəstəyi kimdən alırsan?
- Bu dəstəyi mənə ailə üzvlərim və dostlarım verirlər. Onlar qələbə qazanmağımı da çox istəyirlər. Mən də çalışıram ki, onların bu etimadlarını doğruldum.


- Atan Vidadi  müəllim sənin barəndə verdiyi müsahibələrin birində  demisdi ki, Eminin  Olimpiya oyunlarında qazandığı medal mənim üçün qızıldır...
- Çoxları  Londonda keçirilən Olimpiya oyunlarında  medal qazanacağıma inanmasalar da, atam buna çox inanırdı. Şükürlər olsun ki, onun və mənə inananların etimadını doğrulda bildim.  Əlbəttə ki, bu, ən çox atamı sevindirdi. Çünki hər bir ata oğlu ilə fəxr etməyi arzu edir. Ailəmə və mənə güvənən hər kəsə minnətdaram. Gücümü mənə inanan insanlardan alıram. Ətrafımda çoxlu insanlar  var.  Amma dost tapmaq çox çətindir. Ən yaxşı dostlarım ailə üzvlərimdir. Çünki valideyndən daha yaxşı dosta, məncə, rast gəlinmir. Valideynlərimiz bizim mayakımızdırlar. 


- Səmimi müsahibə üçün çox sağ ol. 
- Mən də sizə, biz idmançılara hər zaman mənəvi  güc verən "Olimpiya dünyası” qəzetinə  minnətdarlığımı bildirirəm. 

Jalə Rzabəyli

http://www.olimpnews.az/1446/get+Emin+%C6%8Fhm%C9%99dov:+%E2%80%9CG%C3%BCc%C3%BCm%C3%BC+m%C9%99n%C9%99+inanan+insanlardan+al%C4%B1ram%E2%80%9D#.UfIIeqxfHFl
Read 4839 times
Tweet

Add comment



Refresh

Ministry of Youth and Sport
of Azerbaijan Republic

minkult
National Olympic Committee
of Azerbaijan Republic

minkult1
United World Wrestling


logo UWW